Məhkəmə qərarları › İş №2(006)-2646/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2646/2025

22.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2646/2025 22.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh2 ASC-yə və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı müqavilənin etibarsız hesab edilməsi və kredit reyestrindən borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaminbank ASC ilə İddiaçı Əlisafa oğlu arasında qanunsuz bağlanmış xx.xx.2012-ci il tarixli 905 nömrəli kredit müqaviləsini etibarsız sayaraq, Bakı Ağır Cinayətlər məhkəməsinin 1(101)-95/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmünü icra edərək, kredit borc öhdəliklərinə xitam verilməsi barədə qətnamə və adına olan etibarsız məlumatları Mərkəzi Kredit Reyestrin sistemindən silinməsi və çıxarılmasının təmin edilməsin, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh2 ASC-nin ləğvedicisi “Əmanətlərin sığortalanması Fondu” tərəfindən İddiaçı Əlisafa geri qaytarılmasını barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Zaminbankın Cənub filialının rəhbəri qanunsuz olaraq işçilərin və digər şəxslərin adından iştirakları və imzaları olmadan qanunsuz kreditlər rəsmiləşdirmişdir. Kreditlərin heç birindən heç bir kəsin xəbəri olmamışdır. Bir müddət keçdikdən sonra Cavabdeh2ASC tərəfindən ona borc haqqında iddia qaldırmışdır və ona məlum olmuşdur ki, adına xəbəri olmadan kredit rəsmiləşdirilmişdir. Onun adına xx.xx.2012-ci il tarixli 905 nömrəli kredit müqaviləsi ilə 3320 manat məbləğində kredit müqavilə yaradılmış və xəbərsiz imzalanmışdır. Cavabdeh2 ASC-nin Cənub filialının rəhbəri tərəfindən yalan olaraq məlumat verilmişdir ki, narahat olmasın və adına olan kredit borcu silinəcəkdir. Məhkəmə prosesi zamanı imzaların ona aid olmadığı ekspertiza tərəfindən təsdiq olunmuşdur və lehinə qərar qəbul etdiyinə baxmayaraq, hazırki günə kimi kredit borcu adında qalmaqdadır. Eyni zamanda Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-95/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, həqiqətən Zaminbank ASC-nin Cənub filialının rəhbəri tərəfindən 2009-cu ildən başlayaraq müxtəlif vaxtlarda fərqli şəxslərin adına kreditlər rəsmiləşdirilmişdir. Sonradan ləğv prosesində olan Cavabdeh2 ASC cavabdeh qismində cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(101)-95/2017 saylı hökmünün surətindən görünür ki, Cavabdeh2 ASC-nin “Cənub” filialının müdiri vəzifəsində işləmiş X4, müdir müavini və beynəlxalq hesablaşmalar şöbəsinin müdiri vəzifəsində işləmiş X8, kredit şöbəsinin müdiri vəzifəsində işləmiş X11, baş mühasib vəzifəsində işləmiş X7, xəzinə şöbəsinin müdiri vəzifəsində işləmiş X2 və xəzinədar vəzifəsində işləmiş X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirli bilinməklə məhkum edilmişlər. Həmin hökmdə (hökmün 6 və 7-ci səhifəsi) göstərilmişdir ki, X1 Azad Əlsafa oğlunun və qerilərinin adına (xx.xx.2012-ci 905 nömrəli kredit müqaviləsi ilə 3320 manat pul vəsaiti) guya həmin şəxslər tərəfindən kredit götürüldüyünü rəsmiləşdirməklə, onların adlarına müvafiq saxta kredit və girov müqavilələri, xəzinə məxaric orderləri, müddətli öhdəçilik, ərizələr, kredit sifarişləri, ödəniş cədvəlləri və digər sənədləri qanunsuz hazırlayaraq, qeyd olunan sənədlərdə vətəndaşların imzalarını adlarından icra etməklə filialın digər vəzifəli şəxslərinin də xidməti vəzifələrinin icrası ilə əlaqəli sənədləri imzalamasına nail olub, bəzi şəxslərin adına olan əsas kredit sənədlərini isə filial müdirinin müavini və beynəlxalq hesablaşmalar şöbəsinin müdiri vəzifələrində işləmiş X5 imzalanıb onun köməkçilik etməsi nəticəsində və saxta rəsmi sənədlər əsasında ümumilikdə 2.819.543.82 manat pul vəsaitini götürüb özünün şəxsi ehtiyaclarına xərcləməkləə, öz qulluq mövqeyindən istifadə edib Cavabdeh2 ASC-yə külli miqdarda ziyan vurmaqla ona etibar edilmiş özgənin əmlakını mənimsəyərək talamışdır. Həmin hökmdə (hökmün 142-ci səhifəsi) həmçinin göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş İddiaçı adına olan xx.xx.2012-ci il tarixli 905 nömrəli kredit müqaviləsinin aşağı hissəsində borcalan qrafasında “İddiaçı” qeydinin qarşısındakı, xx.xx.2012-ci il tarixli “kassa məxaric orderi”ndə “orderdə göstərilən məbləği aldım” qeydinin qarşısındakı, ödəmə qrafikində borcalan qrafasındakı, xx.xx.2012-ci il tarixli 905 nömrəli müddətli öhdəçilikdə müştərinin imzası qeydinin qarşısındakı, fərdi sahibkarların imza nümunələri vərəqəsinin arxa üzündə imza nümunələri qrafasındakı, xx.xx.2012-ci il tarixli ərizədə xx.xx.2012-ci qeydinin qarşısındakı imzalar-İddiaçı tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan Azərbaycan Kredit Bürosundan çıxarışdan görünür ki, İddiaçı ləğv prosesində olan Cavabdeh2 ASC-yə aktiv öhdəliyi üzrə 3320 manat əsas, 5316.76 manat faiz borcu vardır. Məhkəmə il öncə qeyd edir ki, iddiaçı öz tələbini həmçinin cavabdeh Əmanətlərin Sığortalanması Fonduna yönəltmişdir. Halbuki, hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxsin mövcudluğuna bu andan son qoymuş sayılır. Nə qədər ki bu hal baş verməyib ləğvetmə prosesi ərzində Cavabdeh2 ASC-nin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. Bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarı). Beləliklə, iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı yaxud bankın irəli sürdüyü) iddialar üzrə məhz bankın özü iddiaçı və ya cavabdeh qismində iştirak edir, ləğvedicisi isə qanunvericiliyin tələblərinə uyğun olaraq təmsil edir. Məhkəmə qeyd edir ki, ləğvetmə prosesi ərzində Cavabdeh2 ASC-nin hüquq qabiliyyəti tam həcmdə saxlanıldığından Əmanətlərin Sığortalanması Fondunun üzərinə hər hansı öhdəliyin qoyulması yolverilməzdir. Odur ki, qeyd edilən hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Həmin Məcəllənin 180.2 və 180.3-cü maddələrinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Qeyd olunan qanunvericiliyin tələbindən göründüyü kimi hazırki halda iddiaçı mülki mühakimə icraatı qaydasında mülki iddia verməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş hökmlə sübuta yetirilir ki, iddiaçı ilə ləğv prosesində olan Zaminbank ASC arasında kredit müqaviləsi bağlanmamış, o, həmin bankdan kredit götürməmişdir. Belə olan halda, xx.xx.2012-ci il tarixli 905 saylı kredit müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə qeyd edir ki, Zaminbank ASC ilə İddiaçı Əlisafa oğlu arasında bağlanmış xx.xx.2012-ci il tarixli 905 saylı kredit müqaviləsi etibarsız hesab edildiyindən, bu müqavilə üzrə öhdəliklər iddiaçıya aid edilə bilməz. Belə olduğu təqdirdə, hazırkı iş üzrə iddiaçının adının Mərkəzi Kredit Reyestrində borclu kimi qeyd olunması iddiaçının hüquqlarını pozur, həmin məlumatın MKR-də qalmasına hər hansı əsas və zərurət yoxdur. İddiaçı ləğv prosesində olan Cavabdeh2 ASC qarşısında hər hansı kredit müqaviləsi üzrə icra edilməmiş öhdəliyinin (borcunun) olmamasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh2 ASC-nin Cənub filialı arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 905 saylı kredit müqaviləsi ləğv edilməli, İddiaçı ləğv prosesində olan Cavabdeh2 ASC-yə borcunun olmaması barədə məlumatın Azərbaycan Kredit Bürosuna təqdim edilməsi öhdəliyi cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin üzərinə qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi əsas hissədə təmin edildiyindən, ödənilmiş dövlət rüsumu ləğv prosesində olan Cavabdeh2 ASC-dən alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh2 ASC-nin Cənub filialı arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 905 saylı kredit müqaviləsi ləğv edilsin. İddiaçı ləğv prosesində olan Cavabdeh2 ASC-yə borcunun olmaması barədə məlumatın Azərbaycan Kredit Bürosuna təqdim edilməsi öhdəliyi ləğv prosesində olan Cavabdeh2 ASC-nin üzərinə qoyulsun. Ödənilmiş 100 manat dövlət rüsumu ləğv prosesində olan Cavabdeh2 ASC-dən alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar