Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2645/2025 08.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı (Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) intizam tənbehi əmrinin ləğv edilməsi tələbinə dair mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Baki Şəhəri üzrə Təhsil İdarəsinin barəsində verilmiş xx.xx.2025-ci il tarixli, 3-29-59/3-2-86F/2025 nömrəli “İntizam tənbehi barədə” əmrinin ləğv edilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2015-ci il tarixli 11/924 nömrəli əmri ilə Bakı şəhəri 286 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunmuşdur. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2025-ci il tarixli 3-29-59/3-2-86F/2025 nömrəli əmri ilə ona intizam tənbehi olaraq, “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir. Bildirir ki, bu əmr qanunsuzdur və ləğv edilməlidir. Bu əmr həm də qərəzlidir. Belə ki, 2017-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş “sonuncu xəbərdarlıqla şiddətli töhmət” haqqında əmrin ona aid olan hissəsi Nəsimi Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin qətnamələri ilə, xx.xx.2022-ci il tarixli F-466 nömrəli “töhmət” haqqında əmrin ona aid olan hissəsi isə Nəsimi Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin qətnamələri və Ali Məhkəmənin qərarı ilə ləğv edilmişdir. Bu səbəbdən hesab edir ki, sonuncu əmr ondan qisas almaq məqsədilə verilmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2025-ci il tarixli 3-29-59/3-2- 86F/2025 nömrəli əmri verilərkən, Azərbaycan Respubliksı prezidentinin Fərmanının, AR Əmək Məcəlləsinin və digər qanunvericilk aktlarının bir sıra tələbləri kobud surətdə, qərəzli şəkildə pozulduğuna görə hesab edir ki, həmin əmr ləğv edilməlidir: Monitorinqə gələn şəxslərdən monitorinqin aparılmasına səlahiyyətlərinin olubolmamasını, məktəbin çoxşaxəli fəaliyyətinin hansı sahəsinin monitorinq ediləcəyi və neçə gün davam edəcəyini aydınlaşdırmaq üçün 2 dəfə onlardan monitorinq barədə əmrin surətini təqdim etmələrini xahiş etsə də, müxtəlif səbəblər gətirilərək, onlara həmin əmrin surəti təqdim edilməmişdir; Məktəb direktoru Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun əmri ilə təyin edildiyinə görə Əmək Məcəlləsinin 188-ci maddəsinə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin ona intizam tənbehi vermək hüququ olmamışdır; Bundan başqa, Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cüi il tarixli, 2(006)-1532/2023 nömrəli qətnaməsində (səh.9, bənd 2) analoji əmrin puç (əhəmiyyətsiz) olması əsaslandırılmışdır; AR Əmək Məcəlləsi, maddə 187 - “1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir” - əmrdə göstərilən “nöqsanlar” barədə işəgötürən ondan yazılı izahat tələb etməyib; AR Əmək Məcəlləsi, maddə 187 - 2. İntizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 ay keçənədək verilə bilər” - əmrdə, həmin “nöqsanlar”ın xx.xx.2025-ci il tarixdə aşkar edildiyi qeyd edilib, intizam tənbehi haqqında əmr isə 2 ay 13 gün keçəndən sonra - xx.xx.2025-ci il tarixdə imzalanıb; xx.xx.2025-ci il tarixdə keçirilən Bələdiyyə seçkiləri ilə əlaqədar olaraq, 15 saylı Yasamal birinci X17 Seçki Komissiyasının 2 saylı Məntəqə Seçki Komissiyasının sədri olaraq, DSK-nm xx.xx.2024 nömrəli, 3-11-15/2-100/2024 tarixli məktubu əsasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-29-59/3-1- 635F/2024 nömrəli, sonradan - xx.xx.2025-ci il tarixdə dəyişiklik edilmiş 3- 29-59/3-2-69F/2025 nömrəli əmrinə əsasən 28 noyabr 2024 - 01 fevral 2025-ci il tarixinədək o, vəzifələrinin icrasından müvəqqəti azad edilmiş, direktor səlahiyyətlərinin icrası müvəqqəti olaraq, məktəbin direktor müavininə həvalə edilmişdir. Monitorinqin aparıldığı gün - xx.xx.2024-cü il tarixdə işdən müvəqqəti azad edildiyinə və Məntəqə Seçki Komissiyasının işində iştirak etməyinə baxmayaraq, həmin gün aşkar edilmiş “nöqsanlara” görə 2 ay 13 gün gözləyib ona intizam tənbehi verilməsi əmrin qərəzli olmasını, BŞTİ-nin əvvəlki əmrlərini məhkəmə qaydasında ləğv etdirdiyinə görə ondan qisas alınması məqsədilə verildiyinin sübutudur; 05 dekabrda şagirdlərin dərsə davamiyyəti monitorinqdə iştirak edən şəxslər tərəfindən ümumiyyətlə, yoxlanmayıb; Əmrdə qeyd edilmiş “nöqsanların” bir hissəsi şagirdlərin dərsə davamiyyətinin zəif olması, digər hissəsi isə “Dərs bölgüsünün Pedaqoji Şurada müzakirə olunmaması və Pedaqoji Şuranın illik Fəaliyyət planının təsdiq edilməməsi” ilə bağlıdır. Şagirdlərin dərsə davamiyyətinin təmin edilməsi valideynlərin məsuliyyət dairəsinə daxildir, buna görə məktəb rəhbərliyini günahlandırmaq məntiqdən kənardır və qanunsuzdur. “Pedaqoji Şura haqqında Əsasnamənin” tələblərinə müvafiq olaraq, (3.1.2.6.-cı bənd) xx.xx.2014-cü il tarixdə keçirilmiş Pedaqoji Şura iclasında müəllimlərin 2024-2025-cü dərs ili üçün olan dərs bölgüsü təsdiq edilib, Pedaqoji Şuranın illik fəaliyyət planı (2.3-cü bənd) məktəbin illik ümumi Fəaliyyət planının tərkibində təsdiq edilib; Bundan başqa, xx.xx.2024-cü il tarixdə monitorinqdə iştirak edən şəxslər həmin gün “aşkar etdikləri nöqsanlar” barədə xx.xx.2024 - xx.xx.2025-ci il tarixləri aralığında direktor səlahiyyətlərini müvəqqəti icra edən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X1 nə yazılı, nə şifahi izahat tələb etməyiblər; xx.xx.2024-cü ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agenliyinin direktoru ilə onun arasında bağlanmış Əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə tələm-tələsik, qanunsuz dəyişikliklər edilib. Həmin dəyişikliklər müqavilədə müvafiq bənddə ayrıca qeyd edilməyərək, təfsilatı ilə sadalanmayıb, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 18-1 №li 20 dekabr 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Kitabçasının Vİİ hissəsində (Ümumi təhsil müəssisələri - rəhbərlər - direktorlar) göstərilmiş direktorun vəzifə funksiyalarına orada olmayan vəzifələr əlavə edilərək, intizam tənbehi haqqında əmrdə göstərilmiş “nöqsanlara” “əsas” yaradılıb; xx.xx.2024-cü il tarixdə aparıldığı qeyd edilən monitorinqin nəticələrinə əsasən, əgər verilməsi nəzərdə tutulubsa, bir ay keçənədək verilməli olan intizam tənbehi haqqında əmr, göründüyü kimi, o, seçki prosesindən geri qayıtdıqdan, əmək müqaviləsinə dəyişiklik edildikdən sonra məhz ona verilib ki, bu da əmrin qərəzli, qisas almaq məqsədi ilə verildiyinin daha bir sübutudur; Qanuna müvafiq olaraq, tərəfindən Mediasiya Təşkilatına müraciət edilsə də, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi iştirak etməmişdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin etirazı: Bakı şəhəri 286 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə monitorinq aparılmış və bir sıra nöqsanlar aşkar olunmuşdur. Monitorinq zamanı müəyyən olunmuşdur ki, yerdəyişmə ilə qəbul olunan şagirdlərin gündəlik davamiyyətinin 55 faizdən aşağı olduğu, ümumiyyətlə dərslərdə iştirak etməyənlərin sayının 4 nəfər təşkil etdiyi, məktəb üzrə 9-11-ci siniflərdə ümumi uşaq sayının 695 nəfər təşkil etdiyi halda bu siniflər üzrə cəmi 536 nəfər şagirdin dərslərdə iştirak etdiyi müəyyən edilmişdir. Dərs bölgüsünün Pedaqoji Şurada müzakirəsi olunmamış və Pedaqoji Şuranın illik Fəaliyyət Planı təsdiq edilməmişdir. İddiaçı öz iddia ərizəsində bildirmişdir ki, Bakı Şəhəri ürzə Təhsil İdarəsi tərəfindən qərəzli olaraq ondan qisas almaq məqsədi ilə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” növündə intizam tənbehi verilmişdir. Lakin qeyd edirlər ki, həmin tarixlərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-29\3-1-1286\2024 nömrəli əmrinə əsasən monitorinq bir sıra məktəblərdə keçirilmiş və nəticələrinə görə müəyyən tədbirlər görülmüşdür. Yəni iddiaçının monitorinqin qərəzli keçirilməsi ilə bağlı iddiası həqiqəti əks etdirmir. Bundan başqa iddiaçı öz ərizəsində qeyd etmişdir ki, guya ondan Əmək Məcəlləsinin tələblərinə əsasən izahat alınmayıb. Halbuki, məsələ ilə bağlı iddiaçı izahat vermiş və onun izahatı iş materiallarına əlavə edilmişdir. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır (AR ƏM maddə 189.3). Müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətinin əmr (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir. (AR ƏM maddə 188.2). Bildirilir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli əmri ilə işçilərə intizam tənbehi vermək səlahiyyətini Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinə həvalə etmişdir. Həmçinin iddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187.2-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İş materiallarından göründüyü kimi iddiaçı 29 yanvar 2025-ci il tarixində keçirilən Bələdiyyə seçkiləri ilə əlaqədar 15 saylı Yasamal birinci X17 Seçki Komissiyasının 2 saylı Məntəqə Seçki Komissiyasının sədri olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli əmrinə əsasən 28 noyabr - 01 fevral 2025-ci il tarixinədək vəzifəsinin icrasından müvəqqəti azad edilmişdir. İddiaçı öz ərizəsində qeyd edir ki, monitorinq keçirilən zaman o, vəzifəsinin icrasından müvəqqəti azad edilmişdir. Lakin həmin nöqsanlar 05 dekabr 2024-cü il tarixində aşkar edilsə də, ondan əvvəlki dövrü də əhatə edir. Belə ki, monitorinq nəticəsində yoxlanılan sinif jurnallarından götürülən qeydlərə əsasən 01 oktyabr 2024-cü il tarixindən jurnallar yoxlanılıb və məlum olub ki, oktyabr ayı ərzində davamiyyət yuxarı siniflərdə çox aşağı olub. İddiaçı qeyd edir ki, şagirdlərin davamiyyətinə cavabdeh deyil, lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 18-1 nömrəli 20 dekabr 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X6”nın 7-ci hissəsində direktorun vəzifə funksiyaları göstərilmişdir. Onlardan bəziləri: pedaqoji şuraya rəhbərlik etmək, tədris proqramlarını yerinə yetirmək, təlimtərbiyə işlərini məzmunlu və səmərəli aparmaq, icbari ümumi orta təhsili həyata keçirmək, uzun müddət təhsildən kənarda qalmış şəxsləri fərdi təhsilə cəlb etmək, məktəb sənədlərin düzgün aparılması və s. Həmçinin məktəb direktoru olaraq, şagirdlərin zəif davamiyyəti barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə məlumat verməmişdir, valideynləri məktəbə dəvət etməmişdir və heç bir tədbir görməmişdir. Həmçinin monitorinq yoxlanılması zamanı Tədris ilinin əvvəlində təsdiq olunmalı olan Pedaqojı Şuranın illik Fəaliyyət planı təsdiq edilməyib. Bundan başqa iddiaçı illər öncə barəsində çıxarılan qətnaməyə istinad edir. Həmin məhkəmə qətnaməsi eyni tərəflər arasında çıxarılsa da iddia predmeti başqadır. İddiaçının həmin qətnaməyə istinad etməsi məntiqə uyğun deyil. Odur ki, məhkəmədən iddiaçi İddiaçı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı iddiası rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi etirazda göstərilənlərə uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o, halhazırda 270 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini işləyir. Monitorinq ərəfəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsində metodist işləyirdi. Onları xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində Bakı şəhəri 286 nömrəli tam orta məktəbə monitorinq üçün göndərdilər. 2 gün monitorinq oldu. Monitorinq üçün 4 nəfər göndərmişdilər. Yoxlamalı olduğu işlər aralarında bölünmüşdür. Bölgüyə əsasən yoxlama zamanı Pedaqoji Şuranın iş planınnın yoxlanılması ona aid edilməmişdir. O, siniflərin bölünməsini yoxlayırdı. Hər şey yerində idi. Digər əməkdaşlar davamiyyəti yoxlayırdı. Əsas davamiyyət həmin günlər üçün yoxlanıldı, amma jurnallar əsasında sentyabr ayından sonrakı dövrlərə də baxıldı. Əsas 9, 10, 11-ci siniflərin davamiyyətinə baxıldı. Hələ Samir müəllim dedi ki, komissiya var deyə uşaqlar çox gəlib, başqa vaxt siniflərdə daha az uşaq olur. Onlarda monitorinq aparılmasına dair əmr olmayıb. Ümumiyyətlə, belə bir əmr verilməli olduğunu bilmirdi. Sonra Əhliyət müəllim zəng etdi, dedilər ki, ümumi Bakı məktəblərinin yoxlanılması barədə Təhsil İdarəsindən əmr gəlib. Onlar siniflərə baxmışlar, baş inspektora məlumat vermişlər. Səhəri gün gətirdilər ki, son izahat budur imzalayın. İddiaçıya töhmət verilməsindən xəbəri olmayıb. Şagirdə yazılan qayıbların heç bir hüquqi əhəmiyyəti yoxdur. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Azərbaycan Respublikası Təhsil Nazirinin 11/924 saylı xx.xx.2015-ci il tarixli əmrinə əsasən İddiaçı Bakı şəhəri 286 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin edilməsi əmr edilmişdir. Bakı şəhəri üzrə Təhsil İdarəsinin F-308 saylı xx.xx.2019-cu il tarixli əmrinə əsasən Bakı Şəhəri uzrə Təhsil İdarəsinin “İntizam tənbehi barədə" 13 10.2017-ci il tarixli, 175 nömrəli əmrinin sərəncam hissəsinin 1-cı bəndinin (“Əmək fəaliyyətində yol verdikləri kobud nöqsanlara görə Bakı şəhəri 286 nömrəli tam orta məktəbin direktoru İddiaçı, təlimtərbiyə işləri üzrə dırektor müavini X10 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilsin") ləğv edilməsi əmr edilmişdir. Bakı şəhəri üzrə Təhsil İdarəsinin 3-29-59/3-2-139F/2024 saylı xx.xx.2024-cü il tarixli əmrinə əsasən Bakı şəhəri 286 nömrəli tam orta məktəbin direktoru İddiaçı verilmiş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-466 nömrəli xx.xx.2022-ci il tarixli intizam tənbehi barədə əmrin ləğv edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 3- 29-59/3-2-86F/2025 saylı xx.xx.2025-ci il tarixli intizam tənbehinin verilməsi barədə əmrində göstərilmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2024cü il tarixli. 3-29/3-1- 1286E/2024 nömrəli əmrinə əsasən 05 dekabr 2024-cü il tarixində Bakı şəhəri 286 nömrəli tam orta məktəbdə monitorinq aparılmışdır. Monitorinq zamanı yerdəyişmə ilə qəbul olunan şagirdlərin gündəlik davamiyyəti 55 faizdən aşağı, ümumiyyətlə dəsrlərdə iştirak etməyənlərin sayı 4 nəfər təşkil etdiyi, məktəb üzrə İX-Xİ siniflərdə ümumi şagird sayının 695 nəfər təşkil etdiyi halda bu siniflər üzrə cəmi 536 nəfər şagirdin dərslərdə iştirak etdiyi müəyyən olunmuşdur. Həmçinin mütəmadi dərslərdə iştirak etməyən şagirdlərin sayı İX sinif üzrə 3 nəfər, X sinif üzrə 1 nəfər, Xİ sinif üzrə 23 nəfər olduğu aşkar edilmişdir. Dərs bölgüsünün Pedaqoji Şurada müzakirəsi olunmamış və Pedaqoji Şuranın illik Fəaliyyət planı təsdiq edilməmişdir. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b” bəndini və "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Əsasnaməsinin 5.5.4-cü bəndini rəhbər tutaraq əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə Bakı şəhəri 286 nömrəli tam orta məktəbin direktoru İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, gələcəkdə analoji hallara yol verəcəkləri təqdirdə barəsində daha ciddi intizam tənbehi tədbirinin tətbiq ediləcəyi nəzərinə çatdırılmışdır. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Bakı şəhəri 286 saylı tam orta məktəbin direktoru İddiaçı əmək funksiyalarına dəyişiklik edilmişdir. Dəyişiklik xx.xx.2024-cü il tarixdə qüvvəyə minmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1532/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli F-466 nömrəli “intizam tənbehi barədə" əmrinin İddiaçı aid hissəsi ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)- 4464/2023 saylı qətnaməsinə əsasən cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1532/2023 saylı, 01 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4263/2023 saylı qərarına əsasən cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4464/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun xx.xx.2024-cü il tarixli əmrinə əsasən, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4, eləcə də agentliyin strukturuna daxil olan yerli bölmələrində sənəd dövriyyəsinin daha səmərəli təşkili və işgüzar çevikliyin təmin olunması məqsədi ilə aşağıda qeyd edilən məsələlər üzrə əmrləri imzalamaq səlahiyyəti Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və regional təhsil idarələrinin müdirlərinə verilməsi əmr edilmişdir: -1.1. məktəbəqədər təhsil müəssisələrinin müdirlərinə, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin direktorlarına Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186cı maddəsinin 2-ci hissəsinin “ç” bəndi istisna olmaqla digər intizam tənbehlərinin tətbiqi; -1.2. Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələrinin müdir müavinlərinə Dövlət qulluğu haqqında qanunun 25.2.1-ci bəndinə əsasən töhmətin verilməsi; -1.3. məktəbəqədər təhsil müəssisələrinin müdirlərinin, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin direktorlarının məzuniyyət və ezamiyyə əmrlərinin verilməsi; Azərbaycan Respublikası Elm və Təhsil naziri Emin Əmrullayevin xx.xx.2024-cü il tarixli əmrinə əsasən, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Əsasnaməsi” təsdiq edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil naziri vəzifəsini müvəqqəti icra edən nazir müavini Firudin Qurbanovun xx.xx.2024-cü il tarixli əmrinə əsasən ümumi təhsil müəssisələrində monitorinqlərin aparılması məqsədilə Nazirliyin əməkdaşlarının Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinə monitorinqə göndərilmələri əmr edilmişdir. Bakı şəhəri 286 nömrəli tam orta məktəbin İX-Xİ sinif rəhbərləri, direktor müavini və təşkilatçı tərəfindən imzalanmış aktda göstərilmişdir ki, bu akt ondan ötrü tərtib edilmişdir ki, xx.xx.2024-cü il tarixində məktəbdə aparılan monitorinq zamanı İX, X, Xİ siniflərdə şagirdlərin dərsə davamiyyəti yoxlanılmamışdır. Bakı şəhəri 286 nömrəli tam orta məktəbin direktor müavini Kəmalə Mustafayeva tərəfindən məktəbin direktoyuna ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədə göstərilmişdir ki, dekabr ayında məktəbdə keçirilən monitorinq zamanı ondan heç bir izahat alınmamışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 3- 29-59/3-2-69F/2025 nömrəli xx.xx.2025-ci il tarixli əmrinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2025-i il tarixinədək Bakı şəhəri 286 nömrəli tam orta məktəbin direktoru İddiaçı vəzifələrinin icrası X2 həvalə olunmuşdur. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin vəzifənin icrasından müvəqqəti azad edilmə və vəzifənin icrasının həvalə edilməsi barədə xx.xx.2024-cü il tarixli 3-29-59/3-1-635F/2024 nömrəli əmrinin birinci bəndi aşağıdakı redaksiyada verilməsi: "Aşağıda adları göstərilən Yasamal Səbail və Binəqədi rayonları üzrə ümumi təhsil məktəblərinin və məktəbdənkənar müəssisələrinin direktorları 17. 15, 22, 23, 10 saylı Yasamal, Səbail və X12 Dairə Seçki Komissiyasının müvafiq X5 işinin təşkilinə cəlb edilmələri ilə əlaqədar onların əsas iş yerləri üzrə aldıqları orta əməkhaqları saxlanılmaqla 28 noyabr 2024-cü il tarixindən 01 fevral 2025-ci il tarixinədək vəzifələrinin icrasından müvəqqəti olaraq azad edilmələri əmr edilmişdir. xx.xx.2025-ci il tarixli mediasiya arayışına əsasən, xx.xx.2025-ci il tarixdə saat 12:30da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi iştirak etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 3 (9-cu hissə). Əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Maddə 10, bənd “a”. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək işçinin əsas vəzifələri sırasındadadır. Maddə 186, hissə 1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Maddə 186, hissə 2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddə 186, hissə 3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Maddə 187, hissə 1,2,3. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Maddə 188. 1. İntizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər.
2. Müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir.
3. Bu maddənin birinci və ikinci hissələrində göstərilən vəzifəli şəxslərdən savayı başqa vəzifəli şəxslərin işçilərə intizam tənbehi verməyə ixtiyarı yoxdur. Əgər bu qaydaların əksinə olaraq işçiyə intizam tənbehi vermək səlahiyyəti olmayan vəzifəli şəxs tərəfindən verilibsə, onun əmri hüquqi qüvvəsi olmayan puç (əhəmiyyətsiz) əmr hesab edilir. Maddə 189, hissə 2. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Maddə 190, hissə 1. İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. Maddə 190, hissə 3. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 noyabr 2010-cu il tarixli, 1486 nömrəli əmri ilə təsdiq edilmiş Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə: 1.2. Pedaqoji Şura ümumi təhsil müəssisələrində ali idarəetmə orqanı hesab olunur, öz fəaliyyətində bu Əsasnaməni rəhbər tutur. 2.3. Pedaqoji Şuranın illik fəaliyyət planı şuranın ilk iclasında müzakirə olunduqdan sonra müəssisənin illik ümumi Fəaliyyət planının tərkibində təsdiq edilir. 2.8. Pedaqoji Şuranın qərarları məktəb direktorunun müvafiq əmrləri ilə rəsmiləşdirilir. 5.1. Pedaqoji Şuranın hər bir iclası müəyyən edilmiş kitabda protokollaşdırılır. Müzakirə edilən məsələlərlə bağlı hazırlanan məruzə və hesabatlar ayrıca saxlanılır. 5.2. Pedaqoji Şuranın protokolları kitabı rəsmi məktəb sənədi kimi nömrələnir, qaytanlanır və tabe olduğu yuxarı orqanın rəhbəri və ya aidiyyəti qurum (səlahiyyətli şəxs) tərəfindən təsdiq olunur. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Əsasnaməsinin 31.1.31-ci bəndinə əsasən, təhsilverənlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün tədbirlər görmək və təhsilverənlərin fəaliyyətini monitorinq etmək, 3.1.37-ci bəndinə əsasən təhsil müəssisələrində təhsilin keyfiyyət səviyyəsini öyrənmək məqsədilə monitorinqlər keçirmək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin vəzifələri kimi müəyyən edilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 18-1 №li 20 dekabr 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Kitabçasının “Ümumi təhsil müəssisələri” adlı Vİİ hissəsi: Direktorun əmək funksiyaları: Məktəbin fəaliyyətini idarə edir. Məktəbin inkişaf proqramını, perspektiv və cari planları hazırlayır, müəssisənin və pedaqoji işçilərinin fəaliyyətinin ardıcıl və sistemli təhlilini aparır, məktəbdaxili qiymətləndirməni həyata keçirir və bunların əsasında perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirir, onun həyata keçirilməsinin optimal həlli yollarını tapır, dövlət orqanları və ictimai təşkilatlarda müəssisənin marağını təmsil edir. Tədrisin müasir metodlarından istifadə etmək üçün təşkilati tədbirlər görür; pedaqoji şuraya rəhbərlik edir. Tədris planı və proqramlarının yerinə yetirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması və inkişafı üçün tədbirlər həyata keçirir. Şagirdlərin fənn olimpiadalarına və digər bilik yarışlarına, xüsusi qabiliyyət tələb olunan tədbirlərə cəlb edilməsi sahəsində məqsədyönlü iş aparır, təlim-tərbiyə işlərinin məzmunlu və səmərəli aparılmasını həyata keçirir. Şagird özünüidarə orqanlarının fəaliyyətini istiqamətləndirir və onların işinə köməklik göstərir; sinifdənxaric və məktəbdənkənar işlərin təşkili üzərində nəzarəti həyata keçirir. İcbari ümumi orta təhsilin həyata keçirilməsini, uzun müddət təhsildən kənarda qalmış şəxslərin və istedadlı şagirdlərin fərdi təhsilə cəlb olunmasını təmin edir. Qabaqcıl iş təcrübəsini tətbiq edir, təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Əmək qanunvericiliyinə uyğun pedaqoji kollektivdə sağlam mənəvi-psixoloji iqlimin yaradılması üzrə iş aparır. Əməkdə xüsusilə fərqlənmiş müəllimləri və müəssisənin digər işçilərini mükafatlandırma və təltif üçün təkliflər verir. Müavinlərin hesabatlarını dinləyir, onların işinin təkmilləşdirilməsinə dair təkliflər verir. Kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılmasını, hesabatların hazırlanmasını, məlumat bazalarının düzgün doldurulmasını təmin edir.Kadrların (təsisçinin nomenklaturasında olanlardan başqa) seçilib yerləşdirilməsini, onlara həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi məsələlərini həll edir, pedaqoji heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün şərait yaradır, onların ixtisasartırma təhsilinə olan tələbatını mövcud yanaşmalar əsasında dəqiqləşdirir. İşçilərlə bağlanmış əmək müqaviləsinin şərtlərinin yerinə yetirilməsini, müəssisənin təsərrüfat fəaliyyətini, avadanlığın uçotunu və mühafizəsini, onlardan təlim-tərbiyə prosesində düzgün və səmərəli istifadə olunmasını təmin edir. Daxili intizam qaydalarına, müəllimlərin etik davranış qaydalarına riayət olunmasına məsuliyyət daşıyır. İşçilərə verilən tapşırıqları əmək qanunvericiliyinə uyğun nəzarətdə saxlayır və onların icrasına nail olur. Valideynlərlə (onların qanuni nümayəndələri ilə), təlim-tərbiyə işlərinə kömək edən müəssisələri və xeyriyyə cəmiyyətləri ilə aparılan işlərin təşkili ilə bağlı məsələləri həll edir. Dövlət tərəfindən ayrılan, habelə müəssisənin büdcəsinə qanunda nəzərdə tutulan digər mənbələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli, məqsədyönlü istifadəsini təmin edir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi: Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2025-ci il tarixli əmri ilə Bakı şəhəri 286 nömrəli tam orta məktəbdə aparılmış monitorinq nəticəsində davamiyyətin aşağı səviyyədə olması (yerdəyişmə ilə qəbul olunan şagirdlərin gündəlik davamiyyətinin 55 faizdən aşağı, ümumiyyətlə dərslərdə iştirak etməyənlərin sayı 4 nəfər təşkil etdiyi, məktəb üzrə İX-Xİ siniflərdə ümumi şagird sayının 695 nəfər təşkil etdiyi halda bu siniflər üzrə cəmi 536 nəfər şagirdin dərslərdə iştirak etdiyi, mütəmadi dərslərdə iştirak etməyən şagirdlərin sayı İX sinif üzrə 3 nəfər, X sinif üzrə 1 nəfər, Xİ sinif üzrə 23 nəfər olduğu aşkar edilmişdir) və dərs bölgüsünün Pedaqoji Şurada müzakirə olunaraq Pedaqoji Şuranın illik Fəaliyyət planının təsdiq edilməməsi əsaslarına görə məktəbin direktoru İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İddiaçı sözügedən əmrin ləğv edilməsini xahiş edir və iddiasının əsasları kimi aşağıdakıları göstərir:
1. Bundan əvvəl 2017 və 2022-ci illərdə Təhsil İdarəsi tərəfindən onun barəsində verilmiş iki intizam tənbeh tədbiri ayrı-ayrı məhkəmə icraatları çərçivəsində ləğv edildiyindən, sonuncu əmr qərəzli olmaqla ondan qisas almaq məqsədilə verilmişdir;
2. Məktəb direktoru Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun əmri ilə təyin edildiyinə görə Əmək Məcəlləsinin 188-ci maddəsinə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin ona intizam tənbehi vermək hüququ olmamışdır;
3. Əmrdə göstərilən “nöqsanlar” barədə işəgötürən ondan yazılı izahat tələb etməmişdir;
4. Monitorinqin aparıldığı gün - xx.xx.2024-cü il tarixdə işdən müvəqqəti azad edildiyinə və Məntəqə Seçki Komissiyasının işində iştirak etməyinə baxmayaraq, həmin gün aşkar edilmiş “nöqsanlara” görə əgər verilməsi nəzərdə tutulubsa, bir ay keçənədək verilməli olan intizam tənbehi haqqında əmr, o, seçki prosesindən geri qayıtdıqdan, əmək müqaviləsinə dəyişiklik edildikdən sonra -2 ay 13 gün gözləyib xx.xx.2025-ci il tarixdə ona intizam tənbeh verilmişdir;
5. 05 dekabrda şagirdlərin dərsə davamiyyəti monitorinqdə iştirak edən şəxslər tərəfindən ümumiyyətlə, yoxlanmamıdır;
6. Şagirdlərin dərsə davamiyyətinin təmin edilməsi valideynlərin məsuliyyət dairəsinə daxildir, buna görə məktəb rəhbərliyini günahlandırmaq məntiqdən kənardır və qanunsuzdur;
7. “Pedaqoji Şura haqqında Əsasnamənin” tələblərinə müvafiq olaraq, (3.1.2.6.-cı bənd) xx.xx.2014-cü il tarixdə keçirilmiş Pedaqoji Şura iclasında müəllimlərin 2024-2025cü dərs ili üçün olan dərs bölgüsü, Pedaqoji Şuranın illik fəaliyyət planı (2.3-cü bənd) məktəbin illik ümumi Fəaliyyət planının tərkibində təsdiq edilmişdir;
8. xx.xx.2024-cü il tarixdə monitorinqdə iştirak edən şəxslər həmin gün “aşkar etdikləri nöqsanlar” barədə xx.xx.2024 - xx.xx.2025-ci il tarixləri aralığında direktor səlahiyyətlərini müvəqqəti icra edən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X1 nə yazılı, nə şifahi izahat tələb etməmişlər; Məhkəmə iddiaçının hər bir dəlilinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: İlk növbədə “əmrin qərəzli olmaqla iddiaçıdan qisas almaq məqsədilə verilməsi” barədə dəlilə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının həmin dəlili öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-29\3-1-1286\2024 nömrəli əmrinə əsasən 2-11 dekabr 2024-cü il tarixlərində Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində monitorinq keçirilmiş və nəticələrinə görə müəyyən tədbirlər görülmüşdür. Cavabdeh tərəfindən müvafiq monitorinq nəticəsində yol verilmiş pozuntulara görə digər məktəblərin direktorları və müavinləri barəsində tətbiq olunmuş analoji intizam tənbeh tədbirlərinə dair əmrlər məhkəməyə təqdim edilmişdir ki, bu da sırf iddiaçıya münasibətdə qərəzin olmasını istisna edir. “Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin ona intizam tənbehi vermək hüququnun olmaması” barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 188-ci maddəsində intizam tənbehinin yalnız işəgötürən tərəfindən verilməli olması göstərilsə də, həmin maddənin ikinci bəndində işəgötürənin işçilərə intizam tənbehi vermək səlahiyyətini, əsaslandırmaqla və səlahiyyətinin dairəsini dəqiq müəyyən etməklə, öz əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilmə imkanı da nəzərdə tutulmuşdur. Məhkəməyə təqdim edilmiş iddiaçının işəgötürəni - Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun xx.xx.2024-cü il tarixli əmrinə əsasən, Agentliyin Aparatında, eləcə də agentliyin strukturuna daxil olan yerli bölmələrində sənəd dövriyyəsinin daha səmərəli təşkili və işgüzar çevikliyin təmin olunması məqsədi ilə konkret məsələlər üzrə əmrləri imzalamaq səlahiyyətinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və regional təhsil idarələrinin müdirlərinə verilməsi əmr edilmişdir ki, onlardan biri də ümumi və məktəbdənkənar təhsil müəssisələrinin direktorlarına Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndi istisna olmaqla digər intizam tənbehlərinin tətbiqi olmuşdur. Belə olan halda cavabdehin iddiaçıya müvafiq intizam tənbehi vermək səlahiyyətinin olmaması barədə iddiaçının dəlilləri təkzib edilmiş olur. “Əmrdə göstərilən nöqsanlar barədə işəgötürənin iddiaçının yazılı izahat tələb edilməməsi” ilə bağlı dəlilinə münasibətdə qeyd edilir ki, iddiaçının bu dəlili də iş materialları ilə təkzib edilir. Belə ki, iddiaçının göstərilən məsələlərlə (pozuntularla) bağlı izahatı cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iddiaçı göstərilən məsələyə dair izahat deyil, təkliflərini işəgötürən qarşısında irəli sürməsini bildirməsinə baxmayaraq, izahatın məzmununda cavabdeh tərəfindən məhz monitorinq nəticəsində aşkar edilmiş davamiyyətin təmin edilməməsinə dair yol verilmiş pozuntularla bağlı hallara dair iddiaçının açıqlamalar verməsi müəyyən olunur. Bununla da cavabdeh tərəfindən Əmək Məcəlləsinin 187-ci maddəsinin “intizam tənbehi verilməmişdən əvvəl işəgötürənin işçidən yazılı izahatın verilməsini tələb etməsi” ilə bağlı tələbinin pozulması halı öz təsdiqini tapmır. İddiaçının növbəti dəlili odur ki, xx.xx.2024-cü il tarixdə aşkar edilmiş nöqsanlara görə bir ay keçənədək verilməli olan intizam tənbehi haqqında əmr, o, seçki prosesindən geri qayıtdıqdan, əmək müqaviləsinə dəyişiklik edildikdən 2 ay 13 gün sonra- xx.xx.2025ci il tarixdə ona intizam tənbeh verilmişdir”. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 189-cu maddəsində göstərilmişdir ki, intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. İşdən görünür ki, iddiaçı Məntəqə Seçki Komissiyasının işinin təşkilinə cəlb edilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək vəzifələrinin icrasından müvəqqəti olaraq azad edilmişdir. Yəni, pozuntu aşkar edilən vaxt rəsmi olaraq işdə olmamışdır. Cavabdeh isə iddiaçının vəzifə başına qayıtmasını gözləyərək, onun xx.xx.2025-ci il tarixdə seçki prosesindən qayıtdıqdan 17 gün sonra - xx.xx.2025-ci il tarixdə müvafiq intizam tənbehinə dair əmri vermişdir ki, bu da qanunvericiliyin intizam tənbehinin verilməli olduğu 1 aylıq müddətlə bağlı tələblərinə cavabdeh tərəfindən riayət edilməsi qənaətinə gəlməyə əsas verir. Əksinə pozuntu aşkar edilən vaxtdan 1 ay müddətində, iddiaçının vəzifələrinin icrasından azad edildiyi vaxt intizam tənbehinin verilməsi ilə cavabdeh tərəfindən əmək qanunvericiliyin tələblərinin pozulmasına yol verilmiş olardı. Əmək Məcəlləsinin 187-ci maddəsinin “İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtın həmin 1 aylıq müddətə daxil olmaması” ilə bağlı normasını hazırkı işin hallarına tətbiq edərək, məhkəmə qeyd edir ki, həmin normanın dispozisiya şərtinin əsas mahiyyəti, işçinin rəsmi və faktiki olaraq iş yerində olmamaqla əmək funksiyalarını icra etməməsi halında intizam tənbehinin tətbiqinin mümkünsüz olmasında ifadə olunur ki, məhz həmin dövr intizam tənbehinin verilməsi müddətinin axımının dayandırılmasına səbəb olur və işçinin əmək vəzifələrinin icrasını həyata keçirməyə başladıqdan sonra işəgötürənin, həmin dövrdə aşkar edilmiş pozuntulara görə 1 aylıq müddəti aşmamaqla işçini tənbeh etmək hüququnu məhdudlaşdırmır. Hazırkı halda cavabdeh də məhz həmin dövrün bitməsini gözlədikdən sonra müvafiq əmri vermişdir və burada qanunvericiliyin pozulması halı aşkar edilmir. İddiaçının “05 dekabrda şagirdlərin dərsə davamiyyətinin monitorinqdə iştirak edən şəxslər tərəfindən ümumiyyətlə, yoxlanmaması” barədə dəlilinə münasibətdə qeyd edilir ki, sözügedən monitorinqdə Komissiyanın üzvü kimi bilavasitə yoxlamada iştirak etmiş X9 məhkəmə iclasında şahid qismində dindirilmiş və ifadəsində bildirmişdir ki, 2 gün olmaqla - 04 və 05 dekabr 2024-cü il tarixlərində Bakı şəhəri 286 nömrəli tam orta məktəbdə monitorinq həyata keçirmişlər, əsas davamiyyət həmin günlər üçün yoxlanılmış, amma jurnallar əsasında sentyabr ayından sonrakı dövrlərə də baxılmışdır. Göründüyü kimi yoxlama müddəti əmrdə göstərilən xx.xx.2024-cü il tarixi də daxil olmaqla 2 gün həyata keçirilmişdir və əmrdə bunun 04 dekabr və ya 05 dekabr göstərilməsinin əmrin qanunsuzluğunun isbatı baxımından hər hansı əhəmiyyəti yoxdur. İddiaçı daha sonra bildirir ki, “Pedaqoji Şura haqqında Əsasnamənin” tələblərinə müvafiq olaraq, (3.1.2.6.-cı bənd) xx.xx.2014-cü il tarixdə keçirilmiş Pedaqoji Şura iclasında müəllimlərin 2024-2025-cü dərs ili üçün olan dərs bölgüsü təsdiq edilib, Pedaqoji Şuranın illik fəaliyyət planı (2.3-cü bənd) məktəbin illik ümumi Fəaliyyət planının tərkibində təsdiq edilib”. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 noyabr 2010-cu il tarixli, 1486 nömrəli əmri ilə təsdiq edilmiş Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnaməyə əsasən Pedaqoji Şura ümumi təhsil müəssisələrində ali idarəetmə orqanı hesab olunur, öz fəaliyyətində bu Əsasnaməni rəhbər tutur. Pedaqoji Şuranın illik fəaliyyət planı şuranın ilk iclasında müzakirə olunduqdan sonra müəssisənin illik ümumi Fəaliyyət planının tərkibində təsdiq edilir. Pedaqoji Şuranın qərarları məktəb direktorunun müvafiq əmrləri ilə rəsmiləşdirilir. Pedaqoji Şuranın hər bir iclası müəyyən edilmiş kitabda protokollaşdırılır. Müzakirə edilən məsələlərlə bağlı hazırlanan məruzə və hesabatlar ayrıca saxlanılır. Pedaqoji Şuranın protokolları kitabı rəsmi məktəb sənədi kimi nömrələnir, qaytanlanır və tabe olduğu yuxarı orqanın rəhbəri və ya aidiyyəti qurum (səlahiyyətli şəxs) tərəfindən təsdiq olunur. (1.2, 2.3, 2.8, 5.1, 5.2-ci bəndlər). Məhkəmə qeyd edir ki, iddiaçı Pedaqoji Şuranın illik fəaliyyət planının xx.xx.2024-cü il tarixdə tərtib olunmasını, lakin yoxlama zamanı tələb olunmamasını bildirsə də, monitorinq zamanı həmin Planın mövcud olduğunu sübut edə bilməmişdir. Məhkəmə tərəfindən Pedaqoji Şuranın iclas protokolunun qeydiyyat kitabı tələb edilmiş, kitaba baxış keçirilərkən təqdim edilmiş kitabın 351 səhifədən ibarət olmaqla, 62 səhifəsinin doldurularaq, yuxarıda adıçəkilən Əsasnamənin tələblərinə uyğun olaraq qaytanlanması və tabe olduğu yuxarı orqanın rəhbəri, yəni Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təsdiq olunması müəyyən edilmiş, lakin məktəb pedaqoji şurasının illik iş planının Pedaqoji Şuranın xx.xx.2024-cü il tarixli qərarı əsasında təsdiq edildiyi göstərilsə də, Şuranın müvafiq qərarının direktorun əmri ilə rəsmiləşdirildiyi müəyyən olunmamışdır. İddiaçı da belə bir əmrin olmadığını bildirmişdir. İddiaçı digər dəlil olaraq bildirir ki, “Şagirdlərin dərsə davamiyyətinin təmin edilməsi valideynlərin məsuliyyət dairəsinə daxildir, buna görə məktəb rəhbərliyini günahlandırmaq məntiqdən kənardır və qanunsuzdur”. Halbuki “məktəbin fəaliyyətini idarə etmək, icbari ümumi orta təhsilin həyata keçirilməsini, uzun müddət təhsildən kənarda qalmış şəxslərin və istedadlı şagirdlərin fərdi təhsilə cəlb olunmasını təmin etmək, illik fəaliyyət planlarının hazırlanması və yerinə yetirilməsi” tərəflər arasında bağlanmış əmək müqaviləsində, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 18-1 nömrəli 20 dekabr 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X6”nın 7-ci hissəsində direktorun əmək funksiyaları kimi ehtiva olunmuş və iddiaçı – Bakı şəhəri 286 nömrəli tam orta məktəbin direktoru İddiaçı həmin vəzifələrin (öhdəliklərin) icrasını öz öhdəsinə götürmüşdür. Hazırda iddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsinə səbəb olmuş hallar da məhz bu funksiyaların icrası ilə bağlı olmuşdur. İşçi Əmək Məcəlləsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehlərindən birini verə bilər (madddə 186). Qeyd edilməlidir ki, İddiaçı məktəb direktoru kimi məsul vəzifə sahibi olaraq məktəbin idarə edilməsini, icbari ümumi orta təhsilin həyata keçirilməsinin təmin edilməsini lazımi şəkildə həyata keçirə bilmirsə, bu, onun vəzifə səlahiyyətlərinin öhdəsindən gələ bilməməsi kimi qiymətləndirilir və belə olan halda cavabdeh tərəfindən ona bu əsasa görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi əsaslı olmuşdur. İddiaçının “aşkar edilmiş nöqsanlar barədə xx.xx.2024 - xx.xx.2025-ci il tarixləri aralığında direktor səlahiyyətlərini müvəqqəti icra edən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X1 nə yazılı, nə şifahi izahat tələb edilməməsi” ilə bağlı dəlilinə münasibətdə qeyd edilir ki, aparılan monitorinq yalnız Kəmalə Mustafayevanın direktor vəzifəsini müvəqqəti icra etdiyi, yoxlama keçirilən 2 günü əhatə etməyərək, İddiaçı səlahiyyətli olduğu dövrləri əhatə etdiyindən və əmrdə sadalanan pozuntulara sonuncu tərəfindən yol verildiyi müəyyən edilərək, intizam tənbeh tədbiri onun barəsində tətbiq olunduğundan, qanunvericiliyin tələbinə əsasən məhz onun izahatının alınması zəruri olmuşdur. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq bu qənaətə gəlir ki, iddiaçı əmək müqaviləsində, habelə yuxarıda adıçəkilən Vahid X3 əmək funksiyalarına daxil olan vəzifələrini lazımınca yerinə yetirməmiş, dolayısı ilə Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndini pozmuşdur. Belə olan halda, ona intizam tənbehi kimi sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi əmək qanunvericiliyinə zidd olmamışdır. Ona görə də intizam tənbehinin verilməsinə dair əmrin qanunsuz olması barədə iddiaçının tələbi əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı (Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) intizam tənbehi əmrinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı (Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) intizam tənbehi əmrinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Həbibə Miriyeva