Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2699/2021 05.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı «kompensasiya və vurulmuş maddi, mənəvi, fiziki ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı «kompensasiya və vurulmuş maddi, mənəvi, fiziki ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət prosesini həyata keçirən Bakı şəhəri Yasamal rayon Prokurorluğu tərəfindən ona vurulmuş maddi, mənəvi və fiziki ziyanla əlaqədar «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Qanunda göstərilən qaydada kompensasiya hesablanaraq ödənilməsi; maddi, fiziki və mənəvi ziyana görə isə 100.000 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 09 fevral 1983-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 105-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilməklə həmin Məcəllənin 23-1-ci maddəsi tətbiq edilmişdir. Sonradan isə şərti cəza həbslə əvəz olunduqdan sonra Rusiya Federasiyasının müxtəlif islah əmək düşərgələrində cəzasını çəkib qurtarmışdır. Cəzasını çəkib qurtarandan sonra Bakı şəhəri Yasamal rayon Prokurorluğunun 06 noyabr 1991-ci il tarixli qərarı ilə barəsində cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-in 10-cu maddəsinin 2-ci bəndi, 215-ci maddəsinin 2-ci bəndi və 217-ci maddələrinin tələblərinə əsasən hərəkətində cinayət tərkibi olmadığından xitam verilmişdir. Həbsdə olduğu həmin müddətlərdə Rusiya Federasiyasının müxtəlif islah-əmək düşərgələrində sağlamlığını itirmiş və hal-hazırda «sol ağ ciyərin periferik xərçəngi» ilə müalicə olunur. O, 1978-ci ildə BDU-nun hüquq fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında təyinatla müstəntiq vəzifəsində işləməyə başlamışdır. Axırıncı iş yeri Yasamal RPİ-nin azyaşlıların işləri üzrə inspeksiyanın inspektoru vəzifəsi olmuşdur. Barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verildiyindən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq kompensasiya verilməmişdir. Bəraətverici əsaslara görə barəsində cinayət təqibinə xitam verilməsinə baxmayaraq əmək kitabçasında bu faktı xidmət stajına aid etməmişdir. Bundan başqa, həbsdən azad olduqdan sonra 1999-cu ilin may ayına qədər müxtəlif müəssisələrdə işləmişdir. Qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən Bakı şəhər Baş Polis İdarəsinin onun iştirakı olmadan keçirilmiş əsassız attestasiya sənədinə əsasən DİO-dan xaric olunmuşdur. Yasamal rayon Prokurorluğunun qanunsuz qərarı ilə həbs olunmuş və məhkəmənin qanunsuz hökmü ilə məhkum olunmuşdur. Onun DİO-dan qanunsuz olaraq xaric olmasının səbəbi cinayət prosesini həyata keçirən orqanın, yəni Bakı şəhəri Yasamal rayon Prokurorluğunun səhvi nəticəsində baş verdiyindən ona mənəvi, fiziki və maddi ziyan dəymişdir. Onun barəsində cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadə nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmamışdır. Qanunvericilikdə nəzərdə tutulmuş hüquqları ona izah edilməmiş və çıxarılmış qərarda da öz əksini tapmamış, bu barədə ayrıca protokol tərtib olunmamışdır. Onun məhkəməyə uzun illər müraciət etməməsinin səbəbi özünün ağır xəstəlikdən müalicə olunması, məhkəməyə müraciət etmək üçün müvafiq sənədlərin əslini prokurorluq, məhkəmə və daxili işlər orqanlarından ala bilməməsi olmuşdur. Məhkəməyə hazırda müraciət etməsinin səbəbi də, barəsində cinayət təqibinin bəraətverici əsaslarla xitam verilməsi barədə qərarın surətini təsadüfən əldə etməsidir. Cavabdehdən vurulmuş ziyanın ödənilməsi barədə 12 iyun 2020-ci il tarixdə rəsmi müraciətinə də cavab verilməmişdir. Ödənilməli olan maddi ziyanı onunla əsaslandırır ki, qanunsuz olaraq həbs olunmasa idi, hal-hazırda DİO-da xidmətlə əlaqədar rütbə alıb, xidmətin son yaş həddi ilə təqaüdə buraxılaraq təqaüdlə təmin olunar, əməkdaşlara aid olunan bütün mükəlləfiyyətlərdən istifadə edə bilərdi. Heç olmasa mənzillə təmin oluna bilərdi. Ödənilməli olan fiziki ziyanı onunla əsaslandırır ki, qanunsuz həbs olunaraq həbs düşərgələrində sağlamlığını itirmiş, əmək qabiliyyətsiz və xəstə haldadır. Bu vəziyyətdə evlənə bilməmiş, valideynlərinin evinə qeydiyyatda olmasına baxmayaraq, bağ evində kimsəsiz halda tək yaşayır. Ödənilməli olan mənəvi ziyanı onunla əsaslandırır ki, qanunsuz həbs olunaraq məhkumluq həyatı keçirməklə işlədiyi kollektivdə, qohum və qonşular, dostlar arasında nüfuzdan düşərək, qohum-qardaşlarının xeyir və şər mərasimlərində iştirak edə bilmir. İnzibati orqanlar tərəfindən fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi qanunla Maliyyə Nazirliyinə həvalə olunduğundan həmin təşkilat tərəfindən ödənilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Yasamal (keçmiş Oktyabr) rayon Prokurorluğunun baş müstəntiqi İ.Bağırov 12640 saylı cinayət işi materiallarına baxaraq 06 noyabr 1991-ci il tarixdə əsaslandırıcı hissədə göstərilənlər nəzərə alınaraq, cinayət əməli tərkibi olmadığından İddiaçı barəsində cinayət işinə xitam verilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, Bakı şəhəri Oktyabr rayon Xalq Məhkəməsinin 09.02.1983-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası (SSR) Cinayət Məcəlləsinin 105-ci maddəsinə əsasən 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 23-1-ci maddəsinə əsasən cəza şərti hesab edilərək, islah işləri cəzası təyin edilmişdir. Bakı şəhər Məhkəməsinin 25.04.1983-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişiklik edilmədən saxlanılmışdır. Bakı şəhər Məhkəməsinin 01.08.1991-ci il tarixli qərarı ilə dövlət ittihamçısının protesti təmin edilmiş, Bakı şəhəri Oktyabr rayon Xalq Məhkəməsinin 09.02.1983-cü il tarixli hökmü ləğv edilmiş, cinayət işi əlavə araşdırma (istintaq) aparılması üçün Bakı şəhər Prokurorluğuna geri qaytarılmışdır. Sonradan cinayət işi Bakı şəhəri Oktyabr rayon Prokurorluğuna göndərilmiş və yuxarıda adı qeyd olunan baş müstəntiq tərəfindən 10 sentyabr 1991-ci il tarixdə icraata götürülmüşdür. 22 sentyabr 1982-ci il tarixdə baş vermiş hadisə ilə bağlı istintaq orqanı və məhkəmə hazırkı iş üzrə iddiaçının təqsirli olması nəticəsinə yalnız zərərçəkmişin və onun qohumunun ifadəsinə istinad edərək gəlmişlər. Halbuki, onlar işin gedişində maraqlı olan tərəflərdir. Polis əməkdaşları olan Məmmədov və Əzimov isə hadisənin birbaşa şahidi olmamışlar və bu səbəbdən, onların ifadələri mötəbər sübut hesab oluna bilməzlər. Digər şahidlər isə ifadələrində iddiaçının bu hadisəyə aidiyyətinin olmaması barədə təqsirləndirilən şəxsin ifadəsini təsdiq etmişlər. Bu səbəbdən, baş müstəntiq zərər çəkmiş şəxsin aldığı xəsarətlərin 22 sentyabr 1982-ci il tarixdə baş vermiş dava-dalaşda aldığı, lakin həmin xəsarətlərin iddiaçı tərəfindən yetirilmədiyi əsası ilə cinayət işi üzrə icraata xitam vermişdir. Digər materiallardan görünür ki, iddiaçı qeyd olunan hökm üzrə iddia ərizəsində qeyd etdiyi müddət ərzində əsassız yerə cəza çəkmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 20.000 (iyirmi min) manat məbləğində mənəvi ziyan tutulmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 20.000 (iyirmi min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 20.000 (iyirmi min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2699/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2699/2021
05.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver