Məhkəmə qərarları › İş №2(006)-2924/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2924/2022

26.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2924/2022 26.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və onların nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “istintaq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “istintaq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qanunsuz hərəkətləri nəticəsində dəymiş maddi ziyana görə 30.000 manat, mənəvi zərərə görə 150.000 manat pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq İddiaçı1 ödənilməsi haqqında, İddiaçı2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qanunsuz hərəkətləri nəticəsində dəymiş mənəvi zərərə görə 20.000 manat pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq İddiaçı2 ödənilməsi haqqında, həmçinin İddiaçı1 və İddiaçı2 ayrı-ayrılıqda yazılı surətdə üzr istəmək vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə baxış iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırdılar ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi X4 tərəfindən 08 avqust 2020-ci il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. İddiaçı1 11 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 13 avqust 2020-ci il tarixində həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuşdur. 13 avqust 2020-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntəntiqi X4 təqdimatla Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, baş ədliyyə müşaviri cənab Elçin Məmmədova vəsatətlə müraciət edərək İddiaçı1 barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhər Nərimanov rayon Məhkəməsinə təqdimat verilməsi barədə xahiş etmişdir. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 4(005)-931/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı (sədrlik edən hakim Vüsal Qurbanov) ilə vəsatət və təqdimat təmin edilmiş, İddiaçı1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərardan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti verilmiş, həmin apelyasiya icraatı zamanı elan olunmuş ittihamın əsassız olmasını sübut edən Salyan rayon Mərkəzi Xəstəxanasının məktubu təqdim olunmuş, lakin Bakı şəhər Nərimanov rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İbtidai istintaq orqanı cinayət işinin istintaqını yekunlaşdıraraq baxılması üçün Bakı şəhər Nərimanov rayon Məhkəməsinə göndərmişdir. Halbuki, Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyinə görə işə baxmağa səlahiyyəti çatan məhkəmə Bakı şəhər Xətai rayon Məhkəməsi olmuşdur. Buna görə də İddiaçı1 Bakı İstintaq Təcridxanasında saxlanılması müddəti Bakı şəhər Nərimanov rayon Məhkəməsinin hakimi Tural Ələkbərov tərəfindən uzadılmaqla aidiyyəti üzrə Bakı şəhər Xətai rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı1 stomatoloqdur. Həbs olunana qədər həm Bakı şəhərində "Bəyaz İnci" klinikasında, həm də Salyan rayonunda fərdi stomatoloji kabinetdə həkim kimi fəaliyyət göstərirdi. Müxtəlif şəxslərə implant diş protezlərinin yerləşdirilməsi üçün pul alıb öhdəlik götürmüşdü. Belə ki, implant diş iki hissədən ibarətdir: implant (süni kök) və abutment (süni diş). İmplant yerləşdirildikdən sonra azı 3 (üç) ay qalmalıdır ki, yeri möhkəmlənsin. Cinayət törətmədiyi halda həbs olunduğuna görə, eləcə də qısa müddətə azadlığa buraxılmadığıma görə həmin xəstələr işin tamamlanmadığını əsas gətirərək ödədikləri pulları ailə üzvlərindən geri tələb ediblər və alıblar. Həmin şəxslərin pullarının geri qaytarılması və azadlıqda olsaydı qazana biləcəyi pullar onun zərəri hesab olunur və hesab edir ki, ona ödənilməlidir. Bununla yanaşı, o həbs olunduqdan sonra cəmiyyətdəki nüfuzu aşağı düşmüşdür. Belə ki, guya atası ilə cinayət törətməyi barədə YouTube sosial şəbəkəsində, "Kanal 8" Youtube kanalında videoməlumat yayılmışdır https://www.voutube.com/watch?v=5TİwwiANcgq. Qeyd olunan YouTube Kanal nə fiziki, nə də hüquqi şəxs olmadığından mülki məsuliyyət daşıyacaq şəxsin müəyyən olunması xeyli çətindir. Buna baxmayaraq barəsində dərc edilmiş rüsvayedici məlumat hələ də yığışdırılmamışdır. İddiaçı2 isə diş texnikidir. Həbs olunana qədər həm Bakı şəhərində "Bəyaz İnci" klinikasında, həm də Salyan rayonunda fərdi stomatoloji kabinetdə həkim kimi fəaliyyət göstərirdi. Barəsində əsassız cinayət təqibi olduğu müddət ərzində həm maddi zərər görmüş, həm də mənəvi. Belə ki, o stress keçirmiş, iki sutkadan artıq müddət ərzində ARDİN-nin BMCMİ-də saxlanılmış və sonradan barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbirinin şərtlərinə uyğun hər həftə polis orqanına gedərək imza etmiş və Salyan rayonunu tərk etməmək əmrinə tabe olmaqla narahat olmuşdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçılar iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə baxış iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsini müdafiə edib, izahatında bildirmişdir ki, hazırki məhkəmə baxış iclasına cavabdehin gəlməməsi elə onun öz təqsirini qəbul etdiyini göstərir. İddiaçı1 6 ay həbsdə saxlanılıb. İddiaçı1 tutulması barədə məlumatlar hələ də internet saytında yayılır. O, stamotoloq vəzifəsində işləyir. İş materiallarında diş implantları ilə bağlı aktlar vardır. Müalicəyə gələn xəstələr bununla bağlı dəfələrlə onun atasına yaxınlaşıblar. Atası da onların pulunu geri qaytarmaqdan ötrü məcbur olub faizə pul götürmüşdür. Həmin bu hallar onun ailəsinin müflisləşməsinə gətirib çıxarmışdır. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. xx.xx.2022-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X2 iddia ərizəsinə etiraz və “Qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxslərin məhkəməyə cəlb edilməsi barədə” vəsatət təqdim etmiş, iddia ərizəsinə etirazı onunla əsaslandırmışdır ki, iddia ərizəsində İddiaçı1 maddi ziyana görə 30.000 manat, mənəvi ziyana görə 150.000 manat, İddiaçı2 isə maddi ziyana görə 20.000 manat məbləğində vəsaitin ona ödənilməsini tələb etmişdir. İlk növbədə bildirilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1 -ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası (konkret dövlət büdcəsi nəzərdə tutulmamışdır) qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Digər tərəfdən Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən isə təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Bu baxımdan, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosesinə cəlb olunması məqsədəmüvafiqdir. Bununla bağlı qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxslərin məhkəməyə cəlb edilməsi barədə vəsatət məhkəməyə təqdim olunmuşdur. Mənəvi ziyanın vurulması ilə bağlı bildirilir ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən mənəv ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxsləri münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başs düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşır fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalar məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digəı əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntılar sübut etməlidir. Hesab olunur ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edər şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hazırki məhkəmə baxış iclasının vaxtı və yeri barədə cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndələri lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağrılmış, lakin qabaqcadan məhkəməyə heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə baxış iclasında iştirak etməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçıların, onların nümayəndəsinin izahatlarını dinləyib, cavabdeh tərəfindən təqdm edilən etiraz ərizəsini və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 4(005)-931/2020 saylı qərarına əsasən, İddiaçı1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatət təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş İddiaçı1 barəsində həbs qətimkan tədbiri seçilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilmiş İddiaçı1 barəsində həbsdə saxlanılma müddəti istintaq müddəti həddində, yəni 08 noyabr 2020-ci il tarixədək müəyyən edilmiş, həbsetmənin əvvəli 11 avqust 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 4(005)-1004/2020 saylı qərarına əsasən, İddiaçı1 barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barəsində onun müdafiəçisi Nümayəndə vəsatəti təmin edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 4(005)-1219/2020 saylı qərarına əsasən, İddiaçı1 barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barəsində onun müdafiəçisi Nümayəndə vəsatəti təmin edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 4(005)-1235/2020 saylı qərarına əsasən, İddiaçı1 həbsdə saxlanılma müddətinin uzadılmasına dair vəsatət təmin edilmiş, AR CM-nin 139-1.1-ci maddəsilə təqsirləndirilən şəxs İddiaçı1 həbsdə saxlanılma müddəti 02 ay həddində, yəni 08 yanvar 2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli, 4(005)-1366/2020 saylı qərarına əsasən, İddiaçı1 barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barəsində onun müdafiəçisi Nümayəndə vəsatəti təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 sentyabr 2021-ci il tarixli qərarı ilə (iş № 4(103)-642/2020) apellyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsilə təqsirləndirilən İddiaçı1 barəsində həbs qətimkan tədbiri seçilməsi, onun barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətin rədd edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(011)-158/2021 saylı Hökmünə əsasən, İddiaçı1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirsiz bilinmiş və ona bəraət verilmiş, İddiaçı1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilmiş, İddiaçı2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirsiz bilinmiş və ona bəraət verilmiş, İddiaçı2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 iyun 2021ci il tarixli, 1(103)-908/2021 saylı Qərarına əsasən, dövlət ittihamçısı X1 tərəfindən verilmiş apellyasiya protesti təmin olunmamış, İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsilə bəraət verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-158/2021 saylı, 06 aprel 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı X1 tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan aktlardan görünür ki, 2020-ci ilin avqust ayında xəstələrin (pasientlərin) müalicəsi ilə məşğul olan stomatoloq-həkim İddiaçı1 həbs olunmuş, bu səbəbdən müalicələr yarımçıq qalmış, xəstələr (pasientlər) müalicə üçün ödədikləri pul vəsaitini onun atası İddiaçı2 geri tələb edərək almış, İddiaçı1 2021-ci ilin fevral ayında azadlığa çıxmış, lakin həmin vaxta qədər xəstələrin (pasientlərin) stomatoloji müalicəsi başqa həkim tərəfindən icra olunaraq tamamlanmış, yarımçıq müalicəyə görə İddiaçı1 heç bir ödəniş edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir; 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir; 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya suiistifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Beləliklə, işin araşdırılmış hallarından müəyyən olundu ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 4(005)-931/2020 saylı qərarına əsasən, İddiaçı1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatət təmin edilmiş, AR Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş İddiaçı1 barəsində həbs qətimkan tədbiri seçilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilmiş İddiaçı1 barəsində həbsdə saxlanılma müddəti istintaq müddəti həddində, yəni 08 noyabr 2020-ci il tarixədək müəyyən edilmiş, həbsetmənin əvvəli 11 avqust 2020-ci il tarixdən hesablanmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 4(005)-1235/2020 saylı qərarına əsasən, İddiaçı1 həbsdə saxlanılma müddətinin uzadılmasına dair vəsatət təmin edilmiş, AR CM-nin 139-1.1-ci maddəsilə (Epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) təqsirləndirilən şəxs İddiaçı1 həbsdə saxlanılma müddəti 02 ay həddində, yəni 08 yanvar 2021-ci il tarixədək uzadılmış, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 sentyabr 2021-ci il tarixli qərarı ilə (iş № 4(103)-642/2020) apellyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsilə təqsirləndirilən İddiaçı1 barəsində həbs qətimkan tədbiri seçilməsi, onun barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətin rədd edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(011)-158/2021 saylı Hökmünə əsasən, İddiaçı1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirsiz bilinmiş və ona bəraət verilmiş, İddiaçı1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilmiş, İddiaçı2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirsiz bilinmiş və ona bəraət verilmiş, İddiaçı2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçıların izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, İddiaçı1 əsassız olaraq həbsdə saxlanılması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, İddiaçı1 xeyrinə ədalətli həddə, yəni vurulmuş mənəvi ziyana görə 7.000 (yeddi min) manat, İddiaçı2 xeyrinə isə 1.000 (min) manat məbləğində pul vəsaiti tutulmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı1 xx.xx.2020-ci il tarixdən həbsdə olmuş, yəni 6 ay 15 gün, İddiaçı2 isə 3 gün polisin nəzarəti altında olmuşdur. Məhkəmə iddia tələbinin vurulmuş maddi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı ona vurulmuş maddi zərərlə bağlı (əmək haqqı, pensiya, başqa gəlirlərin itirilməsi, xərclər və sair) hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçılar tərəfindən müxtəlif aktlar təqdim olunmasına baxmayaraq, sübut kimi ödəniş qəbzləri təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə aid hissəsi ilə əlaqədar qeyd edir ki, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyanın ödənilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməli olduğundan iddia tələbi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə aid hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə ijlasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı1 xeyrinə 7.000 (yeddi min) manat, İddiaçı2 xeyrinə isə 1.000 (min) manat məbləğində dəymiş mənəvi zərərin əvəzi tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən mənəvi zərərə görə İddiaçı1 xeyrinə 7.000 (yeddi min) manat, İddiaçı2 xeyrinə isə 1.000 (min) manat ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar