Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2646/2021 14.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh "Cavabdeh" Şirkətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "Cavabdeh" Şirkətinə qarşı "aylıq ödəncin, təzminatın və dəymiş mənəvi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Cavabdeh" Şirkətinə qarşı "aylıq ödəncin, təzminatın və dəymiş mənəvi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh “X8 Sənayi və Ticaret Anonim Şirketi”ndə 2015-ci ilin oktyabr ayından 24 iyun 2016-cı il tarixədək usta vəzifəsində işləmiş və aylıq vəzifə maaşı 700-900 manat təşkil etmişdir. 24 iyun 2016-cı il tarixində, saat 08:00 radələrində iddiaçı cavabdeh ”X8 Sənayi və Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən Nərimanov rayonu ərazisində inşa edilən “xxxx” layihəsinin tikinti sahəsinə gəlmiş və iş icrası zamanı Şirkətin məsul işçilərindən olan Can Çelik adlı şəxsin təkidi və göstərişi ilə çəkisi təxminən bir ton olan şüşə kletkasını əli ilə tutub saxlamağa məcbur olmuş, lakin şüşə kletkasının ağırlığına tab gətirə bilməmiş və nəticədə şüşə kletkası onun üzərinə düşmüş, iddiaçı şüşə yükünün altında qalmış, nəticədə hər iki ayaqlarından və başından xəsarətlər almışdır. İddiaçı bütün bunların nəticəsində ciddi xəsarətlər almaqla şikəst olmuşdur. Hadisə baş verən zaman yaxınlıqda olan iş yoldaşlarının köməkliyi ilə üstünə aşan, təxminən bir ton çəkidə olan şüşə kletkasının altından çıxarılmış və hadisə yerinə çağırılan təcili tibbi yardım vasitəsi ilə dərhal onu “CİTY Hospital” xəstəxanasına aparmışlar. Hospitalda əməliyyat olunmuşdur. Təhlükəsizlik qaydalarına uyğun olaraq, şüşə kletkası təhlükəsizlik çatları ilə bağlanmalı olduğu halda, bu tədbir görülməmiş və “X8 Sənayi və Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən Nərimanov rayonu ərazisində inşa edilən “xxxx” layihəsinin tikinti sahəsinə gəlmiş və iş icrası zamanı Şirkətin məsul işçilərindən olan Can Çelik adlı şəxs şüşə kletkasını tutmağa məcbur etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya və Tədris Birliyinin məhkəmə-tibbi ekspertizasının 22 iyun 2016-cı il tarixli, 677 saylı rəyindən də göründüyü kimi, iddiaçının almış olduğu xəsarətlər: sağ medial və ateral topuqların sınığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni ağır şüşə kasetinin hər iki ətrafın üzərinə düşməsi nəticəsində əmələ gəlmişdir, törənmə müddəti zərərçəkənin xəstəxanaya müraciət etdiyi vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan 24.06.2016-cı il tarixə uyğun gəlir. İddiaçı 6 nəfərdən ibarət şüşə montaj briqadasının tərkibində montaj ustası vəzifəsində çalışırdı. Briqadanın rəhbəri ”X8 Sənayi və Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialında sahə mühəndisi vəzifəsində işləyən Can Çelik adlı şəxs idi. Təlimata əsasən şüşə montajı ilə məşğul olan briqada üzvlərindən hər biri şüşə kletkasından yapışır, qalan şəxslər şüşələri kletkadan bir-bir götürür, montaj yerinə qoyur. İddiaçının həmin kletkanın qabağında durmağı və şüşə kletkasını əli ilə tutub saxlamağı iş prosesində nəzərdə tutulan fəaliyyətinə aid deyildir. Odur ki, 24 iyun 2016-cı il tarixdə öz işini adi qaydada yerinə yetirərkən bu hadisə baş vermiş və iddiaçı istehsalat qəzası nəticəsində əmək qabiliyyətini 80% itirmişdir. Hal-hazırda ailənin maddi durumu ağır vəziyyətdədir. Belə ki, ailənin maddi gəlirləri ancaq iddiaçının aylıq məvacibindən ibarət olmuşdur. Hazırda sağlamlığını bərpa etmək üçün maddi vəziyyətinin olmaması səbəbindən ayaqlarındakı dəmir millərin çıxarılması hələ də həll olunmamış qalmışdır. İddiaçının oğlu X3 2-ci Qarabağ döyüşlərində iştirak etmiş və ağır yaralanmışdır. Hazırda müalicəsi davam etdirilir. Sığorta şirkəti tərəfindən ödənilən aylıq 129 manat heç ailəsinin çörək puluna çatmır. İstehsalatda bədbəxt hadisə haqqında tərtib edilmiş İT-053 nömrəli aktın 12-ci bəndinə əsasən əmək qanunvericiliyinin pozuntusuna yol vermiş şəxs kimi ”X8 Sənayi və Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialında sahə mühəndisi vəzifəsində işləyən Can Çelikin adı göstərilmişdir. İş materiallarına əlavə edilmiş istehsalatda baş vermiş bədbəxt hadisə barədə aktdan görünür ki, 26.06.2016-cı il tarixdə baş vermiş istehsalat qəzası nəticəsində İddiaçı Xəli oğlunun sağlamlığı pozulmuşdur. İş materiallarına əlavə edilmiş DSMF-nin Qazax rayon şöbəsi tərəfindən 18 aprel 2019-cu il tarixdə verilmiş əlillik vəsiqəsinə əsasən İddiaçı istehsalat qəzası nəticəsində ikinci qrup əmək zədəsi təyin edilmişdir. Beləliklə, İddiaçı istehsalatda baş vermiş qəza nəticəsində 80% professional (peşə) əmək qabiliyyətini itirmişdir. Lakin buna baxmayaraq, iddiaçıya cəmi 129 manat məbləğində pensiya təyin edilmişdir. İddiaçı cavabdeh Şirkət tərəfindən hər hansı müavinət ödənilməmişdir. Bununla da, 24.06.2016-cı il tarixdən hesablanaraq cavabdeh ”X8 Sənayi və Ticaret Anonim Şirketi”indən sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsinə görə hər ay aldığı 800 manat məbləğində maaşının 80%-i miqdarında, yəni 640 (altı yüz qırx) manat məbləğində aylıq ödənc İddiaçı ödənilməlidir. Bununla yanaşı, cavabdeh ”X8 Sənayi və Ticaret Anonim Şirketi”indən 100000 (bir yüz min) manat məbləğində təzminat və dəymiş mənəvi zərərə görə 30000 (otuz min) manat məbləğində pul vəsaiti İddiaçı ödənilməlidir. İşin hallarından göründüyü kimi, 48 yaşlı İddiaçı cavabdeh “X8 Sənayi və Ticaret Anonim Şirketi”ndə usta vəzifəsində işləyərkən 24.06.2016-cı il tarixli istehsalat qəzası nəticəsində 80% əmək qabiliyyətini itirmişdir. 24.06.2016-cı il tarixdən etibarən sağlamlığa vurulmuş zərərin əvəzi kimi İddiaçı heç bir ödəniş olmamışdır. Ödənişlərin ödənilməsindən yayınan cavabdehin məsuliyyətdən boyun qaçırması ilə bağlı hazırda Bakı şəhəri Nərimanov rayon prokurorluğunda araşdırma aparılır. Odur ki, iddiaçının ədaləti bərpa etmək üçün illərlə hüquq-mühafizə orqanlarına müraciət etməsi istehsalatda baş vermiş qəza nəticəsində əlil olan iddiaçıya sonsuz mənəvi iztirablar yaşatmışdır. Buna görə də, dəymiş mənəvi zərərin ödənilməsinə görə cavabdehdən 30000 (otuz min) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən cavabdeh “X8 Sənayi və Ticaret Anonim Şirketi”ndən sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsinə görə hər ay 640 (altı yüz qırx) manat aylıq ödənc, 100000 (yüz min) manat məbləğində təzminat və dəymiş mənəvi zərərin ödənilməsinə görə 30 000 (otuz min) manat pul vəsaitinin İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında cavabdeh "Cavabdeh" Şirkətinin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmiş və bildirmişdir ki, istehsalatda bədbəxt hadisə baş verdikdən sonra cavabdeh şirkət humanistlik göstərərək 38.000 manat məbləğində pul vəsaitini iddiaçının müalicəsinə sərf etmiş, 22.000 manat isə hissə-hissə olmaqla iddiaçıya pul vermişdir. Bundan əlavə, iddiaçı digər işçilər kimi icbari sığorta müqaviləsi əsasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşin materiallarında olan "Cavabdeh" Şirkəti ilə İddiaçı arasında bağlanılmış 21.06.2016-cı il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı "Cavabdeh" Şirkətində usta vəzifəsinə işə qəbul olunmuşdur. Əmək haqqı 200 (iki yüz) manat təşkil etmişdir. İş materiallarında olan “xxxx” Sığorta Şirkəti ASC ilə "Cavabdeh" Şirkəti arasında bağlanılmış 23 yanvar 2012-ci il tarixli, QAL-00009475 №-li “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”ndən görünür ki, sığortalının qanunvericiliklə müəyyən edilmiş müvafiq sığorta tarifləri əsasında hesablanan və bu müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində onunla bağlanmış əmək müqaviləsi əsasında binaların tikinti sahəsində fəaliyyətə cəlb edilmiş fiziki şəxslərin həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə sığortaçı qanunvericilikdə müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyi götürür. İş materiallarında olan “İstehsalatda bədbəxt hadisə haqqında” 24 iyun 2016-cı il tarixli aktdan görünür ki, baş vermiş bədbəxt hadisənin səbəbləri bunlardır: "Cavabdeh" Şirkətinin Azərbaycan Respublikasındakı filialının ustası İddiaçı paletdə olan 4 ədəd şüşənin yıxılmaması üçün əli ilə saxlayarkən əlinin boşalması səbəbindən həmin şüşələrin aşaraq ayağının üstünə düşməsi; "Cavabdeh" Şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbərliyi tərəfindən təsdiq edilmiş “İnşaat texnikinin vəzifə təlimatı”nın 13-cü bəndinin (...riskin qiymətləndirilməsini bacarmalıdır) tələblərinə qismən riayət olunmaması. İş materiallarında olan müayinə olunan şəxs üzrə məlumatdan görünür ki, İddiaçı əmək qabiliyyətinin 80%-nin itirilməsi ilə bağlı ikinci dərəcəli əlillik almışdır. İş materiallarında olan 028303 №-li vəsiqənin surətindən görünür ki, İddiaçı 2-ci qrup əlildir. İş materiallarında olan "Cavabdeh" Şirkətinin 21.01.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən "Cavabdeh" Şirkətinin Azərbaycan Respublikasındakı filialında 14.10.2015-ci il tarixdə usta işinə təyin edilmiş, 28.04.2016-cı il tarixdə işdən azad edilmişdir. 21.06.2016-cı il tarixdə yenidən usta işinə təyin edilmiş, 28.04.2016-cı il tarixdə işdən azad edilmişdir. 21.06.2016-cı il tarixdə yenidən usta işinə təyin edilmiş, 21.12.2017-ci il tarixdə isə Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndinə əsasən (qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə) işdən azad edilmişdir. İş materiallarında olan "Cavabdeh" Şirkətinin 01 noyabr 2016-cı il tarixli, 16 saylı əmrindən görünür ki, "Cavabdeh" Şirkətinin Azərbaycan Respublikasındakı filialının Bakı şəhəri, Nərimanov rayonu, Bakı Konfrans Zalı (CCB) tikinti sahəsində usta kimi işləyən İddiaçı baş vermiş istehsalat qəzası nəticəsində xəsarət aldığından ona hər ay 1400 manat olmaqla, 3 ay müddətinə yardım edilməsi əmr edilmişdir. Həmçinin, işin materiallarında olan qaimə-faktura qəbzlərindən və İddiaçı tərəfindən imzalanmış qəbzlərdən görünür ki, "Cavabdeh" Şirkəti onun müalicəsinə 38.100 manat məbləğində pul vəsaiti sərf etmiş, özünə isə 22.000 manat məbləğində pul vəsaitləri (yardım) ödəmişdir. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti əhalinin sağlamlığının qorunmasının əsas prinsiplərindən biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-ci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Eyni Məcəllənin 239-cu maddəsinin 2-ci hissəsinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Həmin Məcəllənin 239-cu maddəsinin 3-cü hissəsinə görə istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Bundan əlavə, qeyd olunan normanın 4-cü hissəsinə əsasən istehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. Həmçinin, Əmək Məcəlləsinin 239-cu maddəsinin 5-ci hissəsinə görə bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. Əmək Məcəlləsinin 207-ci maddəsinin birinci hissəsinə müvafiq olaraq işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır. Əmək qanunvericiliyindən çıxan nəticəyə görə, işçinin həyatının və sağlamlığının müəssisənin fəaliyyətinin nəticələrindən (istehsalatın maddi amillərindən) üstün tutulması əməyin mühafizəsi və bütövlükdə əmək hüququnun aparıcı prinsipidir. Şərh edilən maddənin birinci hissəsinin məzmunundan göründüyü kimi, əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, işəgötürən tam və ya qismən təqsirli olduqda, onun müalicə olunması üçün çəkdiyi, eləcə də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, həmçinin Mülki Məcəllə ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Oxşar məsuliyyət Mülki Məcəllənin 60-cı fəslində də müəyyən edilmişdir. Bu məsuliyyəti tənzimləyən konkret normalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq olunmuş «İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği»ndə, AR ƏƏSMN-in 24 aprel 2004-cü tarixli 4-1 №-li qərarı ilə təsdiq olunmuş «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş» İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayənsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği»nin müvafiq bəndlərinin tətbiqinə dair İzahat»da, AR NK-nın 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq olunmuş «İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları»nda və başqa aktlarda nəzərdə tutulur. Yuxarıda göstərilən aktlara müvafiq olaraq, işəgötürən tərəfindən bir neçə elementdən ibarət olan - əmək xəsarəti və ya işçinin səhhətinin pozulması, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, işəgötürənin hüquqazidd davranışı və s. əməkəmlak hüquq pozuntusunun törədilməsi nəticəsində işçilər xəsarət aldıqda, peşə xəstəliyinə tutulduqda, həlak olduqda işəgötürən maddi məsuliyyət daşıyır. Adı çəkilən maddənin beşinci hissəsinin məzmunundan göründüyü kimi, qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-4-cü hissələrində nəzərdə tutulmuş ödənclərin verilməsi qaydaları şamil edilmir. Onlara ödənclərin verilməsi qaydası «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli Qanunu, Mülki Məcəllənin, «Sığorta fəaliyyəti haqqında» Qanunu, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə və digər normativ hüquqi aktlarla tənzimlənir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta dedikdə, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “xxxx” Sığorta Şirkəti ASC ilə "Cavabdeh" Şirkəti arasında bağlanılmış sığorta müqaviləsinə əsasən Sığorta Şirkəti tərəfindən binaların tikinti sahəsində fəaliyyətə cəlb edilmiş fiziki şəxslərin həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə qanunvericilikdə müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyi götürülmüşdür. Bundan əlavə, işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya 22.000 manat məbləğində pul verilmişdir. Eyni zamanda, cavabdeh tərəfindən iddiaçının müalicəsinə 38.100 manat pul xərclənmişdir. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi, baş vermiş istehsalat qəzasında işəgötürən "Cavabdeh" Şirkətinin təqsirli olması öz təsdiqini tapmamışdır. Bunun əksinə olaraq, İddiaçı tərəfindən "Cavabdeh" Şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbərliyi tərəfindən təsdiq edilmiş “İnşaat texnikinin vəzifə təlimatı”nın 13-cü bəndinin (...riskin qiymətləndirilməsini bacarmalıdır) tələblərinə qismən riayət olunmaması halı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "Cavabdeh" Şirkətinə qarşı "aylıq ödəncin, təzminatın və dəymiş mənəvi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "Cavabdeh" Şirkətinə qarşı "aylıq ödəncin, təzminatın və dəymiş mənəvi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-2646/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2646/2021
14.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver