Məhkəmə qərarları › İş №2(006)-2860/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2860/2023

25.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2860/2023 25.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, İddiaçının vəkili - X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki şəxsə vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki şəxsə vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı barəsində cinayət məsuliyyətinə qanunsuz cəlb edilərək 2 ay 08 gün «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilməklə azadlığı məhdudlaşdırıldığından və qətimkan tədbiri kimi 1 il 2 ay 19 gün müddətində həbsdə saxlandığına görə cavabdehdən iddiaçıya dəymiş maddi ziyan kimi 30000 manat, səhhəti ilə bağlı mənəvi ziyan kimi 50000 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 02 yanvar 2021-ci il tarixdə Şamaxı RPŞ-nin polis əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq saxlanılaraq, Şamaxı RPŞ-nin Təhqiqat Qrupunun təhqiqatçısı polis kapitanı Bəhlul Məlikli tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinərək şübhəli şəxs qismində tutulmuşdur. Toplanmış material üzrə 03 yanvar 2021-ci il tarixdə təhqiqatçı polis kapitanı Bəhlul Məlikli tərəfindən məhz Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanaraq icraata qəbul edilmişdir. 04 yanvar 2021-ci il tarixdə Şamaxı RPŞ-nin istintaq Bölməsinin baş müstəntiqi Mirxalid Kazımov tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmişdir. 12 aprel 2021-ci il tarixdə ********* saylı cinayət işi üzrə onun əməli Şamaxı RPŞ-nin istintaq Bölməsinin baş müstəntiqi Mirxalid Kazımov tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsinə tövsif edilmiş, həmin tarixdə də ittiham elan edilməsi üçün tutulmuş, CM-in qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Şamaxı rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmiş və 29 iyun 2022-ci il tarixədək qanunsuz olaraq həbsdə saxlanılmışdır. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 1(124)-06/2022 saylı hökmü ilə onun Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməməsi və əməlində cinayət tərkibi müəyyən edilməməsi əsası ilə bəraət verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 fevral 2023-cü il tarixli qərarı ilə kassasiya protesti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə də heç bir əsas olmadan öz işlərindəki statistikanın xətrinə hüquq mühafizə orqanlarının, yəni konkret olaraq Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq tutulub psixi və fiziki təzyiqlərə məruz qalmışdır. Habelə, 02 yanvar 2021-04 yanvar 2021-ci il tarixlərdə, 12 aprel 2021-ci il tarixdən 29 iyun 2022-ci il tarixədək, yəni 1 il 2 ay 19 gün müddətində heç bir qanuni əsas olmadan insanın ən ali arzusu, ən ülvi istəklərindən olan azadlıqdan məhrum olub həbs yerlərində saxlanılmışdır. Daha sonra prokurorluq orqanın apellyasiya və kassasiya protestlərinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin iş üzrə yekun qərar qəbul etdiyi 16 fevral 2023-cü il tarixədək əsəb, stres, gərginlik yaşamış, bütün bu müddət ərzində səhhətimdə ciddi problemlər yaranmışdır. Belə ki, həbsdən azad edildikdən sonra Kürdəmir Rayon Psixiatriya xəstəxanasında tibbi müayinə zamanı onda “kəskin şizofreniyaya bənzər psixotik pozuntu” xəstəliyi müəyyən edilmişdir. Həmin xüsusat, Kürdəmir Rayon Psixiatriya xəstəxanası tərəfindən verilən 258/2022 saylı ambulator kitabçadan çıxarışda öz təsdiqini tapmışdır. Bununla bağlı uzun müddət müalicə olunmuş, hazırda da müailicə alır. Bundan başqa, tutulduğu ana qədər gündəlik 40-50 manat qazanc əldə etməklə qeyri-rəsmi olaraq taksi fəaliyyəti ilə göstərərək əldə etdiyi pulla dolanmışdır. Təbii ki, həbsdə saxlandığı bütün müddət ərzində həm qazancından məhrum olmuşdur. Beləliklə, cinayət prosesini həyata keçirən orqanların səhvi və suiistifadəsi nəticəsində şəxsi həyat və işgüzar nüfuzuna xələl gəlmiş, fiziki və mənəvi ziyana məruz qalmış, uzun müddət qapalı şəraitdə saxlanıldığından səhhətində ciddi problemlər yaranmış və hazırda müalicəyə ehtiyacı vardır. Həmçinin hesab edir ki, təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində 1 il 2 ay 19 gün həbsdə saxlanılaraq azadlıq hüququndan məhrum edilməsi onda son dərəcə inamsızlıq, narahatlıq, məyusluq hissləri keçirməyinə, streslər, əzab və əziyyətlər yaşamasına, xəstəlik tapmasına bilavasitə qaçılmaz səbəb olmuşdur. Bu hərəkətlər onun, həmçinin fiziki və mənəvi sarsıntılar keçirməyini labüd etmişdir. Belə ki, baş vermiş hadisə nəticəsində onun həqiqətən də çox ağır mənfi psixoloji reaksiyaya səbəb olması mübahisəsizdir. Bundan başqa, qanunsuz olaraq məsuliyyətə cəlb edildiyi, daha doğrusu həbs edildiyi vaxtdan yeganə övladı dünyaya gəlmiş, lakin həbsdə olduğu üçün övladının üzünü yalnız 29 iyun 2022-ci il tarixdə azad olunandan sonra görmüşdür. Həbsdə olduğu müddətdə işləyib evə qazanc verə bilmədiyindəm yeni dünyaya gəlmiş körpəsinin qayğısına qala bilməmişdir. Bu xüsusatın özü onunla yanaşı, ailə üzvlərinə, valideynlərinə stres, əzab və əziyyətlər yaşatmışdır. Hazırda barəsində cinayət təqibi üzrə icraat qurtardığindan cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. İddiaçının nümayəndəsi (vəkili) - X4 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı - İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən ona xeyli miqdarda ziyan vurulmasına görə zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçı əmək fəaliyyəti ilə məşğul olduğunu qeyd etmiş, lakin aylıq gəliri ilə bağlı hər hansı təsdiqedici sübutlar təqdim etmədən, xərcləri əsaslandırmadan maddi zərərə görə 30.000 manat kompensasiya ödənilməsini tələb etmişdir. Belə ki, vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə sənədlər işin materillarına əlavə edilməmişdir. Bundan əlavə iddiaçı mənəvi ziyana görə də 50.000 manat kompensasiya ödənilməsini tələb etmişdir. Hesab edir ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Həmçinin iddiaçı səhhətində yaranmış problemlərlə bağlı kompensasiyanın ödənilməsini tələb edir. Lakin iddiaçı məhz həbs olunduqdan sonra qeyd etdiyi xəstəliyə məruz qalmasını təsdiq edən dəlilləri işin materiallarına əlavə etməmişdir. İddiaçı bəlkə həbs edilmədən öncə bu xəstəliyin daşıyıcısı olub yəni həmin xəstəliyə məhz həbsdə olarkən məruz qalmasını təsdiq edən sənəd yoxdur və qeyd olunan məbləğin həqiqətən də müalicə ilə bağlı xərclənməsini sübut edəcək hər hansı bir dəlil təqdim etməmişdir. Qeyd edirik ki, tələb olunan məbləğ ağlabatan deyil. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçıya ziyanın vurulduğu həqiqi faktlarla müəyyən edilərsə, bu zaman dövlətin və onun büdcəsinin də mənafeyi nəzərə alınmalı və məhkəmə tərəfindən qəbul ediləcək qərarda iş üzrə təqsirkar vəzifəli şəxslərin (adı, soyadı, vəzifəsi göstərilməklə) təqsiri müəyyən edilməlidir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi cinayət prosesini həyata keçirən orqan(və ya vəzifəli şəxs) hazırkı iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Ümumiyyətlə iddiaçı heç bir əsaslandırma və sübut göstərmədən maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(124)-6/2022 saylı hökmündən görünür ki, İddiaçı Azerbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirsiz hesab edilmiş və ona bəraət verilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, o, saxlandığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penıtensiar Xidmətin Bakı İstintaq Təcridxanasından dərhal azad olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 1(105)-416/2022 saylı qərarından görünür ki, apellyasiya protesti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(124)-6/2022 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(102)-661/2023 saylı qərarından görünür ki, kassasiya protesti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 1(105)- 416/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət ərzində əsassız yerə istintaqa (xx.xx.2021-xx.xx.2022) cəlb edilmiş, şübhəli şəxs qismində tutulmuş (xx.xx.2021-xx.xx.2021, 02 gün),barəsində başqa yerə getməmək haqqında iltizam (xx.xx.2021-xx.xx.2021, 03 ay 8 gün), sonra həbs qətimkan tədbiri (xx.xx.2021-xx.xx.2022, 14 ay 17 gün) seçilərək, hüquqları məhdudlaşdırılmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101.1 -ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1 -ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1 -ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1 -ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1 -ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia həmin hissədə qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 16.000 (15.000 manat həbs + 1000 manat başqa yerə getməmək barədə iltizam qətimkan tədbrinə görə) manat məbləğində mənəvi ziyan tutulmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri - inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 16.000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları (şübhəli şəxs qismində tutulması (xx.xx.2021xx.xx.2021, 02 gün), barəsində başqa yerə getməmək haqqında iltizamı (xx.xx.2021xx.xx.2021, 03 ay 8 gün) və həbs qətimkan tədbirini (xx.xx.2021-xx.xx.2022, 14 ay 17 gün)) nəzərə alır. Məhkəmə iddia tələbinin maddi ziyanın tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı, ona ittiham elan edildiyi günədək taksi fəaliyyəti göstərərək əldə etdiyi pulla dolandığını bildirsə də, bu barədə, eyni zamanda həmin fəaliyyətdən əldə etdiyi gəlirlər barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia göstərilən hissədə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya vurulmuş mənəvi zərərə görə 16000 (on altı min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı ona daha artıq həddə mənəvi zərər vurulmasına, habelə ona maddi zərər vurulmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 16.000 (on altı min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar