Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-311/2022 22.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı, Cavabdehin nümayəndəsi A.K.Abbasovun iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğvi, işə bərpa edilməsi, iş vaxtından artıq işləməyə görə pulun ödənilməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğvi, işə bərpa edilməsi, iş vaxtından artıq işləməyə görə pulun ödənilməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 27.06.2012-ci ildə “X23 Kompleksi” MMC-də biskvit sexində vafli xəttinə xəmirkar vəzifəsinə işə götürülmüşdür. 2015-ci ildə kompleks “Delta Qrup” C.O.” MMC şirkəti tərəfindən alınıb və onunla əmək müqaviləsi 01.04.2015-ci il tarixdə yenilənib. Bu müddət ərzində onun iş rejimi bir növbəli olmuşdur. Bağlanan müqavilədə iş saatının 8 saat olmasına baxmayaraq, o, və digər işçilər həftədə 5, bəzən isə 6 gün olmaqla, həmin 12 saat işləmişlər. İşlədiyi müddət ərzində əmək intizamı ilə bağlı töhmət və ya hər hansı digər inzibati tənbeh tədbirlərinə məruz qalmamışdır. İşlədiyi müddətdə işə davamiyyəti qaydasında olmuş, nümunəvi işçi olmuşdur, nizam-intizam qaydalarına daima riayət etmişdir. 2015-ci ildə bağlanan müqavilədə onunla əmək müqaviləsi müddətsiz bağlamışdır. 2015-ci ildən işdən azad edildiyi vaxta qədər aylıq maaşı 525 manat təşkil etmişdir. 2021-ci ilin sentyabr ayının 1-də kompleksdə biskvit sexinin rəisi vəzifəsində işləyən Türkiyə vətəndaşı Rıza Kulup adlı şəxs ona aydın olmayan səbəblərdən onu davamlı şəkildə incitməyə, gözümçıxdıya salmağa başlamışdır. Məsələ ilə bağlı bir neçə dəfə onunla problemi həll etməyə çalışsa da, heç bir nəticə əldə edə bilməmişdir. Problemin həlli məqsədilə “Bismak” kompleksinin istehsalat direktoru Müşfiq Şiriyevlə görüşmüş, problemi onun da diqqətinə çatdırmışdır. O, həmçinin ona problemin həlli məqsədilə kompeksdə işə yerinin qazanxanaya dəyişdirilməsini təklif etmişdir. Müşfiq Şiriyev təklifi qəbul etmiş və tez bir zamanda iş yerinin dəyişdirəcəyinə dair ona söz vermişdir. Bundan sonra Rıza Kulup onu məzəmmət edərək, “məndən icazəsiz niyə direktorla görüşmüsən” deyərək, onu kompleksdəki anbarda yükləmə sahəsinə keçirəcəyini bildirmişdir. O, buna etiraz etmiş, ancaq Rıza Kulup ona əhəmiyyət verməyib, sözünü dinləmədən çıxıb getmişdir. Sentyabrın 3-ü kadrlar şöbəsinin rəisi Maqsud Orucov onu yanına çağırmış, yaranmış problemlə bağlı söhbət etmiş və daha sonra kompleksdə bununla bağlı iclas keçiriləcəyini bildirmişdir. Daha sonra ona illik məzuniyyət hesabından 11 günlük məzuniyyət vermişlər. 10.09.2021-ci ildə məzuniyyətdə olmasına baxmayaraq onu iş yerinə dəvət etmişlər, yaranmış problemlə bağlı iclas keçirilmiş və iclasın sonunda məsələ ilə bağlı sonradan qərar veriləcəyi deyilmişdir. 14.09.2021-ci ildə məzuniyyət müddətinin başa çatması ilə bağlı iş yerinə gedərək, əmək funksiyalarını icra etmək istəsə də, heç bir səbəb göstərilmədən müəssisəyə buraxılmamışdır. 21.09.2021-ci ildə müəssisəyə növbəti gedişi zamanı isə müəssisəyə giriş kartı əlindən qanunsuz olaraq alınmış və kadrlar şöbəsinin Anar Lətifov adlı əməkdaşı ona işdən azad edilməsini bildirmişdir. O, bunun qanunsuz olduğunu, kompleksdə çalışdığı müddətdə hər hansı qanunsuz əməl yol vermədiyini, daxili nizam-intizam və əmək qaydalarına dönmədən riayət edilməsini bildirmiş, həmçinin əgər işdən çıxarma əmri qəbul edilibsə, onun surətini tələb etmişdir. Anar Lətifov ondan hansısa sənədlərə imza etməsini bildirmiş, o, isə bundan imtina etmişdir. Sonrakı günlərdə işini davam etdirmək üçün müəssisəyə daxil olmaq cəhdləri heç bir nəticə verməmişdir. 27.09.2021-ci ildə yenidən kompleksdə dəvət edilmiş və Maqsud Orucov da onu işdən azad olunmasını bildirmişdir. M.Orucov onun işdən çıxmaqla bağlı könüllü ərizə yazmasını tələb etmiş, o, bundan imtina etdikdə isə “onda bizdən incimə, səni maddə ilə işdən qovacağıq, əmək kitabçanı korlayacağıq” deyə bildirmişdir. 29.09.2021-ci ildə Cavabdeh MMC-nin direktoru X8 imzası ilə ona poçt vasitəsilə göndərilən məktubda deyilir ki, “Nəzərinizə çatdırırq ki, 17.09.2021-ci il tarixdən üzrlü səbəb göstərmədən işə gəlmirsiniz. Sizdən xahiş edirik ki, işə gəlməmə səbəbiniz (əgər üzrlüdürsə) barəsində rəsmi sənədi 3 iş günü ərzində Cavabdeh MMC-nin İnsan Resursları Departamentinə təqdim edəsiniz. Əks halda sizinlə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndinin tələblərinə əsasən (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla, heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) xitam veriləcəkdir”. Bu məktub 01.10.2021-ci ildə poçta verilib və o, həmin məktubu 04.10.2021-ci ildə poçt vasitəsilə əldə etmişdir. 02.10.2021-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə yazılı ərizə ilə müraciət edərək qanunsuz olaraq işə giriş kartının əlindən alınması və işə buraxılmaması və digər qanun pozuntuları ilə bağlı hüquqlarının bərpasına köməklik göstərilməsini xahiş etmişdir. 05.10.2021-ci ildə cavabdeh qurumun direktoruna məktubla müraciət edərək, şirkətə daxil olmasına icazə verilməsi və əmək vəzifələrini həyata keçirməyə ona icazə verilməsini rəsmi qaydada xahiş etmişdir. Ancaq bu məktubuna heç bir cavab verilməmişdir. 29.09.2021-ci il tarixli məktubu 04.10.2021-ci ildə aldıqdan dərhal sona (04.10.2021-ci ildə) iş yerinə getmiş və insan resursları departamentinin rəhbəri Maqsud Orucov və X10la görüşmüş və onlara demişdir ki, o, iş fəaliyyətini davam etmək istəmiş, lakin onun iş yerinə giriş kartı qanunsuz olaraq əlindən alınmışdır. Maqsud Orucov ona demişdir ki, “sənə töhmət vermişik, töhməti və xeyli sənədləri imzala və işə davam elə”. O, töhmət və digər sənədlərlə tanış olmaq istədiyini ona bildirəndə “nəyə baxacaqsan?” deyib bundan imtina etmişdir. O, isə məzmunu ilə tanış olmadığı heç bir sənədə imza etməyəcəyini bildirmiş, oranı tərk etmişdir. X10 o, otağı tərk edəndə “get hara istəyirsən şikayət elə” deyib, onun ardınca kobud şəkildə qışqırmışdır. Ona cavabdehdən daxil olan ikinci məktub 08.09.2021-ci ildə yenə MMC-nin direktoru İlkin Şabanov tərəfindən göndərilmişdir. Maraqlısı budur ki, həmin məktub 08.09.2021-ci ildə yazılsa da, poçt verilmə tarixi 20.10.2021-ci ildə olmuş və ertəsi gün – 21.10.2021-ci ildə ona poçt vasitəsilə çatdırılmışdır. Xəbərdarlıq adlı həmin məktubda deyilir ki, “Nəzərinizə çatdırım ki, 08.10.2021-ci il tarixində "xxxx" MMC-nin X2 1 nömrəli vafli xətti, təmir xərclərinin artması, normadan artıq enerji tələb etməsi və əl əməyindən istifadənin çox olması səbəbindən rentabelliyini itirmişdir, həmin xəttdə istehsal edilən məhsul çeşidlərinin istehsalı 2 nömrəli vafli xəttinə transfer edilmiş və 1 nömrəli vafli xətti istismardan çıxarılmışdır. Bu səbəbdən İddiaçı Tofiq oğlunun işləyəcəyi sahə iş və istirahət vaxtı saxlanılmaqla növbəli qrafik olaraq 2 nömrəli vafli xətti ilə dəyişdiriləcəkdir”. 19.10.2021-ci ildə ona göndərilən növbəti məktubda isə yazılmışdır ki, “Nəzərinizə çatdırırıq ki, sizə tətbiq edilmiş 08.09.2021-ci il tarixli Xəbərdarlığa əsasən 08.10.2021-ci il tarixdən Cavabdeh MMC-nin X2 1 nömrəli vafli xətti təmir xərclərinin artması, normadan artıq enerji tələb etməsi və əl əməyindən istifadənin çox olması səbəbindən rentabelliyini itirmiş, həmin xəttdə istehsal edilən məhsul çeşidlərinin istehsalı yeni 2 nömrəli vafli xəttinə transfer edilmiş və 1 nömrəli vafli xətti istismardan çıxarılmışdır. Bu səbəbdən çalışdığınız sahə iş vaxtı və istirahət vaxtı saxlanılmaqla növbəli qrafik olaraq 2 nömrəli vafli xətti ilə dəyişdirilmişdir. Xahiş edirik ki, 22.10.2021-ci il tarixdən işə davam edəsiniz. Əks halda sizinlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndinin tələblərinə əsasən (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla, heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) xitam veriləcəkdir”. Həmin məktub da MMC-nin direktoru İlkin Şabanov tərəfindən imzalanmışdır. Məktub MMC tərəfindən poçta 21.10.2021-ci ildə verilib, ona isə poçt vasitəsilə 22.10.2021-ci ildə çatdırılmışdır. O, bu məktubu aldıqdan dərhal sonra yenə (22.10.2021-ci ildə) MMC-nin yerləşdiyi ünvana getmiş, ancaq binanın mühafizəçisini həyata keçirən mühafizəçilər iş yerinə daxil olmasına və işini davam etdirməyə imkan verməmiş, onu iş yerinə buraxmamışdırlar. Ardıcıl bir neçə dəfə iş yerinə getsə də, eyni fakt təkrarlanmışdır. Nəhayət, 28.10.2021-ci ildə o, yenidən MMC-nin yerləşdiyi ünvana getmiş, insan resursları departamentinin rəhbəri Maqsud Orucovla mobil telefon vasitəsilə əlaqə saxlamış, işə gəldiyini və işə giriş kartını ona vermələrini xahiş etmiş, sonuncu isə ona “qapıda gözlə, özləri gəlir” deyə bildirmişdir. Qapıya gələn Anar Lətifov adlı departament əməkdaşı isə ona demişdir ki, “sən işdən azad olunmusan”. Sonuncu ona heç bir səbəb bildirmədən onun əmək kitabçası təqdim etmiş və o, kitabça ilə tanış olduqda Əmək Məcəlləsinin 72 “a” bəndi ilə işdən azad edildiyini bilmişdir. X19 son haqq-hesabı və işdən çıxarma əmrini də ona verməsini xahiş etsə də, o, heç nə demədən çıxıb getmişdir. 29.10.2021-ci ildə ona poçt vasitəsilə göndərilən növbəti məktubda onunla bağlanmış əmək müqaviləsinə 27.10.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (72-ci maddəsinin “a” bəndinin tələblərinə əsasən (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla heç bir üzrlü səbəb olmadan bütün günü işə gəlməməsi) əsasən xitam verildiyi qeyd edilmişdir. Məktubda daha sonra deyilir ki, “son haqq-hesabınızı və əmək kitabçanızı təhvil almanız üçün ofisimizə gəlməyiniz xahiş olunur. Eyni zamanda bildirmək istərdik ki, rəsmi müraciət əsasında əmək kitabçanızın ünvana göndərilməsini tələb etmək hüququnuz var”. Məktub Cavabdeh MMC-nin İnsan Resursları Departamentinin İR əməliyyatlar üzrə aparıcı mütəxəssisi Elmir Vəliyev tərəfindən imzalanmışdır. Həmin məktub 28.10.2021-ci ildə cavabdeh tərəfindən poçta təqdim edilmişdir. Mübahisənin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq tənzimlənməsi üçün cəhdləri heç bir səmərə verməmişdir. Sumqayıt şəhər Mediasiya Mərkəzinin mediatoru X1 15.12.2021-ci il tarixli No-2021-MŞİH08727 saylı İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışda qeyd edilmişdir ki, ikinci tərəf Cavabdeh MMC ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Aşağıdakılara əsasən 27.10.2021ci il tarixli işdən çıxarma əmri qanunsuz və əsassızdır və məhkəmə qaydasında ləğv edilməli və onun digər iddia tələbləri təmin edilməlidir. O, 2015-ci ildən etibarən aylıq 525 manat əmək haqqı almışdır. Həmin məbləğ ona 8 saatlıq iş rejiminə görə verilmişdir. Halbuki, hər gün 8 saatlıq iş rejimindən 4 saat daha çox – 12 saat işləmişdir. Hesab edir ki, ona son bir il üçün iş vaxtından artıq işləməyə görə 3150 manat ödənməlidir. Bu məbləğ aylıq əmək haqqının saat hesabına bölünməklə ortaya çıxan məbləğin bir ilə vurulması yolu ilə hesablanıb (262,5 manat x 12 ay = 3150). Cavabdeh qurumun qanunsuz hərəkətləri nəticəsində maddi və mənəvi zərər məruz qalmışdır. Məruz qaldığı maddi zərər aşağılakı məbləğlərdən ibarətdir: işləmədiyi müddətin orta əmək haqqı: 4 ay (sentyabr-dekabr 2021) üçün 2100 manat (4x525=2100), 50 manat mediator xərci, 7,15 manat poçt və yazışma xərci, cəmi 2157,15 manat. Ona dəymiş mənəvi zərəri isə 3500 manat məbləğində qiymətləndirmişdir.Göstərilənləri nəzərə alaraq iddiaçı 27.10.2021-ci il tarixli işdən çıxarma əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi, iş vaxtından artıq işləməyə görə son bir il üçün 3150 manat, dəymiş maddi ziyana görə 2157,15 manat, mənəvi zərərə görə 3500 manat, cəmi 8807,15 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X18 iddianı qəbul etməyərək və iddia ərizəsinə etirazı təqdim edərək öz izahatında göstərmişdir ki, iddia ərizəsində göstərdikləri həqiqəti əks etdirmir, ərizədə qeyd edilənlər ümumi sözlərdən başqa bir şey deyildir və göstərilənlərin hüquqi əsası yoxdur. "xxxx" MMC-nin X2 1 nömrəli vafli xətti, təmir xərclərinin artması, normadan artıq enerji tələb etməsi və əl əməyinin çox olması səbəbindən rentabelliyini itirmiş, həmin xətdə istehsal edilən məhsul çeşidlərinin istehsalı yeni 2 nömrəli vafli xəttinə transfer edilmiş və 1 nömrəli vafli xətti istismardan çıxarılmışdır. Bu səbəbdən İddiaçı işləyəcəyi sahə iş və istirahət vaxtı saxlanılmaqla növbəli qrafik olaraq 2 nömrəli vafli xətti ilə dəyişdirilmişdir. Lakin iddiaçı gecə növbəsində işləməkdən imtina etmişdir və bu səbəbdən onun yerinə Biskvit sexindən başqa işçi ayrılmışdır. Daha sonra, İddiaçı 01.09.2021-ci il tarixdə, saat 11.00 radələrində X6 Sex rəisi Rza Kulupu şəxsi heyətin qarşısında təhqir etmiş və işdən sonra onu öldürəcəyi ilə hədələyərək saat 11.30 radələrində heç bir rəhbərin icazəsi olmadan iş yerini tərk edərək getmişdir. Bundan sonra, 02.09.2021-ci il tarixli təqdimat əsasında İddiaçı 10.09.2021-ci il tarixli, 391/K-1 nömrəli əmrlə Azərbaycan Respublikasının ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət elan edilmişdir. Lakin iddiaçı qeyd edilən əmrlə tanış olub, əmrin qərarı ilə razı olduğu halda imzalamaqdan imtina etmişdir. İddiaçı Cavabdeh MMC-nin X2 1 nömrəli vafli xətti, təmir xərclərinin artması, normadan artıq enerji tələb etməsi və əl əməyinin çox olması səbəbindən rentabelliyini itirmiş, həmin xətdə istehsal edilən məhsul çeşidlərinin istehsalı yeni 2 nömrəli vafli xəttinə transfer edilmiş və 1 nömrəli vafli xətti istismardan çıxarılması və bu səbəbdən İddiaçı işləyəcəyi sahə iş və istirahət vaxtı saxlanılmaqla növbəli qrafik olaraq 2 nömrəli vafli xətti ilə dəyişdirilməsi barədə 10.09.2021-ci il tarixli xəbərdarlıq təqdim edilmişdir. Lakin iddiaçı xəbərdarlıqla tanış olmaqdan və imzalamaqdan imtina etmişdir. İddiaçı işə gəlmədiyi üçün ona təcili işə gələrək, işə gəlməməsinin səbəbləri ilə bağlı məlumat verməyi barədə tərəflərdən rəsmi müraciətlər edilmişdir. Lakin iddiaçı bu müraciətlərini də cavabsız qoymuşdur. Yalnız bütün sadalananlardan sonra iddiaçı əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq tutduğu vəzifəsindən azad edilmişdir. Cavabdehin nümayəndəsi həmçinin göstərmişdir ki, məhkəməyə onlar tərəfindən iddiaçının 2021-ci ilin yanvar-oktyabr ayları üçün iş qrafiki təqdim olunmuşdur, orada həftəlik normativ saatlardan çox iddiaçı işləməmişdir. Yəni onun gündəlik artıq 4 saat işləməsi barədə ərizəsində göstərdikləri həqiqətə əks etdirmir. Həm əmək müqaviləsində, həm də əlavə 01.02.2020-ci il tarixdə işə və istirahət vaxtlarının təşkili haqqında bildirişdə iş rejiminin həm gündüz, həm gecə olması nəzərdə tutulmuş, iddiaçı öz imzası ilə buna razılıq vermişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmə iclasınd şahid qismində dindidilmiş Kulup Rıza ifadəsində göstərmişdir ki, 17 ildir Cavabdeh MMC-də işləyir. 2021-ci ilin fevral ayından Biskvit sexinə sex müdiri vəzifəsinə keçirilmişdir, 1 nömrəli vafli xətti 2 nömrəli vafli xəttinə transfer edilərkən Vüsal bildirmişdir ki, o, gecə smenində işləmək istəmir, o, demişir ki, bir neçə vaxt gözləsin, bu işi rəhbərliyə məruzə edəcək. Sentyabr ayının 01-də Vüsal sexdə ona yaxınlaşaraq, nalayiq sözlərlə onu təhqir etmiş, onu öldürəcəyi ilə təhdid etmiş, sonra onun razılığı olmadan iş yerini tərk etmişdir. Onu təhqir etdiyi üçün Komissiya tərəfindən araşdırma aparılmış və qərar qəbul edilmişdir. Vüsal sonradan 9 gün məzuniyyətə çıxmış, lakin ondan sonra da onu işdə görməmişdir, Vüsal işə çıxmamışdır. İş üzrə İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktorun adına yazılmış 01.04.2015-ci il tarixli ərizənin təsdiq olunmuş surətindən görünür ki, onu 01.04.2015-ci il tarixdən etibarən Cəmiyyətinə xəmirkar vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış 01.04.2015-ci il tarixli, 571/15 saylı əmək müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə X7 Biskvit istehsal sexinin xəmir yoğurma sahəsinə xəmirkar vəzifəsinə işə qəbul edilmişdir. Aylıq əmək haqqı 190 manat təşkil etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında 01.04.2015-ci il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanılmışdır. İş üzrə xxxxxxx000200 saylı, 02.04.2015-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə BisMak X3 istehsal sexinin xəmirkar vəzifəsinə işə qəbul olunmuş, onunla müddətsiz növü əmək müqaviləsi 01.04.2015-ci il tarixdə bağlanılmış, aylıq əmək haqqı 190 manat təşkil etmişdir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktorun adına yazılmış 01.06.2017-ci il tarixli ərizənin təsdiq olunmuş surətindən görünür ki, 01.07.2017-ci ildən aylıq əmək haqqını 525 manat təyin edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktorun adına yazılmış 01.06.2017-ci il tarixli ərizənin təsdiq olunmuş surətindən görünür ki, 01.07.2017-ci il tarixdən etibarən yeni iş rejiminə keçirilməsinə icazə verməsini xahiş etmişdir. 1-ci növbə: 07.00-15.00, nahar vaxtı 1,5 saat (12.00- 13.30), 2-ci növbə: 23.00-07.00, yemək vaxtı 1,5 saat (00.00-01.30). İş və istirahət günləri qrafikə əsasən – bazar günləri. İş üzrə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış əmək müqaviləsinə 01.07.2017-ci il tarixli əlavənin təsdiq olunmuş surətindən görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilmiş, əmək müqaviləsinin “paraqraf 4 – İş və istirahət vaxtı üzrə” hissəsində 01.07.2017-ci il tarixdən “1-ci növbə - İş saatları 07.00-15.00, nahar fasiləsi 12.00- 13.30, 2-ci növbə - iş saatları 23.00-07.00, yemək və istirahət fasiləsi 00.00-01.30, istirahət vaxtı: həftənin bazar günləri” dəyişiklik edilmişdir. İş üzrə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış əmək müqaviləsinə 01.07.2017-ci il tarixli əlavənin təsdiq olunmuş surətindən görünür ki, tərəflər arasında bağlanmış 01.04.2015-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilmiş, 01.07.2017-ci il tarixdən etibarən işçinin əmək haqqı 525 manat müəyyən edilmişdir. İş üzrə xxxxxxx000201 saylı, 15.08.2017-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC-də BisMak X3 istehsal sexinin xəmirkar vəzifəsində işləyən İddiaçı aylıq əmək haqqı 525 manat təşkil etmişdir. İş üzrə Cavabdeh MMC-nin iş və istirahət vaxtlarının 01.12.2020-ci il tarixdən dəyişdirilməsi haqqında bildirişindən görünür ki, Bismak X3 İstehsalat sexinin xəmirkar (vafli) vəzifəsində işləyən İddiaçı “2 növbəlik iş: 1-ci növbə: Bazar ertəsi – cümə - 08.00-17.00, nahar fasiləsi 12.00-14.00, şənbə - 08.00-15.00, nahar fasiləsi – 12.00-14.00; 2-ci növbə: 17.00-02.00, nahar fasiləsi 21.00- 23.00, şənbə 17.00-00.00, nahar fasiləsi 21.00-23.00” qrafik ilə bağlı razılığını 02.11.20200-ci il tarixdə öz imzası ilə təsdiq etmişdir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh MMC-nin Biskvit sex rəisi X25 adına yazılmış izahatın təsdiq olunmuş surətindən görünür ki, onun beyin daxili qan dövranının yüngül pozğunluğu müşahidə olunur. Bu da burun daxili selikli qişasının şişginliyinə səbəb olur. Çoxsaylı müalicələr edir. Başına oksigen çatışmamazlığı halları müşahidə olunur. Maskadan istifadə etdikdə halsızlıq baş ağrıları çoxalır, beyninə hava normal çatmır. Bu hallardan əziyyət çəkdiyi üçün onu maskadan istifadəsindən azad edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh MMC-nin X6 sex rəisi X26 tərəfindən Müşfiq Şiriyevə ünvanlanmış 04.12.2020-ci il tarixli təqdimatın təsdiq olunmuş surətindən görünür ki, X9 xəmirkar vəzifəsində çalışan İddiaçı xəbərdarlıq edilməsinə baxmayaraq 02.12.2020-ci il tarixdə tibbi maskadan istifadə etməyib. Bu səbəbə görə işçidən izahat alındı və işçi izahatında səhhəti ilə əlaqədar maska taxmadığını bildirmişdir. Belə halların bir daha baş verməməsi üçün İddiaçı yazılı xəbərdarlıq verilməsinə rəy bildirməsini xahiş etmişdir. İş üzrə Cavabdeh MMC-nin 28.12.2020-ci il tarixli yazılı xəbərdarlığın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh MMC-nin Bismak X3 İstehsal Sahəsində xəmirkar vəzifəsində işləyən İddiaçı pandemiya dövründə şirkət ərazisində tibbi maskadan istifadə etməyərək müəssisədaxili nizam intizam qaydalarını pozduğuna görə, AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən xəbərdarlıq edilmişdir. İş üzrə Cavabdeh MMC-nin X6 sex rəisi X26 tərəfindən həmin təşkilatın texniki işlər və istehsal sahələri üzrə direktoru müavini Müşfiq Şiriyevə ünvanlanmış 02.09.2021-ci il tarixli təqdimatdan görünür ki, X9 xəmirkar vəzifəsində çalışan İddiaçı iyul ayında rəhbərliyin qərar ilə Biskvit sexində vafli xətti dayandırıldığı üçün, Yeni vafli xətti 2 növbəli işləməyə başlamışdır. Sözü gedən işçi gecə növbəsi işləyə bilməyəcəyini ona bildirmişdir. O, da gündüz növbəsinə fəhlə vəzifəsinə ona işləməsini bildirmişdir. Yerinə Biskvit sexindən işçi ayrılmışdır. 01.09.2021-ci il 11.00 radələrində İddiaçı ona yaxınlaşaraq onun İddiaçı işləməyə imkan vermədiyini deyərək şəxsi heyyətin qarşısınqda təhqir və işdən sonra onu ölüm ilə hədələyərək saat 11.30-da heç bir rəhbərin icazəsi olmadan iş yerini tərk edərək getmişdir. Bütün bu işləri əldə əsas tutaraq iş barəsində tədbir görülməsini xahiş etmişdir. İş üzrə Cavabdeh MMC-nin direktoru X14 tərəfindən İddiaçı verilmiş 08.09.2021-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, 08.10.2021-ci il tarixdən Cavabdeh MMC-nin X2 1 nömrəli vafli xətti, təmir xərclərinin artması, normadan artıq enerji tələb etməsi və əl əməyindən istifadənin çox olması səbəbindən rentabelliyini itirmiş, həmin xətdə istehsal edilən məhsul çeşidlərinin istehsalı yeni 2 nömrəli vafli xəttinə transfer edilmiş və 1 nömrəli vafli xətti istismardan çıxarılmışdır. Bu səbəbdən İddiaçı işləyəcəyi sahə iş və istirahət vaxtı saxlanılmaqla növbəli qrafik olaraq 2 nömrəli vafli xətti ilə dəyişdiriləcəkdir. İş üzrə Cavabdeh MMC-nin 10.09.2021-ci il tarixli 391/K-1 nömrəli əmrin surətindən görünür ki, Cəmiyyətin X2 Xəmir yoğuranı İddiaçı daxili nizam-intizam qaydalarını və vəzifə öhdəliklərini pozduğuna görə Azərbaycan Respublikası ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət elan edilmişdir. Əsas: X2 sex rəisi X15 təqdimatı və İddiaçı izahatı. İş üzrə Biskvit sexinin davamiyyətin kserosurətindən görünür ki, 17.09.2021-ci il tarixdə İddiaçı işə gəlməmişdir. İş üzrə Cavabdeh MMC-nin direktoru X14 tərəfindən İddiaçı ünvanlanmış 29.09.2021-ci il tarixli məktubun təsdiq olunmuş surətindən görünür ki, 17.09.2021-ci il tarixdən üzrlü səbəb göstərmədən işə gəlmir. Xahiş edirlər ki, işə gəlməmə səbəbi (əgər üzrlüdürsə) barəsində rəsmi sənəd 3 iş günü ərzində "xxxx" MMC-nin İnsan Resursları Departamentinə təqdim edilsin. Əks halda onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin tələblərinə əsasən (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) xitam veriləcəkdir. İş üzrə Cavabdeh MMC-nin Texniki İşlər və İstehsalat sahələri üzrə direktor müavini M.Şiriyev, Baş Texnoloq M.İsgəndərova, Biskvit İstehsalat sexinin rəisi R.Kulup, Baş Mexanik İ.Abdalov, Baş Energetik Ç.Əliyev, Baş Avtomatik E.Vəliyev tərəfindən tərtib edilmiş 08.10.2021-ci il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, X9 istismarda olan 1 No-li vafli xətti, təmir xərclərinin artması, normadan artıq enerji tələb etməsi və əl əməyindən istifadənin çox olması səbəbindən rentabelliyini itirmişdir. Bu xəttdə istehsal edilən məhsul çeşidlərinin istehsalı, yəni 2 No-li vafli xəttinə transfer edilmiş və 1 No-li vafli istehsalı xətti istismardan çıxarılmışdır. İş üzrə Cavabdeh MMC-nin İnsan Resursları Departamentinin direktoru X11, Hüquq Departamentinin direktoru X18, İnsan Resursları Departamentinin İR Əməliyyatlar üzrə aparıcı mütəxəssisi X16 tərəfindən tərtib edilmiş 11.10.2021-ci il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, X2 Xəmir yoğuran vəzifəsində işləyən işçi İddiaçı 10.09.2021-ci il tarixli, 391/K-1 nömrəli “İntizam tənbehinin verilməsi haqqında” əmr ilə tanıb olub, əmrin qərarı ilə razı olduğu halda imzalamaqdan imtina etmişdir. İş üzrə Cavabdeh MMC-nin direktoru X14 tərəfindən İddiaçı ünvanlanmış 19.10.2021-ci il tarixli məktubun təsdiq olunmuş surətindən görünür ki, ona təqdim edilmiş xəbərdarlığa əsasən 08.10.2021-ci il tarixdən Cavabdeh MMC-nin X2 1 nömrəli vafli xətti təmir xərclərinin artması, normadan artıq enerji tələb etməsi və ələ əməyindən istifadənin çox olması səbəbindən rentabelliyini itirmiş, həmin xətdə istehsal edilən məhsul çeşidlərinin istehsalı yeni 2 nömrəli vafli xəttinə transfer edilmiş və 1 nömrəli vafli xətti istismardan çıxarılmışdır. Bu səbəbdən çalışdığı sahə iş və istirahət vaxtı saxlanılmaqla növbəli qrafik olaraq 2 nömrəli vafli xətti ilə dəyişdirilmişdir. 22.10.2021-ci il tarixindən işə davam edilməsini xahiş edirlər. Əks halda onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin tələblərinə əsasən (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) xitam veriləcəkdir. İş üzrə Cavabdeh MMC-nin İnsan Resursları Departamentinin İR əməliyyatlar üzrə aparıcı mütəxəssisi Elmir Vəliyev tərəfindən İddiaçı ünvanlanmış 27.10.2021-ci il tarixli məktubundan görünür ki, onun əmək müqaviləsinə 27.10.2021-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ”ç” bəndinə (72-ci maddəsinin “a” bəndinin tələblərinə əsasən (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) əsasən xitam verilmişdir. Son haqq-hesabı və əmək kitabçasını təhvil alması üçün ofisinə gəlməsi xahiş olunur. Eyni zamanda bildirmək istəyirlər ki, rəsmi müraciət əsasında əmək kitabçasının istədiyi ünvana göndərilməsini tələb etmək hüququ var. İş üzrə əmək kitabçaların işəgötürən tərəfindən işçiyə təhvil verilməsi jurnaldan çıxarışından görünür ki, İddiaçı ******* nömrəli, 01.04.2015-ci il tarixli əmək kitabçası 28.10.2021-ci il tarixdə almışdır. İş üzrə Cavabdeh MMC-nin 27.08.2021-ci il tarixli, 09/M saylı əmrindən çıxarışından görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən X2 Xəmir yoğuranı İddiaçı 01.09.2021-ci il tarixindən 09.09.2021-ci il tarixinədək 01.04.2021-01.04.2022-ci iş ili üzrə 09 təqvim günü növbəti əmək məzuniyyəti verilmiş, 10.09.2021-ci il tarixdə işə başlamalıdır. Əsas: işçinin ərizəsi. İş üzrə 01.04.2015-27.10.2021-ci il tarixli ərzində Cavabdeh MMC-nin X4 xəmir yoğuran vəzifəsində çalışmış İddiaçı 2021-ci il aylar üzrə iş qrafikindən görünür ki, İddiaçı yanvar ayında 145 normativ saatdan 22 normativ gündən 1 gün məzuniyyətdə olmaqla faktiki 21 gün 138 saat, fevral ayında 160 normativ saatdan 24 normativ gündən 1 gün məzuniyyətdə olmaqla faktiki 23 gün 153 saat, mart ayında 133 normativ saatdan 20 normativ gündən 2 gün məzuniyyətdə olmaqla faktiki 18 gün 120 saat, aprel ayında 174 normativ saatdan 26 normativ gündən 2 gün məzuniyyətdə olmaqla faktiki 24 gün 160 saat, may ayında 137 normativ saatdan 21 normativ gündən 1 gün məzuniyyətdə olmaqla faktiki 20 gün 130 saat, iyul ayında 160 normativ saatdan 24 normativ gündən 2 gün məzuniyyətdə olmaqla faktiki 22 gün 146 saat, iyul ayında 164 normativ saatdan 25 normativ gündən 3 gün məzuniyyətdə olmaqla faktiki 22 gün 143 saat, avqust ayında 174 normativ saatdan 26 normativ gündən 1 gün məzuniyyətdə olmaqla faktiki 25 gün 167 saat, sentyabr ayında 174 normativ saatdan 26 normativ gündən 9 gün məzuniyyətdə olmaqla faktiki 1 gün 7 saat işləmiş, oktyabr ayının 28-dək 172 normativ saatdan 26 normativ gündən faktiki işləməmişdir. İş üzrə Cavabdeh MMC-nin 27.10.2021-ci il tarixli, 456/K saylı əmrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Cəmiyyətin X2 xəmir yoğuran İddiaçı əmək müqaviləsinə 27.10.2021-ci il tarixdən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (72-ci maddəsinin “a” bəndi: heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) xitam verilməsi, son haqq-hesab çalışdığı günlərə görə əmək haqqı və 1 təqvim günü istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi ödənilməsi əmr edilmişdir. Əsas: işə gəlməməsi barədə 21.10.2021-ci il tarixli ünvanına göndərilmiş məktub və xəbərnamə. İş üzrə Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinə ünvanlanmış 11.11.2021-ci il tarixli məktubun təsdiq olunmuş surətindən görünür ki, şikayətçi İddiaçı 01.04.2015ci il tarixində xəmirkar vəzifəsinə işə qəbul edilmiş və onunla bağlanmış əmək müqaviləsinə 27.10.2021-ci il tarixdə 456/K saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddəsinin “a” bəndi: heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) xitam verilmişdir. Şikayətçi İddiaçı işdən qeyri-qanuni çıxarılması və əmək hüquqlarının pozulması barədə şikayətinə də cavab olaraq bildirirlər ki, şikayətçi İddiaçı müəssisədə nizam-intizam qaydalarına riayət etməmiş və heç bir üzrlü səbəb göstərmədən dəfələrlə işə gəlməmişdir. Bununla yanaşı işçiyə iş təklifi edilsə belə qəbul edilməmişdir. Yuxarıda yazılanları nəzərə alaraq adı qeyd edilən işçinin maddi təminatları qanunvericiliyin tələbinə uyğun olaraq ödənilmiş və qeyri-qanuni işdən kənarlaşdırma hallarına yol verilməmişdir. İş üzrə xxxxxxx0002X0 saylı 27.10.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC-nin 456/K saylı, 27.10.2021-ci il tarixli əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 15.12.2021-ci il tarixli, 2021- MŞİH 08727 nömrəli arayışından görünür ki, İddiaçı Mediasiya Şurasına müraciət edərək Cavabdeh MMC ilə aralarındakı əmrin ləğvi, işə bərpa, iş vaxtından artıq işləməyə görə haqqın ödənilməsi və kompensasiya tələbi ilə əlaqədar işə baxılması üçün mediator təyin edilməsini xahiş etmişdir. X17 sessiyasının yeri və vaxtı barədə 06.12.2021-ci il tarixində (SS747231690AZ) poçt vasitəsilə məlumat verilmişdir. Onunla telefon vasitəsilə əlaqə saxlamaq mümkün olmadı, beləliklə ikinci tərəf Cavabdeh MMC X17 sessiyasında iştirak etməmişdir. İddiaçı vasitəsilə X17 Sessiyasında iştirak etmiş və bununla bağlı 50 manat məbləğində mediasiya xərcini birinci tələb ödəmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı 2015-ci ildən Cavabdeh MMC-nin Bismak X3 İstehsal sexində xəmir yoğurma sahəsində xəmirkar vəzifəsində işləmişdir. "xxxx" MMC-nin X2 1 nömrəli vafli xətti, təmir xərclərinin artması, normadan artıq enerji tələb etməsi və əl əməyinin çox olması səbəbindən rentabelliyini itirmiş, həmin xətdə istehsal edilən məhsul çeşidlərinin istehsalı yeni 2 nömrəli vafli xəttinə transfer edilmiş və 1 nömrəli vafli xətti istismardan çıxarılmışdır. Bu səbəbdən iddiaçının işləyəcəyi sahə iş və istirahət vaxtı saxlanılmaqla növbəli qrafik olaraq 2 nömrəli vafli xətti ilə dəyişdirilmişdir. Lakin iddiaçı gecə növbəsində işləməkdən imtina etmişdir. İddiaçı 01.09.2021-ci il tarixdə X6 Sex rəisini təhqir edərək, heç bir rəhbərin icazəsi olmadan iş yerini tərk etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, əmək fəaliyyəti zamanı yol verilmiş nöqsanlara görə Cavabdeh MMC-nin 10.09.2021-ci il tarixli, 391/K-1 nömrəli əmri ilə iddiaçı barəsində intizam tənbehi kimi “töhmət” verilmişdir. İddiaçının üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi ilə bağlı Cavabdeh MMC-nin 27.10.2021-ci il tarixli 456/K saylı əmri ilə əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı Cavabdeh MMC-nin Bismak X3 İstehsal sexində xəmir yoğurma sahəsində xəmirkar vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh MMC-də həmkarlar təşkilatı mövcud deyil. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə 27.10.2021-ci il tarixli əmri qəbul edərkən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərindən qərəzli olaraq istifadə etmiş və onun əmək hüquqlarını pozmuşdur. Bu səbəbdən iddiaçı 27.10.2021-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının, maddi və mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı gətirdiyi dəlillərə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinini «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərində göstərildiyi kimi, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənini 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 80-cı maddəsinini 1-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «B» və «Ç» bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirən halları dəqiq şəkildə müəyyən edir. Bu hallardan biri işçinin heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsidir. Qanunvericilik iki üzrlü hal müəyyən etmişdir: 1. işçinin özünün xəstə olması; 2. yaxın qohumlarının xəstə olması və ya ölməsi. Bütün bu hallar müvafiq olaraq işçi tərəfindən sübut olunmalıdır. Bu hallardan başqa qanunvericilik işçinin iş günü işə gəlməməsinin proqul sayılmağı digər üzrlü səbəblərini dəqiq şəkildə təsbit etməmişdir. Ona görə də işçinin bütün iş günü işə gəlməməsinin üzrlü olub-olmamasını işəgötürən, əmək münasibətləri zamanı isə bu mübahisəyə baxan orqan qiymətləndirir və müəyyən edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı 17.09.2021-ci il tarixdə işə çıxmamışdır. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş məktubda işə gəlməmə səbəbi barəsində rəsmi sənədi 3 gün ərzində təqdim edilməsini xahiş edilmişdir, əks halda onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən xitam verilməsini göstərilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı işə çıxmaması səbəbi kimi iş yerinə giriş kartının əlindən alınmasını iddia etsə də, bu hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı 9 gün müddətinə əmək məzuniyyətinə çıxdığı vaxt onunla sex rəisi arasında yaranan konfliktin gərginləşməməsi, iddiaçının bu insidentlə bağlı müəssisəyə sərbəst girişini məhdudlaşdırmaq üçün müvəqqəti giriş kartı ondan alınsa da, iş yerinin 2 nömrəli vafli xəttinə dəyişdirdikdən sonra onun müəssisəyə daxil olmasına heç bir məhdudiyyət olmamış, dəfələrlə işə çıxmamağı səbəbləri barədə işə götürənə məlumat verilməsinə dair xəbərdarlıq məktubları göndərilmiş, iddiaçı işə çıxmadığı üçün işə götürən tərəfindən onun işə gəlməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilsə də, işə gəlməməyin səbəbləri ilə bağlı müəssisəyə məlumat verməmişdir. Yəni iddiaçı cavabdeh təşkilatın bu müraciətlərinə cavab verməyərək işə gəlməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi pozuntu - heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi, onun tərəfindən əmək vəzifələrini kobud şəkildə pozulması hesab olduğundan cavabdehin iddiaçı barəsində AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə intizam tənbehini tətbiq etməsi tam qanunidir. Bu səbəbdən məhkəmə hesab edir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, 27.10.2021-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının işə bərpa edilməsi barədə tələbi əsassız hesab olunduğu üçün, iddia tələbi məcburi buraxılmış iş günləri üçün 2100 manat əmək haqqı ödənilməsi hissəsində də əsassızdır və təmin edilməməlidir. Məhkəmə iş vaxtından artıq işləməsinə görə son bir il üçün 3150 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “e” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək hüququ var. Həmin Məcəlləsinin 102.1-ci maddəsinə əsasən işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. İddiaçı iddia tələbində 8 saatlıq iş rejimindən daha 4 saat artıq, yəni 12 saat işlədiyinə görə son bir il üçün ona 3150 manat ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 8 saatlıq iş rejimindən daha 4 saat artıq işləməsinə dair sübutlar məhkəməyə təqdim olunmadığından və bu hal məhkəmə iclasında öz təsdiqini tapmadığından, əksinə cavabdeh tərəfindən məhkəməyə təqdim olunan 2021-ci ilin yanvar-oktyabr ayları üçün tərtib edilmiş iş qrafikində göstərilən məlumatlar da bu dəlilləri təkzib etdiyindən, iş vaxtından artıq işləməsinə görə son bir il üçün 3150 manat pulun tutulması hissəsində tələb əsaslı hesab edilə bilməz. Məhkəmə iddia tələbinin vurulmuş mənəvi ziyana görə 3500 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsassız hesab edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddia tələbi işə bərpa olunması hissəsində əsassız olduğundan, həmçinin iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin tam qanuni olması təsdiq olunduğundan, iddia tələbi mənəvi zərərin tutulması hissəsində də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə iclasında iddiaçı barəsində qəbul edilmiş əmrin əsassızlığı ilə bağlı gətirilən dəlillər öz təsdiqini tapmadığından, həmçinin təqdim edilmiş sübutlarla iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr AR Əmək Məcəlləsinin tələblərinə riayət edilməklə qəbul edildiyindən, irəli sürülmüş iddia tələbləri əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri - 50 manat mediasiya xərci və 7,15 manat poçt və yazışma xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı 27.10.2021-ci il tarixli 456/K saylı əmrin ləğvi, işə bərpa edilməsi, məcburi buraxılmış iş günləri üçün 2100 manat əmək haqqı, 50 manat mediator xərci, 7,15 manat poçt və yazışma xərci, cəmi 2157,15 manat maddi ziyanın, 3500 manat mənəvi zərərin ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-311/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-311/2022
22.02.2022 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Maddi ziyanın ödənilməsi - M
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver