Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-291/2021 10.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilin texniki nasazlığı səbəbindən ona vurulmuş 50 manat pul məbləğində maddi zərərin qaytarılması, avtomobilində olan texniki nasazlığın aradan qaldırılması və vurulmuş mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pul vəsaitinin cavabdeh "Cavabdeh" MMC-dən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində olan “X7” markalı ** TA *** dövlət qeydiyyat nişanlı avtomobilin texniki bazasında həm əqrəbli sürət indikatoru, həm də elektron sürət indikatoru mövcuddur. İstehsalçı səhvindən ortaya çıxan texniki qüsur səbəbindən bu indikatorlar bir-birindən fərqli sürətlər göstərir. “X7” avtomobilində olan bu texniki nasazlıq səbəbindən o, dəfələrlə cərimə olunsa da, ilk vaxtlar bunun onun səhvi üzündən olduğunu düşünmüşdür. Lakin xx.xx.2019-cu il tarixində elektron sürət indikatorunu daha dəqiq hesab etdiyindən həmin indikatorda 119 km/saat sürətlə avtopilot vasitəsilə avtomobili idarə edərkən avtomobili 121-122 km/saat sürətlə getmiş və nəticədə o, radara düşərək İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə cərimələnmişdir. Texniki qüsurun mövcudluğuna baxmayaraq analoji hal, yəni cərimələnməyi eyni gündə 4 dəfə, ümumilikdə isə 5 dəfə yaşanmışdır. Bu səbəbdən də, yolda müəyyən edilmiş sürət həddini 11-12 km/saat aşdığına görə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarlar ilə ümumilikdə 50 manat pul məbləğində cərimə edilmişdir. Texniki qüsur səbəbindən eyni gündə 4 dəfə ard-arda cərimə olunmağı onun kimi qanunpərəst bir vətəndaş üçün çox sarsıdıcı və dözülməzdir. Bütün sadaladığı halların gətirdiyi stress, əsəb və gərginlik nəticəsində psixi sarsıntı keçirərək çox dözülməz hala düşmüş və nəticədə ona külli miqdarda mənəvi zərər vurulmuşdur. Göründüyü kimi, istehsalçı şirkətin səhvindən ortaya çıxan texniki qüsur səbəbindən ona maddi və külli miqdarda mənəvi ziyan dəymişdir. Bu barədə istehsalçı şirkətin Azərbaycanda rəsmi distribütoru olan Cavabdeh MMC-yə dəfələrlə müraciət edərək ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb etsə də, heç bir faydası olmamışdır. Bu səbəbdən də pozulmuş hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X4 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı avtomobilin ilk sahibi olmamışdır. İddiaçıdan əvvəlki sahibi də uzun müddət avtomobili servisə gətirmiş, iddiaçı özü də bir dəfə gətirmişdir. Göstərilən qüsurla bağlı servisə müraciət etməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 digər nümayəndənin izahatına uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Cəmiyyət tərəfindən İddiaçı avtomobildə qüsurun olub-olmamasının müəyyən edilməsi məqsədilə servisdə yoxlanılması ilə bağlı təklif edilməsinə baxmayaraq o, bundan imtina etmişdir. Hal-hazırda da təklif edirik ki, avtomobil qüsurun olub-olmamasının müəyyən edilməsi məqsədilə servisimizdə yoxlanılsın. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında xx.xx.2019-cu il tarixli, EQ ******* №-li elektron qərardan görünür ki, “X7” markalı, ** TA *** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi İddiaçı xx.xx.2019-cu il tarixində, saat 12:40:40-da yolda müəyyən edilmiş surət həddini 13 km/saat həddində aşmış və 10 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan inzibati tənbeh vermə haqqında xx.xx.2019-cu il tarixli, EQ ******* №-li elektron qərardan görünür ki, “X7” markalı, ** TA *** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi İddiaçı xx.xx.2019-cu il tarixində, saat 13:26:35-də yolda müəyyən edilmiş surət həddini 11 km/saat həddində aşmış və 10 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan inzibati tənbeh vermə haqqında xx.xx.2019-cu il tarixli, EQ ******* №-li elektron qərardan görünür ki, “X7” markalı, ** TA *** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi İddiaçı xx.xx.2019-cu il tarixində, saat 13:33:52-də yolda müəyyən edilmiş surət həddini 11 km/saat həddində aşmış və 10 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan inzibati tənbeh vermə haqqında xx.xx.2019-cu il tarixli, EQ ******* №-li elektron qərardan görünür ki, “X7” markalı, ** TA *** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi İddiaçı xx.xx.2019-cu il tarixində, saat 13:57:38-də yolda müəyyən edilmiş surət həddini 12 km/saat həddində aşmış və 10 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertizanın aparılmasınıdan imtina etməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli, 8/1815 №-li məlumatından görünür ki, qoyulmuş suallar ekspertin zəruri biliyindən kənara çıxdığından iş üzrə rəy verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərələt və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Mülki Məcəllənin 1128.1-ci maddəsinə əsasən malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. Həmin Məcəllənin 1132-ci maddəsinə əsasən malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixində günün müəyyən saatlarında surət həddini 11-13 km/saat hədlərində aşması səbəbindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İddiaçı buna avtomobilin texniki bazasında mövcud olan əqrəbli sürət indikatoru ilə elektron sürət indikatorunun fərqli sürətlər göstərməsinin səbəb olduğunu bildirməklə istehsalçı səhvindən ortaya çıxan texniki qüsur kimi qiymətləndirərək ona dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsini tələb etmişdir. Qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşmır. Belə ki, zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Lakin iddiaçı ona dəymiş zərərin məhz cavabdehin təqsiri üzündən dəyməsinə dair hər hansı bir mötəbər, təkzib olunmaz sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi maddi zərərin ödənilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı bildirir ki, iddia tələbi maddi zərərlə bağlı hissədə təmin edilmədiyindən mənəvi zərərin ödənilməsi hissəsində də təmin edilə bilməz. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən ona ziyan vurulmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməməklə iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilmədiyindən iddia təmin edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-291/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-291/2021
10.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver