Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2708/2022 17.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əzizova Şəbnur Rəfail qızının katibliyi, İddiaçı, Cavabdeh X4 iştirakı ilə İddiaçı cavabdeh X6 qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X6 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə 27 sentyabr 2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh X2 25.000 ABŞ dollarının ödəniş günü məzənnə üzrə manatla, 1.000 manat əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 1.030 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli 2(006)- 6546/2021 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli 2(006)- 2708/2022 saylı qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş, iş üzrə icraat təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə cavabdeh X7 qohumluq və tanışlıq münasibətində olduğu bir neçə şəxsin ali təhsil müəssisəsinə qəbul edilməsi üçün 2008-ci ildə 25.000 ABŞ dolları və 1.000 manat pul vermişdir. Belə ki, X8 ona özünün geniş əlaqələrə malik olduğunu bildirərək, ali məktəbə tələbə qəbul etdirə biləcəyinə inandırmışdır. Bununla əlaqədar olaraq ona qohumluq və tanışlıq münasibətlərində olduğu bir neçə şəxs müraciət edərək, övladlarının ali məktəbə qəbul edilmələrinə köməklik göstərməsini xahiş etmişlər. O, bu barədə X7 məlumat vermişdir. Burzü Barxudarov ona qeyd edilən məsələni həll edə biləcəyini və bu iş üçün lazım olan pulun məbləğini demişdir. Odur ki, ona müraciət edən şəxslərdən ümumilikdə 25.000 ABŞ dolları və 1.000 manat pul alaraq X7 vermişdir. Müəyyən müddət keçdikdən sonra məlum olmuşdur ki, Burzü Barxudarov verdiyi vədə əməl etməyib. Belə olan halda ona müraciət edən ayrı-ayrı şəxslər verdikləri pulu qaytarmasını tələb etmişlər. O, pul aldığı şəxslərin pullarını öz vəsaiti hesabına qaytarmışdır. Eyni zamanda, X3 verdiyi pulların geri qaytarılmasını tələb etmişdir. Lakin, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək pulları qaytarmaqdan imta etmişdir. Bir neçə il belə davam etdikdən və X5 pulu qaytarmaq istəmədiyindən əmin olduqdan sonra onun barəsində polis orqanlarına müraciət etmişdir. 24 oktyabr 2017-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi İstintaq Şöbəsinin baş müstəntiqi Famil Məsimov tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən cinayət işi başlanılmışdır. 18 aprel 2019-cu il tarixdə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi İstintaq Şöbəsinin baş müstəntiqi Famil Məsimov tərəfindən «sübutların qiymətləndirilməsi və cinayət işinin icraatına xitam verilməsi haqqında» qərar qəbul edilmişdir. Bakı şəhəri Nəsimi rayon prokuroru vəzifəsini icra edən Salman Məmmədlinin 27 may 2019-cu il tarixli rəyinə əsasən ********* saylı cinayət işinin icraatına Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci, 39.1.3 və 39.2-ci maddələrinə əsasən xitam verilməsinə dair Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi İstintaq Şöbəsinin baş müstəntiqi Famil Məsimovun 18 aprel 2019-cu il tarixli qərarı əsaslı hesab edilmişdir. İşin faktiki halları və iş üzrə toplanmış sübutlarla təsdiq edilir ki, iş üzrə cavabdeh X8 2008-ci ildə ondan bir neçə şəxsin ali məktəbə qəbul edilməsini təşkil etmək adı altında ümumilikdə 25.000 ABŞ dolları və 1.000 manat pul alıb. Lakin cavabdeh X8 öhdəsinə götürdüyü işləri yerinə yetirməyib və aldığı pulları qaytarmaqdan imtina edib. Bununla əlaqədar olaraq hüquq-mühafizə orqanlarına müraciət etmişdir. X1 barəsində cinayət işi başlanılsa da, sonradan «cinayət işinin icraatına xilam verilməsi haqqında» qərar qəbul edilmişdir. Bakı şəhəri Nəsimi rayon Prokurorunun 27 may 2019-cu il tarixli rəyinə əsasən həmin qərar əsaslı hesab edilmişdir. İbtidai istintaq zamanı cavabdeh X8 ondan 11.000 ABŞ dolları və 1.000 manat pul aldığını və həmin pulları geri qaytarmasını bildirmişdir. İbtidai istintaq zamanı cavabdeh X8 ondan 25.000 ABŞ dolları və 1.000 manat pul almasına dair yazılmış iltizamın özü tərəfindən yazılmasını inkar etmişdir. Belə olan halda iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının 06 iyul 2017-ci il tarixli 14833 saylı rəyinə əsasən qeyd edilən yazı X8 tərəfindən icra edilmişdir. Bundan sonra cavabdeh qeyd edilən yazılı etirafı ondan məcburi almağına dair yalan ifadə vermişdir İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X9 məhkəmə iclasında iddianı qəbul etmədi, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etdi və əlavə olaraq bildirdi ki, İddiaçı iddiası əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-6546/2021 saylı qiyabi qətnaməsi qəbul edilmiş və həmin qiyabi qətnamənin əsaslandırıcı hissəsində onun tərəfindən guya İddiaçı 25.000 ABŞ dolları məbləğində pulun alınması barədə olan qəbzdəki imzanın ona məxsus olması barədə ekspertin xx.xx.2017-ci il tarixli, 14833 saylı rəyi olmasına istinad edilmişdir. O, ümumiyyətlə iddiaçıya heç bir qəbz verməmişdir. Ona görə də, “Mən Fərhaddan 25.000 dollar və sayla 1.000 manat almışam. Burzu 10.09.12” yazısındakı imza heç vaxt ona məxsus ola bilməz. Polisdə araşdırma zamanı keçirilmiş həmin ekspertizadan onun ümumiyyətlə məlumatı olmamış və həmin ekspertizanın keçirilməsinə cəlb edilməmişdir. Ona görə də, bu ekspertiza tamamilə qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Nəsimi rayon Polis İdarəsinin İŞ-nin baş müstəntiqi polis kapitanı F,Məsimovun qəbul etdiyi xx.xx.2019-cu il tarixli «sübutların qiymətləndirilməsi və cinayət işinin icraatına xitam verilməsi haqqında» qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* saylı cinayət işi üzrə X9 barəsində cinayət təqibinə xitam verilmiş, X9 və İddiaçı barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. - Bakı şəhəri Nəsimi rayon prokuroru vəzifəsini icra ediən baş ədliyyə müşaviri Salman Məmmədlinin ********* saylı cinayət işi üzrə qəbul etdiyi rəydən görünür ki, cinayət işinin icraatına Azərbaycan Respublikasının CM-nin 39.1.2, 39.1.3 və 39.2-ci maddələrinə əsasən xitam verilməsinə dair Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi polis kapitanı F.Məsimovun qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarı əsaslıdır. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdeh X7 qohumluq və tanışlıq münasibətində olduğu bir neçə şəxsin ali təhsil müəssisəsinə qəbul edilməsi üçün 2008-ci ildə 25.000 ABŞ dolları və 1.000 manat pul verməsini, onun isə verdiyi vədə əməl etmədiyi üçün ona bununla əlaqədar müraciət edən ayrı-ayrı şəxslərin verdikləri pulu qaytarmasını tələb etdiklərinə görə pul aldığı şəxslərin pullarını öz vəsaiti hesabına qaytarmasına, eyni zamanda, X3 verdiyi pulların geri qaytarılmasını tələb etməsinə baxmayaraq cavabdehin hər dəfə müxtəlif bəhanələr gətirərək pulları qaytarmaqdan imtina etməsini göstərərək, eləcə də 24 oktyabr 2017-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi İstintaq Şöbəsinin baş müstəntiqi Famil Məsimov tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən başlanılmış cinayət işi üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 06 iyul 2017-ci il tarixli 14833 saylı rəyinə istinad edərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan 18 aprel 2019-cu il tarixdə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi İstintaq Şöbəsinin baş müstəntiqi Famil Məsimov tərəfindən «sübutların qiymətləndirilməsi və cinayət işinin icraatına xitam verilməsi haqqında» qərardan və Bakı şəhəri Nəsimi rayon prokuroru vəzifəsini icra edən Salman Məmmədlinin 27 may 2019-cu il tarixli rəyindən görünür ki, cinayət işinə əlavə edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 06 iyul 2017-ci il tarixli 14833 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş materialın 4-cü vərəqəsində yerləşən qəbzin üstndəki «Mən fərhaddan 25 min dollar və 1000 manat almışam Burzu 10.09.12» Bərxudar oğlu tərəfindən icra edilmişdir. Həmin qərar və rəydən həmçinin görünür ki, cinayət işinin materiallarına əsasən qeyd olunan hadisələr 2008-ci il tarixdə baş vermişdir. Belə olan halda X5 təqsirləndirilən şəxs qismində cəlb edilməsi müddəti bitmiş sayılır və onun barəsində Azərbaycan Respublikasının CM-nin 75.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir. İşin materiallarından görünür ki, iddiaçı hazırki iddia ilə xx.xx.2021-ci ildə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. - 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on ildir. - 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. - 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. - 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. - 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı 2008-ci ildə cavabdehə verdiyini qeyd etdiyi pul məbləğləri ilə bağlı keçən müddət ərzində (13 il) vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş iddia müddətini üzürsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə yalnız xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı qəbul edilmişdir. Həmin qərarda deyilir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Elə həmin qərarda deyilir: İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə iddiaçının məhkəmə-xətşünaslıq ekspertizasının 06 iyul 2017-ci il tarixli 14833 saylı rəyinə əsasən iddia müddətinin xx.xx.2012-ci il tarixdən hesablanmasına dair dəlilinə qiymət verərək hesab edir ki, iddiaçı iddia muddəti daxilində iddia ilə müraciət etməkdə sərbəst idi və onun 2017-ci ildə hüquq mühafizə orqanlarına müraciət etməsi və cinayət işi üzrə istintaqın davam etməsi iddia müddətinin axımına təsir etmir. Məhkəmə hesab edir ki, iddiaçının müvafiq subyektiv hüquqa malik olmaqla subyektiv hüququn pozulması və cavabdehin bu pozuntunu etməsinə baxmayaraq iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilsə də, iddia iddia müddətinin tətbiq edilməklə rədd olunmalıdır. Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh X6 qarşı «pul» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X6 qarşı «pul» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2708/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2708/2022
17.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver