Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-288/2021 16.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bağlanmış müqavilənin ləğv edilməsi və Cavabdeh MMC tərəfindən yararsız vəziyyətə düşmüş əmlaka görə ödədiyi 604 manat pulun Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)-2513/2020 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, sonradan Cavabdeh MMC-nin ərizəsinə əsasən qiyabi qətnamə ləğv edilərək, sonrakı prosessual hərəkətlərin edilməsi vaxtı və yeri müəyyən olunmuşdur. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 2019-cu il tarixdə «28 Mall» TM-də yerləşən Cavabdeh MMC-yə məxsus mağazadan daxili kreditlə 849 manat dəyərində «Samsung A705» Black markalı mobil telefon almışdır. Bundan başqa həmin telefon üçün 45 manata qoruyucu üzlük almışdır. Cəmi kreditin məbləği 906 manat təşkil edirdi və həmin məbləğə görə hər ay həmin mağazaya 151 manat pul ödəmişdir. xx.xx.2020-ci il tarixədək cəmi ödədiyi məbləğ 604 manat təşkil edir. xx xxxxxxx 2019-cu il tarixdə telefonun ekranının qaralması səbəbindən telefonu aldığı mağazaya aparmış və onlara bu barədə müraciət etmişdir. Həmin mağazada ona Xocalı prospektində yerləşən servis mərkəzinə müraciət etmək lazım olduğunu bildirmişlər. Həmin ünvana gedəndən sonra servisin işçisi telefonunu yoxlayaraq, telefonun üzərində sınıq, ya zərbə olmadığı haqda arayış verib və telefonunun servisdə saxlanılması zərurətinin yarandığını ona bildirmişdir. Bir müddət keçəndən sonra servisin işçiləri ona zəng edərək telefonunda ekran üzərində sınıqların olduğunu bildirmişlər. Halbuki, telefonunu təhvil verərkən telefonun üzərində heç bir çat və yaxud sınıq yox idi. Bu səbəbdən, xx xxxxxxx 2019-cu il tarixdə servis mərkəzinə gəlmiş və vəziyyəti aydınlaşdırmışdır. Servisin əməkdaşı ona bildirmişdir ki, onlar öz hesablarına telefonun qüsurunu düzəldə bilərlər, lakin zəmanət ləğv olunub. O, razılıq vermədiyini bildirmiş və qanuni zəmanət hüququnun bərpasını tələb edəcəyini bildirmişdir. Bir həftə ərzində SMS-lə cavab verəcəklərini bildirmişlər. Həftə tamam olmuş, cavab olmadığını görüb, yenidən Cavabdehin qaynar xəttinə müraciət etmişlər. Onu mərkəzi ofisə yönləndirmişlər. Orada bildirmişlər ki, rəhbərliyə çatdırdıqdan sonra, 3 gün ərzində ona telefon vasitəsi ilə SMS göndəriləcək. Qaynar xəttin ofis işçiləri vəd etdiyi vaxtdan 5 gün keçməsinə baxmayaraq, ona sms gəlməyib və bu səbəbdən, yenidən cavabdehin qaynar xəttinə müraciət etmiş və iradını bildirmişdir. Bu barədə danışdıqdan sonra ona bildirmişlər ki, servis mərkəzi 2 həftə ərzində öz hesabına telefonun ekranını dəyişəcək və zəmanəti bərpa edəcək. İki həftədən çox keçməsinə baxmayaraq, ona heç bir məlumat verilməyib. Yenidən servis mərkəzinə getmişdir. Servis mərkəzinin rəhbərliyində Vüqar adlı şəxsə bildirmişdir ki, artıq iki həftədən çox vaxt keçib, lakin bir cavab yoxdur və telefonun vəziyyəti ilə maraqlanmışdır. Orada ona bildirmişlər ki, telefonu öz vəsaiti hesabına təmir etməlidir və zəmanət də ləğv olunub. Müştəriyə belə münasibəti heç cür qəbul edə bilmir. Bir aydan artıq get-gəldən sonra mənəviyyatına təsir edən, olduqca ağır bir vəziyyətə düşmüşdür. Sonunculara lazımi instansiyalara müraciət edəcəyini bildirmişdir. İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və X1 Dövlət Xidmətinə müraciət etmişdir. Adı çəkilən qurum məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Bundan başqa, cavabdeh ona telefonun özü tərəfindən zədələnməsi barədə heç bir sübut təqdim etməyib, halbuki cavabdehin dediyinə görə servisdə telefonunu qəbul edən zaman servisdə olan müşahidə kamerasına çəkilib. Cavabdehdən aldığı telefonu bu günə qədər almamışdır və həmin telefon servisdədir. Odur ki, pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğısatqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 582.2 və 582.3-cü madələrinin tələblərinə əsasən, alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. Əşyanın keyfiyyəti üçün qarantiya, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun tərkib hissələrinə (komplektləşdirici məmulata) da şamil edilir. Mülki Məcəllənin 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə: - alış qiymətinin mütənasib azaldılmasını; - əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını; - əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: - alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; - lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə alğı-satqı müqaviləsi bağlanmış, cavabdeh tərəfindən iddiaçıya zəmanət verilməklə, «Samsung» markalı A705 Black modelli smartfon satılmışdır. İddiaçı həmin əşyanın dəyəri olan 906 manat pul vəsaitini 6 ay müddətində cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Smartfona 12 ay zəmanət verilmişdir (zəmanət talonu, ödəniş cədvəli və s. sənədlərdə olan məlumatlara əsasən). İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən cəmi 604 manat məbləğində pul vəsaiti ödənilmişdir. İddiaçı qeyd olunan əşyadan təxminən 1 ay 15 gün ərzində istifadə etmiş, smartfonda qüsur aşkar edildiyindən (ekranı səbəbsiz yerə, zərbə və sınıq almadan qaraldığından), iddiaçı smartfonu cavabdehə, sonradan isə cavabdehin servis mərkəzinə aparmışdır. Uzun müddət ərzində həmin smartfon servisdə olmuş, iddiaçıya smartfonda olan qüsurun yaranma səbəbi, həmçinin qüsurun yaranmasında iddiaçının hansı təqsirli hərəkətinin olduğu bildirilməmişdir. İddiaçıya zəmanətin ləğv olunduğu, smartfonun öz hesabına təmir edilməli olduğu bildirilmişdir. İddiaçı istehlakçı kimi hüququndan istifadə edərək, cavabdehə müraciət etməklə, zəmanət verilən müddət ərzində ondan asılı olmayan səbəbdən smartfonda qüsur yarandığını və həmin qüsurun aradan qaldırılmasını tələb etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, cavabdeh iddiaçının haqlı tələbini yerinə yetirməmişdir. Halbuki, «İstehlak hüquqularının müdafiəsi haqqında» Qanunun 7-ci maddəsinə əsasən, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini və müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. İş materialları ilə sübut olunur ki, smartfonda olan qüsurlar istehlakçının istismar qaydalarını pozması nəticəsində baş verməmiş, qüsur istehsalçının istehsal xətası ilə bağlıdır. Çünki, smartfonun ekranının zərbə və sınıq almadan qaralması istehsal qüsuru ilə bağlıdır. Bu səbəbdən, məhkəmə iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış xx xxxxxxxx 2019cu il tarixli müqavilə ləğv edilməli, «Samsung» markalı A705 Black modelli smartfonun cavabdehə məxsus servisdə qalması nəzərə alınaraq, həmin telefona görə ödənilmiş 604 manat pul vəsaiti Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməlidir. 30 manat dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Çünki, bu qəbildən olan işlər üzrə iddialara görə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 238, 241- 244 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflər arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli müqavilə ləğv edilsin. «Samsung» markalı A705 Black modelli smartfona görə ödənilmiş 604 manat pul vəsaiti Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilsin. 30 manat dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-288/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-288/2021
16.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver