Məhkəmə qərarları › İş №2(006)-2643/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2643/2025

13.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2643/2025 13.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı «istehlakçı hüququnun pozulması nəticəsində vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «istehlakçı hüququnun pozulması nəticəsində vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş 15 (on beş) manat maddi ziyanın, 2000 (iki min) manat mənəvi ziyanın, iddia ərizəsinin hazırlanması üçün ağlabatan 80 (səksən) manat pulun və haızrki iddia ərizəsinə baxılması üçün ödədiyi 41 (qırx bir) manat dövlət rüsumunun, cəmi 2136 (iki min yüz otuz altı) manat pulun Cavabdeh ASC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2024-cü il sentyabr ayının 26-da Cavabdeh ASC-yə məxsus olan “Birbank” proqramı vasitəsi ilə onlayn qaydada “Digital Card” sifariş vermişdir. Sifariş verdikdən dərhal sonra **********114006 saylı kart ona ayrılıb. Daha sonra 15 (on beş) manat ödəyərək kartın fiziki formasının hazırlanmasını sifariş vermişdir. Lakin Cavabdeh ASC kartın fiziki formasının hazır olması barədə ona heç bir məlumat verməmişdir. Daha sonra bank kartın “Digital” fomasını da ləğv etmişdir. Bank ilə rəsmi danışıqlar zamanı ona bildirilmişdir ki, “Siz 90 gün ərzində filialdan kartı əldə etməmisiniz”. Bankla rəsmi danışıqlar zamanı bildirmişdir ki, kartın hazır olub-olmaması barədə ona hər hansı məlumat daxil olmayıb, əgər hər hansı bir məlumat (hazır olması ilə bağlı SMS və yaxud zəng) daxil olsaydı, yaxınlaşıb götürərdi. Buna baxmayaraq, bank rəsmi yazışmalar zamanı kartın hazır olub-olmaması və yaxud da hazır olarsa, məlumatsız formada onun bankın filialına yaxınlaşmaq məcburiyyətinin olmasını bildirmişdir. O, banka kartın hazır olmasını ona niyə bildirməyiblər sualına isə cavab ala bilməmişdir. Bankın mövqeyindən sonra onlara bildirmişdir ki, heç bir xidmətdən istifadə etmədiyi halda ondan 15 (on beş) manat məbləğində vəsait alınıb, onun istehlakçı hüququnun pozulması ilə yanaşı pul məbləğini də mənimsəyiblər. Bankdan 15 (on beş) manat vəsaitini geri tələb etsə də, bank heç bir halda vəsaitin geri qaytarılmayacağını bildirmişdir. Cavabdeh ASC ona lazımi keyfiyyətdə xidmət göstərməmişdir. Belə ki, hər hansı bir məhsulu istehsal edən şirkət məhsul hazır olduğu zaman istehlakçıya məlumat verməlidir, lakin Cavabdeh ASC tərəfindən kartın hazır olması barədə heç məlumat sahibi olmamışdır. Əgər kartın hazır olması barədə ona məlumat daxil olsa idi və o yaxınlaşıb kartı götürmədiyi halda, o zaman məsuliyyət onun üzərində olardı. Cavabdeh ASC-yə onun istehlakçı hüquqlarını pozması ilə bağlı xəbərdalıq etsə də, bank buna məhəl qoymamış, mövcud qanunvericilik aktlarına deyil, öz daxili qanunları ilə hərəkət etdiklərini ona bildirmişdirlər. Ölkənin aparıcı bankının bu özbaşınalığı, qanunlara zidd hərəkət etməsi onun banklara olan inamını sarsıtmışdır. Hesab edir ki, bu sarsıntı bank tərəfindən ona vurulmuş mənəvi ziyandır. Mənəvi ziyanın ödənilməsi istehlakçıların qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı,satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. Ancaq məhkəmə onu da nəzərə almalıdır ki, ölkənin aparıcı bankının belə bir qanunsuz hərəkətləri nəticəsində istehlakçıya vurduğu mənəvi zərərin əvəzi az məbləğ olmalı deyildir. Bank tərəfindən mənəvi ziyanın əvəzi olaraq 2000 (iki min) manat məbləğində kompensasiyanın ona ödənilməsi ədalətli olardı. Cavabdeh ASC tərəfindən mənəvi ziyandan əlavə, hazırki iddia tələbinin irəli sürülməsi ilə bağlı dövlət büdcəsinə ödədiyi 41 (qırx bir) manat pul, iddia ərizəsinin hazırlanması üçün ağlabatan 80 (səksən) manat vəsait də cavabdehdən alınaraq ona ödənilməlidir. Çünki Cavabdeh ASC ilə maddi ziyanın vurulması arasında səbəbli-əlaqə mövcuddur. Əgər Cavabdeh ASC ona müraciəti zamanı istehlakçı hüququnu pozmayıb 15 (on beş) manat vəsaitini geri qaytarsa idi, ona qarşı iddianı hazırlamaq və dövlət büdcəsinə rüsum ödəmək məcburiyyətində qalmazdı. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 məhkəməyə izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə İddiaçı ilə Cavabdeh ASC arasında “Birbank” təbiqi üzərindən onlayn qaydada BRCB0375828C299 nömrəli X6 kart müqaviləsi bağlanmış və o, “digital kart” sifariş etmişdir. O, kartı aktivləşdirdikdən sonra aktiv olaraq digital kartdan onlayn qaydada istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə müştəri kartı çap olunması üçün “İnşaatçılar” filialına göndərmişdir. Buna baxmayaraq, İddiaçı Fəxrəddin oğlu sifariş etdiyi kartı müqavilə imzalanmasından 90 gündən artıq müddətin keçməsinə baxmayaraq, filialdan götürməmiş və xx.xx.2024-cü il tarixli müqavilənin 5.6-cı bəndinə əsasən müəyyən olunmuş müddətin keçməsi səbəbindən bank müqaviləyə birtərəfli qaydada xitam vermişdir. Həmin maddəyə əsasən tərəflər razılığa gəlmişlər ki, müştəri bu müqavilə imzalandıqdan sonrakı 90 gün ərzində kartı Cavabdeh ASC-dən götürmədikdə, bank kartı, kredit xəttini və (və ya) hesab(lar)ı ləğv edə, habelə bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Həmçinin iddiaçı kartdan yalnız digital formada istifadə etsəydi müqavilədə müəyyən olunmuş müddətdə (3 il) kart aktiv olaacqdı, lakin müştəri kartı fiziki formada əldə etmək istədiyindən müqavilənin 5.6-cı bəndi icra olunmuşdur. Müqavilənin 6.1-ci bəndinə əsasən kartdan istifadəyə görə xidmət haqqı 3 illik olmaqla 15 AZN, kartın kateqoriyasının dəyişdirilməsi, kartın yenisi ilə əvəz edilməsi hallarında X4 dərəcələri əsasında xidmət haqqı tutulur. İddiaçı tərəfindən digital kart sifariş olunduğundan müqavilənin 6.1-ci maddəsində nəzərdə tutulmuş 15 AZN məbləğində xidmət haqqı onun kart hesabında -15 AZN balans yaradılmaqla onlayn qaydada rəsmiləşdirilmiş, avtorizasiya olunduqdan sonra müştəri tərəfindən onlayn əməliyyat icra olunduğundan bank müştəriyə qeyd olunan kart üzrə xidmət göstərməyə başlamışdır. Karta mədaxil olduqca isə həmin borcdan silinmişdir. İddiaçının mənəvi zərərin ödənilməsinə dair tələbi də tam əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iddiaçı iddia ərizəsində ona mənəvi zərər vurulduğunu bildirsə də, bu zərərin nədən ibarət olmasını qeyd etməmişdir. Bank tərəfindən iddiaçının əmlakına və şəxsiyyətinə ziyan vurulmamışdır. Hal-hazırda mülki hüquq pozuntusu olmadığı üçün iddiaçının mənəvi zərər tələb etməsi də əsassızdır. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsində qeyd edilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində tam həcmdə ödənilməlidir. Qanunun tələbindən aydın olur ki, zərər mülki hüquq pozuntusunun nəticəsində yaranır və mövcud olur. Mülki hüquq pozuntusu yoxdursa, deməli obyektiv mənada zərər də yoxdur. İddiaçı mənəvi sarsıntılarının nədə ifadə olunduğunu bildirməmiş, bu hərəkətlərin onun fiziki və psixoloji sağlamlığına vurduğu zərərin nədən ibarət olmasını qeyd etməmişdir. Eyni zamanda bankın hərəkəti ilə iddiaçı tərəfindən iddia olunan zərər arasında heç bir səbəbli əlaqə mövcud deyil. İddia ərizəsində iddia olunan zərərin məhz bankın hərəkətləri və ya başqa səbəbdən yaranması iddia ərizəsində əsaslandırılmamışdır. İddiaçı tərəfindən qeyd edilən və mənəvi-psixoloji iztirablar formasında ifadə olunan zərər iş üzrə məhkəmə araşdırmasının predmetidir və iddiaçı qeyd etdiyi halları sübut etmək vəzifəsi daşıyır. İddiaçı özünə dəymiş mənəvi zərərin miqdarını 2000 manat olaraq müəyyən etmişdir. Lakin o bu məbləği qeyd edərkən hansı ölçü meyarından istifadə etdiyini, məhz 2000 manat mənəvi zərəin hesablanmasına əsas olan hansı mənəvi və fiziki iztirablar keçirməsini təsdiq edən sübutlar təqdim etməmişdir. Həmin hissədə də iddiaçının iddiası tam əsassızdır və şəxsi mülahizələrə əsaslanır. Bu mülahizələrin heç bir qanuni əsası yoxdur. Bundan başqa iddiaçı iddia ərizəsinin hazırlanması üçün ağlabatan 80 mana pulun da cavabdehdən tutlub ona ödənilməsini xahiş etsə də, bu tələbini, onun ağlabatanlığını əsaslandıra bilməmişdir. Sonda cavabdehin nümayəndəsi göstərilənləri nəzərə alaraq iddia tələbini rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh ASC-yə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələbləri baxımından iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ASC və İddiaçı arasında xx.xx.2024-cü il tarixdə, BRCB0375828C29 saylı X6 kart müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 5.6-cı maddəsinə əsasən tərəflər razılığa gəlirlər ki, Müştəri bu müqaviləni imzaladıqdan sonrakı 90 (doxsan) gün ərzində kartı bankdan götürmədikdə Bank kartı, kredit xəttini və (və ya) hesab(lar)ı ləğv edə, habelə bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən kartdan istifadəyə görə xidmət haqqı 3 illik 15 AZN; Kartın kateqoriyasının dəyişdirilməsi, kartın yenisi ilə əvəz edilməsi hallarında X4 dərəcələri əsasında xidmət haqqı tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, cavabdeh tərəfin təqdim etdiyi etirazda istinad edilən qanunvericiliyin tələbləri baxımından iddiaçının tələbləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh ASC ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə, BRCB0375828C29 saylı X6 kart müqaviləsi bağlanmış və İddiaçı digital kart sifariş etmişdir. Kartı aktivləşdirdikdən sonra onlayn formada istifadə etmiş və daha sonra kartı çap olunması üçün bankın müvafiq filialına göndərmişdir. Lakin müqavilənin imzalanmasından 90 gündən artıq müddət keçsə də, o fiziki formasını sifariş etdiyi kartı müvafiq filialdan həmin müddətdə götürməmişdir. Belə ki, tərəflər arasında bağlanmış sözügedən müqavilənin müvafiq bəndinə əsasən, müəyyən edilmiş müddət (90 gün) keçdiyindən bank tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Bundan başqa, irəli sürülmüş tələblərdən biri də mənəvi ziyanın ödənilməsi barədədir. Lakin qeyd edilməlidir ki, iddia tələbi maddi ziyan hissəsində yuxarıda sadalanmış olan hallara görə öz təsdiqini tapmadığı kimi, mənəvi ziyan tələbi hissəsində də sübuta yetirilməmişdir. Bu səbəbdən, iddia əsassızdır və təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 41 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ASC -yə qarşı «istehlakçı hüququnun pozulması nəticəsində vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu və digər məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «istehlakçı hüququnun pozulması nəticəsində vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənilmiş dövlət rüsumu və digər məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar