Məhkəmə qərarları › İş №2(006)-2711/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2711/2022

27.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2711/2022 27.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Cəmilə Ceyhun qızı, İddiaçı cavabdeh Akifə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Akifə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilən iddia ərizəsi və ona əlavə edilən sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulan qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən və ya dövlət rüsumunu ödəməkdən azad olunmasına əsas verən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Həmçinin iddia ərizəsində cavabdehin tam adı (soyadı və ata adı) qeyd edilməmiş və onun qeydiyyat ünvanı kimi ünvan 1araq, ərizəyə iddiaya baxılmasının Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ərazi yurisdiksiyasına aid olduğunu təsdiq edən zəruri sənədlər MAPS arayışı, şəxsiyyət vəsiqəsinin surəti və s.) əlavə edilmədiyindən iddiaçı tərəfindən Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Bu Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. Bu Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və həmçinin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, iddia ərizəsinin verilməsi zamanı MPM-nin tələblərinə riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Akifə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar