Məhkəmə qərarları › İş №2(006)-2674/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2674/2020

28.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2674/2020 28.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4 iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı «təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı «təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Baş Prokurorluğunun qanunsuz hərəkətləri nəticəsində əsassız ittiham olunması, cinayət təqibinə məruz qalması və qanunsuz həbsə alınmasına görə dəymiş 90.000 manat məbləğində maddi ziyanın və 25.000 manat məbləğində mənəvi ziyanın kompensasiya olaraq cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğundan və Azərbaycan Respublikası Maliyyə Nazirliyindən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X7 ərizə ilə hüquq mühafizə orqanlarına müraciət edərək, onun sonuncuya qarşı külli miqdarda dələduzluq etdiyini bildirmiş və Xətai rayon X5 şöbəsi tərəfindən fakta görə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə barəsində ********* saylı cinayət işi başlanmışdır. Cinayət işi başlanan zaman o, ölkə hüdudlarından kənarda olduğundan xx xxxx 2017-ci il tarixdə barəsində axtarış elan edilməsi barədə qərar qəbul edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır. O, xx.xx.2017-ci il tarixdə RF Stavropol diyarı, Nevinnomısk şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. xx xxxxxxx 2017-ci il tarixdə Xətai rayon İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X2 tərəfindən onun Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul etmiş, barəsində rayon prokurorluğu tərəfindən təqdimat verilərək Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. RF Stavropol diyarı Nevinnomısk şəhər məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə onun həbsdə saxlama müddəti 6 ay müddətinə, yəni xx.xx.2018-ci il tarixədək uzadılmış və o, xx.xx.2018-ci il tarixdə RF-dən ekstradisiya olunaraq Azərbaycan Respublikasına gətirilərək 3 saylı İstintaq Təcridxanasında yerləşdirilmişdir. xx.xx.2018-ci il tarixdə ona Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə onun həbsdə saxlama müddəti 3 ay 15 gün müddətinə, yəni xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Bundan sonra həbsdə saxlama müddətinin uzadılması barədə Bakı şəhəri Xətai rayon Polis İdarəsi tərəfindən Bakı şəhəri Xətai rayon Prokurorluğu vasitəsi ilə Bakı şəhər Prokurorluğuna vəsatət verilsə də, xx.xx.2019-cu il tarixdə Bakı şəhər prokurorunun müavini Mehman Qocayev tərəfindən vəsatət təmin edilməmiş və bu səbəbdən təqdimatla məhkəməyə müraciət edilməmiş və o, xx.xx.2019-cu il tarixdə həbsdə saxlandığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından azadlığa buraxılmışdır. Lakin cinayət işi üzrə ibtidai istintaq davam etdirilmiş, barəsində xx.xx.2019-cu il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş və yekun olaraq onun əməli Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsindən həmin maddənin 178.2.2, 178.2.4-cü maddəsinə tövsif edilərək, xx.xx.2019-cu il tarixdə o, yenidən ittiham edilərək cinayət işi baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə cinayət işinin baxılmasına xitam verilmiş, cinayət işi əlavə istintaq edilməsi üçün Xətai rayon Prokurorluğununa qaytarılmış və xx.xx.2019-cu il tarixdə cinayət işi istintaq edilməsi üçün Xətai RPİ İstintaq Şöbəsinə göndərilmişdir. Sonda xx.xx.2019-cu il tarixdə Xətai RPİ İŞ-nin baş müstəntiqi, polis mayoru X6 tərəfindən ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-in 39.1.1 və 39.1.8-ci maddələrinə əsasən xitam verilmişdir. Göründüyü kimi, 2 il 7 ay 27 gün kobud qanun pozuntuları ilə davam edən ibtidai istintaq yekunda icraata xitam verilməsi ilə nəticələnmiş və o, həmin ibtidai istintaq dövründə qanunsuz olaraq 1 il 3 ay (457 gün) həbsdə saxlanılmışdır. Həmin qərardan şikayət verilməmiş və qərar qanuni qüvvəsini almışdır. O, RF-də sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur və aylıq qazancı 2.000 manatdan çox olmuşdur. İddia ərizəsinə əlavə edilən cinayət işi üzrə icraata xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli qərardan da görünür ki, o, xx.xx.2017-ci il tarixdə RF Stavropol diyarı, Nevinnomısk şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasına ekstradisiya olunaraq 3 saylı İstintaq Təcridxanasına yerləşdirilmiş və cavabdehlərin səhvi nəticəsində xx.xx.2019-cu il tarixədək 457 gün azadlıqdan məhrum edilmişdir. Qeyd etdiyi kimi, həbs olunduğu günə qədər onun aylıq gəliri 2.000 manat təşkil edirdi. Nəticədə o, cavabdehlərin səhvi nəticəsində ümumilikdə 15 ay x 2.000 manat = 30.000 manat məbləğində qazancından məhrum olmuşdur. Əlavə olaraq, həmin dövrdə sahibkarlıq fəaliyyətini davam etdirə bilmədiyi üçün bütün biznesi çökmüş, gəlirindən məhrum olmaqla yanaşı, həmin sahibkarlıq fəaliyyətinin yaradılmasına xərclədiyi 50.000 manat da hədər olmuşdur. Bütün bunların səbəbkarı isə bilavasitə cavabdehlər olmuşlar. Belə ki, yuxarıda qeyd olunan bütün zərərlər məhz cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində baş vermişdir. Bundan əlavə, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi cinayət prosesini həyata keçirən orqanın səhvi və qanunsuz hərəkətləri nəticəsində onun əsassız olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılmaqla, azadlığından məhrum olunduğu müddət ərzində ailə üzvləri tərəfindən ona yemək və ərzaq gətirilməsinə, həmçinin hüquqlarını müdafiə edən vəkilin Bakı İstintaq Təcridxanasına aparılıb gətirilməsinə ümumilikdə 10.000 manatdan çox pul sərf olunmuşdur ki, həmin məsrəfi də o, cavabdehlərin qanunsuz hərəkətləri səbəbindən sərf etmək məcburiyyətində qalmışdır. Bundan əlavə o, günahsız olaraq 1 il 3 ay müddətə haqsız yerə azadlığından məhrum olduğu üçün, eləcə də heç bir əsas olmadan törətmədiyi cinayət əməlində ittiham olunduğu üçün ona böyük mənəvi ziyan da dəymişdir. Belə ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində çəkdiyi əzab-əziyyət onda əsəb pozuntusu və ürək ağrısına gətirib çıxarmışdır. Belə ki, barəsində heç bir əsas olmadan Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış və bir ildən çox həbsxanada qalmağa məcbur olmuşdur. Nəticədə isə çox böyük psixoloji sarsıntılar, əsəb gərginliyi keçirmişdir. Bu səbəbdən, hesab edir ki, cavabdehlər vurduqları maddi ziyanla yanaşı, həmçinin 25.000 manat məbləğində mənəvi ziyanı da ona ödəməyə borcludurlar. Bu səbəbdən də, iddia tələbi məhkəmə tərəfindən təmin edildiyi təqdirdə qətnamənin icrası dövlət büdcəsi hesabına olacağı üçün hesab edir ki, hazırkı iddia tələbinin yönələcəyi cavabdehlərdən biri də məhz Azərbaycan Respublikası Maliyyə Nazirliyidir. İddiaçının nümayəndəsi və vəkili X8 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai RPİ İŞ-nin baş müstəntiqi, polis mayoru X6 xx xxxxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı barəsində Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* saylı cinayət işi üzrə icraata xitam verilmişdir. İddiaçı 1 il 3 ay (457 gün) ərzində həbsdə saxlanılması işin mübahisəsiz faktiki halıdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni vurulmuş mənəvi ziyana görə 3.000 (üç min) manat məbləğində pul vəsaiti tutulmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 3.000 (üç min) manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 3.000 (üç min) manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar