Məhkəmə qərarları › İş №2(006)-269/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-269/2021

26.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-269/2021 26.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X1rşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 2018-ci il tarixdə evdə yeriyərkən ayağı xalçaya ilişərək yıxılmışdır. Yıxılarkən bud nahiyəsi kravatın dəmirinə dəymişdir. İddiaçı dərhal ağrı hiss etsə də, bunun keçici olacağını yıxılarkən toxumaların əzilməsi ilə bağlı olduğunu düşünmüşdür. Sonradan ağrıların kəskinləşdiyini görüb Sabirabad rayon xəstəxanasından həkim çağırmışlar. Həkim sağ bud nahiyəsində sınıq olma mümkünlüyünü bildirmişdir. İddiaçı bundan sonra təcili yardım maşını ilə Bakı şəhərinə gətirilmişdir. Bakı şəhərində yaşayan yaxın qohumlarının köməyi və iştirakı ilə X5 getmişlər. Müayinə nəticəsində "Sağ bud sümüyünün burmalaraltı qəlpəli yerdəyişmiş qapalı sınığı" diaqnozu ilə əməliyyat olunmağı məsləhət bilinmişdir. İddiaçı yuxarıda göstərilən "sağ bud sümüyünün burmalaraltı qəlpəli yerdəyişmiş qapalı sınığı" diaqnozu ilə X3 əməliyyat şöbəsinə daxil olmuşdur. Cavabdeh həkim travmatoloq ortoped Cavabdeh1 tərəfindən əməliyyat olunmuşdur. İddiaçının əməliyyat xərci olaraq qohumları xx.xx.2018-ci il tarixli, 6613 saylı Tibbi Xidmət Müqaviləsinə əsasən 3800 (üç min səkkiz yüz) manat pul köçürmüşlər. Bundan əlavə, implant üçün 2.200 manat nağd şəkildə vəsait ödənilmişdir. Çünki xəstəxanadan bildirdilər ki, implantı həkim özü alıb gətirir və pulu həkimə verilməlidir. İddiaçının əməliyyatdan sonra da ağrıları nəinki azalmamış, əksinə gün-gündən daha da artmağa başlamışdır. İddiaçı təxminən on ay sonra artıq ağrılara dözə bilmədiyini və onu həkimə aparmalarını istəmişdir. Yenidən Bakı şəhərində yaşayan bacısıgilə gəlmişdir. Evə rentgen çağırmışlar və məlum olmuşdur ki, əməliyyat vaxtı ştiftin aşağı şrupları dəliklərdən keçirilsə də, yuxarı vintlər ştiftin dəliklərinə keçirilməyib. Bunu həkim olmayan adam da rentgen müayinəsinə baxmaqla görə bilər. İddiaçı sabahı gün Travmatologiya insitutunun rentgen müayinəsinə aparılmışdır. Orada da eyni diaqnoz qoyulmuşdur. Bundan sonra cavabdeh həkimə müraciət etdi. Cavabdeh1 bildirdi ki, guya iddiaçının bud oynağı yeyilib və onu 4200 (dörd min iki yüz) manat ödəsələr dəyişər. Təbii ki, razılaşmadılar və yenidən Travmotologiya institutuna getdilər. Orada məlum oldu ki, bud oynağında heç bir problem yoxdur. Travmotologiya İnstitutunda yenidən əməliyyat olundu, cavabdehin səhv bağladığı vintlər çıxarılandan sonra ağrıları kəsdi və yavaşyavaş özünə gəlməyə başladı. Amma təəssüf ki, iddiaçının sağ ayağı səhv əməliyyat olunduğu üçün ağrılardan uzun müddət sol ayağının üstündə yataqda qalmışdır. İddiaçının sol ayağında porez yaranıb. Bir sözlə həkimin səhvi nəticəsində əlil arabasına məhkum edildi. İddiaçı birinci arabanı 300 manata aldı. Üç ay keçməmiş sındı. İkinci araba isə həkimlərin səyi nəticəsində Protez institutundan alındı. Yuxarıda qeyd edilənlərdən də görünür ki, həkim səhvi nəticəsində iddiaçının səhhətinə, sağlamlığına ziyanla yanaşı, ona maddi və mənəvi ziyan da dəyib. Belə ki, iddiaçı təkcə Cavabdeh1 və işlədiyi X3 kassasına 3.800 və 2.200 manat olmaqla, toplam 6.000 manat pul ödəmişdir. İddiaçının səhv əməliyyatın aradan qaldırılmasına 2.000 manatdan çox xərci çıxıb. Bundan əlavə, iddiaçıya maddi ziyanla yanaşı, mənəvi ziyan da vurulub. Həmin müddətdə və indiyə qədər iddiaçının çəkdiyi ağrılar, iztirablar da həkimin məsuliyyətsizliyi ilə əlaqəlidir. İddiaçıya mənəvi ziyana görə də azı 4.000 manat cavabdeh tərəfindən kompensasiya edilməlidir. Göstərilənlərə əsasən Cavabdeh1 İddiaçı tərəfindən X3 kassasına ödənilmiş 3.800 (üç min səkkiz yüz) manat, implant üçün cavabdehin özünə nağd şəkildə verilmiş 2.200 (iki min iki yüz) manat, cavabdeh həkimin əməliyyat səhvini aradan qaldırmaq üçün çəkilmiş, yollara, əlil arabasına, ağrıkəsicilərə və sair xərclərə görə 2.000 (iki min) manat, çəkilmiş ağrıların, iztirabların və mənəvi zərərin əvəzi olaraq 4.000 (dörd min) manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər X3 məsul şəxsləri və Cavabdeh1 xəstəxanaya ödənilmiş 3.800 (üç min səkkiz yüz) manat, implant üçün ödənilmiş 2400 manat, cavabdeh həkimin əməliyyat səhvini aradan qaldırmaq üçün çəkilmiş, yollara, əlil arabasına, ağrıkəsicilərə və sair xərclərə görə 2.000 (iki min) manat, çəkilmiş ağrıların, iztirabların və mənəvi zərərin əvəzi olaraq 20.000 (iyirmi min) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh X3 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan X6 tərəfindən verilmiş xx.xx.2018-xx.xx.2018-ci il tarixləri əhatə edən epikrizin surətindən görünür ki, İddiaçı sağ bud sümüyünün burmalaraltı qapalı yerdəyişmiş qəlpəli sınığı diaqnozu qoyulmuşdur. İş materiallarında olan X3 baş direktorun müavini X8 ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, № 6613 saylı tibbi xidmət müqaviləsinə əsasən “xəstəxana” müvafiq tibbi xidməti həyata keçirir, “xəstə” və/və ya “xəstə yaxını” isə göstərilən tibbi xidmətə görə müvafiq qaydada təsdiq edilmiş “qiymət cədvəli”nə əsasən tibbi xidmətin qeydiyyat vərəqəsində müəyyənləşdirilən məbləği ödəyir. İş materiallarında olan X3 xx.xx.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdə “sağ bud sümüyünün burmalaraltı qapalı yerdəyişmiş qəlpəli sınığı” diaqnozu ilə cərrahiyə şöbəsinə daxil olmuş, həkim travmotoloq-ortoped Cavabdeh1 tərəfindən əməliyyat olunmuş və xəstə tərəfindən əməliyyat üçün 3800 manat vəsait ödənilmişdir. Eyni zamanda, həkim travmotoloq-ortoped Cavabdeh1 xx.xx.2019-cu ildən X4 çalışmır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X9 xx.xx.2020-ci il tarixli, 2271 saylı ekspert rəyindən görünür ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı xx.xx.2018-ci il tarixdə X5 daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Sağ bud sümüyünün burmalaraltı qapalı yerdəyişmiş qəlpəli sınığı” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmiş və üzərində “Sağ bud sümüyü burmalaraltı parçalı sınığının qapalı reduksiyası, intramedulyar osteosintezi” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat zamanı sağ bud sümüyü skopi kontrolunda qapalı reduktə edilmiş, intramedulyar mil ilə osteosintez, 2 ədəd proksimal və 2 ədəd distal köndələn kilitləmə vintləri istifadə olunmuşdur. Xəstə xx.xx.2018-ci il tarixdə kafi vəziyyətdə ambulator nəzarət üçün evə yazılmışdır. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, çəkilmiş radioloji filmlərin görüntülərinə və yüksək ixtisaslı mütəxəssis araşdırmalarına əsasən, onda sağ bud sümüyü boynuna 2 ədəd vintlərin qeyri- qənaətbəxş fiksasiyada olduğu müəyyən edildi. Beləliklə, aparılmış cərrahiyyə əməliyyatı texniki qüsurla icra edilmiş və buna məsul şəxs müalicə həkimidir. Cərrahiyyə əməliyyatının texniki qüsurlu icrası ilə əlaqədar İddiaçı əməliyyat nahiyəsində ağrıların olması istisna edilmir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti əhalinin sağlamlığının qorunmasının əsas prinsiplərindən biridir. Həmin Qanunun 51-ci maddəsinin 5-ci cümləsinə əsasən peşə vəzifələrinin lazımi səviyyədə yerinə yetirilməməsinə görə müalicə həkimi qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ayağında yaranmış narahatçılıqla əlaqədar həkim müayinəsindən keçməyi qərara almış və xx.xx.2018-ci il tarixdə X5 müraciət etmişdir. Həmin vaxt iddiaçını həkim travmotoloq-ortoped Cavabdeh1 müayinə etmiş və sonra ona əməliyyat edilməsini məsləhət bilmişdir. İddiaçının üzərində “Sağ bud sümüyü burmalaraltı parçalı sınığının qapalı reduksiyası, intramedulyar osteosintezi” cərrahiyyə əməliyyatı aparılmış, əməliyyatdan sonra xəstədə porez yaranmış, onda sağ bud sümüyü boynuna 2 ədəd vintlərin qeyri-qənaətbəxş fiksasiyada olduğu müəyyən edilmişdir. Hazırda iddiaçı ayağında yaranan problemin səbəbi kimi yanlış aparılmış əməliyyatı əsas gətirərək, cavabdehlərdən vurduqları zərərin əvəzini tələb edir. İş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə-tibbi ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, İddiaçı sağ bud sümüyü boynuna 2 ədəd vintlərin qeyri- qənaətbəxş fiksasiyada olduğu müəyyən edilmişdir. Aparılmış cərrahiyyə əməliyyatı texniki qüsurla icra edilmiş və buna məsul şəxs müalicə həkimidir. Cərrahiyyə əməliyyatının texniki qüsurlu icrası ilə əlaqədar İddiaçı əməliyyat nahiyəsində ağrıların olması istisna edilmir. Məhkəmə hesab edir ki, həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehlərə əməliyyat üçün 3800 manat, implant üçün 2400 manat olmaqla, ümumilikdə 6200 manat məbləğində pul ödəmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın tutulması hissəsində təmin edilməli, cavabdehlərdən birgə qaydada 6200 manat məbləğində maddi ziyanın əvəzi alınaraq iddiaçıya ödənilməlidir. Mənəvi zərərlə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx xxxxxx 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə 5000 (beş min) manat məbləğində mənəvi zərərin əvəzinin tutulması ağlabatan və eyni zamanda ədalətlidir. Məhkəmə iddia tələbinin “cavabdeh həkimin əməliyyat səhvini aradan qaldırmaq üçün çəkilmiş, yollara, əlil arabasına, ağrıkəsicilərə və sair xərclərə görə 2.000 (iki min) manat pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı həmin tələbinin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı X5 və Cavabdeh1 əməliyyat üçün ödədiyi 3800 (üç min səkkiz yüz) manat, implant üçün ödənilmiş 2400 (iki min dörd yüz) manat, həmçinin mənəvi zərərin əvəzi kimi 5000 (beş min) manat, cəmi 11200 (on bir min iki yüz) manat məbləğində pul vəsaiti cavabdehlər X2 və Cavabdeh1 birgə qaydada tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı X5 və Cavabdeh1 əməliyyat üçün ödədiyi 3800 (üç min səkkiz yüz) manat, implant üçün ödənilmiş 2400 (iki min dörd yüz) manat, həmçinin mənəvi zərərin əvəzi kimi 5000 (beş min) manat, cəmi 11200 (on bir min iki yüz) manat məbləğində pul vəsaiti cavabdehlər X2 və Cavabdeh1 birgə qaydada tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar