Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2731/2021 26.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X8 qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı, “xxxx” Mənzil Tikinti Koorperativi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı, “xxxx” MTK mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə «maddi və mənəvi zərərin ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh maddi zərərin əvəzi kimi 8000 (səkkiz min) manat, mənəvi zərərin əvəzi kimi 5000 (beş min) manat, cəmi 13000 (on üç min) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanında “xxxx” MTK tərəfindən inşa edilmiş binanın 11-ci mərtəbəsində yerləşən 38 №-li mənzilin mülkiyyətçisidir. Həmin binanın 12-ci mərtəbəsində yerləşən Cavabdeh məxsus 42 №-li mənzildən 3 dəfə - 23 avqust 2019-cu il tarixdə, 2 sentyabr 2019-cu il tarixindən 3 sentyabr 2019cu il tarixinə keçən gecə və 22 fevral 2021-ci il tarixindən 23 fevral 2021-ci il tarixinə keçən gecə İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanında “xxxx” MTK tərəfindən inşa edilmiş binanın 11-ci mərtəbəsində yerləşən 38 №-li mənzilə su axıdılmışdır. Bu barədə “xxxx” MTK sədrinin, komendantının və mühəndisinin iştirakı ilə 25.09.2019-cu il tarixli akt tərtib edilmiş, həmin aktda həmçinin təsdiq edilmişdir ki, İddiaçı mənzilinin yataq otaqlarının tavanı, mətbəx otağının tavanı və foyenin tavanı islanaraq saralmış, otaqlarda divar kağızları qopmuş, otaqların və mətbəxin döşəməsi (parketi) qopmuşdur. Cavabdeh hər dəfə su axıdıldıqdan sonra bu barədə dəfələrlə məlumat verilsə də, mənzildən su axması nəticəsində vurulmuş ziyanla bağlı heç bir tədbir görülməmiş, əksinə bu hal təkrarlanmışdır. Ziyanın dəyməsi faktı 25.09.2019-cu il tarixli Akt, ziyanın məbləği isə “Ekspert LTD” müəssisəsinin 19 oktyabr 2019-cu il tarixli, 35/E saylı Ekspert rəyi (qiymətləndirmə aktı) ilə təsdiq olunur. Həmin Ekspert rəyinin (qiymətləndirmə aktı) “nəticə” hissəsi ilə İddiaçı mənzilinə dəymiş zərərin məbləği 6000 manat müəyyən edilmişdir. Bundan əlavə 22 fevral 2021-ci il tarixindən 23 fevral 2021-ci il tarixinə keçən gecə su axıdılması ilə bağlı dəymiş ziyan isə 2000 manat qiymətləndirilir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, iddiaçıya məxsus mənzilin eyvan sularının axıdılması üçün nəzərdə tutulmuş trap borusu ilə binanın ümumi yağış sularının axıdılması üçün nəzərdə tutulmuş boru ilə birləşməsində mövcud olan tıxacın (“HELL” energy içkisi bankası) suyun axın yolunu kəsərək, suyun səviyyəsini qaldırıb ona məxsus mənzilin eyvanında yağış sularının axıdılması üçün nəzərdə tutulmuş trap borusundan geri qaytardığını, nəticədə suyun iddiaçıya məxsus ilə onun mənzili arasında beton panelə dolması səbəbindən mənzilə su sızmağa başladığını bildirdi. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını, vəkilin çıxışını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan 07.12.2017-ci il tarixli, 72№-li maliyyə arayışından görünür ki, Bakı şəhəri, Xətai prospekti 40a ünvanında yerləşən koorperativ yaşayış binası “xxxx” MTK-ya məxsususdur. Bu binanın 1-ci giriş, 11-ci mərtəbə, ümumi səhəsi 160 m2 olan 4 otaqlı, 38 saylı mənzilin payçısı İddiaçıdur. Mülki işin materiallarında olan “xxxx” MTK-nın 12.04.2021-ci il tarixli məktubundan görünür ki, X2 08.09.2015-ci il tarixindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 40a (42) ünvanında “xxxx” MTK-nın inşa etdiyi yaşayış binasının 1-ci giriş, 12-ci mərtəbə, ümumi səhəsi 160 m2 olan 4 otaqlı, 42 saylı mənzilin payçısıdır və hal-hazırda həmin mənzildə ailəsi ilə birlikdə yaşayır. Mülki işin materiallarında olan koorperativ mənzil tikinti haqqında 09 iyul 2015-ci il tarixli 238 saylı müqavilədən görünür ki, koorperativ «xxxx» MTK Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanında inşa ediləcək binanın 11-ci mərtəbəsində yerləşən 38 saylı mənzili payçı İddiaçı təhvil verməyi, payçı İddiaçı isə həmin mənzili qəbul edib, mənzilin müəyyən edilmiş dəyərini koorperativ «xxxx» MTK-ya ödəməyi öhdəsinə götürür. Mülki işin materiallarında olan «xxxx» MTK-nın üzvlərinin 07 dekabr 2017-ci il tarixli ümumi iclasının 01 saylı protokolundan çıxarışından görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanında inşa ediləcək binanın 11-ci mərtəbəsində yerləşən 38 saylı mənzilin payçısı olması və sənədlərin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə hüquqların dövlət qeydiyyatına alınması üçün göndərilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan «xxxx» MTK sədri X6, komendant X10, mühəndis X4 iştirakı ilə tərtib edilmiş 25.09.2019-cu il tarixli aktdan görünür ki, Bakı şəhəri, Xətai prospekti, 40a ünvanında «xxxx» MTK-nın inşa etdiyi yaşayış binasında 1-ci dəfə 23 avqust 2019-cu il tarixində, İ giriş, 12 mərtəbə, 42 saylı mənzildən, həmin girişdə ondan aşağı mərtəbədə yerləşən, 38 saylı mənzilə su axıdılmışdır. Həmin vaxtı yataq otaqlarının tavanı, mətbəx otağının tavanı və foyenin tavanı islanmışdır. Bununla əlaqədar 42 saylı mənzildə yaşayan Cavabdeh onun mənzilindən 38 saylı mənzilə su axıdılması nəticəsində ziyan dəyməsi barədə bildirilsə də sonuncu buna əhəmiyyə verməmişdir. Eyni ilə bu hadisə 2-ci dəfə 2 sentyabr 2019-cu il tarixindən 3 sentyabr 2019-cu il tarixinə keçən gecə baş vermişdir. Həmin vaxtı mənzildə yaşayan Məlahət İbrahimqızı işlə əlaqədar bir neçə gün evdə olmadığından axan su bir neçə gün davam etmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanında yerləşən. 42 saylı mənzilin sahibi Cavabdeh 2-ci dəfə suyun aşağıdakı mənzilə axıdılması barədə heç kimə xəbər verməmiş, nəticədə 38 saylı mənzilin yenidən yataq otaqlarının tavanı islanaraq saralmış, otaqlarda divar kağızları, mətbəxdə polun parketi islanaraq qopmuş və Məlahət İbrahimqızı ona məxsus mənzilə suyun axıdılması barədə komendant X5 məlumat vermiş, MTK sədri X6, komendant X10, mühəndis X7, binanın sakinləri Məlahət İbrahimqızı, İddiaçı, Cavabdeh tərəfindən baxış keçirilən zaman 42 saylı mənzildən suyun axıdılması nəticəsində 38 saylı mənzilə ziyan vurulması müəyyən edilmişdir. Mülki işin materiallarında olan “Ekspert LTD” müəssisəsinin 19 oktyabr 2019-cu il tarixli, 35/E saylı Ekspert rəyindən (qiymətləndirmə aktı) görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospektində yeni tikilmiş yüksəkmərtəbəli yaşayış binasının 42 saylı mənzilinin mərtəbələrarası örtük panelləri konstruksiyalarından 38 saylı mənzilə su sızması nəticəsində dəymiş ziyanla bağlı 38 saylı mənzilin konstruktiv elementlərini (divar, tavan, döşəmə və s.) bərpa etmək üçün lazım olan təmir bərpa işlərinin dəyəri 6000 manat məbləğində müəyyən edilir. Mülki işin materiallarında olan “Ədalət” Vəkil Bürosu tərəfindən Cavabdeh ünvanlanmış 19.11.2019-cu il tarixli məktudan görünür ki, ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanında inşa ediləcək binanın 11-ci mərtəbəsində yerləşən 42 saylı mənzildən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanında inşa ediləcək binanın 11-ci mərtəbəsində yerləşən 38 saylı mənzilə su axması nəticəsində vurulmuş ziyanın aradan qaldırılması barədə Cavabdeh xəbərdar edilmişdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat rüsum ödənilmişdir. Mülki Məcəllənin 178.8-ci maddəsinə (01.07.2018-ci il tarixədək qüvvədə olan mətni) müvafiq olaraq, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 25.10.2010-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “...pay haqqının tam ödənilməsinə qədər kooperativ və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyriyaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır...Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər”. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı və cavabdeh pay haqqlarını ödəməklə qeyd edilən əmlaklar üzərində hüquqlar əldə etmişlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı sahibi olduğu Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanında “xxxx” MTK tərəfindən inşa edilmiş binanın 11-ci mərtəbəsində yerləşən 38 №-li mənzilə həmin binanın 12-ci mərtəbəsində yerləşən Cavabdeh məxsus 42 №-li mənzildən müxtəlif vaxtlarda su axıdılmış, nəticədə iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. İddiaçı tərəfindən 6000 (altı min) manat dəymiş maddi zərərlə ekspert rəyi təqdim edilsə də, 22 fevral 2021-ci il tarixindən 23 fevral 2021-ci il tarixinə keçən gecə su axıdılması ilə bağlı 2000 (iki min) manat maddi zərərin dəyməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə ekspert rəyini əsas götürərək, belə nəticəyə gəlir ki, Cavabdeh su sızması nəticəsində dəymiş maddi ziyanın əvəzi kimi 6000 (altı min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, bu hissədə iddia qismən təmin edilməlidir. Mənəvi zərərlə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə cavabdehin mənzilindən iddiaçının mənzilinə dəfələrlə su axıdılması hadisəsinin baş verməsini, iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığını, cavabdeh zərərvuran şəxsin təqsirini nəzərə alıb qeyd olunanlara əsasən hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 2000 (iki min) manat məbləğində mənəvi zərərin əvəzinin tutulması ağlabatan və eyni zamanda ədalətlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmuu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh maddi zərərin əvəzi kimi 6000 (altı min) manat, mənəvi zərərin əvəzi kimi 2000 (iki min) manat, cəmi 8000 (səkkiz min) manat pul alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə cavabdehin binanın ümumi yağış sularının axıdılması üçün nəzərdə tutulmuş boru ilə birləşməsində mövcud olan tıxacın olması səbəbindən iddiaçıya məxsus mənzilə su axmanın baş verməsi dəlilini qəbul etmir. Belə ki cavabdeh tərəfindən dəlilinə dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Cavabdeh iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi kimi 6000 (altı min) manat, mənəvi zərərin əvəzi kimi 2000 (iki min) manat, cəmi 8000 (səkkiz min) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-2731/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2731/2021
26.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver