Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2775/2022 04.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlu, İddiaçı “Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi” İctimai Birliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta pulunun ödənilməsi və s.» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı “Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi” İctimai Birliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta pulunun ödənilməsi və.s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə öhdəlik qoyaraq Nəsimi rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarlarını icra etməsini və sığorta pulunun ödənilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli Fərmanına əsasən qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Belə ki, iddiaçının tələbinin əsasını qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icra edilməməsi təşkil edir. Məhkəm hesab edir ki, iddia ərizəsində irəli sürülən tələb məhz məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarının icrası mərhələsində həll olunmalı məsələdir. Belə olan halda, iddiaçının müvafiq tələbi ilə bağlı məhkəməyə iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında ərizə ilə müraciət etmək hüququ vardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən, icra mərhələsində tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarına əsasən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.6-cı maddəsinin tələblərinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı “Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi” İctimai Birliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin ödənilməsi və s.» tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, hazırkı məsələ ilə bağlı məhkəməyə icra icraatı qaydasında müraciət etmək hüququna malikdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3, 153.6, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi” İctimai Birliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin ödənilməsi və s.» tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardad, iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya rəsmi qaydada verilsin. İddiaçıya izah edilsin ki, qeyd olunan məsələ ilə əlaqədar olaraq icra icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-2775/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2775/2022
04.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver