Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2717/2023 28.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, telefon üçün ödədiyi 3000 manat, cavabdehin hərəkəti nəticəsində iddiaçıya dəymiş mənəvi zərərin əvəzi kimi 1000 manat pulun ödənilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı “Telefon Univermağı” mağazasından xx.xx.2022-ci il tarixində “iPhone 14 Pro Max” markalı mobil telefon satın almış, işlək vəziyyətə gətirdikdən sonra telefonun ekran hissəsində xətt getməyə başlamış və iddiaçı dərhal bu barədə mobil telefonu aldığı mağazaya müraciət etmişdir. İddiaçıya təqdim olunmuş zəmanət talonunda qeyd edilmişdir ki, zəmanət talonu mobil telefonun satış tarixində talonda göstərilmiş müddətdə istehsalçının səhvindən yaranmış nasazlıqların pulsuz təmirini təmin edir. Zəmanətli talonun təmiri mümkün olmadıqda, telefon analoji modellə dəyişdirilir. İddiaçı zəmanət talonunda qeyd edilən müddəti keçirmədən dəfələrlə müraciət etməsinə baxmayaraq, nə mobil telefonda təmir işləri həyata keçirilmiş, nə də analoji modellə dəyişdirilmişdir. “Telefon Univermağı” mağazasının Cavabdeh2 adlı işçisi iddiaçını dəfələrlə aldadaraq, guya Dubaya yeni telefon ekranı sifariş verdiyini və gələn kimi ekranı dəyişdirəcəyini bildirsə də, artıq 2 (iki) aydır ki, heç bir hərəkət yoxdur. İddiaçı bununla bağlı şikayət edəcəyini bildirdikdə Cavabdeh2 mağazanın sahibi Cavabdeh1 da bu işdən məlumatlı olduğunu və hara istəyirsə, şikayət etməsini bildirmişdir. Halbuki, cavabdeh (satıcı) iddiaçıya təqdim etdiyi zəmanət talonunda göstərildiyi müddətdə ya mobil telefonu təmir etməli, ya da analoji modellə təmin etməli idi. Lakin iddiaçı dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh (satıcı) öz üzərinə düşən vəzifələrini aşkar surətdə yerinə yetirməkdən boyun qaçırmışdır. İddiaçı (vəkili-nümayəndəsi Vəkil) “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada telefonun alışı üçün ödənilmiş 3450 manatın və vurduqları mənəvi zərərə görə 200 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəməyə gəlməmiş, vəkili-nümayəndəsi Vəkil “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, məhkəmən baxış iclasının onların iştirakı olmadan keçirilib, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyib, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin ərizəsini nəzərdən keçirib, cavabdehi dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Cavabdeh1 “Telefon Univermağı” mağazasında satıcı Yaqub tərəfindən xx.xx.2022-ci il tarixdə alıcı İddiaçı **********34475 seriya nömrəli “iPhone 14 Pro Max 256 GB” telefona 1 il müddətinə zəmanət verilmişdir. Zəmanət talonunda qeyd edilmişdir ki, zəmanətli telefonun təmiri mümkün olmadıqda, telefon analoji modellə dəyişdirilir. “iSpace Service Center” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sənəddən görünür ki, **********34475 seriya nömrəli “iPhone 14 X2 256 GB-İTS” markalı mobil telefona dair “cihaz diaqnostika olundu, bizim regoin deyil, display dəyişilməlidir, istehsal qüsurudur” yazılmışdır. Mədaxil qəbzlərindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 60 (altmış) manat rüsum ödənilmişdir. İş üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparılması məqsədi ilə xüsusi bilik tələb edən sualları izah etmək zərurəti olduğundan məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə kompüter-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, ekspertizaların keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5/1068-9/5939 nömrəli 19 sentyabr 2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki:
1. Təqdim edilmiş sensor ekran və “İOS” əməliyyat sistemi ilə təchiz olunmuş “iPhone 14 Pro Max” markalı “A2896” modelli “**********34475, **********47392” imei kodlu mobil smartfon təhqiqat zamanı işlək vəziyyətə gətirildi və bu zaman mobil cihazın ekranının orta hissəsində düz xət boyunca bir xəttin yaranması müşahidə olundu.
2. Rəyin “tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə görə ekspertiza qarşısında qoyulmuş – “Seriya nömrəsi (İMEİ kodu) **********34475 olan “iPhone 14 X2 256GB-İTS” mobil telefonda hər hansı qüsur müəyyən edilirmi (iş materiallarında (səhifə 4-5) olan “iSpace Service Center” tərəfindən verilmiş arayışlar nəzərə alınmaqla)?”, “Telefonda qüsur olduğu təqdirdə, həmin qüsurun səbəbi nə olmuşdur? İstehsal qüsurudur, yoxsa istehlakçı tərəfindən istifadə zamanı yaranmışdır (yerə/suya düşüb, zərbə alıb və s.)” və “Qüsurun aradan qaldırılması mümkündürmü?” məzmunlu suallar üzrə təhqiqat aparılmadı. Ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd iPhone 14 Pro Max markalı mobil telefon aparatının normal vəziyyətdə satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadə olunduğunu nəzərə alaraq 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən 2750,00 manat müəyyən olunur. Ekspertizanın təyini haqqında qərardadda ekspertiza qarşısında qoyulmuş – “Seriya nömrəsi (İMEİ kodu) **********34475 olan “iPhone 14 X2 256GB-İTS” mobil telefonda hər hansı qüsur müəyyən edilirmi (iş materiallarında (səhifə 4-5) olan “iSpace Service Center” tərəfindən verilmiş arayışlar nəzərə alınmaqla)?”, “Telefonda qüsur olduğu təqdirdə, həmin qüsurun səbəbi nə olmuşdur? İstehsal qüsurudur, yoxsa istehlakçı tərəfindən istifadə zamanı yaranmışdır (yerə/suya düşüb, zərbə alıb və s.)” və “Qüsurun aradan qaldırılması mümkündürmü?” məzmunlu suallar məhkəmə iqtisad ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid deyildir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekpsertiza təqdiqatının dəyəri 100 manat təşkil edir. İddiaçı tərəfindən mübahisələndirildiyindən və işin obyektiv araşdırılması üçün zərurət olduğundan Bakı şəhəri Nəsmi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməklə ekspertiza qarşısında “Seriya nömrəsi (İMEİ kodu) **********34475 olan “iPhone 14 X2 256GB-İTS” modelli mobil telefonun yenisinin 2022-ci ilin oktyabr ayına orta bazar qiyməti nə qədər təşkil etmişdir?” sualı qoyulmuşdur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8402 nömrəli 05 dekabr 2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, ekspertiza təyini haqqında qərardadda göstərilən 1 ədəd İMEİ kodu **********34475 olan, “iPhone 14 X2 256 GB-İTS” markalı mobil telefonun yeni vəziyyətdə komplektləşdirilməsinə daxil olan aksesuarları ilə birlikdə 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 3450.00 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekpsertiza təqdiqatının dəyəri 50 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, İddiaçı xx.xx.2022-ci ildə Cavabdeh1 məxsus “Telefon Univermağı” mağazasında satıcı Cavabdeh2 “İphone 14 Pro Max 256 GB” markalı mobil telefon almış, ona telefona dair 1 illik zəmanət talonu verilmişdir. Mobil telefonun ekranında xətt yaranmış, iddiaçı bu qüsurla bağlı əvvəlcə cavabdehlərə müraciət etmiş, Cavabdeh2 təmirin mümkün olduğunu bildirərək, Dubaydan yeni telefon ekranı sifariş verdiyini və gələn kimi dəyişəcəyini bildirmişdir. İddiaçı telefondakı qüsurun aradan qaldırılması məqsədilə servis mərkəzinə müraciət etsə də, mərkəz tərəfindən verilmiş sənəddə bunun istehsal qüsuru olduğu, displeyin dəyişilməli olması ona bildirilmişdir. Cavabdeh1 adından “telefonun təmiri mümkün olduqda təmir edilməsi, olmadıqda isə analoji telefonla dəyişdirilməsi” ilə bağlı iddiaçıya verilmiş zəmanət onun tərəfindən yerinə yetirilməmiş, son müraciəti zamanı ona müvafiq orqanlara şikayət etmək hüququ olduğu bildirilmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda iddiaçı telefonu almaq üçün ödədiyi 3450 manatın və dəymiş mənəvi zərərə görə 200 manatın cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini, Cavabdeh2 iddianı qəbul etməyərək, telefonda yaranmış qüsurun iddiaçının istifadəsi zamanı onun tərəfindən edilmiş hərəkət (sıxılma, yerə düşmə və s.) nəticəsində əmələ gəldiyini, telefonun hansı qiymətə satılmasını xatırlamadığını bildirib, iddianın təmin edilməməsini xahiş edirlər. Digər Cavabdeh1 dəfələrlə qanuna müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə çağırışlarına məhəl qoymamış, məhkəməyə gəlməkdən boyun qaçırmışdır. Göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı tərəfindən aldığı əşyada qüsur aşkar edilmiş və bu barədə cavabdehlərə məlumat verilmiş, cavabdehlər isə bu barədə zəmanət vermələrinə baxmayaraq, qüsurun aradan qaldırılması üçün hər hansı tədbir görməmişlər. Telefonda yaranmış qüsurun istehsal qüsuru olması ilə bağlı iddiaçı tərəfindən müvafiq servis mərkəzinin yoxlamanın nəticəsi barədə sənədi məhkəməyə təqdim edilmiş, Cavabdeh2 isə qüsurun iddiaçının istifadəsi zamanı yarandığını mübahisələndirdiyindən məhkəmə tərəfindən qüsurun mənşəyinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilsə də, ekspert tərəfindən bu barədə rəy verilməsi mümkün olmamışdır. Məhkəmə qanunvericiliyə müvafiq olaraq sübutetmə yükünü tərəflərin daşımasını nəzərə alaraq qeyd edir ki, iddiaçı tərəfindən telefonda yaranmış qüsurun istehsal qüsuru olmasına dair sənəd məhkəməyə təqdim edilərək onun iddia etdiyi məsələ məhkəmədə müvafiq qaydada sübuta yetirilsə də, cavabdeh qüsurun iddiaçının istifadəsi zamanı yaranması barədə öz dəlilini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, iddiaçının təqdim etdiyi sənədə müvafiq olaraq telefonda yaranmış qüsur istehsal qüsurudur. Qüsurun aradan qaldırılması təmirlə mümkün olduğundan (displey dəyişilməlidir), iddiaçı cavabdehlərin telefonu təmir etməsini gözləməkdə haqlı olmuşdur. Lakin cavabdehlər öz öhdəliklərini yerinə yetirməmişdir. Buna görə də iddiaçı telefonu almaq üçün ödədiyi 3450 manat məbləğində pulun ona qaytarılması ilə bağlı tələblə məhkəməyə müraciət etmiş, tələb üzrə aparılan araşdırma zamanı tərəflər məhkəməyə heç bir qəbz təqdim etmədiyindən və cavabdeh A.Yaqub telefonun satış qiymətini xatırlamadığını bildirdiyindən, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, iddiaçının telefonu aldığı 2022-ci ilin oktyabr ayında həmin telefonun orta bazar qiyməti 3450 manat olmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh2 telefonun satılmasında iştirak etsə də, əşyanın rəsmi satıcısı digər Cavabdeh1 olmuşdur. Belə ki, iddiaçıya verilən zəmanət talonu Cavabdeh1 adı və VÖEN-nin olduğu möhürlə təsdiqlənmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, əsl satıcı Cavabdeh1 olmuş, digər Cavabdeh2 isə Cavabdeh1 məxsus mağazada prosesi həyata keçirən şəxs olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh2 əsl cavabdeh olmadığından, iddia ona münasibətdə təmin edilməməlidir. İddia tələbinin “telefon üçün ödənilmiş 3450 manat pulun qaytarılması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Cavabdeh1 iddiaçıya satılmış məhsul barədə zəmanət talonu verməsinə baxmayaraq, ona lazımi keyfiyyətli olmayan əşya verdiyindən, eyni zamanda, iddiaçı tərəfindən qüsurun aradan qaldırılması məqsədilə ona müraciət edilməsinə baxmayaraq, iddiaçıya qarşı olan vəzifəsini yerinə yetirmədiyindən məhkəmə hesab edir ki, Cavabdeh1 3450 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin “mənəvi zərərin ödənilməsi” hissəsi ilə bağlı məhkəmə hesab edir ki, Cavabdeh1 yuxarıda göstərilən hərəkəti və hərəkətsizliyi nəticəsində iddiaçıya mənəvi zərər vurulmuşdur. Belə ki, iddiaçı məsələnin həlli ilə bağlı müraciət etməsinə baxmayaraq, Cavabdeh1 bu istiqamətdə heç bir addım atmamış, məsələnin həll edilməsi üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu hal iddiaçının şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla, onun stress yaşamasına səbəb olmuşdur. İddiaçı ona dəymiş mənəvi zərəri 200 manat məbləğində qiymətləndirir. Məhkəmə işin bütün diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 200 manat məbləğində qiymətləndirilməsi ağlabatan və ədalətlidir. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, mənəvi zərərə görə 200 manat məbləğində pul Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı normalarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-21.2-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 567-ci madəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 581.1 və 581.2-ci maddələrinə görə satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 581.4-cü maddəsinə görə satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. 582.1-ci maddəsinə əsasən satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. 582.2-ci maddəsinə görə alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. 587.2-ci maddəsinə görə əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin və ya lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3-587.4-cü maddələrinə görə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. 588.1-ci maddəsinə görə əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 588.2-ci maddəsinə görə satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 7.1-ci maddəsinə görə istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: - lazımi keyfiyyətli mala dəyişdirməyi; - satış qiymətini uyğun məbləğdə azaltmağı; - malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; - malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; - müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. 7.3-cü maddəsinə görə istehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. İstehlakçının malı dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir. Göstərilən müddət ərzində malı dəyişdirmək mümkün olmadıqda, istehlakçı satıcı (istehsalçı) qarşısında bu maddənin birinci bəndinin ikinci, üçüncü, dördüncü və beşinci abzaslarında nəzərdə tutulmuş digər tələblərin yerinə yetirilməsini tələb edə bilər. 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər işin faktiki halları iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşırsa, iddia təmin edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.1-ci maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş materiallarında olan 19 sentyabr 2023-cü il tarixli ekspert rəyi ilə ona görə razılaşmır ki, telefonun istifadədə olması və aksesuarlarının olmaması nəzərə alınaraq həmin ekspert rəyi ilə telefonun qiymətinin 2022-ci ilin oktyabr ayına 2750 manat olması müəyyən edilmişdir. Halbuki, iddiaçı telefonu aksesuarsız əldə etmiş, həmçinin, 2022-ci ilin oktyabr ayında telefon hələ iddiaçı tərəfindən alınmışdır, buna görə də telefonun istifadədə olması nəzərə alınaraq belə rəyin verilməsi düzgün olmamışdır. Çünki telefonun istifadədə olması nəzərə alınaraq verilən rəy faktiki olaraq onu göstərir ki, telefonun köhnəlmə dərəcəsi hesablanmış və telefon cari tarixə qiymətləndirilmişdir. Lakin məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş sual telefonun 2022ci ilin oktyabr ayına olan qiymətinin müəyyən edilməsi məzmununda olmuşdur. Eyni zamanda, məhkəmə 05 dekabr 2023-cü il tarixli ekspert rəyinə münasibətdə qeyd edir ki, həmin ekspert rəyində telefon komplektə daxil olan aksesuarlarla birlikdə qiymətləndirilsə də, hamıya bəlli olan haldır ki, “Apple” markasından olan “iPhone” markalı telefonlar aksesuarsız satılır. Buna görə də sözügedən ekspert rəyinin məhz həmin hissəsi ilə məhkəmə razılaşmır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz mülahizəsinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, yəni Cavabdeh1 münasibətdə iddia təmin edilməli, Cavabdeh1 3450 (üç min dörd yüz əlli) manat, mənəvi zərərə görə 200 (iki yüz) manat olmaqla, cəmi 3650 (üç min altı yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə, yəni Cavabdeh2 münasibətdə isə təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia Cavabdeh1 münasibətdə təmin edildiyindən, 60 manat məbləğində dövlət rüsumu ondan tutularaq iddiaçıya ödənilməli, həmçinin, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 115.0 və 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh1 3450 (üç min dörd yüz əlli) manat, mənəvi zərərə görə 200 (iki yüz) manat, cəmi 3650 (üç min altı yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh1 alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova