Məhkəmə qərarları › İş №2(006)-2877/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2877/2020

08.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2877/2020 08.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16 min 500 manatın birdəfəlik məcburi qaydada tutulması və ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(008)-10/2019 saylı cinayət işi üzrə cavabdeh - təqsirləndirilən şəxs Cavabdeh onun 16 min 500 manat pulunu və digər zərərçəkmiş şəxslərin pullarını mənimsəməsi müəyyən olunmuşdur. Buna görə, o Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Cavabdeh bu günədək pulunu qaytarmaqdan boyun qaçırdır. Beləliklə, cavabdeh həmin pullara dair onun mülkiyyət hüququnu pozur. Qeyd edilənləri nəzərə alaraq cavabdeh - Cavabdeh 16 min 500 manatın birdəfəlik məcburi qaydada tutulması və ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-10/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinmiş və o, 5000 (beş min) manat cəzasına məhkum edilmişdir. CM-nin 69.4-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə və ev dustaqlığında saxlanıldığı 05 (beş) ay müddət nəzərə alınmış və ona təyin olunmuş cərimə cəzası yüngülləşdirilərək üzərində 3000 (üç min) manat cərimə cəzası saxlanılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-10/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmünün 9-cu səhifəsində qeyd edilən təqsirləndirilən şəxs Cavabdeh ifadəsindən görünür ki, “İddiaçı pulunun ələ keçirilməsi epizodu üzrə özünü təqsirli bilmir. İddiaçı tanışı Mahmudun vasitəsilə tanımışdır. Mahmudun ona 2000 manat pul borcu olmuşdur. Bir gün Mahmuda iş qurmaq istədiyini, pula ehtiyacının olması ilə əlaqədar pulunu qaytaracağını demişdir. Mahmud ona maddi cəhətdən imkanı yaxşı olan bir tanışının olduğunu və ona istədiyi qədər borca pul verə biləcəyini demişdir. Ona görə də, Mahmud onu Azərlə tanış etmişdir. O, Azərdən iş qurması üçün üç dəfəyə pul almışdır. Birinci dəfə, Yasamal rayonu ərazisində yerləşən Asan xidmətin qarşısında Azərdən 13.000 manat pul almışdır. Pulu aldıqdan sonra Asan xidmətin binasında yerləşən notariusda kredit müqaviləsi bağlamışdır. Sonra Azər çıxıb getmişdir. Azərin ona verdiyi 13.000 manat puldan 2000 manatını Mahmuda vermişdir. Sonradan o, Azərdən 10.000 manat yenidən borca pul almışdır. Sonuncu dəfə isə o, Azərdən 2000 manat pul almışdır. Həmin pulu Azər Mahmudun vasitəsilə ona göndərmişdir, pulu Mahmuddan Binəqədi rayonu, K.Marks ərazisində almışdır. Sonradan Rafiq adlı tanışı vasitəsilə Azərə 7500 manat pul göndərmişdir. Rafiq həmin pulun 2000 manatını özünə götürmüşdür, Azərə 5500 manat pul vermişdir. Hazırda onun Azərə 18.500 manat borcu vardır. O, əməllərindən peşmançılıq hissi keçirdiyini bildirdi.” Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-10/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmünün 13-cü səhifəsində qeyd edilən zərərçəkmiş şəxs İddiaçı ifadəsindən görünür ki, “... Elxan ondan ümumilikdə, 25.000 manat pul almışdır. Elxan torpaq satmaq üçün və sənəd düzəltmək adı ilə ondan pul alsa da, gələcəkdə öz dələduzluq əməlini örtbasdır etmək üçün 13.000 manat və 10.000 manat pulu alan zaman onunla borc müqaviləsi bağlamışdır. İstintaq müddəti ərzində Elxan 25.000 manat puldan 6.500 manatını qaytarmışdır, 18.500 manat isə borclu qalmışdır. Hazırda təqsirləndirilən şəxs Cavabdehla aralarında olan kredit müqaviləsi əsasında borcun ödənilməsinə razılaşmışlar. Buna görə də Cavabdeh qarşı heç bir şikayəti və tələbi yoxdur.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 saylı, xx xxxxxx 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətin kim tərəfindən edilməsi məsələsində mülki işə baxan məhkəmə üçün məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. İddianın təmin olunması barədə qətnamədə hökmlə bərabər, qət edilmiş məbləğ haqqında işdə olan və ya təqdim olunan digər sübutlara da istinad edilməlidir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı dostu Mahmud Hacıyevin vasitəsilə tanış olduğu və ona iş qurmaq istədiyini bildirən Cavabdeh ümumilikdə 25.000 manat məbləğində pul vermişdir. Bununla da tərəflər faktiki olaraq borc müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətlərinə girmişlər. Cavabdehin iddiaçıdan borc müqaviləsi üzrə qeyd edilən məbləğdə pulun alınmasını etiraf etdiyi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-10/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, borc müqaviləsi üzrə alınmış pulu iddiaçıya qaytardığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə, pulun iddiaçıya cavabdeh tərəfindən qaytarılmasını təsdiq edən sübutların işin materiallarında mövcud olmadığını nəzərə alaraq iddianın təmin edilməsi qənaətinə gəlir. Belə ki, cavabdeh MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən borc müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, borc müqaviləsi üzrə borc verənin müəyyən məbləğdə pulu borc olaraq verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarıldığını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən şifahi qaydada bağlanmış borc müqaviləsinə əsasən müvafiq məbləğdə cavabdehə borca pulun verildiyi öz təsdiqini tapsa da, həmin müqaviləyə əsasən verilmiş pulun qaytarılması sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, verilmiş borc üzrə 16.500 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 16.530 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 16.500 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 16.530 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar