Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2657/2025 03.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iş üzrə Cavabdeh 2500 manat dəyərində olan (1 cüt sırqa, 1 üzük əyar 583, çəki 6.2 (çəki 5.7 qr) və 1 cüt sırğa 583 çəki 5.4, 2 ədəd üzük 583 çəki 8.3 (çəki 7.5) qızıllarını natura şəklikdə və yaxud qızılların dəyəri olan 2500 manat pulunu və məhkəməyə ödənilmiş 45 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixdə LOMBARD HQ MMC direktoru (Cavabdeh) ilə razılığa gələrək (girov bileti BRD 026839,1 cüt sırqa, 1 üzük əyar 583, çəki 6.2 (çəki 5.7 qr). xx.xx.2014-cü il tarixdə LOMBARD HQ MMC (direktoru Cavabdeh) ilə razılığa gələrək (girov bileti serira AFƏ238012) 1 cüt sırğa 583 çəki 5.4, 2 ədəd üzük 583 çəki 8.3 (çəki 7.5) göstərilən əşyaları lombarda girov qoydu. 2017-ci ilin iyun ayında ona məlum oldu ki, LOMBARD HQ MMC ilə bağlı polis idarələrinə çoxlu şikayətlər daxil olur. Bu səbəbdən o da gedib həmin qızılları LOMBARD HQ MMC-dən çıxarmaq istədikdə ona məlum oldu ki, həmin yeri bağlayırlar. Ümumilikdə qızılların dəyəri 2500 manat təşkil edir. Hazırda nə qızıllarını verirlər, nə də 2500 manat onların dəyərini ödəyirlər.Uzun müddətdir ki, nə əmlakını, nə də pulunu ala bilmir. Odur ki, o da məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməyi qərara aldı. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - Sumqayıt ŞPİ-nin 4-cü PB-nin xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanasının rədd edilməsi barədə” qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanmasının rədd edilməsi, İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. - "xxxx" MMC tərəfindən verilən AFƏ seriyalı 238012 nömrəli girov biletindən gpörünür ki, 30 yanvar 2014-cü il tarixində girov verən İddiaçı tərəfindən 1 cüt sırğa 583, 1 üzük əyar 583, çəki 6.2 qr (x.ç 5.7 qr) girov qoyulmuşdur. - "xxxx" MMC ilə girovqoyan İddiaçı arasında bağlanan xx.xx.2014-cü il tarixli, AFƏ seriyalı 238012 nömrəli “əşyanın lombardda girovu” haqqında müqavilənin surətindən görünür ki, bu müqavilə girov qoyan və ssuda verən arasında imzalanmış girov biletinin əlavəsi sayılır və onunla eyni hüquqi qüvvəyə malikdir. Girov qoyulmuş qızıl-zinət əşyaları cinayət yolu ilə əldə edilmişdirsə, "xxxx" MMC həmin əşyalar üçün məsuliyyət daşımır. - "xxxx" MMC tərəfindən verilən BRD 026839 nömrəli girov biletindən gpörünür ki, 7 fevral 2023-cü il tarixində girov verən İddiaçı tərəfindən 1 cüt sırğa, 1 üzük əyar 583, çəki 6.2 qr (x.ç 5.7 qr) girov qoyulmuşdur. - "xxxx" MMC ilə girovqoyan İddiaçı arasında bağlanan xx.xx.2023-cü il tarixli, BRD seriyalı 02689 nömrəli “əşyanın lombardda girovu” haqqında müqavilənin surətindən görünür ki, bu müqavilə girov qoyan və ssuda verən arasında imzalanmış girov biletinin əlavəsi sayılır və onunla eyni hüquqi qüvvəyə malikdir. Girov qoyulmuş qızıl-zinət əşyaları cinayət yolu ilə əldə edilmişdirsə, "xxxx" MMC həmin əşyalar üçün məsuliyyət daşımır. - İş materiallarında olan kassa mədaxil orderinin qəbzlərindən görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixində 15,3 manat faiz, xx.xx.2016-cı il tarixdə 13,5 manat faiz, xx.xx.2016-cı il tarixdə 7,3 manat faiz, xx.xx.2016-cı il tarixində manat faiz, xx.xx.2016-cı il tarixində 12,5 manat faiz, xx.xx.2016-cı il tarixində 12 manat faiz, xx.xx.2017-ci il tarixdə 6,5 manat faiz, xx.xx.2017-c il tarixdə 12,7 manat faiz, xx.xx.2017-ci il tarixdə 12 manat faiz, xx.xx.2017-ci il tarixdə 10 manat faiz, xx.xx.2017-ci il tarixdə 16,5 manat faiz, xx.xx.2017-ci il tarixdə 7,5 manat faiz məbləğlərində ödəniş etmişdir. - İş materallarında olan İddiaçı ərizəsindən görünür ki, İddiaçı, müraciət edərək xahiş edir ki, qanun çərçivəsində ona köməklik göstərilsin və cavabdehdən ona məxsus olan qızılların geri qaytarılması təmin olunsun. Həmin qızıllar ya əşyaların formasında, ya da onların dəyəri hesablanaraq pul şəklində qaytarıla bilər. O az təminatlı ailənin üzvüdür və illərdir ki, borc içərisində, təmirsiz ev şəraitində yaşayır. Ehtiyac səbəbindən ona toy hədiyyəsi kimi verilmiş qızıllarını lombarda qoyaraq əvəzində müəyyən məbləğdə pul götürməyə məcbur oldu. Bunun üçün lombardla aralarında müqavilə bağlandı. Müqaviləyə əsasən, O iki dəfə fərqli vaxtlarda lombarda qızıllarını girov qoyaraq pul götürdü: İlk dəfə: Bir cüt sırğa və iki qadın üzüyü; İkinci dəfə: Bir brilyant üzük və bir cüt sırğa.Razılaşmaya uyğun olaraq, faiz ödənişlərini vaxtında və tam şəkildə həyata keçirmişdir. Lakin dörd ildən sonra lombarda yaxınlaşıb qızıllarını geri almaq istədikdə, orada münaqişə yarandığının şahidi oldu. Müştərilər öz əmanətlərini geri ala bilmirdilər və o da eyni problemlə qarşılaşdı. Lombard rəhbərliyi bildirdi ki, onların müqavilə bağladıqları bankla problem yaşanıb və bu səbəbdən girov qoyulmuş əşyaları geri qaytara bilmirlər. Onu inandırmağa çalışdılar ki, məsələ məhkəməyə verilib və onlar haqlı olduqları üçün prosesi udacaqlar.O uzun müddət səbir etdi və problemi həll olunacağını düşündü. Daha sonra pandemiya baş verdi, pandemiyadan bir müddət sonra isə lombard bağlandı və sahibi heç kimə xəbər vermədən yoxa çıxdı. Bundan sonra, o müxtəlif instansiyalara müraciət edərək həmin şəxsi axtarmağa başladı. Nəhayət, polisə müraciət etməklə onun ünvanını öyrəndi. İndi isə müraciət edərək xahiş edir ki, Onun illərlə aldadıldığı bu işdə ona kömək edilsin və qızıl zinət əşyalarını geri almağı üçün lazımi tədbirlər görülsün. Əsas problem ondadır ki, bu şəxs illərlə onu aldadaraq prosesi uzatmış və sonda xəbər vermədən aradan çıxmışdır. Əlindəki sübutları da təqdim etməyə hazırdır. Bir daha xahiş edir ki, onun bu məsələni hüquqi çərçivədə həll etməyinə köməklik göstərilsin. Qeyd edir ki, onun lombardla bağladığı müqavilələr 2013 və 2014-cü illəri əhatə edir. Lakin o 2017-ci ilə qədər lombardın fəaliyyətini davam etdirdiyini zənn edərək ona faiz ödəməyə davam etmişdir. Bu səbəbdən, işin müddəti keçmiş kimi qəbul edilməməsini xahiş edir. Bunun sübutu olaraq, son illərdə ödənilmiş faiz məbləğlərinə dair çeklərin surətlərini ərizəsinə əlavə edir. O təsadüf nəticəsində lombardın artıq iflasa uğradığını öyrənmişdir. 2017- ci ildə qızının təhsil haqqını ödəmək üçün pula ehtiyacı olduğu üçün lombarda qoyduğu qızılları geri alaraq daha yüksək məbləğ təklif edən başqa bir lombarda yerləşdirmək istədi. Məhz həmin vaxt qızıllarını tələb edərkən, lombardın artıq ciddi problemlərlə üzləşdiyini və müştərilərə girov əşyalarını qaytara bilmədiyini anladı. Bu vəziyyətin bank rəhbərliyi ilə lombard arasında yaranan mübahisələr səbəbilə baş verdiyini bildirdilər. Əgər O bu hadisədən xəbər tutmasaydı, bu gün də olmayan qızılları üçün faiz ödəməyə davam edəcəkdi. Bundan sonra lombard rəhbərliyindən tələb etdi ki, əgər qızıllarını geri qaytara bilmirsə, heç olmasa faiz ödənişlərini dayandırsın. Həmin gün faiz hesablanmasının dayandırıldığına dair ona yazılı sənəd təqdim olundu. Bu sənədi sübut kimi ərizəsinə əlavə etmişdir. Bir daha xahiş edir ki, işinə ciddi yanaşılsın və məsələ hüquqi çərçivədə ədalətli şəkildə həll edilsin. Tarixlərə diqqət yetirilməsini və işin müddəti keçmiş kimi qiymətləndirilməməsini xüsusi olaraq rica edirəm. Çünki o qızıllarını girov qoyduğu dövrdə onları çıxarmaq üçün yox, pul əldə etmək məqsədilə lombarda qoymuşdur və razılaşmaya uyğun olaraq faiz ödənişlərini də vaxtında həyata keçirmişdir. Qeyd edir ki, müqavilənin bağlanma tarixi 2013- 2014-cü illər olub. O 2017-ci ilə qədər lombarda faiz ödəmişdir və hələ də ödəməkdə davam edirdi. Demə, çoxdan idi ki, lombard artıq batıb, problemləri yaranıb. Lakin lombard işçiləri bir müştəri kimi onu xəbərdar edib problem yarandığını söyləmək əvəzinə, olmayan qızılları üçün ondan faiz almağa davam ediblər. O bunu çox təsadüf nəticəsində öyrəndi. Həmin il qızının təhsil haqqını ödəmək üçün ona pul lazım idi, ona görə də yaxınlaşdı ki, qızıllarını götürüb satsın. Bu zaman lombarda gələndə münaqişə yarandığını, orada mübahisələr getdiyini gördü. Hər gün dalbadal rəhbərliklə müştərilər arasında dava düşürdü. O zaman baş verənlərdən xəbərdar oldu. Daha sonra onları məcbur etdi ki, qızıllarını öz problemləri səbəbindən qaytara bilmədikləri üçün heç olmasa faiz hesablamasını dayandırsınlar və tez bir zamanda məsələni həll edib qızıllarını qaytarsınlar. Həmin vaxt öz əlləri ilə yazdıqları yazılı kağızı aldım və o sənədi bu ərizəyə əlavə edir. Bundan başqa, 2017-ci ilə aid faiz ödənişlərinin çeklərini də ərizəsinə əlavə edir ki, həqiqətən də həmin dövrə qədər ondan asılı olmayan heç bir problem olmadığı və onun faizlərini ödədiyi sübut olunsun. O vaxtdan sonra isə o qızıllarını tələb edirdi. Lakin lombard sahibi ona “hər şeyi həll edəcəyəm, narahat olmayın, iş məhkəmədədir, həll edəndən sonra müştərilərə zəng edəcəyəm, gəlib mallarınızı götürəcəksiniz” deyirdi. Beləliklə, günü aya, ayları illərə fırlada-fırlada axırda lombardı bağlayıb yoxa çıxdı. Hər cür məlumat almağa çalışsa da, onun yerini tapa bilmirdi. Nəhayət, polisə müraciət edərək onun ünvanını öyrənmək qərarına gəldi. Məhkəməyə ərizə verərək bu məsələnin araşdırılmasına kömək edilməsini xahiş edir. Ərizəsinə ciddi yanaşılmasını, işin dərindən araşdırılmasını və əvvəlki tarixə baxılaraq müddəti ötmüş kimi qəbul edilməməsini xahiş edir. Çünki O qızıllarını əvvəlki illərdə girov qoysa da, 2017-ci ilə qədər ora faiz ödəmişdir. O arxayın idi ki, əşyaları sağlam və təhlükəsiz şəkildə oradadır, faizini ödəyir və istədiyi zaman gedib qızıllarını geri götürə biləcək. O pula ehtiyacı olduğu üçün girov qoyub pul götürmüşdü, yoxsa qoyduğu illərdə əşyalarını çıxarmaq üçün deyil. Problem yaradan tərəf lombard olduğu üçün yazıb xahiş edir ki, qanun çərçivəsində cavabdeh onun haqqını ödəsin, ona vurduğu maddi və onavi ziyanın qarşılığında dəymiş ziyanı geri qaytarsın. Bir sözlə, həmin lombarda dəfələrlə gedib qızıllarını tələb etmişdir ki, götürsün, amma alınmayıb. Həmin müdiriyyət isə hər dəfə “artıq həll olunur, məsələ yoluna qoyulur” deyədeyə vaxtı uzadıb. Hələ 2018-ci il, 2019-cu il və 2020-ilin əvvəlinə qədər lombard fəaliyyətini davam etdirirdi. Çox vaxt ora gedirdi, məlum olurdu ki, müdir polis bölməsindədir. Təbii ki, müştərilər şikayət edirdi. O də polisə şikayətə getdi, öyrəndi ki, şikayətçi çoxdur, amma bunun bir faydası olmurdu. Ona görə düşündü ki, ona inansın, insanlıqdır, başına iş gəlib, problem həll olunar, malını qaytarar. Lakin o aldandı. O, naxələf çıxıb. Bu arada, 2020-ci ildə artıq pandemiya başladı. Açılmalardan sonra isə dediyi kimi, o lombardı bağlayıb yerini dəyişdi və müştərilərə xəbər vermədən demək olar ki, qaçdı. Yuxarıda da yazdığı kimi, onu axtarsa da, tapa bilmədi. Ona görə də gec də olsa, indi müraciət edir və çox xahiş edir ki, ona köməklik göstərilsin. - Mülki işin materiallarında olan ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əvvəla, məhkəmə qeyd edir ki, iddia ərizəsində qeyd olunan qızıllar iddiaçıya məxsus olduğundan və məhz həmin qızıllar girov biletinə əsasən girov qoyulduğundan iddiaçı hazırki tələbi irəli sürməkdə subyektiv hüquqa malikdir. Daha sonra məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 302.2-ci maddəsinə əsasən əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. Həmin Məcəllənin 302.5-ci maddəsinə əsasən lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur. Həmin Məcəllənin 302.6-cı maddəsinə əsasən lombard girov qoyulmuş əşyanın itirilməsi və zədələnməsi üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh direktoru olduğu "xxxx" MMC-yə məxsus lombarda xx.xx.2013 və xx.xx.2014-cü il tarixlərində bir neçə qızıl-zinət əşyasını girov qoymuşdur. Tərəflər arasında bağlanmış girov müqavilələri (girov biletləri və onların əlavəsi sayılan müqavilə mətni) əsasında iddiaçıya müvafiq pul vəsaiti təqdim edilmişdir. Müqavilələrdə qızıl əşyaların növü, çəkisi və əyarı dəqiq göstərilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən işə əlavə edilmiş bir sıra kassa orderləri və qəbzlər əsasında onun uzun müddət ərzində müxtəlif vaxtlarda lombard tərəfindən tələb olunan faizləri ödəmiş olduğu müəyyən edilmişdir. Lakin iş materiallarında və ya məhkəməyə təqdim edilmiş digər sübutlarda girov müqavilələri üzrə əsas borcun — yəni lombarddan götürülmüş pulun — geri qaytarılması faktı təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmənin qənaətinə görə işin araşdırılmış halları onu deməyə əsas verir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun müvafiq olaraq iddiaçının özünə aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəticə hissə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-2657/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2657/2025
03.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver