Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2975/2024 12.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi ziyanın ödənilməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi ziyanın ödənilməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 96, 38 nömrəli mənzildə yaşayır və həmin mənzil onun xüsusi mülkiyyətindədir. Artıq bir neçə aydır ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 96, 40 nömrəli mənzildən mütəmadi olaraq kanalizasiya suyunun axıdılması səbəbindən mənzilində qoxudan yaşamaq, nəfəs almaq mümkünsüz olmuşdur. Belə ki, həmin suyun axıdılmasının səbəbkarı Cavabdeh adlı şəxsdir ki, sözügedən şəxsə dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq, müraciətlərinin heç birinə məhəl qoymamışdır. Əksinə, “məni daha narahat etməyin” deməklə məsuliyyətdən yayınmağa çalımışdır. Bu səbəbdən tərəfindən Nəsimi rayon Polis idarəsinin 20-ci polis şöbəsinə müraciət etmişdir. Cavabdeh polisə çağırılmış onun ifadəsi alınmışdır. Nəsimi rayon Polis idarəsinin 20-ci polis şöbəsi tərəfindən ona ünvanlanmış məktubda, müvafiq məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Daha sonra, 70 saylı MKİS tərəfindən də mənzilinə baxış keçirilmiş və müvafiq akt tərtib edilmişdir. Göründüyü kimi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənzilinin divar kağızları, divarlar və elektrik naqilləri yarasız hala düşmüşdür. Su axıdılması eyni zamanda mənzildə rütubətin artmasına, nəfəs almada problemlərin yaranmasına və insan sağlamlığına təhlükəli şəraitin yaranmasına səbəb olmuşdur. Hər dəfə axıdılmış suların azaldılması (qurudulması) üçün əlavə işçi lazım olur ki, bu da əlavə xərclərin yaranması deməkdir. Eyni zamanda Cavabdeh mənzilindən axıdılan suyun dayandırılması, vurulmuş maddi ziyan nəticəsində mənəvi iztirab, sarsıntı keçirmişdir və məcburi olaraq mənəvi sarsıntı, iztirablara dözmüşdür. Buna görə də cavabdehdən ona dəymiş mənəvi ziyana görə 500 manat kompensasiya tutularaq ödənilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi, Cavabdeh üzərinə qanunsuz hərəkətlərinin dayandırılması vəzifəsinin qoyulması, Cavabdeh yaşadığı mənzildən su axıdılması nəticəsində vurulmuş maddi ziyana görə 500 manat, mənəvi zərərin əvəzi olaraq isə 500 manat və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, su axıdıldığını bildirdiyi mənzil, yəni ünvan 2 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdeh isə onun üst qonşudur. Cavabdehin mənzilindən bir neçə dəfə onun evinə kanalizasiya suyu axıdılmışdır. İlk dəfə bu ilin yanvar ayında su axıntısı baş vermişdir. Bu zaman onun mənzilinin mətbəxi tam yararsız vəziyyətə düşmüşdür. Bu zaman o, qonşu olduğunu nəzərə alaraq heç bir quruma müraciət etmədi. Lakin bununla bağlı cavabdehə müraciət etdikdə o, ona qarşı kobud davranışlara yol verildi. Daha sonra isə bu ilin aprel ayında ikinci dəfə su axıntısı baş verdi. Bu zaman o, polisə müraciət etdi. Həmçinin, 70 saylı MİKS tərəfindən bununla bağlı akt tərtib edildi. Cavabdeh isə bununla bağlı heç bir tədbir görmədi. O da məcbur qalıb məhkəməyə müracət etdi. Həmçinin, cavabdeh kəçən məhkəmə iclasında iştirak edərək həmin mənzilin ona aid olmaması və orada yaşamamasını bildirmişdir. Lakin bu, belə deyildir. Belə ki, həmin mənzil 3 mənzilin birləşməsindən yaranmışdır. Həmin mənzildə isə cavabdeh və onun həyat yoldaşı və onun valideynləri yaşayır. Ola bilsin ki, mənzil formal olaraq başqa bir adamın mülkiyyətindədir, lakin faktiki olaraq həmin mənzillə bağlı bütün hərəkətləri cavabdeh həyata keçirir. Ona görə də hesab edir ki, burada birbaşa cavabdehliyi Cavabdeh daşıyır. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 4.Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Əvvəlki məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, suyun axması deyilən mənzil keçən ilin yanvar ayında mülkiyyətçi olaraq valideyni əldə edib. Həmin mənzildə onun valideynləri yaşayır. O, tam fərqli olan 3 blok 22 mənzildə yaşayır. Yanvar ayında valideynləri həmin mənzilə köçərkən o, iddiaçıya müraciət edərək bildirdi ki, onlar mənzildə sanitar qovşaqla bağlı müəyyən təmir işləri aparacaqlar. Ola bilsin ki, bununla bağlı müəyyən problemlər meydana çıxsın, çünki həmin boru xətləri ümumidir. Həmin vaxt iddiaçının mənzilində su axıntısı baş vermişdir. Onlar bunu inkar etmirlər, lakin bununla bağlı dəymiş bütün ziyan tərəflərindən tam aradan qaldırılmışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. 6.Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 7.Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən 96 saylı evin 38 saylı mənzili İddiaçı mülkiyyətindədir. Hazırda iddiaçı həmin ünvanda yerləşən və cavabdehin faktiki olaraq yaşadığını iddia etdiyi 40 saylı mənzildən onun mənzilinə kanalizasiya suyunun axıdıldığını və nəticədə, ona həm maddi, həm də mənəvi ziyan vurulduğunu iddia edərək, cavabdehin qanunsuz hərəkətlərinin dayandırılmasını, cavabdehdən vurulmuş maddi və mənəvi ziyanın, həmçinin ödənilmiş dövlət rüsumunun tutulmasını tələb edir. Cavabdeh isə həmin mənzilə onun aidiyyatının olmadığını, sözügedən mənzildə valideynlərinin yaşadığını və vaxtı ikən dəyən zərərin onlar tərəfindən aradan qaldırıldığını bildirərək, iddia tələbinin rədd edilməsini tələb edir. . b) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan 70 saylı MKİS-nin rəisi E.S.Həsənov, mühəndisi S.A.Əliyev və sahə nəzarətçisi A.D.Nuriyev tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 96 saylı binanın 38-ci mənzilin sahibəsi İddiaçı şikayəti əsasında onun mənzilinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, 2-ci mərtəbədə 40-cı mənzildən su axını nəticəsində 38 saylı mənzilə ziyan dəymişdir. Belə ki, mətbəxdəki elektrik naqilləri sıradan çıxmış, həmçinin sanitar qovşağı su axıntısına məruz qalmışdır. 38 saylı mənzilin sahibəsi vətəndaş İddiaçı 40-cı mənzilin sahibinə xəbərdarlıq etsə də, bu hal bir neçə dəfə baş vermişdir. Mənzilin sanitar qovşağına su axını indiyə kimi davam edir. Aktın düzgünlüyünü öz imzaları ilə təsdiq etmişlər. 9.Mülki işin materiallarında olan AR DİN Bakı şəhər Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, onun Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə ünvanladığı müraciətinə xx.xx.2024-cü il tarixdə şöbənin sahə inspektoru polis kapitanı Rəşad Bayramov tərəfindən araşdırılmış və onlara yaranmış problemli məsələnin həlli məqsədilə məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə olunmuşdur. 10.Mülki işin materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən ******* nömrəli, RX seriyalı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 96, mənzil 38 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. 11.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 12.Mülki işin materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 96, mənzil 40 (Yeni qaydalarla: AZ 1022, ünvan 5) xüsusi mülkiyyət hüququ əsasında X4 adına xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. 13.Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 96, mənzil 40, Yeni qaydalarla: AZ 1022, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 61.6 kv.m olan mənzil bütünlüklə alıcı X1. 14.Mülki işin materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 26 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-10/5366 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 95 saylı evin, 38 saylı mənzilin tikililərinin konstruktiv elementləri (divar, tavan) üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, tədqiq olunan mənzillərin planlı yerləşmə vəziyyətini, iddiaçının mənzilin tikililərinin konstruktiv elementləri (tavan) üzərində qüsurlar olduğunu nəzərə alaraq, 38 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 40 saylı mənzildən su axdığı müəyyən edilmişdir. Lakin cavabdehin mənzilinin su və kanalizasiya xətlərinin göz ilə görünə bilən hissələrində heçbir qüsur aşkar olunmadığına görə, su sızmanın dəqiq səbəbini müəyyən etmək mümkün olmadı. Su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 38 saylı mənzilə su sızması 40 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 40 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 95 saylı evin, 38 saylı mənzillərin tavanı su sızma ləkələrini, eləcə də, mülki iş materiallarında olan 70 saylı MKİS-in əməkdaşları tərəfindən 38 saylı mənzilə baxış keçirmiş və aktın məlumatlarına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 95 saylı evin, 40 saylı mənzildən suyun sızması müəyyən olunur. Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 95 saylı evin, 38 saylı mənzildə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 104,0 manat məbləğində müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində müəyyən edilir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 15.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 16.Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 17.Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 18.Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 19.Həmin Məcəllənin 1111.2-ci maddəsinə görə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. 20.Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 21.Məhkəmə hazırki iddia tələbinə münasibətdə qeyd edir ki, işin araşdırılan hallarından göründüyü kimi həqiqətən də iddiaçının mülkiyyətində olan Bakı şəhəri, ünvan 6 ünvanda yerləşən 40 saylı mənzildən susızma halı baş vermiş və nəticədə, iddiaçıya məxsus mənzilə ziyan dəymişdir. Bu, işin mübahisəsiz halıdır. Belə ki, iş üzrə tərəflər bunu inkar etmirlər, həmçinin iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası nəticəsində də iddiaçının mülkiyyətində olan mənzilə ziyan dəydiyi və bunun 40 saylı mənzildən axıdılan suyun nəticəsində yaranması halı aşkar edilmiş və dəymiş ziyan 104 manat məbləğində müəyyən edilmişdir. 22.Lakin buna baxmayaraq iddiaçının tələbini yönəltdiyi cavabdeh hazırki iddia tələbi üzrə subyektiv cavabdehlik daşıyan şəxs hesab olunmur. Belə ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. İddiaçının cavabdeh qismində göstərdiyi Cavabdeh isə hazırki iddiaya cavab verməli olan subyekt olaraq qəbul edilə bilməz. 23.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 24.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz». 25.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşdıqda aydın olur ki, hazırki iş üzrə Cavabdeh İddiaçı iddiasına cavab verməli olan şəxs olmamışdır. 26.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin dispozisiyasına əsasən məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq deyil, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. 27.Eyni Məcəllənin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. 28.Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 29.İstinad olunan prosessual hüquq normasının dispozisiyasından göründüyü kimi, yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 30.Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. İddia ərizəsini qəbul edərkən məhkəmə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmamasını müəyyən etməlidir. Hazırki iş üzrə qeyd olunan halın düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olmuşdur. Məhkəmə hesab edir ki, iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. 31.Hazırki iş üzrə məhkəmə qeyd edir ki, iddiaçıya maddi ziyan dəyməsi faktı müəyyən edilmiş olsa da belə, ona dəymiş maddi ziyanı ödəməli olan tərəf, yəni iddiaçının hazırki iddiasına cavab verməli olan cavabdeh olan şəxs Cavabdeh deyildir. Belə ki, cavabdehin məhkəmə iclasında verdiyi izahatına əsasən iddiaçının mübahisələndirdiyi mənzildə onun valideynləri yaşayır və onun həmin mənzillə əlaqəsi yoxdur, eyni zamanda iddiaçının mənzilinə dəyən zərər vaxtikən onlar tərəfindən aradan qaldırılmışdır. Hazırda da mənzilə susızma halı müşahidə edilmir (əksini təsdiq edə biləcək sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir). Həqiqətən də işin araşdırılan hallarından göründüyü kimi iddiaçının susızma halının baş verdiyini iddia etdiyi mənzil, yəni Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 96, mənzil 40 (Yeni qaydalarla: AZ 1022, ünvan 5) xüsusi mülkiyyət hüququ əsasında X4 adına xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Göründüyü kimi Cavabdeh hazırki iş üzrə subyektiv cavabdehlik daşımır. Bundan başqa, iddiaçı cavabdehin sözügedən mənzildə yaşadığını və mənzilinə məhz cavabdehin hərəkət (və ya hərəkətsizliyi) nəticəsində ziyan dəyməsini iddia etsə də, iddiasını təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının tələbinin əsası kimi təqdim etdiyi yeganə sübut xx.xx.2024-cü il tarixli Aktdır ki, həmin aktı da məhkəmə mübahisənin həlli üçün yetərli sübut kimi qəbul etmir. Bundan əlavə isə məhkəmə həmçinin qeyd edir ki, hazırki cavabdehin həmin mənzil ilə bağlılığı yalnız valideyn-övlad bağlılığı olmuş, ara-sıra həmin mənzilə övlad kimi baş çəkərək valideyn qayğıları ilə maraqlanmışdır. Bu əsasla isə iddiaçının mülkiyyətçidən deyil, birbaşa mülkiyyətçinin övladından pul tələb etməsi əsassız hesab edilməlidir. Həmçinin, məhkəmə iddiaçının etirazından birini təşkil edən mənzillərin bitişik olmasına münasibətdə isə qeyd edir ki, mənzillər bitişik olsaydı da belə, su axıdılan sahə sırf X2 məxsus sahədən axıdılmış və bu halda digər bitişik mənzildən pulun tələb edilməsi də bu əsasla da əsassız hesab edilməlidir. 32.Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı onun tələbinə cavab verməli olan şəxsin dairəsini düzgün seçmədiyindən məhkəmə tərəfindən iddiaçıya cavabdehin əsl cavabdeh X6 ilə əvəz edilməsi təklif edilsə də, iddiaçı bununla razılaşmayaraq iddia tələbinin mahiyyəti üzrə baxılaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 33.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. 34.Yuxarıda qeyd olunanlara əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, iş üzrə İddiaçı Cavabdeh qarşı iddiası Cavabdeh subyektiv cavabdehlik daşıyan şəxs hesab edilmədiyindən (həm cavabdeh N.Ülvinin üzərinə qanunsuz hərəkətlərinin dayandırılması vəzifəsinin qoyulması, həm də maddi və mənəvi ziyanın ödənilməsi hissəsində) əsassız olmaqla rədd edilməlidir. 35.Bundan başqa, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 36.Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 37.Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi rədd edildiyindən həmin tələbin qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. 38.Beləliklə də, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi ziyanın ödənilməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması" tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. 39.Həmçinin, Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 40.Hazırki iş üzrə iddia tələbi rədd edildiyindən, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 AZN (bir yüz manat) İddiaçı alınaraq Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. 41.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 42.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 43.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 44.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 45.Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 46.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi ziyanın ödənilməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması" tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 AZN (bir yüz manat) İddiaçı alınaraq Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-2975/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2975/2024
12.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver