Məhkəmə qərarları › İş №2(006)-2756/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2756/2024

05.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2756/2024 05.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi X10, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus kart hesabından cavabdeh təşkilat tərəfindən tutulan 885 manat 95 qəpik pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, tibb işçisidir və "xxxx" (ABB) ASC-yə məxsus maaş kartı ilə aylıq 430 manat əmək haqqı alır. Başqa gəliri yoxdur. Bir müddət əvvəl "xxxx" ASC-yə kredit götürməklə bağlı müraciət etdikdə ona maaşına görə 3.000 manat kredit məbləği təklif edilmişdir. X3 özünə məxsus torpaq sahəsinin satılması üçün «bina.az» saytına elan yerləşdirmişdir. Bu elanla maraqlanmaq adı ilə ona özünü X5 (AA2392510; Fin: 2C46WY8) kimi təqdim edən bir xanım +**********3 nömrəsindən WhatsApp üzərindən zəng edərək torpaq sahəsini almaq istədiyini, özünün hal-hazırda Rusiya Federasiyasında olmasını və buna baxmayaraq tanışları vasitəsi ilə sənədləşmə işlərini aparacağını bildirmişdir. İlkin olaraq karta beh məbləğini göndərmək istədiyini və bunun üçün "xxxx" ASC-yə məxsus bank kartının lazım olduğunu qardaşına bildirmişdir. Bununla bağlı onun maaş kartının 16 rəqəmli kodu həmin şəxsə verilmişdir ki, o beh məbləğini bu karta atsın. Həmin vaxt onun kartında pul vəsaiti olmamışdır. Ona telefonuna əməliyyatlarla bağlı təsdiq mesaji gəldikdən sonra telefon danışıqları həmin şəxs tərəfindən sonlandırılmışdır. O, nə baş verdiyini başa düşə bilmədiyi üçün "xxxx" ASC-nin qaynar xəttinə zəng edərək kartını bloka atmış və dərhal 102 xidmətinə məlumat vermişdir. Bu hadisə xx.xx.2023-cü il tarixdə baş vermişdir və elə həmin gün də o, Sumqayıt şəhər Polis İdarəsinn 5 saylı Polis Bölməsində bununla bağlı müvafiq izahatını vermişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Sumqayıt filialına yaxınlaşaraq maaş kartı ilə aparılan əməliyyatların nədən ibarət olması ilə maraqlanmışdır. Ona bildirilmişdir ki, adına «Tam kart» açılaraq kredit limiti artırılmış və hesabdan 10.000 manat pul digər karta köçürülmüşdür. Daha sonra o, həmin vəsaitin köçdüyü pul hesabını müəyyən edərək polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları dərhal həmin şəxsi müəyyən etmişlər və xx.xx.2023-cü il tarixdə X11 Polis Bölməsinə dəvət edərək izahatını almışlar. Onun hesabından çıxarılan 10.000 manat məbləğində pul həmin vaxt X12 məxsus "xxxx" ASC-yə aid kart hesabında idi. O, həm K.Əliyevin özünə, həm polis əməkdaşlarına, həm də bank əməkdaşlarına hesabın dərhal dondurulmalı olduğunu, əks təqdirdə pul vəsaitinin oradan çıxarılacağını israrla bildirmişdir. Bu zaman polis əməkdaşları hesabın bank tərəfindən dondurulmalı olduğunu, bankdan isə ona bu əməliyyatın yalnız polis orqanının xüsusi məktubu ilə həyata keçirildiyini qeyd etməklə birbirilərinin üzərinə atmışlar. X14 isə xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Bakı şəhəri Həzi Aslanov filialına yaxınlaşaraq hesabını dondurmaq istədiyini bildirsə də, guya bank tərəfindən ona bu əməliyyatın xx.xx.2023-cü il tarixdə olacağı bildirilmişdir. Bütün cəhdlərinə baxmayaraq polis və bank əməkdaşlarının laqeyd münasibəti və X7 şübhəli davranışları nəticəsində xx.xx.2023-cü il tarixdə saat 18:21-də ondan oğurlanan pul vəsaiti X1 hesabından silinmişdir. X2 polis bölməsində izahat verərkən "xxxx" ASC-nin qaynar xəttinə zəng edib kartı bloklaya bilərdi. O, heç bir pul vəsaiti görmədən "xxxx" ASC qarşısında əsassız olaraq borclanmışdır. Müraciətləri əsasında Sumqayıt şəhər Polis İdarəsində faktla bağlı Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət işi qaldırılmış və xx.xx.2023-cü il tarixdə iş icraata qəbul olunmuşdur. Həmin cinayət işi üzrə o, zərər çəkmiş şəxs kimi tanınmışdır. Yəni kiber cinayət yolu ilə onun kart hesabından vəsait oğurlanıb və bu əməldən zərər çəkmişdir. Bununla bağlı cavabdeh təşkilata məlumat versə də, ona təhlükəsizliklə bağlı bildiriş göndərdiyini əsas gətirməklə müraciətindən imtina edilmişdir. Artıq 2 aydır ki, kart hesabına köçürülən əmək haqqı kredit borcu kimi silinir. Cavabdeh təşkilat onunla kredit müqaviləsi olduğunu iddia etməklə əmək haqqına yönəldir. Bu isə onun hüquqlarının pozulmasına səbəb olur. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi X17 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, onun bacısı kreditin rəsmiləşdiyi kartı ümumiyyətlə istifadə etməmişdir. Sadəcə olaraq bacısı bir neçə il əvvəl bankdan kredit götürərkən həmin kart bacısına verilmişdir, bank isə bacısının həmin kartdan ümumiyyətlə indiyədək istifadə edilmədiyini araşdırmadan həmin kart üzərindən kredit rəsmiləşdirilməsi aparmışdır. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, bu məsələlər artıq məlum olan hallardır. Bir neçə ildir ki, vətəndaşların növbə götürmədən, gözləmədən rahatlıqları üçün kredit götürməkləri üçün nəzərdə tutulan sistem yaradılmışdır və dələduzluq halı olmasın deyə təhlükəsizlik kodu isə onların qeydiyyatdan keçdikləri nömrəyə göndərilir. İddiaçı tərəfindən müqavilənın bağlanılması üçün kod göndərilmişdir. Həmin kod başqa şəxs tərəfindən ələ keçirilibsə, burda cavabdeh elə iddiaçının özüdür. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materialları: xx.xx.2021-ci il tarixli BPM**********55 saylı müqavilədən görünür ki, tərəflər arasında şərtləri razılaşdırılmaqla tam kart çərçivə müqaviləsi bağlanmışdır. İddiaçı həmin tarixdə müştəri məlumatlarının əldə edilməsi və dəyişdirilməsinə dair razılıq ərizəsi vermişdir. Bundan başqa, digər zəruri sənədlər də rəsmiləşdirilmişdir. xx.xx.2023-cü il tarixli TL-EE002029919 saylı (tam kart vasitəsi ilə) istehlak müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 35 ay müddətinə illik 24 % ödənilməsi şərti ilə 10.000 manat istehlak krediti verilmişdir. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı "xxxx" ASC-yə, Azərbaycan Respublikasının Baş prokuroruna, DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə və Dövlət Təhlükəsizlik Xidmətinə iddia ərizəsində qeyd edilənlərlə bağlı müraciət edərək, kibercinayətkarlıq əməlinin qurbanı olduğunu, bu əməldə günahkar olan hər bir şəxsin müəyyən edilməsi, layiqli cəzaya məhkum edilməsini və onun yaranmış əsassız borcunun silinməsinə dair müvafiq tədbirlər görülməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında (İş № 2********) qərardan görünür ki, iddiaçının müraciətinə əsasən Sumqayıt ŞPİ 5-ci PBdən daxil olmuş HK-1/1163 saylı araşdırma materialını nəzərdən keçirən Sumqayıt ŞPİ İŞnin müstəntiqi, polis baş leytenantı X6 tərəfindən qərarın təsviri hissəsində göstərilənlərə əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraatına qəbul edilərək ibtidai istintaqının aparılması qərara alınmışdır. X13 məxsus AZ86JBBK038010000HD1879925A94 hesab nömrəsi üzrə aparılan əməliyyatlardan aydın olur ki, xx.xx.2023-cü il tarixdə saat 18:10-dan etibarən 5000, 570,445,3000,5000 və 1850 manat olmaqla, cəmi 15855,53 və 9,47 manat hesaba mədaxil və məxaric olunmuşdur. İddiaçı məxsus ******************** hesab nömrəsi üzrə aparılan əməliyyatlardan aydın olur ki, xx.xx.2024-cü il tarixdə 405,45 və xx.xx.2024-cü il tarixdə isə 480,50 manat tutulmalar aparılmışdır. İddiaçı məxsus ******************** hesab nömrəsi üzrə aparılan əməliyyatlardan aydın olur ki,xx.xx.2023-cü il tarixdə hesaba 3045,00, 5075,00, 1877,75 manat, cəmi 9997,75 manat mədaxil olmuşdur. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsindən aydın olur ki, bank müştəriyə tam kartın qüvvədə olduğu müddətdə 30000 manat məbləğinədək kredit ayırmağı öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli tam kart vasitəsilə İstehlak krediti müqaviləsindən aydın olur ki, bank müştəriyə 59 ay müddətinə illik 24 faizlə 10000 manat məbləğinədək kredit vermişdir.Həmin müqavilənin 15.3.1-ci maddəsində müştərinin sərəncamı olmadan (akseptsiz qaydada) hesablardan vəsaitin silinməsi şərtləri və s. təsbit olunmuşdur. ******************** hesab nömrəsi üzrə kredit və OTP məlumatlarına dair çıxarışdan aydın olur ki, bank tərəfindən xx.xx.2023-cü il tarixdə müvafiq təhlükəsizlik kodu **********54 mobil telefon nömrəsinə göndərilmişdir. İddiaçı "xxxx" ASC-yə ünvanladığı müraciətinə xx.xx.2023-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, müvafiq əməliyyatlar ABB mobile tətbiqi vasitəsi ilə aparılmışdır. ABB mobile tətbiqinə qoşulan zaman müştərinin banka təqdim etdiyi şəxsi nömrəsinə OTP (birdəfəlik kod) göndərilir və müştəri müvafiq kodu daxil etməklə qeydiyyatdan keçə bilir. Bank tərəfindən müştəriyə təhlükəsizliklə bağlı OTP kodun digər şəxslərə ötürülməməsi ilə bağlı bildiriş SMS göndərilmişdir. Nəzərə alınması xahiş olunur. Sumqayıt şəhər Polis İdarəsi İstintaq Şöbəsinin rəisi Tural Əhmədlinin 05 iyul 2024cü il tarixli məktubundan (məhkəmənin sorğusuna cavab) görünür ki, ********* nömrəli cinayət işi Sumqayıt ŞPİ İstintaq Şöbəsinin müstəntiqi İlqar Abdullayev tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə başlanılmışdır. Cinayət işinin başlanmasına səbəb və əsas X10 DİN-nin 102 xidmətinə və onun bacısı İddiaçı ŞPİ 4-cü PB-yə bank kart hesabından iradəsinin ziddinə, gizlin olaraq pul vəsaitinin çıxarılması ilə bağlı etmiş olduqları müraciətlər və müraciətlər əsasında sözügedən əməldə cinayət tərkibinin olduğuna əsas verən toplanmış material olmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, 21 oktyabr 2023-cü il tarixdə, saat 1 radələrində +7***-***-**-** saylı nömrədən +99***-***-**-** saylı nömrəyə X10 «Bina.az» saytında yerləşdirmiş olduğu torpaq sahəsinin satış elanına görə zəng etdiyini bildirən şəxs tərəfindən torpaq sahəsini almaq məqsədi ilə beh göndərməsindən ötrü bank kart hesabı istədiyi, buna müvafiq olaraq İddiaçı adına olan "xxxx" ASC-yə məxsus 4127-2081-2489-8841 nömrəli bank kart hesabının nömrəsi, həmçinin sonuncunun mobil telefonuna bankdan göndərilmiş və adına olan hesablarda pul vəsaitinin olmadığı, nəticədə təhlükə yaranmayacağını fikirləşilərək altı rəqəmli OTP kodları «WhatsApp» ani mesajlaşma mübadiləsi sistemi vasitəsi ilə telefon əlaqəsi yaradan şəxsə göndərdikdən sonra İddiaçı məlumatı olmadan, gizlin və iradəsi ziddinə sonuncunun adına olan digər "xxxx" ASC-yə məxsus 4127-2044-4633- 3880 nömrəli bank kart hesabından həmin tarixdə, saat 16:03 dəqiqədə 3.000 manat, saat 16:04 dəqiqədə isə 1.850 və 5.000 manat olmaqla, ümumilikdə 9.850 manat pul vəsaiti çıxarılaraq ələ keçirilmişdir. Həmçinin istintaq zamanı 4127-2044-4633-3880 nömrəli bank kart hesabındakı balansın artırılmasından ötrü "xxxx" ASC-yə onlayn kredit götürülməsi ilə bağlı müraciət edildikdən sonra sözügedən hesaba bank tərəfindən 10.000 manat kredit verilib, həmin miqdarda pul vəsaiti köçürüldükdən sonra 9.850 manatının ələ keçirildiyi, pul vəsaitinin tamamının X9 adına olan "xxxx" ASC-yə məxsus 5315-9921-4521-8381 nömrəli hesaba köçürüldüyü, bununla bağlı Kamran Alıyevin araşdırmada iştirakı zamarı sonuncunun da aldadıldığı, sonuncu hesabdan pul vəsaitinin "xxxx" ASC və "xxxx" ASCyə məxsus hesablara köçürüldü müəyyən edilmiş, müvafiq sorğular verilmişdir. Hal-hazırkı müddətdə sorğulara cavab banklar tərəfindən İstintaqa təqdim edilməmişdir. İddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 21.1-ci maddəsinə əsasən xzərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2-ci maddəsinə əsasən üqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Təqdim olunmuş sənədlərdən göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiyi əməliyyatlar ABB mobile tətbiqi vasitəsi ilə aparılmış, ABB mobile tətbiqinə qoşulan zaman iddiaçının banka təqdim etdiyi şəxsi nömrəsinə OTP (birdəfəlik kod) göndərilmişdir. Bank tərəfindən iddiaçıya təhlükəsizliklə bağlı OTP kodun digər şəxslərə ötürülməməsi ilə bağlı bildiriş SMS göndərilmişdir. Lakin iddiaçı həmin kodu xəbərdar edilməsinə baxmayaraq başqa şəxsə göndərmiş, nəticədə iddiaçının adına bankdakı hesabına kredit rəsmiləşdirilməklə həmin pul vəsaiti məxaric edilmişdir. Hazırda istintaqı aparılan faktın baş verməsinin səbəbkarı bankın hərəkət və hərəkətsizliyi deyil, iddiaçının xəbərdarlığa məhəl qoymayaraq OTP kodu başqa şəxsə göndərməsi olmuşdur. Məhkəmə araşdırması zamanı təsdiq olundu ki, cavabdeh "xxxx" ASC tərəfindən təlimatların tələblərinə riayət edilmiş, müştərilərin şəxsi məlumatlarının və hesablarının qorunması üçün bütün zəruri tədbirləri görmüşdur. Belə olduğu təqdirdə, iddia əsaslı hesab oluna və təmin edilə bilməz. Hazırda iddiaçının mübahisələndirdiyi hal onun əmək haqqından akseptsiz qaydada tutulmuş pul məbləğlərini geri qaytarılmasından ibarətdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlamış xx.xx.2023-cü il tarixli müqavilə mövcuddur və bank tərəfindən iddiaçının mübahisələndirdiyi pul vəsaitlərinin tutulmasına səbəb də tərəflər arasında bağlanmış müqavilə şərtidir. Hazırda iddiaçı həmin müqavilənin onun iradəsi ziddinə bağlanmasını qeyd etsə də, müəyyən edilən hal ondan ibarətdir ki, müqavilənin bağlanması üçün ona OTP kod təqdim edimişdir,iddiaçı tərəfindən həmin kodun üçüncü şəxslərə ötürməsi ilə digər şəxslərin iddiaçıya zərərvurması ehtimalı üzrə cinayət təqibi orqanı tərəfindən araşdılmaqdadır. Hazırda isə tərəflər arasında bağlanmış müqavilə özlüyündə etibarlıdır və həmin müqavilədə nəzərdə tutulmuş qaydada borc alanın əmək haqqından akseptsiz qaydada tutulmaların aparılması əsalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «pul» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «pul» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar