Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2648/2021 07.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə - 50.000 (əlli min) manat pulun, vəkilə hüquqi yardım üçün ödənilən 2.000 (iki min) manat pulun, poçt xərclərinə görə 500 (beş yüz) manatın, mənəvi ziyana görə - 100.000 (bir yüz min) manat pulun cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra - "iddiaçı") Bakı şəhəri Nərimanov RPİ İŞ-nin müstəntiqi Elçin Mustafayev tərəfindən tərtib edilmiş cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokol əsasında 17 may 2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İddiaçı 19 may 2017-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 178.3.2-cİ maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. 19 may 2017-ci il tarixdə iddiaçı barəsində həbs qətimkan tədbirinin seşilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin vəsatətinə Nərimanov rayon prokurorluğunda baxılaraq vəsatətin müdafiə edilməsindən imtina edilmiş və həmin tarixdə onun barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir. 22 may 2017-ci il tarixli "sübutların qiymətləndirilməsi haqqında" qərar ilə iddiaçıya elan olunmuş ittiham və barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaqla cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2017-ci il tarixli, l(101)-902/2017 saylı hökmü ilə iddiaçının Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 may 2018-ci il tarixli qərarı ilə iddiaçı barəsində olan bəraət hökmü dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 18 dekabr 2018- ci il tarixli qərarı İlə bəraət hökmünün qüvvədə saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin 03 may 2018-ci il tarixli qərarı ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə ikinci dəfə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2019cu il tarixli, 1(103)-293/2019 saylı Qərarı ilə zərərçəkmiş şəxsin apellyasiya şikayəti və dövlət ittihamçısını apellaysiya protesti təmin olunmayaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin iş üzrə olan bəraət hökmü dəyişdirilmədən saxlandı. İşin yuxarıda qeyd edilən hallarından müəyyən olunur ki, iddiaçı qanunsuz olaraq cinayət təqibinə məruz qalmış, o, 17 may 2017-ci il tarixdə şübhəli şəxs qismin tutulmuş, 19 may 2017-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq o Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş ittih; elan edilmişdir. 19 may 2017-ci il tarixdə iddiaçı barəsində həbs qətimkan tədbirir seşilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin vəsatətinə Nərimanov rayon prokurorluğunda baxılaraq vəsatətin müdafiə edilməsindən imtina edilmiş və həmin tarixdə onun barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir. Qeyd edilənlərdən iddiaçının 2 gün qanunsuz olaraq həbsdə saxlanılması və 2 il 15 gün müddətində "polisin nəzarəti altına vermə" qətimkan tədbirinə məruz qalması və 2 il 4 ay müddətində qanunsuz cinayət təqibinə məruz qalması müəyyən edilir. İddiaçıya qarşı edilmiş qanunsuzluqlar, günahsız həbsdə saxlanması, barəsində qət edilmiş ittiham ona təsir etmişdir və hazırda o psixi xəstəlikdən və stress nəticəsində qazanılmış kəskin qaraciyər xəstəliyindən əziyyət çəkir. İddiaçı cəmiyyətdə normal həyat tərzi keçirən şəxs olmuş, hökmdən və cinayət materiallarından göründüyü kimi, tutulmazdan və ona ittiham elan edilməzdən əvvəl fərdi əməklə (mobil telefonların təmiri və mobil telefon aksesuarlarının satışı) məşğul olmuşdur. Qanunsuz həbs edildiyi və ona törətmədiyi əməl üçün ittiham elan edildiyindən iş üzrə istintaq və məhkəmələrdə zaman itirmiş, cinayət təqı nəticəsində iş fəaliyyətini dayandırmağa məcbur qalmış, gəlirindən məhrum olmuşdur. İddiaçıya hüquqi yardım göstərilməsi üçün 2.000 manat xərc çəkilmişdir. İddiaçının saysız-hesabsız şikayət ərizələri, müraciətlər və məktublarla yux; orqanlara onun qanunsuz həbsi və cinayət təqibinə məruz qalması ilə əlaqədar poçt göndərişləri edilmişdir ki, buna da təxminən 500 manat xərc çəkilmişdir. İddiaçının 2 azyaşlı uşağı var. Onun həbs edilməsi və qanunsuz cinayət təqibinə məruz qalması nəticəsində o, maddi gəlirlərindən və asudə vaxtından məhrum olduğundan uşaqlarının saxlanmasında və tərbiyəsində iştirak edə bilməmişdir. İddiaçı hazırda müalicələr alır ki, buna da külli miqdarda vəsait tələb edilir. Ümumilikdə iddiaçıya dəymiş maddi ziyan 50.000 manat, mənəvi ziyan isə 100.000 manat qiymətləndirilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Cavabdehin ona vurduğu mənəvi zərərin əvəzi də ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23.11.2017-ci il tarixli, 1(101)-902/2017 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə cinayət törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmişdir. İddiaçı barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. Həmçinin hökmdən görünür ki, İddiaçı 17.05.2017-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19.05.2017-ci il tarixdə azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə, zərərçəkmiş şəxs X1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Bakı Apellysiya Məhkəməsi Cinayət kollegiyasının 03 may 2018-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23.11.2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi CK-nın 18.12.2018-ci il tarixli, 1(102)- 1355/2018 saylı qərarından görünür ki, kassasiya protestinin təmin edilməsi, İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 may 2018-ci il tarixli qərarı dövlət ittihamçısının kassasiya protestinə münasibətdə ləğv edilməsi, cinayət işinin həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır. Bakı Apellyəsiya Məhkəməsi Cinayət kollegiyasının 1(103)-293/2019 saylı, 02.05.2019-cu il tarixli qərarından görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı Ağır Cinayət Məhkəməsinin 23 noyabr 2017-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Vəkillər Kollegiyası fərdi qaydada fəaliyyət göstərən Vəkil tərəfindən ünvan ünvanlanmış 15.02.2021-ci il tarixli məktubdan görünür ki, vətəndaş İddiaçı AR CM-nin 178.3.2-ci maddəsi ilə bəraət almış olduğu cinayət işi üzrə tərəfindən hüquqi yardım göstərilməsi ilə əlaqədar olaraq, İddiaçı tərəfindən 19 iyun 2017-ci il tarixli müqaviləyə əsasən (Bakı Ağır Cinayətlər Məhkəməsində icraatda olmuş 1(101)-902/2017 saylı işə görə) - 100 (bir yüz) manat; 01 fevral 2018-ci il tarixli müqaviləyə əsasən (Bakı Apellyasiya Məhkəməsində icraatda olmuş 1(103)-323/2018 saylı işə görə) - 50 (əlli) manat; 29 sentyabr 2018-ci il tarixli müqaviləyə əsasən (AR Ali Məhkəməsində icraatda olmuş 1(102)-1355/2018 saylı işə görə) - 500 (beş yüz) manat; 25 yanvar 2019-cu il tarixli müqaviləyə əsasən (Bakı Apellyasiya Məhkəməsində icraatda olmuş 1(103)-293/2019 saylı işə görə) - 250 (iki yüz əlli) manat olmaqla, cəmi 900 (doqquz yüz) manat ödəniş edilmişdir. Fərdi qaydada fəaliyyət göstərən Vəkil tərəfindən tərtib edilmiş 29.09.2018-ci il tarixli, GSU seriyalı, 253346 saylı və 25.01.2019-cu il tarixli, GSU seriyalı, 253369 saylı mədaxil qəbzlərdən görünür ki, İddiaçı oğlu tərəfindən hüquqi xidmətin göstərlməsi üçün müvafiq olaraq 500 manat və 250 manat məbləğində ödəniş edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı 17.05.2017-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19.05.2017-ci il tarixdə azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23.11.2017-ci il tarixli, 1(101)-902/2017 saylı hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə cinayət törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmiş, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. Hökmdən verilmiş apelyasiya protestinə və apelyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 03 may 2018-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23.11.2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi CK-nın 18.12.2018-ci il tarixli, 1(102)-1355/2018 saylı qərarına əsasən kassasiya protestinin təmin edilməsi, İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 may 2018-ci il tarixli qərarı dövlət ittihamçısının kassasiya protestinə münasibətdə ləğv edilməsi, cinayət işinin həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır. Bakı Apellyəsiya Məhkəməsi Cinayət kollegiyasının 1(103)-293/2019 saylı, 02.05.2019-cu il tarixli qərarına əsasən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı Ağır Cinayət Məhkəməsinin 23 noyabr 2017-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə - 50.000 (əlli min) manat pulun, vəkilə hüquqi yardım üçün ödənilən 2.000 (iki min) manat pulun, poçt xərclərinə görə 500 (beş yüz) manatın, mənəvi ziyana görə - 100.000 (bir yüz min) manat pulun cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının nümayəndəsi və vəkilinin izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Belə ki, qanunsuz olaraq istintaqa cəlb olunması, cinayət işinin məhkəməyə verilməsi və uzun sürən məhkəmə çəkişmələrinin predmeti olması nəticəsində o, fəal ictimai həyat tərzindən məhrum edilmiş, onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına zərər dəymişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 1.000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. Məhkəmə iddianın “vurulmuş maddi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı təqsirləndirilən şəxs qismində cəlb edilmiş cinayət işi üzrə aparılmış cinayət mühakimə icraatı zamanı 750 manat məbləğində məhkəmə xərci çəkmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən 750 manat alınaraq İddiaçı ödənilməlidir. Belə ki, iddiaçı ona dəymiş digər maddi ziyanla bağlı (əmək haqqı, pensiya, başqa gəlirlərin itirilməsi və sair) hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə baxışı zamanı onun əmlakının müsadirə edilməsi, götürülməsi və ya üzərinə həbs qoyulması, hökmün icrası zamanı cərimə ödənilməsi halları müəyyən edilməmişdir. Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Həmin Məcəllənin 58.1-ci və 58.3-cü maddələrinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə aşağıdakılara görə kompensasiya verilir: məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; ödənilmiş məhkəmə xərcləri; müdafiəçiyə ödənilmiş pul məbləği; hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə. Məhkəmə həmçinin iddiaçının bu tələbini cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə münasibətdə təmin edərək qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyanın ödənilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Belə ki, Аzərbаycаn Respublikаsı Prezidentinin 09 fevrаl 2009cu il tаrixli, 48 nömrəli Fərmаnı ilə təsdiq edilmiş "Аzərbаycаn Respublikаsının Mаliyyə Nаzirliyi hаqqındа Əsаsnаmə"nin 1-ci bəndinə əsаsən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Оnа görə də mənəvi və maddi zərərin əvəzi оlаn 1.750 mаnаt məbləğində pul məhz Аzərbаycаn Respublikаsı Mаliyyə Nаzirliyi vаsitəsilə dövlət büdcəsindən alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən maddi zərərə görə 750 manat və mənəvi zərərə görə 1.000 manat, ümumilikdə 1750 manat pul cavabdehdən alınaraq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən maddi zərərə görə 750 manat və mənəvi zərərə görə 1.000 manat, ümumilikdə 1.750 (bir min yeddi yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2648/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2648/2021
07.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver