Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2938/2025 05.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı “artıq hesablanmış faiz borcunun silinməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki iş (faiz borcunun silinməsi) Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı lə, İddiaçı Cavabdeh ASC-yə qarşı “artıq hesablanmış faiz borcunun silinməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları: - 03 fevral 2023-cü il tarixli, GTKR9483165A121 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh ASC tərəfindən İddiaçı 59 ay müddətinə illik 23% ödənilməsi şərti ilə 16300 manat məbləğində kredit verilmişdir. - 03 fevral 2023-cü il tarixli, GTKR9483165A121 nömrəli kredit müqaviləsinin ödəniş qraikindən görünür ki, İddiaçı Banka 60 ay ərzində cəm olaraq 16300 manat əsas borc və 11070.38 manat faiz borcu ödəməlidir. - İddiaçı tərəfindən Cavabdeh ASC-nin X5 ünvanlanan ərizədən görünür ki, Cavabdeh ASC-nin Bakıxanov filialı ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli GTKR9483165A121 saylı kredit müqaviləsi üzrə ödənişlər barədə ətraflı araşdılırma aparılması və nəticə barəsində ona məlumat verilməsi məqsədilə aidiyyatı orqanlara müvafiq göstəriş verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/4329 saylı, xx.xx.2025-ci il tarixli məhkəmə-münasibatlıq ekspertizasının rəyindən görünür ki, 03 fevral 2023-cü il tarixli, GTKR9483165A121 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixədək aparılmaqla İddiaçı Cavabdeh ASC-yə 9983.35 manat əsas borcu müəyyən edilmişdir. İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları a) iddia tələbi İddiaçı Cavabdeh ASC-yə qarşı “artıq hesablanmış faiz borcunun silinməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin Bakıxanov filialı ilə iddiaçı arasında xx.xx.2023-cü il tarixli GTKR9483165A121 saylı kredit müqaviləsi üzrə artıq hesablanmış faiz borcunun silinməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC-nin Bakıxanov filialı ilə iddiaçı arasında xx.xx.2023-cü il tarixli GTKR9483165A121 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən bank iddiaçıya 59 ay müddətində illik faiz dərəcəsi 23 faiz olmaqla 16300 (on altı min üç yüz) manat kredit vermişdir. Bundan sonra bank tərəfindən iddiaçıya GTKR9483165A121 saylı kredit müqaviləsi üzrə ödəniş qrafiki təqdim etmişdir. Həmin ödəniş qrafiki üzrə iddiaçı həmin krediti hər ay gecikdirmədən ödəmişdir. Heç bir gecikmə olmayıb. Ümumilikdə qeyd edilən kredit müqaviləsi üzrə iddiaçı 9745 (doqquz min yeddi yüz qırx beş) manat ödəmişdir, bu barədə bank tərfindən iddiaçıya qəbz də təqdim edilib. Lakin bütün bunlara baxmayaraq iddiaçının banka 12409 (on iki min dörd yüz doqquz) manat qalıq borcunun olduğu göstərilir. İddiaçı bir daha qeyd edir ki, onun GTKR9483165A121 saylı kredit müqaviləsi üzrə 16300 (on altı min üç yüz) manat kredit borcu olmuşdur. Həmin kredit borcundan 9745 (doqquz min yeddi yüz qırx beş) manat ödədiyi halda 12409 (on iki min dörd yüz doqquz) manat qalıq borc göstərilir. İddiaçı Cavabdeh ASC-nin Bakıxanov filialı ilə iddiaçı arasında xx.xx.2023-cü il tarixli GTKR9483165A121 saylı kredit müqaviləsi üzrə ödənişlər barədə ətraflı araşdırma aparılması və nəticə barəsində iddiaçıya məlumat verilməsi barədə cavabdehə müraciət etsə də, ona heç bir cavab verilməmişdir. Bu da iddiaçı tərəfindən imtina kimi qiymətləndirilir. b) iddiaya etiraz: Cavabdeh ASC məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi sünutlar arasında Bankla iddiaçı arasında bağlanılmış kredit müqaviləsi də var. Tərəflərindən həmin müqavilə və əlavələri yenidən electron kabinetə yüklənilmişdir. Həmin əlavədə olan ödəniş qrafiki həm Bankın məsul əməkdaşı tərəfindən, həm də iddiaçı tərəfindən imzalanmışdır. Həmin ödəniş qrafikindən də göründüyü kimi, müqavilə müddətinin bitməsinə qədər İddiaçı icra edilməsi üçün öhdəlik daşıdığı müqavilə üzrə 60 ay ərzində cəm olaraq 16300 azn əsas borc və 11070.38 azn faiz borcu ödəməlidir. Göründüyü kimi Bank cari müqavilə üzrə heç bir pozuntuya yola verməyib və İddiaçının heç bir gözləntisini yanıltmamış və İddiaçıya gözlənilməz və ya gözlənilən hər hansı zərər vurmamışdır. Qanunvericiliyin çox saylı müddəalarına əsasən tərəflər öz aralarında qanunvericiliyin imperativ normalarına zidd olmayaraq, şərtləri müəyyən etməklə müqavilə bağlamaqda sərbəstdilər. Digər müddəalarda isə qeyd edilir ki, tərəfər arasında bağlanılmış müqaviləyə riayət edilməlidir. Göründüyü kimi, iddiaçının hər hansı hüququ Bank tərəfindən pozulmamışdır. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) məhkəmə icraat iştiakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 yuxarıda qeyd edilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh ASC məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə ekspert rəyində müştərinin Banka olan borcu 9983.35 azn qeyd edilib. Lakin iddiaçınını Banka cari tarixə olan borcu belədir: əsas Borc qalıq məbləği: 8870,57; faiz borc qalıq məbləği: 170,02; cərimə borc qalıq məbləği: 3,24 komissiya borc qalıq məbləği: ümumi borc qalıq məbləği: 9043,83. Göründüyü kimi ekspert rəyi üzrə iddia tələbi təmin edilsə, müştərinin maliyyə vəziyyəti daha da pisləşəcək. Qeyd edilənləri və daha öncə təqdim etdikləri izahatı nəzərə alaraq, iddianın təmin edilməməsini xahiş edirlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. - 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər-hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 740.1-ci maddəsin əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını, təqdim edilmiş sübutları və məhkəməmühasibatlıq ekspertizasının rəyini birlikdə qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 03 fevral 2023-cü il tarixli, GTKR9483165A121 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh ASC tərəfindən İddiaçı 59 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə 16.300 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əlavə edilmiş və tərəflər tərəfindən imzalanmış ödəniş qrafikinə əsasən iddiaçı 60 ay ərzində ümumilikdə 16.300 manat əsas borc və 11.070,38 manat faiz borcu ödəməli idi. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müqavilə azadlığı prinsipini təsbit edən müddəalarına əsasən, tərəflər qanunvericiliyin imperativ normalarına zidd olmayan şərtlərlə müqavilə bağlamaqda sərbəstdirlər və bağlanmış müqavilə tərəflər üçün məcburidir. Kredit müqaviləsində faiz dərəcəsi, müddət və ümumi ödəniş məbləği açıq şəkildə göstərilmiş, iddiaçı həmin şərtlərlə razılaşaraq müqaviləni və ödəniş qrafikini imzalamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/4329 saylı rəyinə əsasən, xx.xx.2025-ci il tarixədək aparılmış hesablamalara görə iddiaçının Cavabdeh ASC-yə 9.983,35 manat əsas borcu müəyyən edilmişdir. Ekspert rəyi məhkəmə tərəfindən sübut kimi qiymətləndirilmiş və onun düzgünlüyünü şübhə altına alan hər hansı mötəbər sübut təqdim olunmamışdır. Eyni zamanda cavabdeh tərəfindən təqdim edilmiş cari hesablamalara görə iddiaçının banka olan ümumi borc qalıq məbləği 9.043,83 manat təşkil edir ki, bu da ekspert rəyində göstərilən əsas borc göstəricisindən də azdır. Bu hal bir daha onu göstərir ki, bank tərəfindən artıq və ya qanunsuz faiz hesablanması faktı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən kredit müqaviləsinin şərtlərinin qanunvericiliyə zidd olması, faizlərin normativ aktlara uyğun hesablanmaması, yaxud artıq məbləğin tutulması barədə hər hansı maliyyə-hesabat sənədi, alternativ ekspertiza rəyi və ya digər mötəbər sübut təqdim edilməmişdir. İddia tələbi əsasən subyektiv narazılıq və hesablamaların mahiyyətinin düzgün anlaşılmaması ilə bağlıdır ki, bu da özlüyündə artıq faiz hesablanmasının mövcudluğunu sübut etmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, kredit müqaviləsi tərəflərin sərbəst iradə ifadəsi əsasında bağlanmış, şərtləri əvvəlcədən müəyyən edilmiş, ödəniş qrafiki iddiaçıya təqdim olunmuş və onun tərəfindən imzalanmışdır. Müqavilə şərtlərinin pozulması və ya artıq faiz hesablanması faktı sübuta yetirilmədiyindən, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Qeyd olunanlara əsasən, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı artıq hesablanmış faiz borcunun silinməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “artıq hesablanmış faiz borcunun silinməsi tələbinə dair" iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-2938/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2938/2025
05.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver