Məhkəmə qərarları › İş №2(006)-2871/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2871/2023

07.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2871/2023 07.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlu, İddiaçı Cavabdeh MTK-nın sədri X1 qarşı pul tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-nın sədri X1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus daş qarajin zəbt olunmasindan 70 ay keçməsini, Binəqədi Rayon Məhkəməsinin qət etdiyi hər ay üçün 100 manat kirayə haqqinin, cəmi 7000 manat təşkil etdiyi nəzərə alinsin, həmin məbləğin 3400 manatının Binəqədi Rayon Məhkəməsinin qətnaməsinin tələbi əsasında ödənilməsi, qalan 3600 manatı isə Cavabdeh MTK tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, hazırkı iddia tələbinin əsasını iddiaçıya məxsus olmuş daş qarajın əvvəlki vəziyyətinə qaytarılması və bundan irəli aylıq ödənişlər təşkil edir. Mübahisə iddia tələbinin mahiyyətinə, subyekt tərkibinə görə məhkəmə qaydasında baxıla bilməz. İş materiallarına əlavə edilmiş Binəqədi Rayon Məhkəməsinin 2(001)-147/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh MTK-ya qarşı qarajın əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi və 10368 manat icarə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia tələbi qismən təmin edilmiş, İddiaçı məxsus olan Bakı şəhəri, Azadlıq prospekti, 158 saylı evin qarşısında yerləşən daş qaraj Cavabdeh MTK tərəfindən əvvəlki vəziyyətinə qaytarılaraq İddiaçı təhvil verilməsi və 3400 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Göründüyü kimi hazırki iddia tələbinə artıq Binəqədi Rayon Məhkəməsinin 2(001)- 147/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə münasibət bildirilmişdir. Bundan başqa hazırki iddia tələbində digər məhkəmə qətnaməsinin icra edilməsi xahiş edilir. İddiaçının məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş halın ayrı iddia ilə mübahisələndirilməsi məhkəmə aktlarının preyudisiallığı baxımından yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 14 fevral 2020-ci il tarixli Qərarı). Oxşar hüquqi mövqe İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Məhkəmənin “Brumareski Rumıniyaya qarşı” iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.2.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmçinin Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya Binəqədi Rayon Məhkəməsinin 2(001)- 147/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun hərəkət və hərəkətsizliyindən icra icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Eləcə də iddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 56 manat məbləğində pul ona geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.2.2, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MTK-nın sədri X1 qarşı pul tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər İddiaçıya qaytarılsın. İddiyaçıya izah edilsin ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-147/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun hərəkət və hərəkətsizliyindən icra icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 56 manat məbləğində pul (AR Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyi vasitəsilə, qəbzin nömrəsi: **********) İddiaçı geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar