Məhkəmə qərarları › İş №2(006)-2779/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2779/2025

21.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2779/2025 21.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "mal üçün ödənilən vəsaitin qaytarılması və sair" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdehnə qarşı "mal üçün ödənilən vəsaitin qaytarılması və sair" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onu qane etməyən “X6 360x3” markalı kamera üçün ödənilmiş, ilkin ödəniş 110.74 AZN, iki ayın ödənişi olaraq 118.16 AZN, cəmi 228.90 AZN vəsaitin geri qaytarılması və cavabdehin üzərinə ondan malı geri götürmək vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, "Competo MMC-dən onlayn sifariş etdiyi "X6 360x3" markalı çəkiliş kamerası xx.xx.2025-ci il tarixində kuryer tərəfindən ona çatdırılmışdır. Lakin kamera onun gözlədiyi və istədiyi kimi olmadığı üçün məni qane etmədi və məhsulu geri qaytarmağa çalışdı. Bunun üçün 915 çağrı mərkəzi ilə əlaqə saxladı. Ona məhsulu "Umico Market"in kuryer işçiləri tərəfindən yaxın müddət ərzində diaqnostikaya aparılması üçün təhvil götürüləcəyi, yalnız diaqnostika məhsulun yararlı olması haqqında rəy verdikdən sonra geri qaytarmanın mümkünlüyü bildirildi. Qeyd edir ki, məhsula heç bir zərər vurmamışdır. Lakin məhsulu gəlib təhvil almadılar. Dəfələrlə 915 çağrı mərkəzi ilə əlaqə saxlayıb məlumat verdi. Müştəri xidmətləri şöbəsindən İsa bəy onunla əlaqə saxlayıb məhsulun şəkil və videosunu göndərməyini istədi. (050)700-09-15 votsapp nömrəsinə məhsulun videosunu və şəkillərini göndərdi. Lakin yenə məhsulu təhvil almadılar. "Umico"nun vəkillər şöbəsindən bir işçi də ona zəng edib məsələ ilə maraqlandı. Bu barədə ona da ətraflı məlumat verdi və məhsulu geri qaytarmaq istədiyini bildirdi. Çoxsaylı zənglərindən sonra xx.xx.2025-ci il tarixində məhsulu yaşadığı ünvandan diaqnostikaya aparılması üçün kuryer gəlib təhvil götürdü və təhvil-təslim aktı tərtib etdi. Bir müddət sonra "Umico" marketdən onunla əlaqə saxlayaraq bildirdilər ki, diaqnostika məhsula heç bir ziyan vurulmadığı və tam yararlı olması haqqında rəy vermişdir və məhsulu ona geri təhvil verməlidilər. Təbii ki, iddiaçı bununla razılaşmadı və 14 gün ərzində məhsulu geri qaytarmağına hüququ olduğunu bildirdi. Hal-hazırda məhsul "Umico" marketdədir. Əlavə olaraq bildirir ki, məhsulun məbləği 996,14 manatdır. İlkin ödəniş olaraq 110,74 manat ödəniş etmişdir. X5-dan 18 aylıq hər ay 59,08 manat olaraq kredit ayrılmışdır. Cəmi 228.90 AZN pul ödəmişdi. Hal-hazırda məhsul onda deyil. Məhsulun geri qaytarılması və ödədiyi vəsaitin ona geri qaytarılmasını istəyir. O, məhsula baxmaq üçün onun kağız qabını açaraq gördü ki, malın forması onu qane etmir. Malı qaytarmaq istədi, amma bu dəfə onunla razılaşmadılar. Müxtəlif bəhanələr gətirərək malı geri qaytarmağa razılıq vermirlər. Əlavə olaraq bildirir ki, o, "Umico" marketdən əvvəllər A23 Samsung, "X7 13 PRO", "Samsung Galaxy A54" markalı telefonlar və "AUX" markalı kondisioner almışdır (kreditlə) və hal-hazırda da heç bir problem olmadan gecikməsiz aylıq ödənişlərini edir. 3.Məhkəmə tərəfindən "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, o, kameraya heç bir ziyan vurmamış, sadəcə məhsulun qutusunu açdıqdan sonra aldığı məhsulun gözləntilərinə uyğun gəlmədiyini fərq etmişdir. Məhsulda hər hansı bir qüsur aşkar etməmişdir. Düşünür ki, iddia tələbi qanunidir, çünki istehlak malları 14 gün müddətində geri qaytarıla bilər. Bu səbəbdən qarşı tərəfə dəfələrlə müraciət etmişdir. Onların aktiv müştərisidir və malın əmtəə görünüşünü pozmamışdır. Cavabdeh olaraq Cavabdeh MMCni görür, çünki satıcının kim olduğunu bilsə də, bu, onun üçün əhəmiyyət kəsb etmir. Malı Cavabdeh MMC-dən almış və müqaviləni məhz həmin şirkətlə bağlamışdır. Satıcı olaraq kiminlə müqavilə bağlamaları isə cavabdeh şirkətin daxili məsələsidir. Kameranı sadəcə bir dəfə açıb-söndürmüşdür ki, işləyib-işləmədiyini yoxlasın. 16 gün ərzində onlara dəfələrlə zəng etsə də, zənglərinə cavab verilməmişdir. Hətta şirkətə məhsulun başqa bir malla dəyişdirilməsini də təklif etmişdir. Bunları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, “Umico” satıcılarla alıcıları əlaqələndirən bir platformadır. Onlar satıcılarla müqavilə bağlayır, onlar da öz mallarını alıcılara təqdim edirlər. Yəni onlar burada satıcı qismində iştirak etmir. İddiaçı satıcıya qarşı iddia qaldıra bilər. Həmçinin, iddiaçı malı alaraq bütün şərtləri qəbul etmiş və müqaviləyə imza atmışdır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında AR qanununun 15-ci maddəsinə əsasən, istehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Lakin, hazırda əmtəə görünüşü pozulduğundan, malın geri qaytarılması mümkün deyildir. Həmçinin, iddiaçı bildirir ki, o malı bir dəfə istifadə etmişdir. Bunları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Məhkəmə iş üzrə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.Belə ki, mülki işin materiallarında olan: - umico.az saytından əlavə edilmiş çıxarışdan görünür ki, "X6 360x3 Action Cam" markalı kamera üçün xx.xx.2025-ci il tarixində 110.74 manat ödəniş edilmişdir. - xx.xx.2025-ci il tarixli malın geri təhvil-təhsil aktından görünür ki, malda qüsurun olubolmamasının müəyyən edilməsi üçün , "X6 360x3" markalı kamera İddiaçı tərəfindən təhvil verilmişdir. - İddiaçı “Umico” marketinin rəhbərliyinə ünvanladığı xx.xx.2025-ci il tarixli müraciətindən görünür ki, o, "X6 360x3" markalı kameranın geri qaytarılmasını və ya başqa məhsulla dəyişdirilməsini xahiş etmiş və bildirmişdir ki, müsbət nəticə olunmadığı təqdirdə tərəfindən heç bir aylıq ödəniş olunmayacaq və məhkəməyə müraciət ediləcəkdir. - “Məhsulun diaqnostika dövründəki vəziyyəti” barədə 527 nömrəli aktdan görünür ki, **********4 nömrəli məhsula baxış zamanı məhsulda heç bir qüsur aşkar edilməmişdir. Bütün çəkiliş rejimləri və bütün funksiyaları işlək vəziyyətdədir. -Cavabdeh tərəfindən Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, malın qüsurlu olub-olmaması ilə bağlı müəssisələnin aidiyyəti əməkdaşları servis mərkəzinə müraciət etmişdir. Serviz mərkəzinin rəyinə əsasən, istehsal qüsuru aşkar edilməmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, sözügedən malın əmtəə görünüşü müştəri tərəfindən pozulduğu üçün geri qaytarılma tələbi rədd edilmişdir. - Azərbaycan Respublikasının Prezidentinin yanında Antiinhisar və X3 Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, aparılmış araşdırma zamanı Cavabdeh MMC tərəfindən daxil olmuş məktubda cihazın servis mərkəzi tərəfindən diaqnostika edildiyi və heç bir qüsurun aşkar edilmədiyi, malın əmtəə görünüşü pozulduğu üçün geri qaytarılmasının mümkün olmadığı qeyd edilmişdir. Məsələnin dəqiqləşdirilməsi məqsədilə onunla telefon əlaqəsi saxlanılan zaman cihazın qüsurlu olmadığını, malı istifadə etmədiyini və əmtəə görünüşünün pozulmadığını, həmçinin tətbiqdə cihazın parametrləri haqqında məlumat qeyd edilsə də, malı bəyənmədiyi səbəbindən geri qaytarılmasını tələb etdiyini bildirmişdir. Yaranmış mübahisə ilə bağlı cavabdehə qarşı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 26-cı və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddələrinə əsasən məhkəməyə müraciət edə bilər. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 8.Məhkəmə Cavabdeh Məhdud Məsuliyyətli satıcı qismində çıxış etmədikləri və iddiaçının birbaşa satıcıya qarşı iddia qaldırmalı olduğu barədə izahatını nəzərə alaraq hesab edir ki, ilk olaraq hazırkı iddianın Cavabdehnə qarşı verilməsinin hüquqi əsaslı olub-olmaması qiymətləndirilməlidir. 9.Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. 10.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 11.Azərbaycan Respublikası (bundan sonra AR) Mülki Məcəlləsinin 4-cü maddəsinə əsasən əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. 12.AR Mülki Məcəllənin 14-cü maddəsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edir. 13.Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.Eyni Məcəllənin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması.14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. 15.M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. 16.Mülki işin materiallarına əlavə edilmiş sənədlərdən aydın olur ki, İddiaçı mübahisə predmeti olan “X6 360x3” markalı cihazı məhz Cavabdeh MMC-dən onlayn qaydada sifariş etmiş, ödənişləri isə tərəflər arasında bağlanmış satış müqaviləsi çərçivəsində həyata keçirmişdir. Beləliklə, mübahisə doğuran alqı-satqı münasibətlərinin birbaşa tərəfi Cavabdeh MMC olduğundan, o, iş üzrə cavabdeh hesab edilməlidir. 17.Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390. Müqavilə azadlığı. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 567. Alğı-satqı müqaviləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 581. Əşyaların keyfiyyəti. 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Maddə 582. Malın keyfiyyəti üçün qarantiya. 582.1. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. Maddə 587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Maddə 588. Satıcının cavabdeh olduğu qüsurlar. 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Maddə 589. Verilmiş əşyanın qüsurlarının aşkar edilməsi müddətləri. 589.1. Əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. 589.2. Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. 18.“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 15. İstehlakçının tələblərini ödəməyən malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququ

1. Lazımi keyfiyyətli qeyri-qida malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər.

2. Malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir. 19.İşin faktiki hallarından göründüyü kimi İddiaçı Cavabdeh MMC-dən onlayn qaydada “X6 360x3” markalı cihaz sifariş etmiş və məhsul ona xx.xx.2025-ci il tarixində çatdırılmışdır. Daha sonra məhsulun forması və görünüşünün gözləntilərinə uyğun olmadığını əsas gətirərək, iddiaçı malın geri qaytarılmasını və ödənişlərin ona qaytarılmasını tələb etmişdir. 20.Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununa əsasən, istehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal yalnız o halda geri qaytarıla və ya dəyişdirilə bilər ki, həmin mal istifadə olunmamış, onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və ya kassa qəbzi və ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılmış olsun. Mövcud iş üzrə isə bu şərtlərin heç biri tam şəkildə mövcud deyil. İddiaçı özü də etiraf edir ki, məhsulu istifadə etmişdir. 21.Eyni zamanda, məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçının məhsulun geri qaytarılması ilə bağlı irəli sürdüyü əsaslar onun şəxsi subyektiv gözləntilərinə əsaslanır və bu, məhsulun keyfiyyətsiz olması və ya qanunla nəzərdə tutulmuş qaydada geri qaytarılmalı olan hallar kimi qiymətləndirilə bilməz. İstehlakçının məhsulu sadəcə “xoşuna gəlmədiyi” üçün qaytarmaq istəməsi, məhsulun keyfiyyəti ilə bağlı konkret qüsurun olmaması şəraitində qanuni əsas sayılmır. 22.Bundan əlavə, cavabdeh tərəfindən təqdim olunan diaqnostika rəyi, məhsulun istifadəyə yararlı olduğunu və hər hansı bir texniki nasazlıq olmadığını təsdiq edir. İddiaçının malın dəyişdirilməsini və ya geri qaytarılmasını tələb etməsi, mövcud hallarda qanuni tələblərə cavab vermədiyindən, onun iddiasının təmininə əsas vermir. Qeyd edilməlidir ki, istehlakçının 14 gün ərzində malı qaytarmaq hüququ yalnız qanunla nəzərdə tutulmuş şərtlər daxilində mövcuddur və bu hüquq həmin mal istifadə edilməmiş və əmtəə görünüşünə xələl gəlməmiş hallarda təmin edilə bilər. 23.İddiaçının maldan (kameradan) imtina etdiyini, hətta malın qüsurlu olmadığı halda da alıcının əşyanı qaytarmaq hüququnun olduğunu və bu əsasla alğı-satqı müqaviləsinin ləğv etmək hüququnun olması barədə irəli sürdüyü dəlilləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 24.Mülki Məcəllənin müqavilənin ləğv edilməsi (və ya dəyişdirilməsi) ilə bağlı münasibətləri tənzimləyən normalarının məzmunundan belə aydın olur ki, müqavilənin bir tərəfli ləğv edilməsi (və ya dəyişdirilməsi) yolverilməzdir. Müqavilə tərəfi əgər müqaviləni ləğv etmək və ya dəyişdirmək istəyirsə onda mütləq qaydada digər tərəfin razılığı tələb olunur. Belə razılıq olmadıqda isə müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmə qaydasında mümkündür. Bu halda da qanunvericilik mütləq şərtlər müəyyən edib. (tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və s.) 25.Buradan belə aydın olur ki, iddiaçı tərəfindən alınmış əşyanın faktiki olaraq cavabdeh şirkətə qaytarılması öz-özlüyündə tərəflər arasında bağlanmış müqavilənin ləğv olunmasına səbəb ola bilməzdi, hansı ki, iddiaçının tələbinin əsasının təşkil edən hallardan biri də artıq onun məhsulu geri qaytarmaqla öz iradə ifadəsini bldirmiş olması və bununla da müqavilənin ləğv olunması barədə dəliləri təşkil edir. 26.Belə ki, alıcı tərəfindən alğı-satqı müqaviləsindən imtinaya ona lazımi keyfiyyətli olmayan əşyanın satılması səbəb ola bilər. Əşyanın keyfiyyətinə aid tələblərin əhəmiyyətli dərəcədə pozulması dedikdə isə - aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar başa düşülür. 27.Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş diaqnostika rəyindən, həmçinin iddiaçının da öz izahatından isə məhsulda heç bir qüsur (həmçinin istehsal qüsuru) olmadığı, "X6 360x3" markalı çəkiliş kamerasının işlək vəziyyətdə olduğu görünür. 28.Bu vəziyyətdə məhkəmə hesab edir ki, Cavabdeh satdığı əşyanın lazımi keyfiyyətli olmayan əşya olduğu sübut olunmadığından iddiaçı (alıcı) müqavilənin ləğvini tələb edə bilməz. Belə ki, satılan malın keyfiyyətsizliyinin sübuta yetirildiyi halda İddiaçı alğı-satqı müqaviləsinin icrasından imtina etmək hüququ vardır. 29.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "mal üçün ödənilən vəsaitin qaytarılması və sair" tələbinə dair iddiası rədd edilməlidir. 30.Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 31.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 32.Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 33.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 34.Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 35.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 36.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.1, 119.1, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddiaçı Cavabdehnə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "mal üçün ödənilən vəsaitin qaytarılması və sair" tələbinə dair iddia ərizəsi rədd edilsin. Dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar