Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2926/2023 18.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında əldə olunmuş razılıq əsasında Cavabdeh MMC ABŞ-da aldığı avtomobil ehtiyat hissəsini iddiaçının qeyd etdiyi ünvana çatdırmalı, çatdırdıqdan sonra isə iddiaçı xidmət haqqını ödəməli idi. Ona görə də iddiaçı 07 dekabr 2022-ci il tarixdə X1 istifadəsində olan avtonəqliyyat vasitəsi üçün ehtiyat hissə sifariş etmiş, həmin sifariş Cavabdeh MMC-nin ABŞ-da olan anbarına təhvil verilmişdir. Sözügedən ehtiyat hissəsinin cavabdehin yuxarıda qeyd olunan ölkədə yerləşən anbarına 5 aydan çoxdur ki, təhvil verilməsinə baxmayaraq cavabdeh Şirkət həmin əşyanı bugünə qədər iddiaçıya verməmişdir. Bu barədə iddiaçı dəfələrlə cavabdeh və digər dövlət qurumlarına müraciət etməyinə baxmayaraq ona dəymiş zərər bugünə qədər ödənilməmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı sifariş etdiyi avtomobil ehtiyat hissəsinin alınması üçün 221,29 ABŞ dolları vəsait xərcləmişdir. Bundan başqa bu əşya 5 aydır ki, ABŞ-da cavabdehə məxsus anbarda qalmışdır. Həmin məhsulu geri qaytarmaq istəsə də, satıcı məhsulun alınmasından uzun müddət keçməsini əsas gətirərək onu geri qaytarmaqdan imtina etmişdir. Eyni zmanda bu müddət ərzində iddiaçı özünə məxsus avtonəqliyyat vasitəsindən istifadə edə bilməmiş, buna görə də iddiaçı xeyli zaman və maliyyə itkisinə məruz qalmışdır. Ona görə də hesab edir ki, iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya zərər dəymişdir. Göstərilənlərə əsasən iddiaçının istifadəsində olan avtonəqliyyat vasitəsinin ehtiyat hissəsinin alınmasına görə xərclədiyi 221,29 ABŞ dolları vəsaitin, cavabdehin iddiaçıya yaşatdığı mənəvi sarsıntı, psixoloji iztirablar, məruz qaldığı maliyyə və zaman itkisinə görə isə 500 manat olmaqla ümumilikdə 1000 manat pulun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Mülki iş üzrə Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan bildirişdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində 221,29 ABŞ dolları məbləğində avtonəqliyyat vasitəsi üçün ehtiyat hissə sifariş etmişdir. İş materiallarında olan çatdırılma bildirişindən görünür ki, xx.xx.2022-ci il tarixdə sifariş Cavabdeh MMC-nin ABŞ-dakı ünvanına çatdırılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilən hallar odur ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə avtonəqliyyat vasitəsi üçün ehtiyat hissə sifariş edilmiş, həmin sifariş xx.xx.2022-ci il tarixdə cavabdehin ABŞ-da yerləşən xarici anbarına çatdırılmasına baxmayaraq iddiaçıya bugünədək təhvil verilməmişdir. Hazırda iddiaçı ona maddi ziyan olaraq vurulmuş 221,29 ABŞ dolları məbləğində pul vəsaitinin, eyni zamanda mənəvi ziyanın əvəzinin cavabdehdən tutulmasını tələb edir. Məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iddia tələbinin maddi ziyanın tutulması hissəsinə münasibətdə qeyd edir ki, hazırda iddiaçı həmin iddia tələbini irəli sürməkdə haqlı olmuşdur. Odur ki, iddiaçının avtonəqliyyat vasitəsinin ehtiyat hissəsinin alınmasına görə xərclədiyi 221,29 ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin mənəvi ziyanın tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin təqsirli hərəkəti nəticəsində ona mənəvi ziyan vurulduğunu iddia edərək cavabdehdən onun xeyrinə 500 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etsə də, tələbini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən vurulmuş maddi ziyanın əvəzi olaraq 221,29 ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 41 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən vurulmuş maddi ziyanın əvəzi olaraq 221,29 ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 41 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2926/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2926/2023
18.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver