Məhkəmə qərarları › İş №2(006)-2993/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2993/2024

30.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2993/2024 30.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı cavabdeh X6 qarşı üçüncü şəxs qismində X12 cəlb edilməklə "pul" tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı X2 cavabdeh İddiaçı qarşı "şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh X6 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 zərərə görə 882,94 manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat, cəmi 912,94 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışlar ki, 15 aprel 2021-ci il tarixində saat 12:30 radələrində Şəhanə Mehralıyeva görüşdüyü Eduard Məmmədovla birgə X16 yaşayış kompleksindəki evinə hücum çəkərək cəmi 882.94 manat zərər yetirmişdir. Bununla bağlı o, cavabdehə narazılığını bildirdikdə və müstəqil ekspert təyin edilməsini istədikdə o bundan imtina etmişdir. Bu baxımdan o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Daha sonra iddiaçı X8 cavabdeh İddiaçı qarşı "şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, İddiaçı şərəf və ləyaqəti alçaldan, həqiqətə uyğun olmayan yalan məlumatlar yaydığı üçün iddiaçı X3 rəsmi olaraq (yazılı qaydada) üzür istəməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, cavabdeh İddiaçı X2 xeyrinə vurulmuş mənəvi zərərin kompensasiyası kimi 1000 (bir min) manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat olmaqla, cəmi 1030 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışlar ki, hazırda işin faktiki hallarına nəzər yetirdikdə açıq aşkar zərər yetirilən, mənəvi zərər yetirilən və izdirablar keçirən şəxs məhz X7r. X13 müxtəlif zamanlarda X4 adına sosial şəbəkələr və kütləvi informasıya vasitələrində təhqiramiz ifadələr işlətmiş, şər və böhtanlarla onu ləkələməyə çalışmışdır. Bu cinayət tərkibli əməllərə Goncə Şəhər Məhkəməsi hüquqi qiymət verərək 1(125)- 168/2023 saylı 25 aprel 2023-cü il tarixli hökm çıxarmış və X14 Cinayət Məcəlləsinin 147.1, 148 maddələri ilə təqsirli bilinmişdir. Eyni zamanda Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-367/2023 saylı 08 avqust 2023-cü il tarixli və Ali Məhkəmənin 1(102)-336/2024 saylı 08 fevral 2024-cu ıl tarixli qərarları Turanə xanımın təqsirli olduğunu qüvvədə saxlamışdır. Belə olduqda hesab edir kı, zərərçəkmış tərəf sözsüz olaraq, X7r və onun bu hadisələrdən çəkdiyi sıxıntı və iztirabların, adına ünvanlanan nəlaiq ifadələrin qarşılığı olaraq 1000 ( bir min) məbləğində mənəvi ziyanın ödənilməsi vəzifəsi məhz İddiaçı öhdəsinə düşməkdədir. Daha sonra İddiaçı məhkəməyə qarşılıqlı iddia ərizəsinə etiraz ərizəsi ünvanlamışdır. Etiraz onunla əsaslandırmışdır ki, İddiaçı Şəhanə Mehralıyeva və digərləri tərəfindən döyülməyə məruz qalmışdır. Bununla bağlı Yasamal Rayon Polis İdarəsininin 28-ci Polis Bölməsinə şikayət edilmiş, şikayət əsasında araşdırılma aparılsa da, əməldə cinayət tərkibinin əlamətləri olmadığından cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bundan əlavə olaraq, İddiaçı 15 aprel 2021-ci il tarixdə X9 və Məmmədov Eduard tərəfindən hücuma məruz qaldığı üçün maddi ziyana məruz qalmışdır. Həmin döyülmə ilə bağlı Yasamal Rayon Polis İdarəsininin 28-ci Polis Bölməsi tərəfindən araşdırılma aparılmış, İddiaçı bədənində olan xəsarətləri müəyyən etmək ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi ekspertiza və Pataloji Anatomiya birliyinin Yasamal rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 979 saylı ekspertiza rəyində qeyd edilmişdir ki, İddiaçı bədən səthində aşkar edilən xəsarətlər-başın təpə nahiyəsinin solda qansızması, sağ saidinin, sağ diz oynağının və sağ baldırının qançırları, sağ əlin 4-cü darağ proyeksiyasının arxa səthinin sıyrığı bər küt əşyanın təsirindən törənmişdir. İddiaçı aldığı bu xəsarətlərlə bağlı dəfələrlə həkim müayinəsində olmuş, "xxxx" MMC X27 ortaped müayinəsi, alınan xəsarətlərlə bağlı “Boyun əzələlərinin postravmatik miozit” diaqnozu qoyulmuş və onunla bağlı 20 seans fizioterapiya (UVC, Fonofarez) və boyun əzələlərinin masajı təyin olunmuşdur. Həmçinin, "xxxx" MMC X29 tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı “Boyun əzələlərinin postravmatik miozit” diaqnozu ilə ambulator müalicəyə göndərilmişdir. (qəbzlər əlavə edilir). Beləliklə, keçirdiyi sarıntılar səbəbindən aldığı müalicələri sübut edən resept, digər xəstəxana sənədləri və s. sübutları elektron kabinet vasitəsilə məhkəməyə təqdim etmişəm. Bu halın psixi durumuma neqativ təsir göstərməsi və bu yaranmış neqativ dəyişikliklərin əhəmiyyətli dərəcədə olmaqla cavabdehin hərəkətləri ilə şərtləndiyinin ona mənəvi zərər yetirməsi üçün sübutedici əsas kimi qəbul edilməlidir. Əlavə olaraq bildirilir ki, oğlu X22 da həmin münaqişələr zamanı döyülməyə məruz qalmış, ona da bədən xəsarətləri yetirilmişdir. Həmin müalicələrin alınması üçün "xxxx" MMC-dən 429 manat 73 qəpik məbləğində dərman preparatları alınmışdır. (arayış əlavə edilir) Oğlu-X15 "xxxx" MMC -də üzgüçülük dərslərinə yazdırmaq məcburiyyətində qalmışdır (arayış əlavə edilir). Həmçinin, "xxxx" MMC-də dəfələrlə müayinə və müalicə almışdır. (arayış, qəbz əlavə edilir) Bundan başqa mütləq nəzərə alınmalıdır ki, zərərçəkmiş tərəf o, yəni İddiaçıdır. Onun bu hadisələrdən çəkdiyi iztirablar, ona qarşı ünvanlanan nalayiq ifadələr və onun X9 və Məmmədov Eduard tərəfindən döyülməyi və həmin döyülmə ilə bağlı aldığı müalicələr sübutlarla təsdiq edilir. Həmin maddi və mənəvi ziyanın ziyanın ödənilməsi vəzifəsi məhz X5 öhdəsinə düşməkdədir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək iilkin tələbin təmin olunması, qarşılıqlı tələbin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlk iddia üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Lakin vəkil və nümyəndə məhkəməyə ərizə ünvanlayaraq ilkin iddiaya münasibət bildirmiş həmçinin qarşılıqlı iddianın təmin ilkin iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra– MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli dərmanlar üçün reseptdən görünür ki, İddiaçı boyun əzəzələrinin mioriti diaqnozu ilə bağlı müxtəlif dərmanlar yazılmışdır. "xxxx" MMC “X29”-ın xx.xx.2022-ci il tarixli, 121577 nömrəli qəbzindən görünür ki, İddiaçı ortoped müayinəsinə 30 manat məbləğində pul ödəmişdir. "xxxx" MMC “X29”-ın xx.xx.2022-ci il tarixli, 535 nömrəli arayışından görünür ki, İddiaçı “Boyun əzələrinin postravmatik mioziti” diaqnozu ilə ambulator müalicəyə göndərilir. Yasamal RPİ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı ilə qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. "xxxx" MMC “X29”-ın xx.xx.2022-ci il tarixli, 576 nömrəli tibbi arayışından görünür ki, İddiaçı aldığı xəsarətdən sonra “Boyun əzələrinin postravmatik mioziti” diaqnozu qoyulmuşdur. Hal-hazırda xəstəyə 20 seans fizioterapiya (UVC, Fonofarez) və boyun əzələlərinin masajı təyin edilmişdir. UVC- 160 AZN, Fonofarez – 160 AZN, Masaj – 300 AZN təşkil edir. "xxxx" MTK-nın xx.xx.2023-cü il tarixli, 19 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 576-cı məhəllə “Renessans Palace” yaşayış kompleksində, “3” saylı bina, “E” bloku, “823” nömrəli mənzildə yaşayır. Gəncə Şəhər Məhkəməsinin 1(125)-168/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə 300 saat ictimai işlər cəzası, Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə 300 saat ictimai işlər cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə İddiaçı qəti olaraq 450 (dörd yüz əlli) saat ictimai işlər cəzası təyin edilməsi, İddiaçı üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsinin qoyulması hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-367/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə xüsusi ittihamçının vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilməsi, məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Şəhər Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 1(125)-168/2023 nömrəli hökmü məhkumun və onun müdafiəçisinin apellyasiya şikayətinə münasibətdə cəzaya aid hissədə dəyişdirilməsi, İddiaçı təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə 1000 (bir min) manat cərimə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə 1000 (min) manat cərimə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə İddiaçı qəti olaraq 1500 (min beş yüz) manat cərimə cəzası təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)-336/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə məhkum İddiaçı və xüsusi ittihamçı X2 nümayəndəsi Vəkil2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-367/2023 nömrəli, 08 avqust 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Şəhər Baş Polis İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xidməti yoxlama zamanı polis əməkdaşı tərəfindən qanunazidd hərəkətlərə yol verilməsi müəyyən edilməmişdir. Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilkin iddia üzrə İddiaçı “pul" tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan baş qa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə İddiaçı ilkin iddia üzrə cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşmır. İddiaçı 15 aprel 2021-ci il tarixində saat 12:30 radələrində Şəhanə Mehralıyeva görüşdüyü Eduard Məmmədovla birgə X21 yaşayış kompleksindəki evinə hücum çəkərək cəmi 882.94 manat zərər yetirdiyini qeyd etmiş, lakin bu xüsusatlarla bağlı məhkəməyə sübut təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmənin qənaətinə görə işin araşdırılmış halları onu deməyə əsas verir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Məhkəmə həmçinin onu da qeyd edri ki, Şəhanə Mehralıyevanın ilk iddia üzrə iddiaçının evinə hücum çəkərək onun 882.94 manat zərərə düşmə faktının sübuta yetirilməməsi istintaq orqanının cinayət tərkibi olmadığına görə cinayət işi başlanmasının rədd edilməsi haqqında qanuni qüvvəyə minmiş qərarı ilə də təsdiq olunur. Belə ki, Yasamal RPİ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarının təsviri hissəsində də görünür ki, İddiaçı DlN-nin 102 xidmətinə verdiyi məlumat əsasında tərəflərindən təhqiqat araşdırması aparılmış, X2 etiraf izahatı olmadığından və təqdim edilmiş videogörüntüdə döyülmə üzrə hər hansı bir fakt aşkar edilmədiyindən əmələ hüquqi qiymət vermək mümkün olmamışdır. Bununla da, bir daha iddiaçının verdiyi məlumatların doğru olmadığı öz təsdiqini tapır. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı X2 iddia tələbinin “İddiaçı şərəf və ləyaqəti alçaldan, həqiqətə uyğun olmayan yalan məlumatlar yaydığı üçün iddiaçı X3 rəsmi olaraq (yazılı qaydada) üzür istəməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, yayılmış məlumatın şəxsin şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumat kimi qiymətləndirilməsi üçün mütləq küçə leksikasına aid, təhqiramiz, qaba, ədəbsiz və ya aqressiv xarakterli olmasına dair qanuni bir tələb (dispozisiya şərti) mövcud deyil. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999cu il tarixli, 7 saylı Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatın doğru olmaması; bu məlumatın yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsində bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verlişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məhkəmə, hazırkı işin müəyyən edilmiş hallarına mülki hüquq pozuntusu (delikt) aspektindən yanaşaraq bildirir ki, qarşılıqlı iddia üzrə cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Belə ki, X13 müxtəlif zamanlarda X4 adına sosial şəbəkələr və kütləvi informasıya vasitələrində təhqiramiz ifadələr işlətmiş, şər və böhtanlarla onu ləkələməyə çalışmışdır. Bu cinayət tərkibli əməllərə Gəncə Şəhər Məhkəməsi hüquqi qiymət verərək 1(125)-168/2023 saylı 25 aprel 2023-cü il tarixli hökm çıxarmış və X14 Cinayət Məcəlləsinin 147.1, 148 maddələri ilə təqsirli bilinmişdi. Eyni zamanda Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-367/2023 saylı 08 avqust 2023-cü il tarixli və Ali Məhkəmənin 1(102)-336/2024 saylı 08 fevral 2024-cu ıl tarixli qərarları da bir daha X10 təqsirli olduğunu qüvvədə saxlamışdır. Məhkəmə hesab edir ki, yuxarıda adı çəkilən hökm və qərarlar hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Məhkəmə hesab edir ki, X13 tərəfindən X4 adına sosial şəbəkələr və kütləvi informasıya vasitələrində təhqiramiz ifadələr işlətməsi, şər və böhtanlarla onu ləkələməyə çalışması artıq məhkəmənin qanuni qüvvəsini almış qərarları ilə təsdiqləndiyindən, bu xüsusatlarla bağlı hər hansı əlavə araşdırmaya zərurət qalmamışdır. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, hazırkı tələb üzrə mülki hüquq pozuntusunun bütün şərtləri müəyyən edildiyindən, X8 mülki qanunvericilikdə nəzərdə tutulmuş müdafiə vasitələrindən yararlanmaqda haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Eyni Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Həmçin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 23.4-cü maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Bu qaydalar həmçinin hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir (maddə 23.6). Lakin burada göstərilən zərərin maddi və yaxud mənəvi olduğu birbaşa göstərilməmişdir.Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə, tələbin hüquqi əsasının müəyyən olunduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı tərəfindən şərəf və ləyaqəti alçaldan, həqiqətə uyğun olmayan yalan məlumatlar yaydığı üçün iddiaçı X3 yazılı formada üzr istəməsi vəzifəsi İddiaçı üzərinə qoyulması təmin edilməlidir. Məhkəmə, qarşılıqlı iddia tələbinin mənəvi zərər hissəsi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı X6 yönəlmiş ifadələrlə iddiaçının şərəf və ləyaqətini alçaldaraq sonuncuya mənəvi zərər yetirmişdir. Çünki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyriəmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Məhkəmə, mənəvi zərərin hansı miqdarda və kimin xeyrinə tutulması ilə bağlı bildirir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarının 8-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qeyd olunan Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bu baxımdan, məhkəmə, İddiaçı tərəfindən qarşılıqlı iddia üzrə iddiaçının ünvanına işlədilmiş ifadələrin yerini, ümumi məzmununu və ağırlığını, iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıları, cavabdehin əmlak vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 500 (beş yüz) manat məbləğində pul tutulması məqsədəmüvafiqdir. Ona görə də, mənəvi zərər tələbi həmin həcmdə təmin olunmaqla, qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, qarşılıqlı iddiaçı tərəfindən 30 AZN (otuz manat) məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi mənəvi zərər hissəsində qismən təmin edildiyindən «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsi rəhbər tutularaq dövlət rüsumu kimi iddianın miqdarına uyğun ödənilən 30 manat pulun qarşılıqlı iddia üzrə cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində qismən təmin edilməli, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun yalnız 15 manatı (mənəzi ziyanın məbləği qiymətləndirilməyən iddiaya münasibətdə onu əhatə etdiyindən) qarşılıqlı iddia üzrə cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı, qalan 30 AZN qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia üzrə İddiaçı cavabdeh X6 qarşı üçüncü şəxs qismində X12 cəlb edilməklə "pul" tələbi əsassız olduğundan rədd edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, iddia üzrə İddiaçı tərəfindən şərəf və ləyaqəti alçaldan, həqiqətə uyğun olmayan yalan məlumatlar yaydığı üçün iddiaçı X3 yazılı formada üzr istəməsi vəzifəsi İddiaçı üzərinə qoyulmalı, mənəvi zərərin əvəzi olaraq 500 manat, ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq iddiaçıya verilməli, qalan 15 manat isə iddiaçının özünə aid edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı cavabdeh X6 qarşı üçüncü şəxs qismində X12 cəlb edilməklə "pul" tələbi əsassız olduğundan rədd edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İlk iddia üzrə İddiaçı tərəfindən şərəf və ləyaqəti alçaldan, həqiqətə uyğun olmayan yalan məlumatlar yaydığı üçün iddiaçı X3 yazılı formada üzr istəməsi vəzifəsi İddiaçı üzərinə qoyulsun. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 15 (on beş) manatı cavabdeh İddiaçı alınaraq X6 verilsin, qalan 15 manat isə iddiaçının özünə aid edilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar