Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2779/2024 16.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinə istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinə istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən, İddiaçı yaşadığı ev onun xüsusi mülkiyyətindədir. Həmin əmlak üzərində mülkiyyət hüquqları tanınmış və AR DƏDRX-nm Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən onun adına MH seriayalı, ******* nömrəli çıxarış verilmişdir. Birinci nikahdan olan qızı Cavabdeh və onun qızı xx.xx.2013-cü il təvəllüdlü X2 iddiaçının xüsusi mülkiyyətində olan evində qeydiyyatdadırlar. Bu yaxınlarda bilmişdir ki, cavabdeh iddiaçının razılığı və xəbəri olmadan öz qızını onun mülkiyyətində olan evinə qeydiyyata saldırmışdır. Qeyd edilir ki, Cavabdeh 2006-cı ilin axırlarında evdən çıxıb getmiş, sonradan öyrənmişdir ki, o ərə getmişdir avara, tüfeyli həyat keçirməklə məşğul olmuş və hazırdada məğuldur, narkomanlarla oturub-durur. O vaxtdan bu ünvanda nə cavabdeh, nə də qızı yaşamırlar. Bu müddət ərzində onlarla heç bir əlaqəsi və münasibəti olmamışdır. Hal-hazırda onların harada olmasından və yaşamasından məlumatı və xəbəri yoxdur. Nəsimi rayonu, 41 saylı MKİS-dən iddiaçıya təqdim olunmuş 443 saylı, xx.xx.2023-cü il tarixli arayışdan məlum olur ki, cavabdeh və qızı iddiaçının xüsusi mülkiyyətində olan evində qeydiyyatdadırlar, ancaq 2012-ci ildən bu ünvanda yaşamırlar. Göründüyü kimi cavabdeh və qızı formal olaraq, iddiaçının xüsusi mülkiyyətində olan evdə qeydiyyatdadırlar, onların iddiaçının evində formal olaraq qeydiyyatda qalmaları ona artıq problemlər yaradır, belə ki, əmlak üzərində sərəncam vermək hüquqlarını məhdudlaşdırır, eyni zamanda onlarında yerinə kommunal xidmətləri ödəməyə məcbur olur. Göstərilənlərə əsasən, Cavabdeh və onun qızı xx.xx.2013-cü il təvəllüdlü X1 iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 evə istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir 3.Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehə kompensasiya verilməməklə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzil ona məxsusdur. Onla birlikdə birinci nikahdan olan qızı, yəni hazırki mülki iş üzrə cavabdeh və onun qızı X3 da həmin mənzildə qeydiyyatdadır. O, cavabdeh tərəfindən qızının da qeydiyyata salınmasından yenicə xəbər tutmuşdur. Buna onun heç bir razılığı olmayıb. Qızı Cavabdeh Ramı̇ z qızı və onun qızı həmin mənzildə qeydiyyatda olsa da 2006-cı ildən demək olar ki, həmin mənzildə yaşamayıb. Ümumiyyətlə o, tüfeyli həyat tərzi keçirir. Hazırda da onlarla əlaqəsi yoxdur və onların harada yaşaması ona məlum deyildir. Əlavə olaraq, cavabdeh onun qızı olsa da, o, dəfələrlə onu alçaltmış, ona qarşı təhqiramiz ifadələr işlətmişdir. Hazırda o və onun qızı onun mənzilində formal olaraq qeydiyyatda olsalar da, faktiki olaraq orada yaşamırlar. Onların formal olaraq qeydiyyatda qalmaları onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilən fikirlər tam yalandır. O, tüfeyli həyat yaşamır. Hazırda ailəlidir. Bu ilin iyul ayında yenidən ailə həyatı qurmuşdur. Hazırda da həyat yoldaşı ilə birlikdə yaşayır. O, qeydiyyatdan çıxmaq istəmir. Əgər iddiaçı bun istəyirsə, onun da həmin evdən payını verməlidir. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçıya məxsus mənzildən ilk dəfə ailə qurandan çıxmışdır və orada yaşamır. Təxminən 10 ildən çox bir müddətdir. Hazırda ikinci dəfə nikah bağlamışdır və həyat yoldaşı ilə bir yerdə yaşayırlar. Həyat yoldaşının özünə aid mənzili vardır. 6.Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 7.Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, ünvan 1 ev İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh 2006-cı il tarixdən etibarən iddiaçıya məxsus mənzildə yaşamamasına və hazırda ailəli olub, həyat yoldaşına məxsus mənzil olmasına baxmayaraq, cavabdeh və onun xx.xx.2013-cü il təvəllüdlü qızı iddiaçıya məxsus mənzildə qeydiyyatdadır. Hazırda iddiaçı cavabdeh və onun qızının ünvan 2 saylı evə istifadə hüququnun itirilmiş hesab edilməsini tələb edir. b) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən MH seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində istifadədə olan 0.01543 ha torpaq sahəsində yerləşən 12 nömrəli, 2 mərtəbəli binada 30.7 kv.m ümumi, 21 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı -nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 891 nömrəli reyestr kitabının 82836 nömrəli vərəqində qeydiyyata alınmışdır. 9.Mülki işin materiallarında olan Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 41 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilən xx.xx.2023-cü il tarixli 443 nömrəli Arayışdan görünür ki, C.Məmmədquluzadə küçəsi, 12 saylı evdə Cavabdeh və qızı X5 qeydiyyatda olmalarına baxmayaraq 2012-ci ildən göstərilən ünvanda yaşamırlar. 10.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 11.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 12.Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 13.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 14.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 29 mart 2016-cı il tarixli Qərarında göstərmişdir ki, “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” 15.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 16.Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 17.Həmin Məcəllənin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 18.Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 19.Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. 20."Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. 21.Hazırki iş üzrə iş materialları ilə müəyyən edilmişdir ki, ünvan 1 ev İddiaçı adına xüsusi mülkiyyət kimi xx.xx.2009-cu il tarixdən hüquqi qeydiyyatdan keçirilmişdir. Məhkəmə qeyd edir ki, əvvəlcə cavabdehə qarşı iddia tələbi cavabdehin iddiaçıya münasibətdə ailə üzvü olub-olmadığı nəzərə alınmaqla qiymətləndirilməlidir. Belə ki, Cavabdeh iddiaçının doğma övladı olmaqla, onun ailə üzvüdür. Həmçinin, Cavabdeh faktiki olaraq da iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən çıxıb getməklə (ailə həyatı qurmaqla evi tərk etmiş, ərinin yaşadığı evə köçmüş) həmin mənzildə yaşamır. Göründüyü kimi cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşaması üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır ki, buda yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin müvafiq qərarına uyğun olaraq kompensasiya verilməməsi anlayışına uyğun olmuşdur. Odur ki, cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Buna görə də cavabdehin (ailə üzvləri ilə birlikdə) mübahisəli mənzildən kompensasiya verilməəklə istifadə hüququna xitam verilməlidir. 22.Bundan başqa, həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırki cavabdehin övladı X5 də həmin ünvanda qeydiyyata düşmüş və anasının himayəsindədir. Bu halda cavabdehin mənzilə istifadə hüququna xitam verildiyindən onun övladının da yaşayış yeri anasının yanı olduğundan övladının qeydiyyatda qalması da hüquqa zidd olmuşdur. 23.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 24.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 25.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 26.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 27.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 28.Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 29.Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh (ailə üzvləri ilə birlikdə) Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 12 saylı evə istifadə hüquqlarına xitam verilsin. Bu qətnamə Cavabdeh (ailə üzvləri ilə birlikdə-qızına münasibətdədə) Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 12 saylı evdən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-2779/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2779/2024
16.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver