Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2816/2020 30.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi İsmayılova Jalə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 710 (yeddi yüz) manat məbləğində pul, icra ödənişi ilə bağlı hesablanmış 49 (qırx doqquz) manat 70 qəpik pul və vurulmuş mənəvi ziyanın əvəzi olaraq 1000 (min) manat məbləğində pul iddiaçının xeyrinə tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, Cavabdeh 2014-cü ildə ona yaxınlaşaraq həyat yoldaşının ad gününə telefon götürmək istədiyini, lakin vermədiklərini bildirərək onun telefon götürməsini xahiş etmişdir və oğlu Vaqif ilə tanış olduğundan o ona inanaraq razılıq vermişdir. “xxxxxxxxxxx” MMC-dən kreditə 710 manat dəyərində mobil telefon götürmüş və cavabdehə vermiş, cavabdeh heç bir problem yaranmayacağını və aylıq ödənişləri vaxtı-vaxtında yerinə yetirəcəyinə vəd vermişdir. Lakin Binəqədi Rayon Məhkəməsinin 2(001)-13303/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən ondan “xxxxxxxxxxx” MMC-nin xeyrinə 710 manat borcun tutulması qərar alınmışdır və məlum olmuşdur ki, cavabdeh onu aldadaraq mobil telefon götürmüş və heç bir ödəniş etməmişdir. O dəfələrlə cavabdehdən borcu ödəməsini tələb etsə də müxtəlif bəhanələrlə yayınmış və ödəməmişdir. Binəqədi rayon İcra və Probasiya Şöbəsinin qərarı ilə xx.xx.2017-ci il tarixli icra sənədinin icrası məqsədilə tələb məcburi olaraq onun pensiyasına yönəldilmişdir və 50 faizinin tutulması nəzərdə tutulmuşdur, həmçinin məcburi icra tədbirlərinə görə məbləğin 7 faizinin, yəni 49 manatının icra şöbəsinin hesabına ödənilməsi göstərilmişdir. Cavabdeh onun etibarından sui-istifadə etmiş, ona vəd verməklə aldadaraq kreditlə mobil telefon götürərək pulu ödəməkdən yayınmışdır. Onun pensiyanın yarı hissəsinin tutulması onu ağır maddi duruma salacaqdır, çünki pensiyadan başqa heç bir gəliri yoxdur. Cavabdehdən 710 manat məbləğində pul və icra sənədinin icrası ilə bağlı icra şöbəsinin hesabına ödəniləcək 49 manat məbləğində vəsait alınaraq ona ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq Cavabdeh 710 (yeddi yüz) manat məbləğində pul, icra ödənişi ilə bağlı hesablanmış 49 (qırx doqquz) manat 70 qəpik pul və vurulmuş mənəvi ziyanın əvəzi olaraq 1000 (min) manat məbləğində pul iddiaçının xeyrinə tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Beləki, iş materiallarında olan 031644 saylı vəsiqəsindən görünür ki, İddiaçı müharibə veteranıdır. İş materiallarında olan 012662 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı 2-ci qrup əlildir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən,«məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qanuni qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyin qeyd edilən müddəalarından görünür ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında, o cümlədən “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarında verilən şərhləri nəzərə alaraq hesab edir ki, iddiaçının bu mənəvi zərərin ödənilməsi ilə bağlı tələbidə rədd edilməlidir. Beləki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunduğu kimi, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.Mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə yol verilmir.Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.» “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarınaəsasən, «mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 2014-cü ildə ona yaxınlaşaraq həyat yoldaşının ad gününə telefon götürmək istədiyini, lakin vermədiklərini bildirərək onun telefon götürməsini xahiş etmişdir və oğlu Vaqif ilə tanış olduğundan o ona inanaraq razılıq vermişdir. “xxxxxxxxxxx” MMC-dən kreditə 710 manat dəyərində mobil telefon götürmüş və cavabdehə vermiş, cavabdeh heç bir problem yaranmayacağını və aylıq ödənişləri vaxtı-vaxtında yerinə yetirəcəyinə vəd vermişdir. Beləliklə müəyyən edilmişdir ki, İddiaçı xərclər çəkmiş və bununla bağlı Cavabdeh tərəfindən ona maddi və mənəvi zərər dəymişdir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh 710 (yeddi yüz) manat məbləğində pul, icra ödənişi ilə bağlı hesablanmış 49 (qırx doqquz) manat 70 qəpik pul və vurulmuş mənəvi ziyanın əvəzi olaraq 300 (üç yüz) manat, cəmi 1059 (bir min əlli doqquz) manat 70 qəpik məbləğində pul iddiaçının xeyrinə tutulmalı və iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 710 (yeddi yüz) manat məbləğində pul, icra ödənişi ilə bağlı hesablanmış 49 (qırx doqquz) manat 70 qəpik pul və vurulmuş mənəvi ziyanın əvəzi olaraq 300 (üç yüz) manat, cəmi 1059 (bir min əlli doqquz) manat 70 qəpik məbləğində pul iddiaçının xeyrinə tutulmalı, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 710 (yeddi yüz) manat məbləğində pul, icra ödənişi ilə bağlı hesablanmış 49 (qırx doqquz) manat 70 qəpik pul və vurulmuş mənəvi ziyanın əvəzi olaraq 300 (üç yüz) manat, cəmi 1059 (bir min əlli doqquz) manat 70 qəpik məbləğində pul iddiaçının xeyrinə tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2816/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2816/2020
30.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver