Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2765/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi ziyana görə 13698 manat, mənəvi ziyana görə 100000 manat məbləğində kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 02 mart 2022-ci ildə axşam saat 19:00 radələrində (sənədlərə əsasən 21:00) isıifadəsində olan «DAEWO NEXİA» markalı maşınla taksi sifarişi qəbul etdiyi üçün Lökbatan dairəsinə yanacaq doldurma məntəqəsinə gəlmişdir. Burada maşına yanacaq vuran zaman yanında 2 maşın dayanıb, maşından çıxan 7-8 nəfər şəxslər onun qolunu burub, döyə-döyə gəldikləri maşına mindirib, maşında yenidən döyüb və qollarını isə arxa oturacaqda maşının qapısına bağlamış, sonra Qaradağ RPİ-nin Lökbatan qəsəbəsində 10-cu PB-nə aparmışlar, 10-cu Polis Bölməsində bir daha təzyiqlər olunmuş, döyülmüş, həmçinin evlərində axtarış aparacaqları, evdən narkotik vasitə taparaq anasını da bölməyə gətirəcəkləri və işə qoşacaqları ilə hədələmişlər. Bundan sonra İddiaçı polislərlə razılaşmış və bütün sənədlərə imza atacağını bildirmişdir. Nəticədə, heç bir sənədi oxumadan hamısını imzalamışdır. 02 mart 2022-ci ildə axşam saat 21:50-də İddiaçı barəsindən tutulma protokolu tərtib edilib. Saat 22:05-də, yəni polis bölməsinə gətiriləndən bir neçə saat sonra, üzərində axtarış aparılmışdır. Axtarış zamanı, çəkilmiş video görüntüdə üzündə zədələr göründüyü üçün, çəkilişi edən şəxlərdən başqa heç kəs həmin video görüntünü görməyib. Tərtib edilmiş şəxsi axtarış və götürmə protokoluna görə İddiaçı üzərində “Samsung” markalı mobil telefon, 02 ədəd avtomobil açarı, 71 manat pul və 01 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik olan heroinə bənzər maddə olub. 02 mart 2022-ci ildə axşam saat 22:45də İddiaçı məxsus maşında axtarış aparılıb. Axtarış zamanı maşının qapısını İddiaçı öz üzərində olan açarla açıb və maşında 1 ədəd elektron tərəzi, 1 ədəd bağlamada açıq qəhvəyi rəngli, spesifik iyə malil narkotik maddə olan heroinə bənzər kütlə, 1 ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyə malil narkotik vasitə qurudulmuş marixuanaya bənzər ot kütləsi, 1 ədəd bağlamada ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan sellofan torba aşkarlanıb. İddiaçı axtarışla bağlı protokolu məcburi imzalasa da video çəkiliş zamanı maşında götürüləndən xəbərsiz olduğunu bildirmişdir. xx.xx.2022-ci ildə barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Qaradağ Rayon Məhkəməsinə aparılmış, bura hakimə döyülməyi ilə bağlı, eyni zamanda seçmiş olduğu müdafiə taktikası kimi (əslində isə, faktiki üzərində heç bir narkotik vasitə olmayıb) üzərində kibrit qutusunda aşkar olunan 4 qram narkotik vasitəsinin ona məxsus olduğunu, maşınından aşkar olunmuş narkotikdən xəbəri olmadığını bildirmişdir. Lakin, ifadəsi nəzə alınmamışdır. İddiaçı döyülməsi ilə bağlı şikayətlərindən sonra, 04 mart 2022ci ildə istintaq təcridxanasına yerləşdirilməmişdən əvvəl müstəntiq tərəfindən məhkəmətibbi ekspertiza təqdim edilmişdir. Lakin, tibbi ekspert onun bədənində heç bir xəsarətin aşkarlanmadığı barədə saxta rəy verilmişdir. Növbəti gün istintaq təcridxanasına yerləşdirildikdə isə, orada həkim onun bədənində xəsarətlər müəyyən etmişdir. Burada tibbi müayinədən keçirildikdən sonra sol göz ətrafı nahiyyəsində bənövşəyi qançır aşkar edildiyini, həmin xəsarəti həbs olunan zaman aldığını bildirdiyini tibbi kartında qeyd etmişdir. Bütün istintaq müddətində İddiaçı təqsirsiz olması, ona elan olunan ittihamın əsassız olması və işgəncələrə məruz qalması ilə bağlı şikayətlər araşdırılmadan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə verilmişdir. Lakin, Bakı Ağır Cinayətlər Məhkəməsində də məhkəmə istintaqı obyektiv, hərtərəfli və ədalətli aparılmamışdırb. Məhkəmə prosesində İddiaçı təqsirsiz olmasına dair sübutların hamısı əhəmiyyətsiz hesab edilmişdir, əksinə mötəbər hesab edilməyən sübutlar diqqətdə saxlanılmışdır. Bununla da Bakı Ağır Cinayətlər Məhkəməsi 06 iyun 2023-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 07 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Hökmdən apellyasiya şikayəti verilmiş, iş üzrə tam və obyektiv araşdırma aparılmadığı, sübutların düzgün tədqiq edilmədiyi, həmçinin döyülmə faktının araşdırılmadığı və bunalara dair dəlilləri qeyd edərək hökmün ləğv edilməsi və ona bəraət verilməsini xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Cinayət Kollegiyasının 01 may 2024-cü il tarixli, 1(103)-56/2024 nömrəli hökmü ilə apellyasiya şikayətləri təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 1(101)-169/2023 nömrəli hökmü ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş itiiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 may 2024-cü il tarixli, 1(103)-56/2024 nömrəli hökmündən kassasiya protesti verilmiş, hökmün ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2025-ci il tarixli, 1(102)- 29/2025 saylı qərarı ilə, kassasiya protesti təmin edilməmiş, İddiaçı təqsirli olması sübuta yetirilmədiyinə görə ona CM-in 234.4.1 və 234.4.3-0 maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayt Kollegiyasının 01 may 2024-cü il tarixli, 1(100)-56l2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. İddiaçıya dəymiş maddi və mənəvi ziyanla bağlı bildirmişdir ki, İddiaçı dövlət orqanlarının yol verdikləri səhv qanunsuz olaraq tutulmağı, nəticədə özünə və ailəsinə maddi və mənəvi zərər vurulması nəticələnmişdir. Belə ki, İddiaçı Nərman oğlu 02 mart 2022-ci ildə tutulmasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 may 2024-cü il tarixli hökmü ilə bəraət verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və məhkəmə iclas zalından həbsdən azad edilməsi tarixinədək, yəni 02 mart 2022-ci ildən 01 mav 2024-cü ilədək qanunsuz həbs edilmişdir. Məhkəmə qərarlarından da göründüyü kimi döyülmüş və işgəncəyə məruz qalmışdır. Başına gələn bu hadisədən sonra, ailə qarşında aciz duruma düşmüş, ailə üzvlərindən uzaq qalmış, himayəsində olan anası, həyat yoldaşı həbsdə olduğu müddətdə çox böyük sıxıntılarla üzləşmiş, yarı ac, yarı tox dolanmışlar. Nəticədə həyat yoldaşı onu cinayətkar hesab etdiyi və həbsdə galacağını ehtimal etdiyi üçün ayrılmışdır. Həbsdən azad olsa da ailəsi dağıldığı üçün çox sarsılmış, bu səbəblə bu günədək bu ruh halından çıxa bilməmişdir. Bütün bunlarla yanaşı Baş Prokurorluqunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsi tərəfindən verilmiş kassasiva protestinə baxılana və Ali Məhkəmənin Cinayət kollegiyasının 28 yanvar 2025-ci il tarixli qərarınadək yenidən həbs ediləcəyi qorxusu ilə yaşamış, həyatına yenidən başlaya bilməmiş, nəticədə maddi və mənəvi zərər çəkmişdir. Odur ki, dövlət orqanının səhvi nəticəsində İddiaçı Nərman oğluna vurulmuş mənəvi zərər-tutulması zamanı işgəncəyə məruz qalması, o cümlədən 02 mart 2022-ci ildə tutulmasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 may 2024-cü il tarixli hökmü ilə məhkəmə iclas zalında həbsdən azad edilməsi tarixinədək qanunsuz həbsdə saxlanılmasına görə ümumilikdə 100000 manat qiymətləndirilir. Cinayət işinin materiallarından, hökmün və qərarın məzmunundan da göründüyü kimi, İddiaçı Nərman oğlu taksi fəaliyyəti ilə məşğul olmuşdur. Hətta icarəyə götürdüyü və taksi kimi sürdüyü avtomobildə tutulmuşdur. Avtomobilin icarəsinə görə aylıq 600 manat icarə haqqı verib, əlavə olaraq günlük 15-20 manat qazanc əldə etmişdir. Odur ki, 02 mart 2022-ci ildə tutulmasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 may 2024-cü il tarixli hökmü ilə məhkəmə iclas zalında həbsdən azad edilməsi tarixinədək gündəlik qazandığı məbləğdə əldən çıxmış fayda, yəni qanunsuz olaraq həbs edilməklə hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlir qismində ona ödənilməlidir. Bu səbəbdən maddi maddi zərər - İddiaçı Nərman oğlunun taksi fəaliyyəti ilə əlaqədar 02 mart 2022-ci ildən 01 may 2024-cü ilədək hər gün ortalama 18 manat olmaqla 13698 (761 qün*18 manat) manat hesablanmışdır. Cavabdeh etirazla məhkəməyə müraciət edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı hüquq-mühafizə orqanlarının hərəkətləri və çıxarılan hökm ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən ibtidai istintaq orqanına deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, həmin iddia tələbi rədd edilməlidir. İlk növbədə bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Digər tərəfdən qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur. Halbuki sözügedən qanunda "müvafiq icra hakimiyyəti", yəni Maliyyə Nazirliyi qeyd olunmamışdır, bu isə o deməkdir ki, ziyanın ödənilməsi buna cavabdeh olan, yəni hüquq pozunutusunu törətmiş aidiyyəti dövlət orqanı və ya müvafiq bələdiyyə orqanı tərəfindən ödənilməlidir. Eyni zamanda Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan AR Konstitusiyasının 68-ci və 146-cı maddəsinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Burdan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Həmçinin AR Konstitusiyasının 127-ci və 129-cu maddələrinin tələblərinə görə isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» AR Qanunun 6-cı maddəsində fiziki şəxslərə vurulmuş ziyanının ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, bu hal sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavadeh kimi tanınmasına əsas yarada bilməz. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericilin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparmış orqanların cəlb olunması zəruridir. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Bundan başqa, iddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. Bu baxımından iddia ərizəsində qeyd edilən tələb şişirdilmiş və absurd olmaqla yanaşı, beynəlxalq məhkəmələrin analoji işlər üzrə qəbul etdiyi qərarlarla ziddiyət təşkil edir. Avropa məhkəməsinin qərarında vurğulanmışdır ki, mənəvi zərərin dəqiq məbləğinin qiymətləndirilməsində yerli səviyyədə verilən pul kompensasiyasının sözügedən ölkənin sosial faktorlarının, habelə ərizəçinin həbsdə saxlanma müddəti kimi işin faktiki elementlərinin nəzərə alınması ilə qiymətləndirilməlidir. Həmçinin, iddiaçının işsiz qaldığı dövr ilə əlaqədar olaraq hansı həcmdə gəlir əldə etdiyini, cinayət məsuliyyətinə cəlb olunduğuna görə gəlirinin hansı həcmindən məhrum olmasına dair mötəbər sübutlar işə əlavə edilmiş sənədlərdə mövcud deyildir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadana baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, cavabdehin etirazını, məhkəmə iclasında araşdırılmış sübutları, iş materiallarında olan və təqdim edilən sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(103)-56/2024 saylı hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 1(101)-169/2023 saylı hökmünün ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirliliyinin sübuta yetirilmədiyi üçün bəraət verilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclası zalından dərhal həbsdən azad edilməsi, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası İddiaçı izah edilməsi hökm edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(102)-29/2025 saylı qərarı ilə İddiaçı barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 may 2024-cü il tarixli, 1(103)-56/2024 nömrəli hökmü verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(103)-56/2024 saylı hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə bəraət verilmişdir. Məhkəmə İddiaçı qanunsuz olaraq məhkum olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən iddiaçının ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. İşin mübahisəsiz halıdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 02 il 01 ay 29 gün, cəmi 26 ay müddətində qanunsuz azadlıqdan məhrum edilmişdir (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(103)-56/2024 saylı hökmünün 12,13 səhifəsi). O, həmin müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Hazırda formalaşmış məhkəmə təcrübəsinə görə, baxılan işlərin hallarına uyğun olaraq təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində bir ay azadlıqdan məhrumetmə yerində cəza çəkmiş şəxsə ödənilən mənəvi zərərin miqdarı təqribən 1.000 manat müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3095/2023 xx.xx.2023-cü il tarixli qərarı). Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin məbləğinin ağlabatan və ədalətli sayılması üçün hər ayı üçün 1000 manat hesablanmaqla 26000 manat məbləğində müəyyən olunmalıdır. İddiaçının maddi ziyan olaraq 13698 manat tələb etməsinə münasibətdə məhkəmə hesab edir ki, qanunsuz həsdə qaldığı müddətdə vurulmuş maddi ziyana dair mötəbər sübutlar təqdim edilmədiyindən iddia bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 26000 manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 26000 manat məbləğində mənəvi zərərin əvəzi ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-2765/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2765/2025
24.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver