Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2828/2025 11.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "vurulmuş maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "vurulmuş maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1991 -ci il tarixdə anadan olmuşdur. İddiaçı 2014-ci ildən müddətdən artıq hərbi qulluqçu kimi xidmət göstərmişdir. 2017-ci ilin may ayında Tərtər hadisələri çərçivəsində qanunsuz sorğu-sual və işgəncəyə məruz qalıb. 07 may 2017-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanatla çıxış etmişdir. Bəyanatda göstərilmişdir ki,: “Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığım itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə zidd olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər”. Sonradan mətbuatda və sosial şəbəkələrdə çoxsaylı hərbi qulluqçuların və onların ailə üzvlərinin şərti olaraq “Tərtər işi” adlandırılan və yuxarıda qeyd edilən bəyanatda nəzərdə tutulmuş cinayət işlərinin gedişində ağır işgəncələrə, qeyri-insani rəftara, qanunsuz və əsassız dindirmələrə və digər qanunsuz əməllərə məruz qalması ilə bağlı şikayətləri yayılmağa başlamış, müxtəlif hüquq-mühafizə orqanlarına və dövlət qurumlarına ərizələr ünvanlanmış, ictimai etirazlar təşkil olunmuşdur. 18 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Nazirliyi birgə məlumatla çıxış etmişdir. Həmin məlumatda bildirilmişdir ki. Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində yol verilmiş qanunazidd əməllərlə bağlı icraat təzələnmişdir. Bununla da şərti olaraq “Tərtər işi” adlandırılan hadisələrin yenidən araşdırılmasına başlanılmışdır. Aparılmış istintaq hərəkətləri nəticəsində çoxsaylı hərbi qulluqçular, o cümlədən hazırki iş üzrə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmış, cinayət işləri baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Bakı Hərbi Məhkəməsinin l-l(093)-7/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə müəyyən edilmişdir ki, X1 xx.xx.2016-ci il tarixdən etibarən Müdafiə Nazirliyinin İ Ordu Birləşməsinin tərkibində olan Tərtər rayonunun ərazisində yerləşən 057 nömrəli əlahiddə kəşfiyyat taborunun xüsusi təyinatlı kəşfiyyat bölüyünün kəşfiyyat qrupunun komandiri vəzifəsində leytenant hərbi rütbəsində həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi vəzifəli şəxs olaraq İ Ordu Birləşməsinin tabeliyində olmuş hərbi hissələrdə düşmənlə əməkdaşlıq etmələrinə şübhə olan hərbi qulluqçuların müəyyənləşdirilərək əvvəlcədən müəyyən edilmiş yerlərdə onlara müxtəlif işgəncələr verməklə, eləcə də həmin şəxslərə qarşı qeyri-insani, ləyaqəti alçaldan hərəkətlər edib həqiqətə uyğun olmayan etirafedici ifadələr almaq yolu ilə gələcəkdə cinayət məsuliyyətinə cəlb edilmələrini təmin etməklə özlərini yuxarı komandanlıq qarşısında qarşıya qoyulan tapşırıqları bacarıqla yerinə yetirən və vəzifələrinin öhdəsindən layiqincə gələ bilən zabit və vəzifəli şəxs kimi göstərmək, həmçinin cinayət törətmiş şəxsləri ifşa etmək və etirafa gətirmək bacarığına malik olmaqla, dövlətin təhlükəsizliyi əleyhinə törədilmiş ağır və xüsusilə ağır cinayət hadisələrinin açılmasında, yəni cinayət törətmiş şəxslərin müəyyən edilməsində xüsusi xidmətlərinin olması görüntüsünü yaratmaq və buna görə nüfuz qazanmaq, gələcəkdə vəzifədə irəli çəkilmək və mükafatlandırılmağa nail olmaq məqsədi ilə yaradılmış mütəşəkkil dəstəyə yuxarı komandanlıq tərəfindən cəlb olunaraq N saylı hərbi hissənin əlbəyaxa döyüş üzrə təlimatçısı, gizir X6, kəşfiyyat müşahidə bölüyünün vizual müşahidə tağım komandirinin müavini, gizir X2, taborun kəşfiyyat bölüyünün baş çavuşu, gizir X8 və qeyriləri ilə mütəşəkkil dəstədə birləşib xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddət ərzində mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə və əvvəlcədən əldə olunan razılaşmaya əsasən, dəstə tərkibindəki ona həvalə olunmuş funksional vəzifə bölgüsünə uyğun olaraq Müdafiə Nazirliyinin İ Ordu Birləşməsinin tabeliyində olan müxtəlif hərbi hissələrin düşmənlə məxfi əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının cinayət məsuliyyətinə cəlb edilmələri üçün özü və daxil olduğu dəstənin digər üzvləri tərəfindən N saylı hərbi hissənin Tərtər rayonu Şıxarx qəsəbəsində yerləşən inzibati binalarında, N saylı hərbi hissənin Yevlax rayonu Aran qəsəbəsində yerləşən köhnə inzibati binalarında, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Bakı və Bərdə Qarnizonlarının hauptvaxtlarmda, həmçinin Ağcabədi rayonunun Sarıcalı kəndində yerləşən N nömrəli hərbi hissəsində (hospital) və ünvan 1 ünvanında yerləşən Silahlı Qüvvələrin Baş klinik hospitalında həyata keçirilən qanunsuz sorğu-sual və saxlanılma proseslərinə mütəşəkkil dəstəyə rəhbərlik edən şəxs tərəfindən cəlb edilərək Azərbaycan Respublikasının qanunvericiliyinin, o cümlədən Cinayət Prosessual Məcəlləsinin, habelə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli, 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti araşdırmaların və cinayət əlamətləri olan hadisələr üzrə təhqiqatın aparılması Qaydaları”nın, xx.xx.2014-cü il tarixli, 72 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hüquqi iş üzrə Təlimat'ın və digər rəhbəredici sənədlərin tələblərinə əsasən, yuxarı komandanlıq tərəfindən ilkin təhqiqat aparmaqla bağlı ona həvalə olunmuş prosessual şəxs kimi Cinayət Prosessual Məcəlləsinin 86-cı maddəsinin tələbinə görə təhqiqatçı olaraq təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli hesab etdikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edərkən heç bir halda onlara qarşı fiziki və pisixi zor tətbiq etmək səlahiyyətlərinin olmamasına baxmayaraq, yuxarı komandanlıq qarşısında nüfuz qazanmaq, özünü xidməti vəzifələrini layiqli şəkildə icra edən hərbi qulluqçu kimi göstərmək və gələcəkdə vəzifədə irəli çəkilmək kimi məqsədlərə nail olmaq üçün mütəşəkkil dəstə tərkibində silah tətbiq olunmaqla ağır nəticələrə səbəb olan təkrarən qulluq səlahiyyətini aşmış, düşmən hərbi qulluqçuları ilə əlaqələrinin olmasını etiraf etdirmək, eləcə də şübhəli bilindiyi əmələ görə cəzalandırmaq məqsədilə Müdafiə Nazirliyinin İ Ordu Birləşməsinin tabeliyində olan müxtəlif hərbi hissələrin bir qrup hərbi qulluqçularının xx.xx.2017-ci il tarixdən xx.xx.2017ci il tarixədək mütəşəkkil dəstə tərəfindən əvvəlcədən planlaşdırılmış qaydada Müdafiə Nazirliyinin N və N nömrəli hərbi hissələrinin qeyd edilən ərazilərdə yerləşən inzibati binalarındakı otaqlarda, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Bakı və Bərdə Qarnizonlarının hauptvaxtlarında, həmçinin Ağcabədi rayonunun Sarıcalı kəndində yerləşən N nömrəli hərbi hissəsində (hospital) və ünvan 1 ünvanında yerləşən Silahlı Qüvvələrin Baş klinik hospitalında onların mütəşəkkil dəstə tərkibində törədilməklə həyatı və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edərək silah və silah qismində istifadə edilən əşyalardan istifadə edib həmin müddət ərzində normal yaşamaları üçün tələb olunan qidadan və digər zəruri şəraitdən məhrum etməklə qanunsuz saxlayaraq, eyni zamanda iradələrini qıraraq onlara müxtəlif bədən xəsarətləri yetirməklə, zərərçəkmiş şəxslərin və onların yaxın qohumlarının cəmiyyətdə mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla, “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu ” kimi “vətən xaini” adı ilə “ləkələməklə ”, bu ada görə onların uzun müddət cəmiyyətdən təcrid, həmçinin qanunsuz və əsassız vəzifələrindən azad olunmalarına, əsassız cinayət məsuliyyətinə cəlb edilmələrinə, eyni zamanda sağlamlıqlarında uzun müddət davam edən fərdi psixi pozuntuların yaranmasına və bu kimi digər ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı otmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmiş, mütəşəkkil dəstə tərkibində törədilməklə yuxarı komandanlıq tərəfindən ilkin təhqiqat aparmaqla bağlı ona həvalə olunmuş faktiki xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi qismində çıxış edən şəxs kimi dəstəyə rəhbərlik edən şəxsin təhriki və göstərişi ilə qanunsuz sorğu sual prosesinə cəlb edilmiş hərbi qulluqçulara bədənlərinin müxtəlif nahiyyələrinə xüsusi əşya və ya vasitələrdən istifadə edib qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftara məruz qoymaqla həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edib sağlamlığa az ağır və ağır zərər vuran xəsarətlər yetirib təkrarən işgəncə vermiş, mütəşəkkil dəstə tərkibində qəsdən şəxsin sağlamlığına insan həyatı üçün təhlükəli olan zərər vurmaqla ağır xəsarət yetirməsi ehtiyatsızlıqdan onun ölümünə səbəb olmuşdur, Hökmə əsasən təqsirləndirilən şəxslər cəmi 30 gün müddətində mütəşəkkil dəstə tərəfindən törədilməklə iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə dəstə üzvləri ilə birlikdə xidməti silahdan və silah kimi istifadə edilən əşyalardan istifadə edilməklə kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni Murad Sadıqovun və onun yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunu düşmənlə əməkdaşlıq edən hərbi qulluq kimi vətən xaini adı ilə ləkələməklə ordu sıralarından qanunsuz və əsassız olaraq təxris olunmasından irəli gələn ağır nəticələrə səbəb ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir. Hökmə əsasən iddiaçı N saylı hərbi hissənin Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən köhnə qərargah binasına gətirilərək 2-ci mərtəbədə otaqlardan birinə yerləşdirilmiş, həmin hərbi hissənin 2-ci tabor 4-cü bölüyün manqa komandiri vəzifəsində müdətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu qismində əsgər hərbi rütbəsində xidmətdə olan İddiaçı barəsində düşmənlə əməkdaşlıq şübhəsi faktı ilə bağlı təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu halda mütəşəkkil dəstəyə rəhbərlik edən şəxslərin verdiyi tapşırıqlara uyğun olaraq digər dəstə üzvləri xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək N nömrəli hərbi hissənin Tərtər rayonu Şıxarx qəsəbəsində yerləşən inzibati binasında İddiaçı düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər, yəni günün müxtəlif saatlarında, müəyyən fasilələr verilməklə, davamlı şəkildə, qeyd edilən yerdə, əllərini arxadan, habelə ətrafda baş verənləri görməməsi üçün əski parçasını gözünün üstünə salıb lentlə bağlamaqla sərbəst hərəkət etməsini məhdudlaşdıraraq bədəninin müxtəlif nahiyələrinə yumruq, sillə və təpiklə dəstə üzvləri çoxsaylı zərbələr vurmuş, digər ağır formada fiziki və psixi zor tətbiq etməklə işgəncə vermiş, əvvəlcədən müəyyən olunmuş cinayətkar məqsədə nail ola bilmədikdə, qanunsuz əməllərini davam etdirərək dəstənin məqsədlərinə xidmət edən həqiqətə uyğun olmayan əlavə məlumatlar almaq istəmişlər. (Hökm səhifə 122-123) Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 341-ci maddəsi ilə verilmiş ittihama xitam verilmiş, təqsirləndirilən şəxslərin hər birinin cəzası 3 ay müddətinə azadldılmışdır. Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, iddiaçıya sonuncu həqiqi hərbi xidmətdə olarkən hərbi qulluqçu və prosessual şəxs kimi Cinayət-Prosessual Məcəlləsinin 86-cı maddəsinin tələbinə görə təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli bildikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edən vəzifəli şəxslər tərəfindən ona qarşı təqsirli olaraq hüquqazidd hərəkətləri nəticəsində birbaşa zərər vurulmuşdur. Maddi ziyana görə isə iddiaçı aşağıdakı təzminatı istəyir: İddiaçı ona xəsarət yetirilən zaman müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu kimi xidmətdə olmuşdur. İddiaçı xx.xx.2014-cü il tarixində 3 illik müqavilə bağlayaraq xidmətə başlamışdır. 2017-ci ildə Tərtər hadisələri çərçivəsində saxlanılan zaman elə işgəncə altında olan zaman 30 may 2017-ci il tarixindən hərbidən tərxis edilmişdir. Faktiki olaraq 1 iyun 2017-ci il tarixindən 15 noyabr 2017-ci il tarixinə kimi müqaviləsi olduğu halda əsassız olaraq işdən çıxarılıb və faktiki olaraq 5 ay yarım müddətində əmək haqqından məhrum edilib. 2017-ci il üçün iddiaçının orta əmək haqqısı 889 manat təşkil edib. (4446 manat 5 ay üçün olan əmək haqqıdır). Həmçinin, 5 ay yarım üçün nəzərdə tutulan maddi yardım və 13-cü ödənişi də almayıb. 5 ay yarım ay (xx.xx.2017-xx.xx.2017) *889=4890 manat, 1500 manat digər əlavələr (maddi, maaşa əlavə, 13-cü ödənişlər və sair). Əlavə olaraq iddiaçı 2017-ci ilin 15 noyabr tarixindən növbəti 3 illik müqavilə bağlayıb işini davam etdirəcəkdi. Faktiki olaraq 36 ay müddətinə gəlirindən məhrum olub. 36 ay şəxs gəlirindən məhrum olub. (36 ay *889 ) = 32000 manat. Beləliklə, iddiaçı maddi ziyanın əvəzi olaraq tələb etdiyi kompensasiyanın həcmi 38,390 (otuz səkkiz min üç yüz doxsan ) manat təşkil edir. İddiaçı işgəncələrə, qeyri-insani rəftara məruz qalması nəticəsində mənəvi zərər çəkmiş, özü və ailəsi stress, sarsıntı keçirmişdir. İddiaçının qonşuları onu “Vətən xaini’’ hesab edərək ona nifrətlə baxmış, buna görə stres keçirmişdir. Onun dövlətə xəyanət adı altında qanunsuz əməllərə məruz qalması təkcə onun özündə deyil, ailə üzvlərində də iztirablar yaşatmışdır. Ailəsinin günlərlə ondan xəbəri olmamış, yaşadığı yerdə olan qonşular və qohumlar arasında onunla bağlı söz-söhbətlər yayılmış, bütün bunlar ona və ailə üzvlərinə mənəvi iztirab, qeyri-müəyyənlik, narahatlıq hissləri yaşatmışdır. Odur ki, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi ödənilməlidir. İddiaçı ona vurulmuş mənəvi zərəri 300.000 manat məbləğində qiymətləndirir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı vurulmuş maddi zərərə görə 38.390 manat və mənəvi zərərə görə 300.000 manat məbləğində kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4.Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi İddiaçı hüquq-mühafizə orqanlarının hərəkətləri ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən müvafiq dövlət orqanına qarşı deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. İş materialları əsasında sübut olunur ki, iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi. 6.Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. 7.Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 8.Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1-1(093)-14/2024 saylı Hökmünə əsasən zərərçəkmiş şəxs qismində tanınmış, həmin Hökmlə iddiaçıya 30 gün müddətində işgəncə verilməsi faktı öz təsdiqini tapmışdır. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(103)-19/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən, Bakı Hərbi Məhkəməsinin 1-1(093)-14/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsini tələb edir. b) Mülki işin materialları: 9.İş materiallarına əlavə edilmiş Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1- 1(093)-14/2024 saylı Hökmünə əsasən İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. 10.Sözügedən Hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, ... İddiaçı barəsində düşmənlə əməkdaşlıq şübhəsi faktı ilə bağlı təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu halda mütəşəkkil dəstəyə rəhbərlik edən şəxslərin ona verdiyi tapşırıqlara uyğun olaraq digər dəstə üzvləri ilə birlikdə İddiaçı düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər, yəni günün müxtəlif saatlarında, müəyyən fasilələr verilməklə, davamlı şəkildə, qeyd edilən yerdə, əllərini arxadan, habelə ətrafda baş verənləri görməməsi üçün əski parçasını gözünün üstünə salıb lentlə bağlamaqla sərbəst hərəkət etməsini məhdudlaşdıraraq qollarından və ayaqlarından tutub, başını otaqda olan çəlləkdəki suyun içinə salıb bir neçə saniyə saxlamış, nəfəs ala bilmədiyindən boğulmaq həddinə çatdıqda başını sudan çıxarıb nəfəs almasına imkan verməmiş həmin prosesi eyni qaydada bir neçə dəfə davam etdirmiş, habelə müqavimət göstərə bilməməsi üçün başından, qollarından və ayaqlarından tutub, əski parçasını onun ağzının üstünə qoyaraq əskinin üstündən ağzına tökdüyü su ağzına dolduğundan və nəfəs ala bilmədiyindən boğulmaq həddinə çatdıqda ağzının üstündən əskini götürərək nəfəs almasına imkan vermiş, sonra yenidən həmin prosesi eyni qaydada bir neçə dəfə davam etdirmiş, boğularaq çabaladıqda tutub saxlamış, habelə bədən nahiyələrinə mühəndis istehkam fəaliyyətinə aid xüsusi qurğu vasitəsilə elektrik cərəyanı vermiş, naqil, sillə, yumruq, təpik, habelə plastik və metal boru ilə bədənin müxtəlif yerlərinə çoxsaylı zərbələr vurmuş, qida, su və digər təbii ehtiyacların ödənilməsini məhdudlaşdıraraq ac, susuz saxlamaqla İddiaçı fiziki və psixi ağrılar vermiş, əvvəlcədən müəyyən olunmuş cinayətkar məqsədə nail ola bilmədikdə, qanunsuz əməllərini davam etdirərək dəstənin məqsədlərinə xidmət edən həqiqətə uyğun olmayan əlavə məlumatlar almaq, daha çox “vətən xaini” ifşa etmək, habelə törətdiyi əməllərə görə ondan qisas alınmasından ötrü mütəşəkkil dəstənin üzvləri ilə birlikdə eyni qaydada ona qarşı qeyd edilən qanunsuz hərəkətləri davam etdirib vəzifəli şəxs kimi dəstə üzvləri ilə birlikdə xidməti silahlardan istifadə edərək silah tətbiq olunmaqla İddiaçı hüquqlarının kobud şəkildə pozulmasında ifadə olunan ağır nəticələrə səbəb olan mütəşəkkil dəstə tərkibində təkrarən qulluq səlahiyyətini aşaraq mütəşəkkil dəstənin məqsədlərinə nail olmaq məqsədilə İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək N nömrəli hərbi hissənin Tərtər rayonu Şıxarx qəsəbəsində yerləşən inzibati binasında, daha sonra cinayətkar əməllərini davam etdirib xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək isə N nömrəli hərbi hissənin Yevlax rayonu Aran qəsəbəsində yerləşən inzibati binasında mütəşəkkil dəstənin üzvləri tərəfindən eyni qaydada fiziki və psixi zor tətbiq edilərək güclü fiziki ağrı, habelə mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyini bildirməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi iztirablar verilməklə sağ bazunun orta 1/3-nin bayır səthində, qarın nahiyəsinin sağ yarısında, sağ baldırın orta 1/3-nin ön səthində və sağ pəncənin iç səthində çapıq toxumaları diaqnozlu xəsarətləri yetirib İddiaçı düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər edib faktiki xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi qismində çıxış edən şəxs kimi dəstəyə rəhbərlik edən şəxsin göstərişi ilə ona mütəşəkkil dəstə tərkibində təkrarən işgəncə vermiş, ümumilikdə 30 gün müddətində mütəşəkkil dəstə tərəfindən törədilməklə iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə xidməti silahdan və silah kimi istifadə edilən əşyalardan istifadə edilməklə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunun “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” ordu sıralarından qanunsuz və əsassız tərxis olunması ilə ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir. 11.İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1- 1(103)-19/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən, Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1-1(093)-14/2024 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. 12."Tərtər işi" kimi tanınan cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınması həmçinin Bakı Hərbi Məhkəməsinin 1-1(093)-7/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(103)- 38/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə öz təsdiqini tapmışdır. 13.İş materiallarında olan İddiaçı məxsus AO seriyalı, ******* nömrəli hərbi biletdən görünür ki, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək müddətdən artıq həqiqi hərbi xidmətdə olmuşdur. 14.İş materiallarında olan İddiaçı məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən hesabdan çıxarış. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 15.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 16.Həmin Məcəllənin 1096, 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 17.Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 18.Həmin Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 19.Həmin Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. 20.Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. 21.«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 22.«Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. 23.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. 24.Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. 25.Hazırki iş üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin təqsirli hərəkətləri nəticəsində iddiaçının qanunsuz hərəkətlərə məruz qalması işin sübuta yetirilmiş halıdır. Bununla bağlı Bakı Hərbi Məhkəməsinin 1-1(093)-14/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmünə əsasən, "Tərtər işi" kimi tanınan cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(103)-14/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən, Bakı Hərbi Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı işdə zərərçəkənin, yəni İddiaçı işgəncəyə məruz qalmasının dövlət orqanının - Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkəti nəticəsində baş verməsi, həmin hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. İşgəncələrə və təzyiqə məruz qalmasının iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Çünki işdə belə zərərin vurulmasını istisna edən halları məhkəmə müəyyən etməmişdir. 26.Məhkəmə, iddiaçının ona dəymiş mənəvi zərərə görə 300.000 manat tələb etməsi dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023-cü il tarixli 2(102)-388/2023 nömrəli qərarında göstərilmişdir ki, mənəvi təzminatın məbləğinə təsir edən elementlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Çünki qane olma səviyyəsi hamıda eyni deyil. Təqsirli tərəfin maddi vəziyyəti də mənəvi zərərin müəyyən edilməsində əhəmiyyətli faktorlardan biridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində də mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır. Həmçinin, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. 27.Məhkəmə hesab edir ki, hazırkı işin spesifik halları baxımından, habelə iddiaçının işgəncəyə məruz qaldığı 30 gün müddətinə mütənasib olaraq keçirdiyi mənəvi iztirabın və sarsıntının, psixoloji stressin və əzab-əziyyətin qarşılığı olaraq mənəvi zərərin məbləği 15.000 manat məbləğdə müəyyənləşdirilməlidir. Belə ki, mənəvi zərərin məbləği ilə bağlı iddia ərizəsində qeyd edilən məbləğ çox olmaqla real qiymətləndirilmir. 28.Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Məhkəmə vurğulayır ki, azadlıq hər insan üçün ən dəyərli nemət olmaqla, onu heç bir maddi nemətlə əvəz etmək mümkün deyil. İddiaçının qanunsuz olaraq bir gün də olsa azadlığı məhdudlaşdırılmaqla qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlərə məruz qalmasının ona həqiqətən də inamsızlıq, narahatlıq, məyusluq hissləri, stress, əzab və əziyyətlər yetirməsi işin mübahisəsiz halıdır. Lakin məhkəmə işin sair diqqətəlayiq hallarını nəzərə almaqla hesab edir ki, iddiaçının məruz qaldığı rəftara görə ona 15.000 manat məbləğində kompensasiyanın müəyyən edilməsi qanuni olmaqla yanaşı, ağlabatan və ədalətlidir. 29.Məhkəmə iddia tələbinin “38.390 manat maddi ziyanın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. 30.İş materiallarından görünür ki, iddiaçı 15 noyabr 2014-cü il tarixdən 3 illik əmək müqaviləsi bağlamış, lakin 30 may 2017-ci il tarixdən hərbi xidmətdən tərxis edilmişdir. Göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinin bitməsinə (xx.xx.2014xx.xx.2017) hələ 5 ay yarımlıq müddət qalmasına baxmayaraq iddiaçı hərbi xidmətdən tərxis edilmişdir. İş materiallarında olan hesabdan çıxarışdan göründüyü kimi 2017-ci il üzrə iddiaçının orta aylıq əmək haqqı 889 manat təşkil etmişdir. İddiaçı isə artıq xx.xx.2027-ci il tarixdə işdən çıxmaqla faktiki olaraq 5 ay yarım əmək haqqı (4446+444=4890 manat) məbləğindən məhrum olmuşdur. Məhkəmə qeyd edilənləri, həmçinin iddiaçının işə davam etdiyi halda ilin sonunda 13-cü əmək haqqı və eləcə də hər il hərbiçilərə əmək haqqı (889+444=1333 manat) məbləğinin yarısının verilməsini nəzərə alaraq hesab edir ki, iddiaçı ümumilikdə 6223 manat məbləğində əmək haqqından məhrum olmuşdur. Odur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə vaxtından əvvəl xitam verildiyindən maddi ziyan hissəsində iddia qismən təmin edilməklə iddiaçıya vurulan 6223 manat məbləğində maddi ziyanın əvəzi ödənilməlidir. 31.Məhkəmə tələbin maddi ziyanla bağlı növbəti 3 illik müqavilə müddəti üçün 32.000 manat hissəsinə münasibətdə isə qeyd edir ki, həmin hissədə tələb əsassız hesab edilməklə təmin edilməməlidir. 32.Belə ki, iddiaçı iddia edir ki, işdən çıxarılmasa idi, 2017-ci il ilin 15 noyabr tarixindən növbəti 3 illik müqavilə əsasında işinə davam edəcəkdi. Lakin məhkəmə qeyd edir ki, maddi zərər tələbi üzrə araşdırma aparılarkən şəxsin ehtimal edilən deyil, məhz real zərər və əldən çıxmış fayda qismində zərərə məruz qalması halı müəyyənləşdirilməli, habelə həmin zərərin məbləği mülahizə əsasında və ya ağlabatan həddə deyil, yalnız buna dair təsdiqedici sübutlar əsasında tutulmalıdır. Qeyd olunan sübutların iddiaçı tərəfindən təqdim edilməməsi isə məhkəmənin maddi zərərlə bağlı iddianı rədd etməsi üçün əsas hesab olunur. 33.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 34.Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə 6.223 (altı min iki yüz iyirmi üç) manat məbləğində maddi ziyan və 15.000 (on beş min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. 35.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 36.Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 37.Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 38.Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 39.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə 6.223 (altı min iki yüz iyirmi üç) manat məbləğində maddi ziyan və 15.000 (on beş min) manat məbləğində mənəvi zərərin əvəzi, ümumilikdə isə 21.223 (iyirmi bir min iki yüz iyirmi üç) manat pul ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-2828/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2828/2025
11.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver