Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2726/2022 11.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əzizova Şəbnur Rəfail qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Dövlət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun haqqında heç bir hüquqi əsas olmadan, tam qanunsuz, qəsdən saxtalaşdırılmış sübutlar əsasında cinayət işinin başlanılması, onun günahsız həbsə alınması, heç bir günahı olmadığı halda qanunsuz həbsdə saxlanılması, barəsində heç bir qanuni əsas olmadan cinayət işinin aparılması, onun tam haqsız cinayət təqibinə məruz qalması, onun hər hansı bir cinayət əməlinin törədilməsində heç bir günahının olmamasına baxmayaraq, qanunsuz olaraq, cinayət məsuliyyətinə cəlb edilməsi nəticəsində, ona dəymiş böyük fiziki, maddi və mənəvi ziyanların ümumi məbləği kimi qiymətləndirildiyi; ona tam qanunsuz cinayət məsuliyyətinə cəlb olunması və heç bir əsas olmadan, 22 dekabr 2018-ci il tarixdən 19 aprel 2021-ci il tarixə kimi həbsdə saxlanılması nəticəsində dəymiş maddi və mənəvi ziyanlar: 1. Onun məhrum olduğu gəlirlər 40.000 manat; 2. Onun həbsdə saxlanıldığı müddətdə çəkilmiş xərcləri, o cümlədən müdafiəçiyə göstərdiyi xidmətlərə görə ödədiyi pul məbləği, cəmi 35.000 manat; 3. Ona dəymiş mənəvi ziyanın məbəği 500.000 manat olmaqla, cəmi 575.000 manat təşkil edən kompensasiya məbləğinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulub alınaraq, ona ödənilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə 575.000 manat məbləği təşkil edən kompensasiya məbləğinin ödənilməsinin vəzifə öhdəliyinin qoyulması, eyni zamanda, azadlıqdan məhrum edildiyi, yəni həbsdə olduğu müddətin iş stajına daxil olunması - hesablanması ilə bağlı öhdəliyin Azərbaycan Respublikası Dövlət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə bir öhdəlik kimi qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, həm iddia tələbinin həcmini azaltmış, həmçinin Azərbaycan Respublikası Dövlət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavabdehlər sırasından çıxarılmasını, onun haqqında heç bir hüquqi əsas olmadan, tam qanunsuz, qəsdən saxtalaşdırılmış sübutlar əsasında cinayət işinin başlanılması, onun günahsız həbsə alınması, heç bir günahı olmadığı halda qanunsuz həbsdə saxlanılması, barəsində heç bir qanuni əsas olmadan cinayət işinin aparılması, onun tam haqsız cinayət təqibinə məruz qalması, onun hər hansı bir cinayət əməlinin törədilməsində heç bir günahının olmamasına baxmayaraq, qanunsuz olaraq, cinayət məsuliyyətinə cəlb edilməsi nəticəsində, ona dəymiş böyük fiziki, maddi və mənəvi ziyanların ümumi məbləği kimi qiymətləndirildiyi; ona tam qanunsuz cinayət məsuliyyətinə cəlb olunması və heç bir əsas olmadan, 22 dekabr 2018-ci il tarixdən 19 aprel 2021-ci il tarixə kimi həbsdə saxlanılması nəticəsində dəymiş maddi və mənəvi ziyanlar: 1. Onun məhrum olduğu gəlirlər 40.000 manat; 2. Onun həbsdə saxlanıldığı müddətdə çəkilmiş xərcləri, o cümlədən müdafiəçiyə göstərdiyi xidmətlərə görə ödədiyi pul məbləği, cəmi 35.000 manat; 3. Ona dəymiş mənəvi ziyanın məbəği 500.000 manat olmaqla, cəmi 575.000 manat təşkil edən kompensasiya məbləğinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulub alınaraq, ona ödənilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə 575.000 manat məbləği təşkil edən kompensasiya məbləğinin ödənilməsinin vəzifə öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2(006)- 2726/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə münasibətdə “azadlıqdan məhrum edildiyi, yəni həbsdə olduğu müddətin iş stajına daxil olunması - hesablanması ilə bağlı öhdəliyin Azərbaycan Respublikası Dövlət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə bir öhdəlik kimi qoyulması barədə” iddia tələbindən imtinası qəbul edilərək, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 22 dekabr 2018-ci il tarixdə ibtidai araşdırılması Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən aparılan ********* saylı cinayət işi üzrə şübhəli şəxs kimi tutulmuş və onun barəsində «həbs» qətimkan tədbiri seçilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 may 2019-cu il tarixli 1(089)-61/2019 saylı hökmünə əsasən, o, Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-ci maddələri ilə təqsirli bilinib, 8 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 may 2019-cu il tarixli 1(089)-61/2019 saylı hökmü tam qeyriobyektiv, qanunsuz və əsassız olduğundan, o, qeyd olunan hökmdən apellyasiya şikayəti vermişdir. X3 Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli 1(106)-495/2019 saylı yekun qərarına əsasən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 may 2019-cu il tarixli 1(089)- 61/2019 saylı hökmü dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Onun verdiyi kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 oktyabr 2020ci il tarixli 1(102)-798/2020 saylı qərarına əsasən, Şirvan Apellyasiya Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli 1(106)-495/2019 saylı yekun qərarı ləğv olunaraq, cinayət işi baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinin baxışına təyin olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 1(106)-250/2021 saylı yekun qərarına görə, ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən, təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş, o, dərhal məhkəmə zalından həbsdən azad olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 1(102)-1413/2021 saylı qərarına əsasən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 2.34.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi haqqında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2021-ci il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi əməkdaşlarının qanunsuz hərəkətləri, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 may 2019-cu il tarixli 1(089)-61/2019 saylı hökmü və Şirvan Apellyasiya Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli 1(061)-495/2019 saylı yekun qərarı nəticəsində, o, 22 dekabr 2019-cu il tarixdən 19 aprel 2021-ci il tarixə kimi qanunsuz azadlıqdan məhrum olunmuş, bütün ətrafında, yaşayış yerində və dost-tanışlar içərisində cinayətkar şəxs kimi tanınmağa başlamışdır. Onun haqqında qanunsuz cinayət təqibi aparılması nəticəsində, ona maddi, mənəvi ziyan dəymişdir. Buna görə də, o, nəinki maddi, eyni zamanda, qohum, qonşu və ətraf içərisində ona ağır mənəvi zərər vurulmuşdur. Onun qanunsuz olaraq, cinayət məsuliyyətinə cəlb olunması və həbsdə saxlanılması nəticəsində ona ağır mənəvi ziyan dəymiş, sağlamlığını tamamilə itirmiş, lakin pulsuzluğuna görə müalicə belə ala bilməmişdir. O, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsindən xahiş edir ki, onun haqqında heç bir hüquqi əsas olmadan, tam qanunsuz, qəsdən saxtalaşdırılmış sübutlar əsasında cinayət işinin başlanılması, onun günahsız həbsə alınması, heç bir günahı olmadığı halda qanunsuz həbsdə saxlanılması, barəsində heç bir qanuni əsas, heç bir sübut olmadan cinayət işinin aparlması, onun tam haqsız cinayət təqibinə məruz qalması, onun hər hansı bir cinayət əməlinin törədilməsində heç bir günahının olmamasına baxmayaraq, qanunsuz olaraq, cinayət məsuliyyətinə cəlb olunması nəticəsində, ona dəymiş böyük fiziki, maddi və mənəvi ziyanların ümumi məbləği kimi qiymətləndiridiyi, onun tam qanunsuz cinayət məsuliyyətinə cəlb olunması və heç bir əsas olmadan, 22 dekabr 2018-ci il tarixdən 19 aprel 2021-ci il tarixə kimi həbsdə saxlanılması nəticəsində dəymiş maddi və mənəvi ziyanlar, onun məhrum olduğu gəlirlər, 40.000 manat, onun həbsdə saxlanıldığı müddətdə çəkilmiş xərcləri, o cümlədən müdafiəçiyə göstərdiyi xidmətlərə görə ödədiyi pul məbləği, cəmi 35.000 manat, ona dəymiş mənəvi ziyanın məbləği 500.000 manat, cəmi 575.000 Azərbaycan manatı təşkil edən kompensasiya məbləğinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulub alınaraq, ona ödənilməsi ilə bağlı - cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə 575.000 Azərbaycan manat məbləği təşkil edən kompensasiya məbləğinin ödənilməsinin vəzifə öhdəliyinin qoyulması barədə qətnamə çıxarılsın. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X4 tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraz təqdim edilərək bildirilmişdir ki, iddia tələbi əsaslı olmadığından rədd edilməlidir. İddiaçı iddia ərizəsində maddi ziyana görə 75.000 manat, mənəvi ziyana görə 500.000 manat, cəmi 575.000 manat məbləğində vəsaitin ona ödənilməsini tələb etmişdir. İlk növbədə bildirirlər ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası (konkret dövlət büdcəsi nəzərdə tutulmamışdır) qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Digər tərəfdən Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən isə təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Bu baxımdan, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosessinə cəlb olunması məqsədəmüvafiqdir. Bununla bağlı qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxslərin məhkəməyə cəlb edilməsi barədə vəsatət məhkəməyə təqdim olunmuşdur. Mənəvi ziyanın vurulması ilə bağlı bildiririk ki, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Hesab edirlər ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli 8 nömrəli Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıdan qeyd olunan Qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə - üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə - yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə - əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə - on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. İndiki halda isə iddiaçı tələb etdiyi mənəvi zərərin miqdarını heç bir meyara söykənmədən şəxsi istəyi ilə müəyyən etmişdir və ağlabatan deyildir. Bu baxımdan onun faktlara və sübutlara deyil şəxsi mülahizələrinə söykənən bu iddiası təmin edilə bilməz. Bununla yanaşı iddia ərizəsində iddiaçı mərhum olduğu gəlirlərə, çəkilmiş xərclərə və müdafiəçiyə ödədiyi pula görə kompensasiya tələb etsə də, ona maddi zərər dəyməsi barədə məhkəməyə təsdiqedici sənəd təqdim etməmişdir. Bu səbəbdən də iddiaçının maddi ziyana görə tələbi də əsassız sayılmalıdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə uyğun olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandırılan halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçının Maliyyə Nazirliyi tərəfindən maddi və mənəvi zərərə məruz qaldığını sübut edən hallar mövcud deyildir. Bu səbəbdən, İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia tələbinin rədd edilməsi barədə müvafiq qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməlsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2019-cu il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, CM-nin 206.3.2-ci maddəsi ilə 6 il müddətinə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 il 6 ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 22 dekabr 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 03 dekabr 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya şikayətinə əlavə təmin edilməmiş, hökm isə dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli qərarı ilə İddiaçı barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmiş və cinayət işi baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 19 aprel 2021-ci il tarixli hökmü ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə təmin edilmiş, cinayət işi üzrə yeni hökm çıxarılmış, İddiaçı Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən, yəni təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 07 dekabr 2021-ci il tarixli 1(102)-1413/2021 saylı qərarı ilə kassasiya protesti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 19 aprel 2021-ci il tarixli hökmü dəyişiklik edilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət ərzində, yəni təxminən 28 ay müddətində əsassız yerə cəza çəkmiş, həbsdə saxlanılmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qeyd olunan hissədə qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 28.000 (iyirmi səkkiz min) manat məbləğində mənəvi ziyan tutulmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 28.000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 28.000 (iyirmi səkkiz min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı ona maddi ziyan vurulmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 28.000 (iyirmi səkkiz min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2726/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2726/2022
11.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver