Məhkəmə qərarları › İş №2(006)-298/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-298/2023

31.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-298/2023 31.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə1, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iştirakları ilə İddiaçı X2 Cavabdeh qarşı «pul» tələbinə və müstəqil tələb irəli sürən üçncü şəxs X3 İddiaçı qarşı «pul» tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı X6 Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı özü ağır xəstədir, müalicələrinə demək olar ki, çox pul lazım olur. Belə ki, iddiaçı xərçəng xəstəsidir və belə xəstələrin də ömrü hər an bitə bilər. Ona görə də o, özünə təqaüdündən pul yığırdı. Həmin pulları isə bacısı Radəyə saxlamaq üçün verirdi. Lakin qızı Cavabdeh ona bildirmişdir ki, qızın olaola niyə pulları saxlamağa ona çox bacısına verir. O qədər danışmış, səs-küy eləmişdir ki, o, da məcbur olub yığıb bacısına verdiyi 10.000 manat pulu və 17.000 manat dəyərində qızıl-zinət əşyalarını saxlamaq üçün ona vermişdir. Qızı türk vətəndaşı ilə ailəlidir və ünvan 1 ünvanında onunla birlikdə yaşayır. Hazırda iddiaçı ona verdiyi həmin pulları və qızıl zinət əşyalarını ondan istədikdə qızı ona həmin pulları verməyərək onu təhqir edir, hətta döyüb söyür. İddiaçıya da bildirmişdir ki, onun pulunu qaytaran deyil. Belə ki, iddiaçının pulu onda deyil, bacısındadır, ona şər atmaması bildirmişdir. Amma iddiaçı ona şər atmır. Onun bacısı qızı Esmira ilə danışanda telefonda səs yasıçı vardır və orada pulun onda olmasını etiraf edir. Bir sözlə o, iddiaçının etibarından, ona inanından suiistifadə edərək iddiaçıya qarşı dələduzluq edərək onun pulunu və qızıl zinət əşyalarını mənimsəmişdir. Göstərilənlərə əsasən Cavabdeh 10000 manat pulun, qızı-zinət əşyalarının dəyəri olaraq 17000 manat pulun və ödədiyi 171 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Müstəqil tələb irəli sürən üçncü şəxs X1 Solmaz Abış qızına qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı iddia ərizəsində göstərmişdir ki, əlilliyə görə aldığı pensiyadan artırıb topladığı 10.000 manatı və artırıb yığdığı pulla almış olduğu 17.000 manat dəyərində qızıl zinət əşyalarını Cavabdeh onu aldadaraq etibarından sui-istifadə etməklə ələ keçirmişdir və tələb etməsinə baxmayaraq ona qaytarmır. Ona görə də 10.000 manat pulu və qızıl-zinət əşyalarının dəyəri olan 17.000 manat, cəmi 27.000 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, İddiaçı xx.xx.1975-ci il tarixdə qanuni nikah qeydiyyatına düşərək evlənmişdir. Bundan sonra müxtəlif səbəblərə görə aralarında olan nikaha məhkəmə qaydasıqda xitam verilmişdir. Sonuncu dəfə xx.xx.2002-ci il tarixdə nikah qeydiyyatına düşüb evlənmişdir, həmin nikah Gəncə şəhər qeydiyyat şöbəsində 267 saylı aktla qeydə alınmışdır və hazırki dövrə qədər qüvvədədir. Yuxarıda göstərilənlərlə sübut olunur ki, İddiaçı qaldırmış olduğu iddia tələbinin predmeti olan 10.000 manat və qızıl-zinət əşyalarının dəyəri olan 17.000 manat, cəmi 27.000 manat məbləğində pul onunla nikah müddətində ər-arvad kimi əldə etdikləri birgə mülkiyyətidir. Lakin İddiaçı onun razılığı olmadan, ondan xəbərsiz həmin əmlak üzərində təkbaşına sərəncam verməklə Azərbaycani Respublikasının Ailə Məcəlləsinin maddələrini kobud surətdə pozaraq ona maddi ziyan dəymişdir. Ona görə də iddia tələbinin predmeti olan 27.000 manat məbləğində Azərbaycan manatının yarısı, yəni 13.500 manat məbləğində pul İddiaçı tutularaq ona verilməlidir. Göstərilənlərə əsasən İddiaçı pul tələbinə dair qaldırmış olduğu iddianın predmeti olan 10.000 manatın, qızıl-zinət əşyalarının dəyəri olan 17.000 manat, cəmi 27.000 manatın yarısının, yəni 13.500 manatın İddiaçı alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbini qəbul etməyərək onun rədd olunmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbini qəbul etməyərək onun rədd olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, İddiaçı 2020-ci ilin 7-8 aprel tarixdə 7.000 manat pul vəsaitini və 17.000 manat dəyərində olan qızıl-zinət əşyalarını qızı, hazırki iş üzrə Cavabdeh vermişdir. Belə ki, həmin qızıl-zinət əşyaları iddiaçı tərəfindən bacısı Ağayeva Radənin evində cavabdehə verilmiş, pul məbləği isə iddiçı tərəfindən cavabdehlə birlikdə banka gedərək cavabdehin adına bank hesabına qoyulmuşdur. Daha sonra həmin ilin yay aylarında, təxminən iyun ayında iddiaçı tərəfindən Gəncədən bank vasitəsi ilə əlavə olaraq cavabdehin Bakıdakı «Kapial Bank»da olan bank hesabına daha 3.310 manat dəyərində pul köçürülmüşdür. Həmin pulun və qızıl-zinət əşyalarının cavabdehə verilməsində məqsəd iddiaçının yaşlı və xəstə olması səbəbindən onların qızı tərəfindən saxlanması olmuşdur. Əlavə olaraq qeyd edir ki, bu cavabdeh tərəfindən yol verilən ilk isui-istifadə halı deyildir. Belə ki, o, daha əvvəldə iddiaçının ona saxlamaq üçün verdiyi 8.000 manat pulu almış və qaytarmamışdır. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş iddia ərizəsini qəbul etmirlər və rədd olunmasını xahiş edirlər. Belə ki, həmin tələb tam əsassızdır, çünki İddiaçı ilə X7 1974-cü il tarixində rəsmi nikah bağlamaqla ailə həyatı qurmuş və 2001-ci il tarixdə ayrılmışlar. Daha sonra 2003-cü il tarixdə yenidən nikah bağlamış və 2008-ci ildə yenidən ayrılaraq, faktiki olaraq ayrı yaşamağa başlamışlar. 2008-ci il tarixdən bu günə kimi onlar ayrı yaşayır və ayrı təsərrüfat aparırlar. İddia predmeti olan qızıl-zinət əşyaları və pul onların birgə nikahı zamanı deyil, İddiaçı şəxsi vəsaiti hesabına əldə olunmuşdur. Odur ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddia tələbi təmin edilməməlidir.

6. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, iddiaçıdan 3310 manat pulu bank vasitəsilə almışdır. Ancaq həmin pulu həyat yoldaşı anasına müalicə olunmağı üçün vermişdir. Belə ki, atası ona zəng vurmuş və bildirmişdir ki, anası, yəni hazırki iş üzrə iddiaçı xəstədir və təcili müalicə olunmalıdır. Anası onun yanına Bakıya gəlmiş və onlar birlikdə xəstəxanaya getmişlər. Orada onlara bildirmişlər ki, anası təcili əməliyyat olunmalıdır. Həyat yoldaşı da anası əməliyyat olunsun deyə ona 3300 manat pul vermişdir. Daha sonra anası əməliyyat olunmaqdan imtina etmiş və pulu ona göndərərək saxlaması üçün xalası Radəyə verdiyini istəmişdir. O, da problem yaranmasın deyə pulu xalası Radəyə vermişdir. Ancaq iddia ərizəsində göstərilən 10.000 manat pulu və qızıl-zinət əşyalarını görməmişdir, ona verilməyib. Odur ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır.

7. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, hazırki mülki iş üzrə iddiaçı tərəf və onların gətirdiyi şahid ifadələri tam əzbərlənmiş formada ifadə olunmuşdur. Həmçinin iddiaçı və onun bacısı şahid Radə Ağayeva bildirmişdir ki, pul Radənin evində əlbəəl formada cavabdehə verilmişdir. Ancaq digər şahid bildirmişdir ki, həmin pul iddiaçı ilə cavabdeh tərəfindən banka gedilməklə orada cavabdehin adına olan bank hesabına qoyulmuşdur. Həmçinin iddia ərizəsində tələb qismində qızıl-zinət əşyaları qeyd olunsa da, həmin qızılların nədən ibarət olması qeyd edilməmiş və onun dəyəri ilə bağlı sübutlar təqdim olunmamışdır. Əlavə olaraq qeyd edir ki, cavabdehə 7.000 manat pulun 2020-ci ilin aprel ayında verildikdən sonrakı iki ay ərzində xəstə və sadəcə 268 manat pensiya ilə yaşayan şəxsin 3310 manat pul yığması və qızına verməsi ağlabatan deyil. Bu qeyd edilənlərə əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş edir.

8. Məhkəmə iclasında izahatı alınmış müstəqil tələb irəli sürən üçüncü şəxs X7 izahatında göstərmişdir ki, iddiaçı onun keçmiş həyat yoldaşı, cavabdeh isə qızıdır. O, iddiaçı ilə 1975-ci ildə rəsmi nikaha daxil olmuşdur, ancaq yola gedə bilmədiklərindən onunla 3 dəfə evlənib boşanmışlar. Axırıncı nikahları 2001-ci ildə bağlanmış və 3 ay bundan qabaq hazırki məhkəmə mübahisəsi ilə əlaqədar olaraq boşanmışlar. Hazırki mübahisə predmeti olan qızıllar və pul onların birgə nikah dövründə onun hesabına əldə olunmuşdur. Belə ki, birgə nikah dövründə iddiaçı ilə xeyli miqdarda qızıl almışlar. Ancaq iddiaçı sonradan həmin qızılların oğurlandığını ona bildirmişdir. Bir müddət sonra isə ona məlum olmuşdur ki, həmin qızıllar oğurlanmamış və iddiaçıda olmuşdur. O, bununla bağlı ondan soruşanda isə iddiaçı bunu inkar etmişdir. Əlavə olaraq bildirir ki, boşansalar da, hazırda iddiaçı ilə bir evdə yaşayırlar və evin bütün ehtiyacları onun tərəfindən qarşılanır. Bunu onunla sübut edə bilər ki, iddiaçı son vaxtlara qədər Gəncədə onun evində yaşamış və son 2 il ərzində müxtəlif vaxtlarda müxtəlif bankomatlardan pensiyasını çəkmiş və müxtəlif vaxtlarda xəstəxanalarda vaksinasiya olunmuş və bütün bunlar onun iştirakı olmaqla edilmişdir. Bütün bunlardan görünür ki, onlar birlikdə yaşamış və birlikdə təsərrüfat aparmışlar. İddiaçı sadəcə xəstəliyi ilə və bu məhkəmə iclası ilə əlaqədar Bakıda bacısı ilə birlikdə müvəqqəti yaşamaqdadır. Həmçinin o, ruhi xəstədir və Gəncə şəhər xəstəxanasında ruhi xəstə kimi qeydiyyatdadır. Müstəqil tələb irəli sürən 3-cü şəxs daha sonradan bildirmişdir ki, hazırki iş üzrə tərəfindən verilmiş iddia tələbinin baxılmamış saxlanılaraq ərizənin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir.

9. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə müstəqil tələb irəli sürən üçncü şəxs X3 İddiaçı qarşı «pul» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmış və iddia ərizəsi ona aid hissədə baxılmamış saxlanılmışdır.

10. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, iddiaçının bacısıdır. Bacısı İddiaçı 2008-ci ildən həyat yoldaşından ayrıdır və ilin çox hissəsində Bakıda onunla birlikdə qalır. Özü isə ağır xəstədir. 2017-ci ilədək bacısı öz müalicəsi üçün 7.000 manat pul toplamışdır. Ancaq həm Gəncəyə və Bakıya gedibgəldiyindən pulun saxlanması üçün bank hesabına köçürmək istəmişdir. Onlar birlikdə Bakıda yerləşən banklardan birinə getmiş, ancaq müəyyən səbəblərdən pulu öz adına yerləşdirmək mümkün olmadığından onun adına bank hesabına qoymuşdur. Bir il müddətində onun adında qaldıqdan və qızı Elnarənin bununla bağlı narazılıqlarından sonra məcbur qalıb pulu onun adından çıxarmışdır. Bir müddət həmin 7000 manat pul və iddia predmeti olan qızıl-zinət əşyalarını özündə saxladıqdan sonra Bakıya onun evinə gəlmişdir. Bacısı ona bildirmişdir ki, daimi Gəncəyə gedib-gəldiyindən pul və qızılların onda qalmasından qorxur. Buna görə də onları saxlamaq üçün kimə verməklə bağlı onun fikrini soruşmuşdur. O, da ona bildirmişdir ki, oğlu Söhraba versin. Ancaq Söhrab buna razı olmamışdır. Bacısı ona qızı Elnarəyə vermək istədiyini deyəndə o, razı olmamış, çünki Elnarə əvvəlcə anası Solmazın 8.000 manatını almış, ancaq geri qaytarmamışdır. O, bacısına bildirmişdir ki, əgən qızına verəsi olsa, bunu müqavilə əsasında etsin. Həmin 7.000 manat pul və qızıllar və onun və bacısı qızı Elmiranın yanında Elnarəyə verilmişdir. Bir müddət sonra ona məlum olmuşdur ki, həmin qızıllar və pulların verilməsi ilə bağlı bacısı Solmaz və Elnarə arasında müqavilə bağlanmasına Elnarə razı olmamış və buna görə də müqavilə bağlanmamışdır. Həmçinin sonradan bacısı Solmaz tərəfindən Elnarəyə bank vasitəsi ilə daha 3310 manat pul göndərilmişdir.

12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz sərbəst ifadəsində göstərmişdir ki, iddiaçı onun xalasıdır, cavabdeh isə xalası qızıdır. Hazırki iddia ilə bağlı deyə bilər ki, xalası Solmaz uzun müddətdir ki, xəstədir. Həyat yoldaşından 2008-ci ildə ayrıldıqdan sonra digər xalası Radə ilə birlikdə onun evində yaşayır. 2020-c ildə xalası Solmaz Gəncədən Bakıya gələrkən onu yanına çağırmış və hazırki iddia predmeti olan qızıl-zinət əşyalarını və 7.000 manat pulu saxlamaq üçün ona təklif etmiş, ancaq o, buna razılaşmamışdır. Ona görə də onun evinə əvvəllər oğru girmişdi. Onlardan həmin qızılları və pulu kimə verməklə bağlı məsləhət istəmişdir. Onlar da bilmişlər ki, böyük oğlu Söhraba versin. Söhrab da bununla razılaşmamış, çünki o, taksi şoferi olduğundan daimi evdə olmur. Bundan sonra xalası Solmaz qızılları qızı Elnarəyə verəcəyini bildirmişdir. Onlar isə demişlər ki, əvvəllər qızı 8.000 manatı qaytarmadığı üçün bu dəfə pulu verərkən müqavilə bağlasın. Bu daha etibarlı olar. Xalası da bununla razılaşmışdır.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

13. İş materiallarında olan Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/Q-2445/70 nömrəli arayışın notarial qaydada təsdiq edilmiş arayışın surətindən görünür ki, X7 ilə İddiaçı nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 267 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada «Ağaeva» soyadı verilmişdir.

14. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, müraciətlə bağlı İddiaçı mülki qaydada məhkəmə orqanlarına müraciəti məqsədəmüvafiq hesab olunur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək topladığı 10.000 manat və qızıl-ziyət əşyalarının dəyəri olan 17.000 manat pul məbləği saxlamaq üçün cavabdehə vermiş, tələb etməsinə baxmayaraq cavabdeh həmin pul məbləğləri iddiaçıya qaytarmamışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya 3310 manat pulun alınmasını etiraf etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.

17. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30).

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

19. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

20. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1).

21. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5).

22. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

23. Göstərilən Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

24. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

25. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıdan yalnız 3310 manat məbləğində pulun alınması etiraf olunmuşdur.

26. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia etdiyi pul məbləğinin geridə qalan (10.000 manat hissəsi) 6690 (10.000- 3310= 6690) manat hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı bunu iddia etsədə, pulun bir başa cavabdehə verilməsini, cavabdeh tərəfindən onun alınmasına dair nə borc münasibətlərini, nədə digər saxlama ilə bağlı münasibətlərinin təsdiq edən mötəbər sübutlarını təqdim edə bilməmişdir. Halbuki, bu münasibətlər borc münasibəti olsaydı da belə qanunverciliyin tələbinə əsasən bu müvafiq notarial qaydada və ya hansısa bir formada yazılı surətdə öz təsdiqini tapmalı idi. Həmçinin həm şahid ifadəsindən də görünür ki, iddiaçı qeyd olunan pulu rəsmiləşdirmək istəsədə bunu etməmişdir.

27. Məhkəmə qızıl-zinyət əşyalarının cavabdehə verilməsi ilə bağlı bildiri ki, iddiaçı yenədə pul məbləğində olduğu kimi bu hissənidə nə rəsmişləşdirə bilmiş, nədə ki hər hansı formada sübuta yetirə bilməmişdir.

28. Bekə ki, iddiaçı ona məxsus olan qızılların cavabdehə verilməsini qeyd etsədə, bunu yalnız iki ədəd fotoşəkillə bildirmiş, həmin fotoşəkildəki qızılların həqiqətən qızıl olmasını (alınma qəbzi, əyar meyarı, çəkisi və s.), olduğu təqdirdə qızılların (ehtimal olunan) ona məxsus olmasını, buda olduğu təqdirdə belə həqiqətən cavabdehə nə məqsədlə (bağışlama, saxlama və s.) verilməsinin məhkəmədə sübuta yetirə bilməmişdir.

29. Məhkəmə onuda qeyd edir ki, iddiaçı qızılların cavabddehdə olmadığı təqdirdə dəyərinin ona ödənilməsi (17.000 manat) bildirsə də, həqiqətəndə qızıl əşyalarının qızıl olmasını, olduğu təqdirdə cavabdehdə olmasına dair sübutlar məhkəmə tərəfindən müəyyən edilmədiyindən bu hissədə prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırma aparlmasına zərurət qalmamışdır.

30. Məhkəmə bu halda qeyd edir ki, iddiaçı cavabdehə 10000 manat və qızıl-zinət əşyalarının dəyəri olaraq 17.000 manat məbləğində pulun verilməsini iddia etsə də, həmin məbləğdə pulun verilməsini (3310 manat istisna olmaqla) təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

31. Məhkəmə cavabdeh tərəfindən iddiaçıdan yalnız 3310 manat məbləğində pulun alınmasını etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi yalnız cavabdeh tərəfindən etiraf olunan həddə əsaslı hesab edilməli və təmin edilməlidir.

32. Azərbaycan Respublikası MPM-nin 76.1-ci madəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir(maddə 76.2). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.3).

33. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə üçün) öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30).

35. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.

36. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır.

37. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.

38. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh 3310 (üç min üç yüz on) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

39. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. «Dövlət rüsumu haqqında» AR Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumu 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir.

41. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun tutulması hissəsində də tələb qismən təmin edilməli, ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (53,10 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı X2 Cavabdeh qarşı «pul» tələbinə dair iddia tələbi qismən təmin edilsin. Cavabdeh 3310 (üç min üç yüz on) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 53,10 (əlli yü manat, on qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar