Məhkəmə qərarları › İş №2(006)-2832/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2832/2022

04.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2832/2022 04.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Vəkillər Kollegiyasının Bakı şəhərində yerləşən “Mərkəz” Vəkil bürosunda vəkil vəzifəsində çalışır. Cavabdeh iddiaçı ilə xx.xx.2017-ci, xx.xx.2019-cu, xx.xx.2021 -ci il tarixlərində bağladığı müqavilələrə əsasən Ali Məhkəmədə mülki iş ilə (torpaq sahəsi ilə) əlaqədar iddiaçının hüquqlarını üç dəfə müdafiə etmişdir. İddiaçı hələ də davam edən məhkəmə çəkişməsi ilə əlaqədar cavabdehlə tez-tez görüşməli olurdu. Cavabdeh iddiaçı ilə dayı-bacıoğlu kimi münasibət yaratdıqdan sonra, iddiaçının ona etibar etdiyini dəqiq bilib, oğlu X3 və həyat yoldaşı X2 iştirakı və şahidliyi ilə xx.xx.2021-ci il tarixində iddiaçıdan 9500 (doqquz min beş yüz) ABŞ dolları borc alıb. Cavabdeh iddiaçıdan borc alarkən şəxsiyyət vəsiqəsinin surəti olan vərəqədə (bildirişdə) öz xətti ilə yazdığı özünün və ailə üzvlərinin imzası ilə ondan 9500 (doqquz min beş yüz) ABŞ dolları borc aldığını təsdiq etmişdir. Cavabdeh bildiriş vərəqəsində qeyd edib ki, aldığı borcu nə vaxt qaytarmaq lazım gələrsə, 1 ay əvvəldən xəbərdarlıq edildikdən sonra qaytaracağına söz verir və borcu qaytararkən bu vərəqədə qaytardığına dair qeydiyyat aparılacaq. İddiaçı cavabdehə 2022-ci ilin fevral ayında ondan aldığı borcunu qaytarmasını xahiş etdi. Cavabdeh borcunu 2022-ci ilin mart ayında qaytaracağına söz versə də, sonradan cürbəcür bəhanələr gətirərək iddiaçıdan aldığı 9500 (doqquz min beş yüz) ABŞ dolları borcu qaytarmamışdır. İddiaçı cavabdehin işlədiyi vəkil bürosunun müdiri Gülşən xanım Salmanovaya xx.xx.2022-ci il tarixində və Azərbaycan Respublikası Vəkillər X1 sədri cənab Anar Bağırova xx.xx.2022- ci il tarixində cavabdehlə bağlı rəsmi şikayət ərizəsi ilə müraciət etmişdir. Ona məktub ilə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Göstərilənlərə əsasən Cavabdeh 9500 (doqquz min beş yüz) ABŞ dolları məbləğində pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, həqiqətən o, iddiaçıdan xx.xx.2021-ci il tarixdə borc olaraq 9500 ABŞ dolları məbləğində pul almışdır. Lakin həmin borcun 5700 ABŞ dolları hissəsini iddiaçıya hissə-hissə qaytarmışdır. 2021-ci ilin may ayından başlayaraq 2022-ci ilin fevral ayında sonuncu ödəniş olmaqla, iddiaçıya hər ay 570 ABŞ dolları, yəni 10 ay ərzində 5700 ABŞ dolları ödəmişdir. Qeyd olunanlara əsasən iddianın qismən, yəni yerdə qalan 3800 ABŞ dolları məbləğində pulun ondan iddiaçının xeyrinə tutulması hissəsində təmin olunmasına etiraz etməmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 9500 ABŞ dolları məbləğində borcu olduğunu etiraf etmişdir. Əsaslandırıcı hissə: Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış borc müqaviləsinə əsasən Cavabdeh İddiaçı 9500 ABŞ dolları məbləğində borcu olduğunu etiraf etmiş, həmin tarixdən xeyli müddət keçmiş, lakin cavabdeh öhdəliyini icra etməyərək, borcu iddiaçıya qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Göstərilən Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə Cavabdeh izahatının “9500 ABŞ dolları borcun 5700 ABŞ dolları hissəsinin iddiaçıya hissə-hissə qaytarması” hissəsi ilə bağlı qeyd edir ki, cavabdeh izahatının həqiqi olmasını, yəni borcun 5700 ABŞ dolları hissəsinin qaytarılmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmaqla, Cavabdeh 9500 (doqquz min beş yüz) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul və 140 (bir yüz qırx) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 9500 (doqquz min beş yüz) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul və 140 (bir yüz qırx) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar