Məhkəmə qərarları › İş №2(006)-2715/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2715/2025

17.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2715/2025 17.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən başlanmış inzibati iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(010)-3145/2024 saylı qərarı ilə, Bakı şəhəri Binəqədi RPİ DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edildiyinə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verildiyinə görə, ona dövlət orqanlarının vəzifəli şəxslərinin günahı üzündən vurulmuş ziyanın 4 ay ərzində dövlət orqanlarına və məhkəməyə gedib-gəlmək üçün çəkdiyi 560 manat xərcin, rabitədən (poşt, teleqram, telefon və s.) istifadəyə çəkdiyi 300 manat xərcin, sahibkarlıq fəaliyyətindən itirdiyi qazanca görə (əldən çıxmış fayda) 6000 manat ziyanın və 4000 manat fiziki-mənəvi ziyanın, cəmi 10860 manatın, dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə ona məxsus, etibarnamə ilə idarə etdiyi “X5” markalı, ** DQ *** dövlət qeydiyyat nişanlı avtomobili hərəkət edərkən, saat təxminən 17:00 radələrində Binəqədi rayonunun inzibati ərazisində Rəsulzadə qəsəbəsindəki həyət evlərinin arasındakı yollarla hərəkət edərək Azadlıq prospektinə çıxan zaman Binəqədi RPİ DYPŞ-nin YPX inspektoru tərəfindən, Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.2-ci maddəsi ilə 3.1 “Giriş qadağandır” yol nişanını tələblərinin pozulması inzibati xətası ilə barəsində İXP ******* saylı inzibati xəta protokol (İXP) tərtib edilərək, TP ******* saylı qərarla 80 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Protokolun tərtib edilməsi və qərarın qəbul edilməsi onun iştirakı olmadan həyal keçirilmişdir. Əsassız və qanunsuz qəbul edildiyinə görə həmin qərardan Bakı şəhəri Suraxaı Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixli şikayət vermişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(010)-3145/202 saylı qərarı ilə Binəqədi RPİ DYPŞ-nin YPX inspektoru tərəfindən qəbul edilmiş TP 650172 saylı qərar ləğv edilmiş və başlanmış inzibati işə xitam verilmişdir. Qeyd etmişdir ki, qanunsuz tərtib edilmiş İXP-yə əsasən əsassız qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın məhkəmə qaydasında ləğv edilməsi üçün xeyli vaxt sərf edərək çox əziyyət çəkmiş, maddi və mənəvi ziyan çəkmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əsasən dövlət məmurunun günahı üzündən ona vurulmuş ziyan dövlət büdcəsi tərəfindən tam həcm ödənilməlidir. Qeyd etdiklərindən aydın olur ki, Bakı şəhəri Binəqədi RPİ DYPŞ-nin YPX inspektoru X1 tərəfindən barəsində tərtib edilmiş qanunsuz inzibati xəta haqqında protokola görə 4 ay ərzində 9 dəfə Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nə, 12 dəfə (hazırda da gedib-gəlir) Binəqədi Rayon Prokurorluğuna və Bakı Şəhər Prokurorluğuna, 7 dəfə Suraxanı Rayon Məhkəməsinə gedib-gəlməsindən və bu 4 ay müddət ərzində çoxlu sayda telefon danışığına, “Azərpoçt” vasitəsilə etdiyi müraciətlərə və eyni zamanda elektron müraciətlərə sərf etdiyi vaxt və çəkdiyi xərclərə görə xeyli miqdar maddi və mənəvi ziyan çəkmişdir, psixoloji sarsıntı keçirmişdir. Beləliklə, Bakı şəhəri Binəqədi RPİ DYPŞ-nin YPX inspektoru X1 tərəfindən barəsində tərtib edilmiş qanunsuz inzibati xəta haqqında protokola görə inzibati tənbeh tətbiq etmə haqqında qanunsuz, əsassız qərar qəbul edilib. Bu qərarın ləğv edilməsi üçün 4 ay müddət ərzində iş-gücünü atıb ancaq vaxtını bu qanunsuzluqların aradan qaldırılması üçün məhkəməyə, Bakı şəhəri Binəqədi RPİ DYPŞ-nə, Binəqədi Rayon Prokurorluğuna və Bakı Şəhər Prokurorluğuna gedib-gəlməyə sərf etmişdir. Hansıki, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan həmin vaxt ərzində xeyli miqdar qazanc əldə edə bilərdi. Bundan başqa, bu cür qanunsuzluqlara görə sağlamlığı pozulub, çoxlu əsəb keçirmiş, psixoloji sarsıntıya məruz qalmış, onu tanıyıb-bilənlər, dost-tanışlar, həmkarlar, qonşular arasında hətta onu qınayanlar da olmuşdur. Onların “sən bu ölkə məmurlarının qanunsuzluqlarını düzəldən deyilsən. get cəriməni ödə” demələrinə görə mənəvi cəhətdən sarsılmışdırm. Lakin, o, müstəqil dövlətin qanunlarına arxalanaraq bu qanunsuzluqlara qarşı mübarizələrini, mübahisələrini sonacan davam etdirməkdə qərarlı olmuş və sonda haqq-ədalət qalib gəlmişdir. İndi ona qarşı törədilmiş həmin haqsızlığa-ədalətsizliyə qiymət verilməsi üçün müstəqil Respublikanın müstəqil məhkəmələrinə güvənir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi etirazla (mülahizə) məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri Abşeron Rayon Polis İdarəsinin əməkdaşı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokol qərarını qanunsuz hesab edərək bu əsasda ona vurulmuş ziyana görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən mənəvi ziyanın əvəzi olaraq 4.000 manat, maddi zərər qismində 6.860 manat, ümumilikdə 10.860 manat məbləğində pul vəsaitinin cavabdeh Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd etmək istəmişdir ki, iddiaçının iddia etdiyi kimi yuxarıda göstərilmiş məbləğlərin hər hansı bir əsası sübut olaraq işin materiallarında göstərilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının iddia edərək təzminat qismində tələb etdiyi məbləğlərin reallığı isbat olunmadığı təqdirdə şübhəli və ağlabatan olmayan kimi qəbul edilə bilər. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçının iddia etdiyi maddi və mənəvi zərərlərin ona tətbiq edilmiş inzibati tənbeh tədbiri ilə birbaşa əlaqəsi yoxdur. İş materiallarından göründüyü kimi İddiaçı Bakı şəhəri Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş inzibati protokol haqqında qərarını əsas göstərərək maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi Maliyyə Nazirliyinə münasibətdə 3-cü şəxs qismində deyil, hüquq pozuntusunu törədən qurum qismində cavabdeh olaraq yönəltmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab etmişdir ki, həmin iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan AR Konstitusiyasının 68-ci və 146-cı maddəsinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Burdan da bir daha aydın oiur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Həmçinin AR Konstitusiyasının 127-ci və 129-cu maddələrinin tələblərinə görə isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlərin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, cavabdehin etirazını, məhkəmə iclasında araşdırılmış sübutları, iş materiallarında olan və təqdim edilən sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Dövlət X6 İddiaçı Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilməsinə dair İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokol əsasında qəbul edilmiş 23 may 2024-cü il tarixli, TP ******* nömrəli qərarı ləğv edilməklə işin icraatına xitam verilmişdır. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri Binəqədi Rayon Dövlət X7 tərəfindən tərtib edilmiş İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarını mübahisələndirməklə, həmin qərarın ləğvinə və inzibati iş üzrə icraata xitam verilməsinə nail olmuşdur. Məhkəmə İddiaçı barəsində qanunsuz olaraq protokol tərtib edilməisnə görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən iddiaçının ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq qısa müddətə də avtomobilinin duracaqda saxlanılması ilə ona mənəvi zərər vurulmuşdur. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.” Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin məbləğinin ağlabatan və ədalətli sayılması üçün 200 manat məbləğində müəyyən olunmalıdır. (Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi) Müəyyən edilmiş məbləğın hansı mənbədən ödənilməsinə dair cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Polis haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin 6-cı bəndinə əsasən şəxsin hüquqları, azadlıqları və qanuni mənafeləri polis əməkdaşları tərəfindən pozulduqda polis orqanı həmin şəxsin pozulmuş hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin bərpa olunması üçün zəruri tədbirlər görməyə, vurulan ziyanı ödəməyə borcludur. Qanunun həmin maddəsinin 7-ci bəndinə əsasən polis əməkdaşlarının qanuna zidd hərəkətləri nəticəsində vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunan qaydada ödənilir. Həmin Qanunun 39-cu maddəsinə əsasən polisin fəaliyyəti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, qanunla müəyyənləşdirilmiş qaydada bağlanmış müqavilələr əsasında, habelə dövlət və qeyri-dövlət fondlarının vəsaiti hesabına maliyyələşdirilir. Göründüyü kimi, polisin fəaliyyəti dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdiyindən polis əməkdaşlarının qanuna zidd hərəkətləri nəticəsində vurulmuş ziyanın mənbəyi kimi “dövlət büdcəsinin vəsaiti” çıxış edir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası” dövlətin adıdır, bu ifadə ilə dövlət nəzərdə tutulur, dövlətin maliyyə sahəsində səlahiyyətlərini isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir. “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamə”nin 1-ci bəndinə görə, Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə iddia tələbinin “6000 manat əldən çıxmış fayda, 560 manat nəqliyyat və 300 manat rabitə xərclərinin tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. İddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il). Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Məhkəmə qeyd edir ki, iddiaçı sahibkarlıq fəaliyyəti nəticəsində əldə etdiyi qazancı barədə məlumatı məhkəməyə təqdim etməmiş, əldən çıxmış fayda olaraq ona dəymiş 6000 manat ziyanı heç bir əsasla sübuta yetirə bilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının inzibati cərimənin aradan qaldırılması üçün iddiada qeyd etdiyi müddət ərzində onun qazanc əldə edə bilməsi üçün maneə və məhdudiyyətlərin nədən ibarət omasına dair əsaslı sübutlar təqdim edə bilməmişdir. Odur ki, onun dəlilləri tamamilə əsassız olmaqla qeyd edilən hissədə iddia təmin edilə bilməz. Məhkəmə iddiaçı tərəfindən rabitə xərclərinə görə vurulmuş ziyanın 300 manat dəyərində qiymətləndirməsini əsaslı saymır. Belə ki, iş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, iddiaçı tərəfindən poçt xidmətinə cəmi 11.95 manat xərc çəkilmişdir. Telefon danışıqlarının məsrəfi barədə sübutlar təqdim edilmədiyindən, məhkəmə mübahisənin xarakterini inzibati xəta üzrə icraat və məhkəmə icraatının prosessual qaydalarını nəzərə alaraq ümumilikdə rabitə xərclərinin əvəzi olaraq vurulmuş maddi ziyanın 20 manat qiymətləndirilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə dövlət orqanlarına gediş-gəliş məsrəfi kimi 560 manat tutulmasını da əsaslı saymır. İddia ərizəsində Suraxanı Rayon Məhkəməsinə 7 dəfə, Binəqədi RPİ-yə 9 dəfə, Binəqədi Rayon Prokurorluğuna 12 dəfə getməsini qeyd etmiş, buna dair sübut isə yalnız onun izahatından ibarət olmuşdur. Məhkəmə sözügedən məsələ ilə bağlı konkret sübutun mövcud olmamasını və iddiaçının tələb etdiyi məbləğin real olmamaqla, həmin məbləğin hesablanması yalnız onun mülahizələrindən ibarət olmasını nəzərə alaraq hesab edir ki, hüquqlarını qorumaq məqsədi ilə 7 dəfə (məhkəmə iclasında ifadə etdiyi izahına əsasən Suraxanı Rayon Məhkəməsinə 3 dəfə getmişdir, hazırkı icraat üzrə 4 dəfə gəlmişdir) Məhkəməyə gediş-gəliş üçün ümumilkidə 50 manat hesablanması ədalətli və ağlabatandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 200 manat məbləğində mənəvi zərərin əvəzi, 70 manat maddi ziyanın əvəzi ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 200 manat məbləğində mənəvi və 70 manat məbləğində madi zərərin əvəzi ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar