Məhkəmə qərarları › İş №2(006)-2778/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2778/2025

03.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2778/2025 03.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi zərərə görə 5000 (beş min) manat və mənəvi zərərə görə 45000 (qırx beş min) manat, cəmi 50000 (əlli min) manat məbləğində pulun cavabdeh vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 33/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə zalında həbsdən azad edilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsim qaydası İddiaçı izah edilmişdir. Cinayət işində olan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, İddiaçı həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs İddiaçı barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)-764/2024 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-33/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)-2064/2024 nömrəli qərarı ilə kassasiya protesti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-33/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi Niyaz Səfərovun tutularaq “azadlığının məhdudlaşdırıldığı” 2 gün müddətdə fiziki və psixoloji təzyiqlər etmədiyi cinayəti etiraf etməyə, üzərinə qoyulmuş 1,267 qram çəkidə psixotrop maddə olan metamfetamini özünə məxsus maddə kimi təqdim etməyə məcbur edilmiş, bundan əlavə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək barəsində “həbs” qətimkan tədbiri seçilərək həbsdə saxlanıldığı 7 ay 23 gün müddətində azadlıq hüququ tamamilə əlindən alınmışdır. İstintaq təcridxanasında saxlanıldığı müddət ərzində İddiaçı gətirilən ərzaqlara və sair bu kimi xərclərə xeyli miqdarda pullar xərclənilmişdir ki, bu problemdən dolayı ailəsi ciddi şəkildə maddi zərər görmüşdür. Həmçinin, istintaq və məhkəmə araşdırması müddətində o və ailə üzvləri ciddi şəkildə mənəvi iztirab çəkdikləri üçün həkimlərin qəbulunda olmuş və müalicə almışlar. Beləliklə, iddiaçı ciddi şəkildə mənəvi zərər almışdır. İlkin araşdırma zamanı, ibtidai istintaqda gedən araşdırmalar, məhkəmə prosesləri zamanı həbsdə saxlanılması onu həm maddi, həm də mənəvi zərərə məruz qoymuşdur. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, İddiaçı maddi zərərə görə 5000 (beş min) manat və mənəvi zərərə görə 45000 (qırx beş min) manat, cəmi 50000 (əlli min) manat məbləğində pulun cavabdeh vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

3. Sonradan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğu iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişdirlər.

a) Məhkəmə prosesi:

4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etməmiş, vəkili-nümayəndəsi Vəkil “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəməyə təqdim etmək üçün əlavə sübutlarının olmadığını bildirib, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və mülki iş üzrə yekun məhkəmə qərarının qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən nümayəndələrinin məhkəmə iclasında iştirakları təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iddia ərizəsini, iddiaçının vəkili-nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-33/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, xx.xx.2023-cü il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə hazırkı cinayət işi üzrə barəsində qətimkan tədbiri qismində həbs seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan İddiaçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməsi, barəsində ibtidai istintaq seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal məhkəmə zalında həbsdən azad edilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydasının ona izah edilməsi və s. hökm edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-764/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, qərarından görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, İddiaçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-33/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmünün verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-2064/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, kassasiya protestinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli “sorğuya cavab məktubu”ndan görünür ki, Penitensiar Xidmətdə 2000-ci ildən fəaliyyət göstərən “X3”nda mövcud olan məlumata əsasən xx.xx.1981-ci il təvəllüdlü İddiaçı barəsində məlumatlar aşağıdakı qaydadadır: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən, həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdə Bakı istintaq təcridxanasına keçirilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən, AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilərək məhkəmə iclas zalında həbsdən azad edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçıya Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə bəraət verilmişdir. Həmin hökm Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarları ilə dəyişdirilmədən saxlanılmışdır.

12. Məhkəmə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə münasibətdə qeyd edir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə isə həmin cinayət işi üzrə barəsində qətimkan tədbiri qismində həbs seçilmişdir. Daha sonra məhkəmə araşdırmalarının nəticəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə iddiaçının təqsirliliyi sübuta yetirilmədiyindən iddiaçıya bəraət verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal məhkəmə zalında həbsdən azad edilməsi hökm edilmişdir.

13. Göründüyü kimi, iddiaçının təqsirliliyi olmadığı halda Daxili İşlər Nazirliyinin müvafiq Polis əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində qanunsuz tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə məhkəmənin hökmü ilə bəraət verilmiş və həbsdən azad edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qanunsuz olaraq azadlığından məhrum edilmiş, pis rəftara məruz qalmışdır.

14. Hazırda iddiaçı həbsdə olduğu müddətdə qanunsuz olaraq fiziki və psixoloji təsirlərə məruz qaldığına və azadlıq hüququ əlindən çıxdığı üçün mənəvi zərərə görə 45.000 manat məbləğində kompensasiyanın, istintaq təcridxanasında saxlanıldığı müddət ərzində ona gətirilən ərzaqlara və digər xərclərə görə maddi zərər kimi 5.000 manat kompensasiyanın cavabdeh vasitəsi ilə dövlət vəsaiti hesabına ona ödənilməsini xahiş edir.

c) Məhkəmənin mövqeyi:

15. Məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulması, xx.xx.2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməsi, xx.xx.2024-cü il tarixdə isə Nəsimi Rayon Məhkəməsinin hökmü ilə bəraət verilməklə həbsdən azad edilməsi onun azadlıq hüququnun pozulması ilə nəticələnmişdir.

16. İddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə (apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən hökm qüvvədə saxlanılmışdır) təsdiqlənməklə mülki məhkəmə icraatı üzrə işin mübahisəsiz halı olmuşdur.

17. Məhkəmə iddiaçının qanunsuz olaraq cinayət təqibinə məruz qaldığına görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən ona dəymiş mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə etməklə qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli əsas məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyrimümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər.

18. Məhkəmə işin mübahisəsiz halı olaraq qeyd edir ki, iddiaçının qanunsuz olaraq 8 aya yaxın (7 ay 26 gün) müddətdə həbsdə saxlanılması, onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla azadlıq hüququ məhdudlaşdırılmışdır. İddiaçının barəsində qanunsuz aparılan cinayət təqibi, iddiaçının qanunsuz olaraq həbsə alınması, azadlığının məhdudlaşdırılması və pis rəftara məruz qalması nəticəsində ona mənəvi ziyan dəyməsi aşkardır. Lakin məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzinin 45.000 manat məbləğində qiymətləndirilməsi ədalətli deyildir. Belə ki, mənəvi zərərin ödənilməsi iqtisadi rifahın artırılması, zərərçəkmiş şəxsin maddi cəhətdən zənginləşdirilməsi üçün bir vasitə kimi nəzərdə tutulmamışdır. Bu səbəbdən, təyin olunacaq kompensasiya məbləği ədalət, məntiq və cəmiyyətin qəbul etdiyi mənəvi dəyərlər çərçivəsində mütənasib olmalıdır. Təcrübədə bu cür zərərlərin qiymətləndirilməsi zamanı məhkəmə bir sıra halları, o cümlədən zərərçəkmişə dəyən mənəvi sarsıntının dərəcəsini, hadisənin xarakterini, nəticələrini, tərəflərin sosial-iqtisadi vəziyyətini və hüquqazidd əməlin davametmə müddətini nəzərə alır. Göstərilən bütün diqqətəlayiq halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 7900 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 7900 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir.

19. İddia tələbinin “5.000 manat məbləğində maddi ziyan ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələbin bu hissəsi iddiaçının istintaq təcridxanasında saxlanıldığı müddət ərizində ona gətirilən ərzaqlara və sair bu kimi xərclərə xeyli miqdarda pul xərclənməsi, bu problemdən dolayı ailəsinin ciddi şəkildə maddi ziyan görməsi ilə əsaslandırılır. Məhkəməyə iddiaçının maddi ziyana məruz qalmasına əsas olan heç bir sübut təqdim edilməmiş, buna dair sübutların olmadığı bildirilmişdir. Halbuki, maddi ziyan real olmalıdır.

20. Məhkəmə qeyd edir ki, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Belə sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyi üçün məhkəmələrin iddianı maddi zərər hissəsində rədd etməsi üçün əsasdır. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

21. Məhkəmə hesab edir ki, iddia “5.000 manat məbləğində maddi ziyan ödənilməsi” hissəsində sübut təqdim edilmədiyinə və əsassız olduğuna görə təmin edilməməlidir.

d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:

22. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 68, İİİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

23. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»: Maddə 3. Hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Maddə 9. Heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz.

24. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi: Maddə 36.2. Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya cinayət nəticəsində zərər çəkmiş, habelə təqsirsiz məhkum olunmuş, qanunsuz həbsdə saxlanılmış, yaxud cinayət prosesi gedişində hüquqları digər formada məhdudlaşdırılmış şəxslərin hüquqları bu Məcəllə ilə və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada bərpa olunur. Maddə 56.0.1, 56.0.5. Bəraət almış təqsirləndirilən şəxslər, qanunsuz həbs olunmuş və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilmiş, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılmış şəxslər cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.

25. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunu: Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1-21.2. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096, 1097.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

27. Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür.

28. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsinin ziyanın təminindən ibarət olması kimi göstərilmişdir.

29. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası: Maddə 41. Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.

30. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

31. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı: Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.

32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir.

33. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»: 13-cü bənd. Mənəvi zərərə aid məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 7900 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

Nəticə:

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 7900 (yeddi min doqquz yüz) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar