Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2688/2024 23.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödədiyi 2.530 manat pulun alınıb ona verilməsi və əmək haqqından tutulmaların dayandırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsinin ilkin araşdırılması zamanı müəyyən olundu ki, iddia ərizəsində irəli sürülən tələb məhkəmə qaydasında deyil, məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarının icrası mərhələsində həll olunmalı olan məsələdir. Belə ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(057)-144/2020 saylı icra vərəqəsinə əsasən iddiaçıdan cavabdehin xeyrinə 7.280 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulması nəzərdə tutulmuşdur. İddiaçı cavabdeh təşkilatın hazırda mövcud olmadığı halda əmək haqqından hər ay 50 faiz olmaqla ümumilikdə 2.530 manat məbləğində pulun tutulduğunu iddia edərək hazırda həmin pul vəsaitinin geri alınaraq ona verilməsi və əmək haqqından tutulmaların dayandırılmasını tələb edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə aşağıdakı hallarda yol verilir: vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə; icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda; tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə. Həmin Qanunun 74.1-ci maddəsinə əsasən icra məmuru tərəfindən borcludan tutulmuş, o cümlədən borclunun əmlakının satılmasından əldə olunmuş pul məbləğindən tələbkarın (tələbkarların) tələblərinin təmin olunması üçün istifadə edilir. Həmin Qanunun 74.2-ci maddəsinə əsasən bütün tələblər təmin olunduqdan sonra qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, qalan pul məbləği borcluya qaytarılır. Göründüyü kimi məhkəmə tərəfindən qəbul edilən qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və icra məmuru tərəfindən qətnamənin icrasının təmin edilməsi məqsədilə borclunun, yəni hazırki iş üzrə iddiaçının əmək haqqına tutma yönəldilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı, ona izah edilməlidir ki, o, hazırki məsələ ilə bağlı müvafiq icra şöbəsinə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Bundan əlavə, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən aydın olur ki, hazırkı iddia tələbinin irəli sürülməsi üçün iddiaçı tərəfindən 100 AZN (bir yüz manat) məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 100 AZN (bir yüz manat) dövlət rüsumu dövlət büdcəsindən ona qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Eyni Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddiasının yolverilməzliyinə görə qəbulundan imtina olunsun və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya hazırki məsələ ilə bağlı müvafiq icra şöbəsinə müraciət etmək hüququ izah edilsin. İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 100 AZN (bir yüz manat) dövlət rüsumu dövlət büdcəsindən ona qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-2688/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2688/2024
23.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver