Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2710/2025 16.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "vurulmuş maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "vurulmuş maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı istintaqı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılan cinayət işi üzrə guya AR Cinayət Məcəlləsinin 234.4.3-cü və 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmiş və həmin maddə ilə ona ittiham elan edilmişdir. İttiham həmin hissədə təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-136/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsiri sübuta yetirilmədiyindən həmin maddələr ilə ona bəraət verilmişdir. Barəsində seçilmiş «həbs» qismində qətimkan tədbiri ləğv edilmiş və dərhal məhkəmə iclas zalından azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-136/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilləri X1 və X2, habelə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis kapitanı X3 barəsində xüsusi qərar çıxarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 1(103)-890/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı qüvvəsində saxlanılmışdır. Bundan sonra Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1(102)-204/2025 saylı, xx.xx.2025- ci il tarixli qərarı ilə verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Hər üç instansiya məhkəməsi ədalətli araşdırma apararaq iddiaçının təqsirsiz olduğu qənaətinə gəlmişdir. 04 oktyabr 2022-ci il tarixdən 13 fevral 2024-cü ilədək cəmiyyətdən kənar, azadlığı məhdudlaşdırılaraq 3 saylı İstintaq Təcridxanasında saxlanılmışdır. Bu müddət isə 1 il 4 ay 13 günü əhatə edir. Həmin müddət ərzində cəmiyyətlə əlaqəsi kəsilmiş, gündəlik qazandığı gəlirlərdən tam məhrum olmuşdur. Azadlıqdan məhrum edilməmişdən öncə özünə məxsus olan avtomobillə “Bolt” taksi xidmətində çalışaraq təxminən gündəlik 50-70 manat məbləğində qazanc əldə edirdi. Bu isə bir ay ərzində ən azı 1500 manat qazanc mənasına gəlir. Azadlıqdan məhrum edildikdən sonra isə təbii ki, gəlir əldə elməyi mümkünsüz oldu. Buna görə də 16-17 aylıq bir müddətdə qazanc əldə etməyi mümkünsüz oldu. 17 aylıq bir müddətdə aylıq 2100 manat qazancdan məhrum edilməyi isə 35700 manat məbləğində müəyyən olunur. Odur ki, Azərbaycan Respublikası adından təqsirsiz hesab edilən bir şəxs kimi hesab edir ki, həmin müddət ərzində qazanc əldə edə bilmədiyi 35700 manat pul vəsaiti ona ödənilməlidir. Məhz yuxarıda adlarını sadaladığı şəxslərin etdiyi qanunsuzluqlar nəticəsində iddiaçı və ailəsi həm dərin mənəvi, həm də maddi sarsıntı keçirmişdir. Belə ki, ilk öncə iddiaçı ailə başçısıdır. Övladları, nəvələri mövcuddur. İddiaçı kimi zəhmətkeş, günlük ailəsinə qazanc gətirən bir şəxs olaraq ağır cinayət sayılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilək həbs edilməyi onun ləyaqətini alçaltmış, həbsdə olduğuna görə ailəsi isə mənəvi baxımdan məhv olmuşdur. Çünki ölkədə narkotiklərlə mübarizə ciddi şəkildə həyata keçirilir. Bir şəxsin narkotik vasitə sataraq başqa şəxsləri zəhərləməsi cinayət sayılır və mənəvi baxmıdan da cəmiyyətdə düzgün qarşılanmır. İddiaçı bir ailə başçısı olaraq belə bir ağır cinayətdə təqsirləndirilərək 17 aylıq bir müddətdə həbsdə saxlanılmışdır. Buna görə onu tanıyan şəxslər, o cümlədən dostları, yaxınları ondan uzaqlaşdılar. Həmin müddət ərzində həm maddi zərər, həm də mənəvi zərərə məruz qaldı. Həbsdə olduğu müddətdə və sonradan müalicələrlə əlaqədar tez-tez həkim müayinəsindən keçdi, dərmanlar aldı. Eyni zamanda, iddiaçıya hüquqi yardım göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər, məhkəmə iclasları zamanı çəkilmiş məhkəmə xərcləri, qanunsuz olaraq həbsdə saxlanıldığı müddət ərzində çəkilmiş digər xərclər ailəni maddi cəhətdən də sarsılmışdır. Belə ki, İbtidai istintaq və məhkəmə istintaqı dövründə ailəmizin maddi vəziyyəti ağır olmuş və ona görə də mərhum hüquqi müdafiəsini təşkil etmək üçün də borc almışdır. Borc alınmış maliyyə vəsaiti hesabına ona hüquqi yardım göstərilməsi üçün vəkillə müqavilə bağlamışdır. Hesab edilir ki, iddiaçının günahsız olaraq, törətmədiyi bir cinayət əməlinə görə cəza çəkməyinə görə ailəsinə vurulmuş mənəvi zərərin qarşılığı olan 50.00 manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq ona ödənilməlidir. Göstərilənlərə əsasən 35.500 manat maddi zərər və 50.000 manat mənəvi zərərə görə kompensasiya şəklində 85.500 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən tutularaq iddiaçıya tam həcmdə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. 3.Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi etiraz təqdim edərək, İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi”nə dair iddia tələbinin tam həcmdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən aydın olur ki, İddiaçı hüquqmühafizə orqanları tərəfindən AR Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işinin başlanılmasını və həbsdə saxlanılmasını qanunsuz hesab edərək bu əsasda ona vurulmuş ziyana görə maddi ziyanın əvəzi olaraq 35.500 manat pulun, mənəvi ziyanın əvəzi olaraq 50.000 manat pulun, ümumilikdə 85.500 manat məbləğində pulun Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi İddiaçı hüquq-mühafizə orqanlarının hərəkətləri ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikası Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən Azərbaycan Respublikasının Hərbi prokurorluğuna deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir sanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. Bununla yanaşı, iddiaçının maddi zərərə görə kompensasiya tələb etməsi də əsassız hesab edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə onun işləməsi, aylıq gəlir və qazancını sübut edəcək faktlar təqdim edilməmişdir. Bu baxımdan iddiaçının maddi zərərə görə kompensasiya tələb etməsi ağlabatan deyildir. Həmçinin, iddiaçının taksi fəaliyyəti ilə məşğul olmasını, həmin fəaliyyəti icra edən zaman hansı həcmdə gəlir əldə etdiyini, cinayət məsuliyyətinə cəlb olunduğuna görə gəlirinin hansı həcmindən məhrum olmasına dair mötəbər sübutlar işə əlavə edilmiş sənədlərdə mövcud deyildir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, əlavə suallara cavab olaraq hazırda da taksi fəaliyyəti ilə məşğul olduğunu, aylıq gəlirinin təqribən 1500-1700 manat olduğunu, 16 ay 9 gün həbsdə qaldığını, həbsdə olarkən döyüldüyünü, buna görə müalicə aldığını bildirmişdir. 6.Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və müstəqil tələb irəli sürməyən üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 7.Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-136/2024 saylı hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsiri sübuta yetirilmədiyindən təqsirsiz hesab edilərək, ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş və İddiaçı barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri ləğv edilərək, dərhal məhkəmə iclas zalından azad edilmişdir. Hökmün materiallarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə, saat 14:00-da tutulmuş, xx.xx.2022-ci il tarixli qərarla barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 9.Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)-890/2024 saylı qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-136/2024 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. 10.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 1(102)-204/2025 saylı qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-136/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət almış İddiaçı barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)-890/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. 11.Mülki işin materiallarına İddiaçı məxsus dövr üzrə aylıq hesabata dair çıxarışlar əlavə edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 12.Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdə tutulmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən iddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsiri sübuta yetirilmədiyindən təqsirsiz hesab edilərək, ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş və barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri ləğv edilərək, dərhal məhkəmə iclas zalından azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü, həmin hökm isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. 13.Hazırda iddiaçı ona 04 oktyabr 2022-ci il tarixdən 13 fevral 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddət üçün 50.000 manat məbləğində mənəvi zərərin və həbsdə olduğu müddət üçün isə aylıq gəlirlərindən məhrum olduğu üçün 35.500 manat məbləğində maddi ziyanın əvəzinin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 14.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 56.0, 56.0.5-ci maddələrinə əsasən qanunsuz həbs olunmuş və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilmiş, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılmış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. 57.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir; 58.2-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. 58.3-cü maddəsinə əsasən bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri müdafiəçiyə ödənilmiş pul məbləği və hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cəriməyə görə kompensasiya verilir. 15.«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. 16.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096, 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 17.«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 18.«Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxudqadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır 19.İddiaçı barəsində 04 oktyabr 2022-ci il tarixdən 13 fevral 2024-cü il tarixədək, yəni 16 ay 9 gün müddətinə qanunsuz olaraq cinayət işi üzrə icraat aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi nəticəsində ona qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır. 20.İddia tələbinin “maddi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı cinayət məsuliyyətinə cəlb edilməmişdən öncə özünə məxsus avtomobillə “Bolt” taksi xidmətində çalışaraq gündəlik 50-70 manat olmaqla, aylıq 1500-1700 məbləğində qazanc əldə etdiyini, həbsdə olduğu 17 aylıq müddət üçün qazancından məhrum olduğunu iddia edərək, ona dəymiş maddi zərərin əvəzi kimi 35.500 manat məbləğində pul tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı həqiqətən də barəsində cinayət işi başlanmamışdan öncə taksi fəaliyyəti ilə məşğul olmuş, barəsində qanunsuz aparılan cinayət işi üzrə əldə etdiyi aylıq gəlirlərindən məhrum olmuşdur. İş materiallarına əlavə edilən sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçının taksi fəaliyyəti ilə əlaqədar əldə etdiyi orta aylıq gəliri təxminən 1900 manat (2024-cü il üzrə əldə etdiyi aylıq gəlirlər üzrə-ümumi gəlirlər 6 aya bölünməklə) həcmində olmuşdur. Göründüyü kimi iddiaçı, qanunsuz və əsassız olaraq həbsdə saxlanılması nəticəsində isə 17 ay ərzində aylıq gəlirindən məhrum olmuşdur. Məhkəmə bu halda hesab edir ki, iddia tələbi maddi ziyanın tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 32.300 (1.900 manat x 17 ay = 32.300) manat məbləğində pul tutulmalıdır. 21.İddia tələbinin “mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə əlaqədar isə qeyd edilməlidir ki, işin mübahisəsiz halıdır ki, 17 aya yaxın müddət ərzində iddiaçı qanunsuz cinayət məsuliyyətinə cəlb edilməklə, tutulmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilməklə əsassız məhrumiyyətlərə məruz qalmışdır. Belə ki, onun barəsində xx.xx.2022ci il tarixdə seçilən həbs qətimkan tədbiri Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024cü il tarixli bəraət hökmü ilə ləğv edilmiş, iddiaçı dərhal məhkəmə iclas zalından azad edilmişdir. O, həmin müddət ərzində müəyyən məhrumiyyətlərə məruz qalmış, inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. 22.Odur ki, iddiaçıya barəsində qanunsuz aparılan cinayət işi üzrə və prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi ilə bağlı mənəvi zərər dəyməsi aşkardır. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərə görə kompensasiya ödənilməlidir. Eyni zamanda, məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. İddiaçıya dəymiş mənəvi zərərə görə tələb olunan məbləğdə deyil, 16.500 (on altı min beş yüz) manat həcmində kompensasiya ödənilməsini məhkəmə ağlabatan və ədalətli hesab edir. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 16.500 (on altı min beş yüz) manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir. 23.Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə 32.300 (otuz iki min üç yüz) manat məbləğində maddi ziyan və 16.500 (on altı min beş yüz) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir 24.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 25.Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 26.Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 27.Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 28.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə 32.300 (otuz iki min üç yüz) manat məbləğində maddi ziyan və 16.500 (on altı min beş yüz) manat məbləğində mənəvi zərər olmaqla, ümumilikdə 48.800 (qırx səkkiz min səkkiz yüz) manat məbləğində pul ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-2710/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2710/2025
16.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver