Məhkəmə qərarları › İş №2(006)-2873/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2873/2023

14.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2873/2023 14.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdehnə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov 8 ünvanda yerləşən 34,3 kv.m. qeyri-yaşayış sahəsi, 4,9 kv.m.yardımçı sahə və həmin sahələrdən əlavə olaraq 21,0 kv.m. torpaq sahəsi iddiaçıya məxsus olmuşdur. Cavabdeh MMC ilə aralarında aparılmış danışıqlara əsasən razılığa gəlinmişdir ki, iddiaçıya 50,0 kv.m. sahədən ibarət mənzil və 21,0 kv.m. torpaq sahəsinə görə əlavə olaraq hər kv.m. sahə üçün 1000 manat pul vəsaiti veriləcəkdir. Cavabdeh MMC ilə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən iddiaçıya 50,0 kv.m. mənzil sahəsi verilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq ona vəd verilmiş 21,0 kv.m. torpaq sahəsinin dəyəri cavabdeh tərəfindən ödənilmir ki, bu da iddiaçının hüquqlarını pozur. Qanunvericiliyə əsasən müəyyən edilmişdir ki, MTK-i vətəndaşlarla (sakinlərə) razılaşdıqlar halda onlara məxsus ərazidə söküntü və tikinti işləri apara bilərlər. Göründüyü kimi qanunun tələblərinə müvafiq olaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmir. İddiaçı dəfələrlə cavabdehə ödənişin edilməsini tələb etsə də, ona bildirilmişdir ki, torpağa görə onlar haqq ödəmirlər. Göstərilənlərə əsasən "xxxx" MMC-dən 20.000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov 8 ünvanında yerləşən 34,3 kv.m. qeyri-yaşayış sahəsi, 4,9 kv.m. yardımçı sahə və həmin sahələrdən əlavə olaraq 21,0 kv.m. torpaq sahəsi iddiaçıya məxsus olmuşdur. Cavabdehlə iddiaçı arasında gələnən yazılı razılığa əsasən yuxarıda qeyd etdiyi Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov 8 ünvanında yerləşən 34,3 kv.m. qeyri-yaşayış sahəsini cavabdehə vermək müqabilində iddiaçıya cavabdeh tərəfindən 50 kv.m. sahədən ibarət mənzil verilməsini öhdəsinə götürmüş və 21 kv.m. torpaq sahəsi ilə bağlı isə şifahi olaraq razılıq əldə olunmuşdur ki, onun əvəzində hər kv.m. üçün 1000 manat pul vəsaiti və ya iddiaçıya veriləcək 50 kv.m.mənzilə əlavə kv.m. veriləcəkdir. Deyildiyi kimi, iddiaçıya 50 kv.m. və əlavə olaraq 5 ev.m. mənzil verilsə də, sonradan əlavə olaraq verilmiş 5 kv.m. sahə ondan ayrılmışdır. Nəticədə cavabdeh üzərinə götürdüyü öhdəliyi pozulmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin ötürülməsi ilə bağlı ərizəyə münasibətə isə bildirmək istəyir ki, cavabdeh tərəf 2020-ci ilə qədər problemin həll olunacağı ilə bağlı vədlər vermiş və iddiaçı tərəf də, buna etibar edərək, məhkəməyə müraciət etməmişdir. Bundan əlavə qarşı tərəf müddətin keçməsini müqavilənin bağlanması tarixi ilə bağlasalar da, onlar tərəflər arasında bağlanmış müqaviləni mübahisələndirmirlər. Onlar qarşı tərəfindən müqavilədən qeyd ediləndən əlavə iddiaçıya veriləcəyini bildirdiyi sahənin verilməməsi ilə bağlı iddia qaldırmışlar. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin olunması baoədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, onlar 1992-ci ilin may ayından etibarən mübahisəli ərazidə məcburi köçkün kimi yaşayırlar. Onlar həmin ərazidə qeyriyaşayış sahəsinə yerləşmiş və uzun müddət ailəsi ilə orada yaşamışlar. Bununla bağlı icra hakimiyyətinin sərəncamı da vardır. Həmin sərəncamla onların hüquqları tanınmışdır. Qarşı tərəf isə həmin torpaq sahəsini 2004-cü ildə əldə etmişdir. Onlar cavabdeh tərəfindən onlara verilmiş mənzildə isə 3 ildir ki, yaşayırlar.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) X8 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, mübahisəli ərazi təsisçi Əli bəyin həyat yoldaşının mülkiyyətində olmuşdur. İddiaçı tərəfin həmin sahə və onun üzərindəki hərhansı tikili ilə bağlı rəsmi sənədi olmamışdır. Onlar məcburi köçkün kimi orada məskunlaşmışlar. Daha sonra isə iddiaçı ilə yazılı müqavilə bağlanmış və həmin müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliklər tam icra olunmuşdur. Onlar şifahi olaraq heç bir razılığa gəlməmişlər. İddia tələbi tam əsassızdır və təmin olunmamalıdır. Cavabdehin nümayəndəsi həmçinin iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 6.Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli sərəncamından görünür ki, Nəsimi rayon İcra Hakimiyyətinin 507/55 №-li 04.06.92-ci il tarixli sərəncamı ilə M.Qasımov küçəsi 8 №-li ünvanda sahəsi 14 kv.m. olan qeyri-yaşayış sahəsi həmin ünvanda yaşayan K.Məmmədovanın və L.Namazovanın ailəsinə təsərrüfat məqsədi üçün verilmişdir. Prokurorluğun ümumi nəzarət qaydasında yoxlaması zamanı müəyyən olunmuşdur ki, göstərilən ünvanda K.Məmmədovaya məxsus sahəsi 19,6 kv.m. olan anbar və sahəsi 16,0 kv.m-dən ibarət mətbəx və sanitariya qovşağından ibarət əlavə tikililər vardır. Göstərilənlərlə yanaşı yoxlama zamanı müəyyən olunmuşdur ki, 13 may 1992-ci il tarixdən göstərilən qeyri-yaşayış sahəsində Şuşa rayon qaçqını M.B.Qəmbərov 6 nəfər ailə üzvləri ilə birlikdə məskunlaşmışdır. Həmçinin sərəncamda mübahisəli qeyri-yaşayış sahəsinin ölçüsü 14,0 kv.m. göstərildiyi halda faktiki sahəsi 32,65 kv.m.-dir. Yuxarıdakıları nəzərə alaraq Nəsimi rayon Prokurorluğunun 43-Ş- 98 №-li, 11.02.98-ci il tarixli protestinin təmin edilməsi, Nəsimi rayon İcra Hakimiyyətinin 507/55 №-li, 04.06.92-ci il tarixli sərəncamın ləğv olunması qərara alınmışdır.

8. İş materiallarına əlavə edilmiş məcburi köçkün vəsiqələrinin surətlərindən görünür ki, X1 və İddiaçı Şuşa rayonundan məcburi köçkünlər kimi Qaçqınların və X7 üzrə Dövlət Komitəsində qeydiyyata alınmışlar.

9. İş materiallarında olan Şuşa rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 721759 nömrəli, xx.xx.2015-ci il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X5 xx.xx.2015-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 40 № ilə qeyd edilmişdir.

10. İş materiallarında olan Cavabdeh MMC ilə «Mənzil istifadəçisi» qismində İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 saylı qərarına əsasən Nəsimi rayonu, M.Qasımov 8 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan ona məxsus mənzilin söküntüsü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirəcək, bu binada söküntüsü nəzərdə tutulmuş istifadəsində olan 2 otaqlı, 31 kv.m. mənzilin sənədsiz göstərilmiş ümumi sahəsinə 20% əlavə etməklə təmirli 1 otaqlı, 50 kv.m. İİİ mərtəbədə mənzili sahibinə verməyi öhdəsinə götürür (bənd 1.1). Mənzil istifadəçisi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün Cavabdeh MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür (bənd 1.2). Yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün aylıq 400 manat kirayə haqqını tələb etməsi, müqavilədə göstərilən müddətdə Cavabdeh MMC-dən müqavilə ilə razılaşdırılmış şərtlərlə uyğun şəkildə mənzili tələb etməsi «Mənzil istifadəçisi»nin hüquq və vəzifəsidir (bənd 2.1.2, 2.1.5). Yaşayış üçün təhlükəli olan mövcud mənzildən «Mənzil istifadəçisi»nin müvəqqəti yaşayış yerinə köçürülməsi Cavabdeh MMC tərəfindən həyata keçirilməsini təmin etməsi, müqavilədə göstərilən şərtlər əsasında yaşayış üçün təhlükəli olan mövcud mənzilin söküntüsü üçün şəraitin yaradılması və söküntüsünü təmin etməsi, müqavilənin 2.1.2-ci bəndində nəzərdə tutulmuş ödənişi hər ayın tamamında «Mənzil istifadəçisi»nə ödənilməsini təmin etməsi, tikinti işləri neçə ay gecikərsə hər ay müqavilədə kirayə haqqı Cavabdeh MMC tərəfindən ödəniləcək, yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən «Mənzil istifadəçisi»nə mənzili təmir edib istifadəyə verməsi Cavabdeh MMC-nin hüquq və vəzifələridir (bənd 2.2., 2.2.2, 2.2.3, 2.2.4, 2.2.5).

11. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru X8 tərəfindən İddiaçı ünvnlanmış xx.xx.2017-ci il tarixli öhdəlikdən görünür ki, qeydiyyatda olduğu Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov 8 ünvanında İddiaçı məxsus evin Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli № 86 saylı qərarına uyğun olaraq sökülməsinə və onun əvəzinə Cavabdeh MMC tərəfindən İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov 8 küçəsində tikiləcək 1 girişli binanın, 1 otaqlı, sahəsi 50 kv.m. təmirli mənzil verilməsini Cavabdeh MMC öz öhdəsinə götürmüşdür.

12. İş materiallarında olan Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli kirayə haqqı ödəniş cədvəlin surətindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı 2017-ci ilin fevral ayından 2017-ci ilin iyun ayınadək aylıq 400 manat olmaqla cəmi 2400 manat kirayə haqqı ödənilmişdir.

13. İş materiallarında olan 14 saylı MKİS-nin rəisi R.Piriyev, mühəndisi N.Həsənova, mühasibi F.Zeynalova tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli aktın surətindən görünür ki, M.Qasımov küçəsi 8 saylı ünvanda yaşayan Şuşa rayon köçkünü İddiaçı müraciətinə əsasən həmin ünvanda olmuşlar və araşdırma zamanı məlum olmuşdur ki, Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il sərəncamına əsasən M.İddiaçı təsərrüfat məqsədi üçün verilmişdir. O, həmin qeyri-yaşayış sahəsini öz şəxsi vəsaiti hesabına yaşayışa yararlı vəziyyətə gətirərək 6 nəfər ailə tərkibi ilə birlikdə məskunlaşmışdır. Həmin qeyri-yaşayış sahəsi yaşayışa yararlı vəziyyətə gətirildikdən sonra 3 otaq yaşayış sahəsi 26,7 kv.m., köməkçi sahəsi 12,5 kv.m., ümumi sahəsi isə 39,2 4 kv.m-dən ibarət olub.

14. İş materiallarında olan 14 saylı MKİS-nin mühəndisi N.Həsənova tərəfindən tərtib edilmiş planın surətindən görünür ki, Bakı şəhəri, M.Qasımov küçəsi, 8 saylı evdə yaşayan İddiaçı məxsus qeyri-yaşayış sahəsinin ümumi sahəsi 39,2 kv.m., yaşayış sahəsi 26,7 kv.m., köməkçi sahəsi 12,5 kv.m. təşkil etmişdir.

15. İş materiallarında olan xx.xx.2017-ci il tarixli Kommersiya qurumunun Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh MMC xx.xx.2016cı ildə hüquqi şəxs kimi qeydiyyata alınmış, nizamnamə kapitalının miqdarı 10 manat təşkil etmiş, X2 - 50% və X11 - 50% pay hüququ ilə Cavabdeh MMC-nin təsisçilərdir, qanuni təmsilçisi (əvvəlki) - X2, qanuni təmsilçisi (hazırki) X6r.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

16. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən cavabdeh Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 saylı qərarına əsasən Nəsimi rayonu, M.Qasımov 8 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan iddiaçının istifadəsində olan mənzilin söküntüsü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirəcək, bu binada söküntüsü nəzərdə tutulmuş istifadəsində olan 2 otaqlı, 31 kv.m. mənzilin ümumi sahəsinə 20% əlavə etməklə 1 girişli binanın, 1 otaqlı, sahəsi 50 kv.m. təmirli mənzil iddiaçıya verilməsini öz öhdəsinə götürmüşdür. Cavabdeh təşkilat müqavilə üzrə öhdəlikləri icra etməklə iddiaçıya 50 kv.metr sahədən ibarət mənzil verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onunla Cavabdeh MMC ilə arasında aparılmış danışıqlara əsasən ona 50 kv.m. sahədən ibarət mənzil və 21 kv.m. torpaq sahəsinə görə əlavə olaraq hər kv.m. sahə üçün 1000 manat pul vəsaitinin verilməsi vəd etmişdir. Hazırda iddiaçı ona vəd etmiş 21 kv.m. olan torpaq sahəsinin dəyərinin ödənilməməsi üçün cavabdehdən 20.000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

17. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) .

19. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

20. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd - mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır.

21. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

22. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi).

23. Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

24. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur.

25. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır.

26. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin məzmunu dedikdə, əqddə əksini tapan şərtlərin məcmusu başa düşülür. Bu şərtlər qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verməlidir.

27. Belə ki, mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini tənzimləyən bir sıra müddəaları (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.) nəzərdə tutmuşdur.

28. Mülki Məcəllənin 417.1-ci maddəsinə görə müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir.

29. Müqavilənin standart şərtləri aşağıdakı tələblərə cavab verməlidir: - tərəflər arasındakı münasibətlərin tənzimlənməsi, onlara öhdəlik xarakterinin verilməsi; - öhdəliklərin ardıcıl yerinə yetirilməsi üçün qayda və üsulların müəyyənləşdirilməsi; - öhdəliyi yerinə yetirməyən tərəflər barədə tətbiq olunacaq tədbirlərin həyata keçirilmə qaydası.

30. Bu tələblərə cavab verən zəruri şərtlərin yerinə yetirilməsi müqavilələrin quruluşu və məzmunu ilə müəyyənləşdirilir.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Məhkəmə qeyd edir ki, öhdəlik - konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil olan ictimai münasibətlər əmlakın mülkiyyətə verilməsi ilə, əmlakın istifadəyə verilməsi ilə, xidmət göstərilməsi ilə, iş görülməsi ilə, müqavilədənkənar hərəkətlərlə bağlı yarana bilər. Başqa sözlə, öhdəliyin predmeti - pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkilmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

34. Öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür.

35. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir.

36. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MMC Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov 8 ünvanında iddiaçının istifadəsində olan 2 otaqlı, 31 kv.m. mənzilin Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli № 86 saylı qərarına uyğun olaraq sökülməsinə və onun əvəzinə iddiaçının istifadəsində olan 31 kv.m. mənzilin ümumi sahəsinə 20% əlavə etməklə həmin ünvanda tikiləcək 1 girişli binanın, 1 otaqlı, sahəsi 50 kv.m. təmirli mənzil iddiaçıya verilməsini öz öhdəsinə götürmüşdür.

37. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya 31 kv.m. əvəzinə 50 kv.metrdən yuxarı sahədən ibarət mənzil verilmişdir. Bundan əlavə olaraq iddiaçının məhkəməyə təqdim etmiş 14 saylı MKİS-nin mühəndisi N.Həsənova tərəfindən tərtib edilmiş planın surətindən görünür ki, Bakı şəhəri, M.Qasımov küçəsi, 8 saylı evdə yaşayan İddiaçı məxsus qeyri-yaşayış sahəsinin ümumi sahəsi 39,2 kv.m olmuşdur, yəni hətta 39,2 kv.m sahə olmuş olsaydı belə bunun üzərinə 20 % artıq sahə gəlindikdə 48 kv.m sahə təşkil edəcəkdiki cavabdeh tərəf iddiaçıya bundan əlavə 2 kv.m sahə əlavə etməklə 50 kv.m sahə vermişdir.

38. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı yaşayış sahəsinin onun mülkiyyətində olmasına istinad etsədə mülki iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli sərəncamından görünür ki, Nəsimi rayon İcra Hakimiyyətinin 507/55 №-li 04.06.92-ci il tarixli sərəncamı ilə M.Qasımov küçəsi 8 №-li ünvanda sahəsi 14 kv.m. olan qeyri-yaşayış sahəsi həmin ünvanda yaşayan K.Məmmədovanın və L.Namazovanın ailəsinə təsərrüfat məqsədi üçün verilmişdir. Prokurorluğun ümumi nəzarət qaydasında yoxlaması zamanı müəyyən olunmuşdur ki, göstərilən ünvanda K.Məmmədovaya məxsus sahəsi 19,6 kv.m. olan anbar və sahəsi 16,0 kv.m-dən ibarət mətbəx və sanitariya qovşağından ibarət əlavə tikililər vardır. Göstərilənlərlə yanaşı yoxlama zamanı müəyyən olunmuşdur ki, 13 may 1992-ci il tarixdən göstərilən qeyri-yaşayış sahəsində Şuşa rayon qaçqını M.B.Qəmbərov 6 nəfər ailə üzvləri ilə birlikdə məskunlaşmışdır. Həmçinin sərəncamda mübahisəli qeyri-yaşayış sahəsinin ölçüsü 14,0 kv.m. göstərildiyi halda faktiki sahəsi 32,65 kv.m.-dir. Yuxarıdakıları nəzərə alaraq Nəsimi rayon Prokurorluğunun 43-Ş-98 №-li, 11.02.98-ci il tarixli protestinin təmin edilməsi, Nəsimi rayon İcra Hakimiyyətinin 507/55 №-li, 04.06.92-ci il tarixli sərəncamın ləğv olunması qərara alınmışdır. Bu isə onu deməyə əsas verir ki, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının sərəncamı hazırki cavabdehə mülkiyyətə qeydə alınması məqsədləri üçün deyil sırf təsərüüfat aparmaq məqsədilə ilə istifadəyə verilmişdir.

39. Lakin iddiaçı iddia edir ki, onunla cavabdeh arasında olan şifahi razılığa əsasən cavabdeh təşkilat tərəfindən iddiaçıya məxsus 21 kv.m. torpaq sahəsi əvəzində hər kv.m. üçün 1000 manat pul vəsaiti verilməmiş, onu aldadılmış və bununla da cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri pozmuşdur.

40. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2017-ci il tarixli müqavilə şərtləri ilə razılaşmış, 50 kv.metrinin mənzili cavabdehdən təhvil almış və müqaviləni sərbəst şəkildə bağlanmışdır. Qeyd edilən vəd barəsində hər hansı yazılı razılaşma mövcud olmamış, bunun əksinə olaraq tərəflər arasında yaşayış sahəsinin verilməsi barədə yazılı müqavilə bağlanılmış və həmin müqavilə şərtlərinə hər iki tərəf könüllü qaydada imza etməklə iradə ifadələrini açıq bəyan etmişlər.

41. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı cavabdehin müqavilə üzrə öhdəliklərini icra etməməsini iddia etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

42. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).

45. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.

46. Məhkəmə cavabdehin nümayəndəsinin hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə üzrə qeyd edir ki, iddia tələbinin əsassız olması barədə öz təsdiqini tapdığından, iddia müddətinin tətbiq edilməsinə ehtiyac qalmır. Lakin məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddiası əsaslı olsaydı belə iddiaçı müqaviləni xx.xx.2017-ci il tarixdə bağladığından və bunun üzərindən 6 illik müddət keçdiyindən iddia tələbi bu əsasla da təmin oluna bilməzdi.

47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

48. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (Mülki Məcəllənin 373.1-373.3-cü maddələri). Eyni zamanda, tələblərin ayrıayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 373.4-ci maddəsi).

49. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.

50. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «pul» tələbinə dair iddiası təmin edilməməlidir.

51. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir (iddiaçı dövlət rüsumundan azaddır) .

52. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

53. Həmin Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

54. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdehnə qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar