Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2804/2023 03.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Acer Aspire 5 A515-56-32DK Slim Laptop" markalı məhsula görə "Mover” MMC tərəfindən ona vurulmuş 510 manat maddi ziyanın, 100 manat mənəvi zərərin və dövlət rüsumu kimi tərəfindən ödənilmiş 30 manatın, ümumilikdə 640 manatın Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı pozulmuş hüquqlarının müdafiəsi barədə Azerbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyalara əsaslanaraq ilk dəfədir ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Buna səbəb “Mover" MMC şirkətidir. Belə ki, o, 27 noyabr 2022-ci il tarixində “Amazon" şirkətinin rəsmi internet səhifəsindən “Acer Aspire 5 A515- 56-32DK Slim Laptop” markalı məhsul sifariş vermişdir. Məhsulun dəyəri sifariş edilən gün üçün 249.99 ABŞ dolları təşkil etmişdir. Bundan sonra poçt bağlamalarının daşınmasını və çatdırılmasını həyata keçirən "xxxx" MMC ilə aldığı məhsulun daşınmasını həyata keçirmək qərarına gəlmişdir. “Amazon" şirkəti tərəfindən yuxarıda qeyd etdiyi məhsul Cavabdeh MMC-nin anbarına təhvil verilmiş və “Mover" MMC tərəfindən ona bəyan edimişdir. Bundan sonra ona "xxxx" MMC tərəfindən izləmə kodu verilmiş və məhsulun iki həftə ərzində təhvil verilməsi sözü verilmişdir. “Mover" MMC üzərinə götürdüyü öhdəliyi təxminən 6 ay keçməsinə baxmayaraq yerinə yetirməmişdir. Bununla da ona həm maddi ziyan, həm də mənəvi zərər vurmuşdur. Belə ki, o, müəllim işləyir və qeyd olunan kompüteri müəllimlik fəaliyyəti ilə bağlı sifariş vermişdir. Qeyd olunan məhsulun vaxtında təhvil verilməməsi və ən əsası heç təhvil verilməməsi işlərində gecikmələrin yaşanmasına və onun sarsıntılar keçirməsinə səbəb olmuşdur. Bundan əlavə qeyd olunan məhsulun hazırkı dəyəri 299.99 ABŞ dollarıdır. Yəni 50 ABŞ dolları miqdarında qiymət artımı vardır. Cari vaxtda o, sifarişi yenidən vermək istəyirəm və "xxxx" MMC şirkətinin ona vurduğu ümumi ziyan 299.99 ABŞ dolları miqdarındadır. Bununla bağlı bütün sübutları iş materiallarına əlavə etmişdir. “Mover" MMC-yə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi ilə bağlı dəfələrlə rəsmi elektron ünvanı vasitəsilə müraciətlər etmişdir. Amma hər dəfə aldadıcı və süründürmə məqsədi daşıyan məzmunlu cavablarla qarşılaşmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Amazon.com onlayn mağazasının Sifariş məlumatlarından görünür ki, 249.99 ABŞ dolları dəyərində sifariş edilmiş “Acer Aspire 5 A515-56-32DK Slim Laptop”, ona xx.xx.2022-ci il tarixdə göndərilmiş, çatdırılma ünvanı Zaur Memmed 601 X1 G1, D111085 MVR, Wilmington, De 19801-5789 United States göstərilmişdir. İş materiallarında olan Mover.az saytında olan məlumata əsasən Zaur Memmed adlı şəxsə Mover tərəfindən bəyan edilməklə izləmə kodu verilmiş, 249.99 ABŞ dolları məbləğində olan “Acer Aspire” noutbuku üçün çatdırılma haqqı 23,691 ABŞ dolları qeyd edilmişdir. İş materiallarında olan Mover müştəri xidmətləri tərəfindən “Zaur Memmedov” ünvanına göndərilmiş xx.xx.2022-ci il tarixli elektron məktubda hazırda Amerikadan göndərişlərdə gecikmələr yarandığı qeyd edilmişdir. İş materiallarında olan Mover müştəri xidmətləri tərəfindən “Zaur Memmedov” ünvanına göndərilmiş xx.xx.2023-cü il tarixli elektron məktubda bağlamasının ilk mümkün reyslə göndəriləcəyi qeyd edilmişdir. İş materiallarında olan Mover müştəri xidmətləri tərəfindən “Zaur Memmedov” ünvanına göndərilmiş xx.xx.2023-cü il tarixli elektron məktubda 10 fevral tarixində ABŞdan göndəriş olacağı qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Amazon.com onlayn mağazasından 249.99 ABŞ dolları dəyərində məhsul sifariş etmiş, Mover.az saytı vasitəsi ilə onun çatdırılması barədə 23.691 ABŞ dolları müqabilində razılığa gəlmişlər. Lakin, hazıradək mal sifarişçiyə təhvil verilməmişdir. Hazırda isə iddiaçı mənəvi ziyanı və məhsulun hazırki qiyməti ilə manata ekvivalentində dəyərini cavabdehdən tələb edir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında yük daşınması müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, onun sifariş etdiyi mal cavabdehin ona təqdim etdiyi ünvana çatdırılmış, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Mover.az saytı tərəfindən müştərilərə onlayn olaraq http://web.archive.org/web/**********3453/https://www.mover.az/az/post/13 internet səhifəsi vasitəsi ilə elan edilmiş “Daşıma şərtləri” ilə ilə tanış olduqda, “Malların daşınması xidmətinə dair şərtlər toplusu”-nun 12-ci bəndində sifariş edilmiş bağlamanın “Daşıyıcı”dan asılı olmayan səbəblərə görə gecikməsi hallarında (Avia reyslərin gecikməsi, Gömrük nəzarət yoxlamaları və s ) “Daşıyıcı” heç bir məsuliyyət daşımır və belə bir hal sifarişdən imtina üçün əsas sayıla bilməz şərtinin qeyd olunduğu müəyyən edilmişdir. Qeyd olunan şərt iddiaçının diqqətinə çatdırıldlqda, bu şərtlə tanış olduğunu və bununla bağlı məhsulun çatdırılmasında yubanmaların səbəbi barədə “Daşıyıcı”ya yazılı olaraq bir neçə dəfə müraciət etdiyini bildirdi. İş materiallarında olan sifariş vərəqindən göründüyü kimi, məhsul 22 noyabr 2022-ci il tarixdə sifariş edilib 28 noyabr 2022-ci il tarixdə “Daşıyıcı”nın ünvanına çatdırılmış, 29 noyabr 2022-ci il tarixdə “Daşıyıcı” müştəriyə bəyan etməklə, məhsulun izləmə kodunu təqdim edilmişdir. İddiaçı tərəfindən Mover.az saytına məhsulun çatdırılması barədə ilk pretenziyası 21 dekabr 2022-ci il tarixində edilmiş, Mover.az tərəfindən aviareyslərin gecikməsi səbəbi ilə deyil, Amerikadan göndərişlərdə gecikmələrin olması bildirilmiş, həftə ərzində məhsulun göndəriləcəyi müvafiq reysin təşkil olunacağı məlumatı verilmişdir. Növbəti müraciət 31 yanvar 2023-cü il tarixdə edilmişdir, “Mover.az” tərəfindən məhsulun həftə ərzində təşkil ediləcək növbəti reys vasitəsi ilə göndərilməsi barədə danışıqların aparılması barədə məlumat verilmişdir. Son müraciət zamanı isə Mover.az tərəfindən məhsulun 10 fevral tarixində çatırılacağı barədə məlumat verilmişdir. Göründüyü kimi, “Daşıyıcı” tərəfindən götürülmüş öhdəliyin icra edilməməsi səbəbləri “Malların daşınması xidmətinə dair şərtlər toplusu”nun 12-ci bəndində göstərilmiş şərtlə bağlı ola bilməz. Gecikdirilmənin səbəbi kimi “Daşıyıcı” aviareyslərlə bağlı olduğunu bildirsə də, uzun müddət ərzində aviareyslərin gecikməsi ağlabatan və inandırıcı görünmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 859.1-ci maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. İşin hallarından göründüyü kimi cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə daşınmaya qəbul edilmiş mal 3 aydan artıq müddət keçməsinə baxmayaraq iddiaçıya çatdırılmamışdır. Bu halda məhkəmə hesab edir ki, həmin mal Azərbaycan Respublikası Mülki Məcəlləsinin 859.1-ci maddəsinə əsasən itirilmiş hesab edildiyindən onun tam dəyəri cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının “məhsulun hazırki dəyərinin 299.99 ABŞ dolları” olması səbəbindən yenidən sifariş verəcəyi halda əvvəl sifariş etdiyi məbləğdən 50 ABŞ dolları artıq ödəməli olacağı səbəbindən cavabdehdən onun Azərbaycan Respublikasının Manatı ekvivalentində 510 manat tələb etməsi dəlilinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, hazırki real zərər 249.99 ABŞ dolları (424.98 manat) olmaqla, iddiaçının gələcəkdə yenidən eyni məhsulu sifariş edəcəyi təqdirdə ona zərər vurulacağı ehtimallara əsaslanır və gələcəkdə vurula biləcək zərərin əvəzini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə hazırda gələcəkdə ehtimal olunan xərcin əvəzinin tələbini təmin edə bilməz. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcud olmayan, gələcəkdə yaranması ehtimal olunan mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Məhkəmə iddia tələbinin “vurulmuş 100 manat mənəvi zərərin əvəzinin ödənilməsi”nə münasibətdə qeyd edir ki, həmin hissə də iddia əsassız olmaqla təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Hazırki halda iddiaçı mənəvi zərərin nədə ifadə edilməsini əsaslandırmamaqla eyni zamandan məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumui cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən 424.98 manat ziyan və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 424.98 manat ziyan və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-2804/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2804/2023
03.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver