Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2997/2020 07.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “X3 ve Ticaret Anonim” Şirkətinin Azərbaycan Respulbikasındakı Nümayəndəliyinə qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X3 ve Ticaret Anonim” Şirkətinin Azərbaycan Respulbikasındakı Nümayəndəliyinə qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2011-ci il tarixdən dəmirçi kimi əmək fəaliyyətinə başlamış, uzun illər bu peşə ilə məşğul olmuş və müxtəlif müəssisələrdə işləmişdir. İddiaçı xx xxxxxx 2017-ci il tarixdə "X3 ve Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə fəhlə kimi işə qəbul edilmiş, xx.xx.2018ci il tarixli əmrlə dəmirçi dəmirçi vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci il tarixli, 227 nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin B bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixli, 46 saylı əmrlə "X3 ve Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə dəmirçi vəzifəsinə qəbul edilmiş, işlədiyi müddət ərzində bütün tapşırıqları keyfiyyətlə yerinə yetirmiş, təcrübəli işçi kimi işlədiyi müddətdə xx.xx.2018-ci il il tarixdə sertifikat verilmiş, həmçinin işləri təhlükəsiz və yüksək keyfiyyətlə yerinə yetirdiyinə görə xx.xx.2017-ci il tarixdə ona təşəkkürnamə təqdim edilmişdir. Lakin iddiaçı gözlənilmədən xx.xx.2019-cu il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin B bəndinə əsasən işdən azad edilmiş, hansı ki, işçilərin sayının azaldılması və ixtisarı üçün zərurət yaranmamışdır. İddiaçının işdən azad edilməsi üçün Məcəllənin qeyd edilən maddəsinin tətbiq edilməsi bəhanədir, belə ki, işçilər arasında narazılıq yarandığından və hüquqlarını tələb etdiklərindən onu da "qara siyahı” ya salmışlar və işdən çıxarmışlar. Halbuki iddiaçı heç bir işlərə qoşulmamışdır. Həmçinin iddiaçı işdən azad edilərkən onun məcburi köçkün olması da qətiyyən nəzərə alınmamışdır, halbuki bu amil və iddiaçının peşəkar bir işçi olması nəzərə alınmalı və işdə saxlanılmalı idi. İddiaçı işdən çıxarılandan sonra iş tapa bilməmiş, işsiz qalmış və xeyli maddi ziyana məruz qalmışdır. İddiaçı işdən çıxarılarkən qanunvercilikdə nəzərdə tutulduğu qaydada iki ay qabaqcadan ona xəbərdarlıq edilməmiş və iki aylıq orta əmək haqqı ödənilməmişdir. İddiaçı işdən çıxandan sonra məhkəməyə müraciət etməməsinə səbəb onu yenidən yeni bir layihə üzrə işə çağıracaqlarını düşünmüş, lakin layihə açılsa da onu işə çağırmamışlar. Göründüyü kimi iddiaçının hüquqları kobud şəkildə pozulmuş, bu gün işsiz qalmış və dolanacaq xərclərindən məhrum olmuşdur. İddiaçının işlədiyi dövrdə ağır işləri ona etdirmişlər və heç bir zaman etiraz etmədən tapşırılan işləri yerinə yetirmişdir. Cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zərər 3.500 manat təşkil edir, belə ki, iddiaçı bu aylar ərzində işləyib qazanc əldə edə bilərdi və iddiaçı peşəkar dəmirçi kimi yetişmiş, lakin nəzərə alınmamışdır. Cavabdehin təqsiri üzündən iddiaçı çox ciddi stres keçirmiş, hüquqlarının pozulması nəticəsində işsiz qalması, əmək haqqı almaqdan məhrum olması əsəb gərginliyi keçirməsinə səbəb olmuş və sağlamlığı pozulmuş, bütün bunların səbəbindən iddiaçı mənəvi zərərə məruz qalmışdır. İddiaçı, cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri 1000 manat məbləğində dəyərləndirir. Göstərilənlərə əsasən, cavabdehdən iddiaçıya vurulmuş maddi zərərə görə 3500 manat və mənəvi zərərə görə 1000 manat məbləğində pulun tutularaq iddiaçının nəfinə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iş materialında olan əmək kitabçası ilə işə götürən tərəfindən verilmiş əmr və həmin əmrin müvafiq dövlət orqanının sistemindəki ilə uyğunsuzluq vardır. Lakin əmək kitabçasında texniki səhv mövcuddur. Bu barədə iddiaçı istədiyi vaxt müəssisəyə əmək kitabçası ilə yaxınlaşıb tərəfimizdən texniki səhvin düzəldilməsi mümkündür. Biz iddiaçını əmək müqaviləsinin müddətinin bitməsi ilə xitam vermişik və bunuda rəsmi dövlət orqanında qeydiyyatdan keçirmişik. Göstərilənlərə əsasən, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan xx xxxxxx 2011-ci il tarixdə doldurulmuş ******* saylı Əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin saylı və ya ştatları ixtisar olunduqda) işdən azad olunmuşdur. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixdə bağlanmış əmək müqaviləsi müddətli olmaqla xx xxxx 2019-cu il tarixədək bağlanmışdır. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, cavabdeh ilə iddiaçı arasında əmək müqaviləsi xx xxxxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək bir ay müddətinə bağlanmışdır. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx xxxxxxxx 2019-cu il tarixli 219 saylı əmrlə xitam vermişdir. İş materiallarında olan əmrdən çıxarışın surətindən görünür ki, iddiaçı, “X3 ve Ticaret Anonim” Şirkətinin Azərbaycan Respulbikasındakı Nümayəndəliyindən xx.xx.2019cu il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən işdən azad olunmuşdur. Beləliklə, iş materiallarından aydın olur ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixdə bağlanmış əmək müqaviləsi müddətli olmaqla xx xxxx 2019-cu il tarixədək bağlanmış, xx xxxx 2019-cu il tarixdən sonra müqavilədə göstərilən müddətə (bir ay) əmək münasibətləri davam etdirilmiş və xx.xx.2019-cu il tarixində iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) işdən azad olunmuşdur. Lakin iddiaçıya məxsus ******* saylı Əmək kitabçasında iddiaçının xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin saylı və ya ştatları ixtisar olunduqda) işdən azad olunması qeyd olunmuşdur. Hazırda iddiaçı əmək kitabçasındakı qeydə istinad etməklə ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. İddianın hüquqi əsasları ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İddiaçı iddia tələbinin əsası kimi əmək kitabçasından başqa, hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.Əksinə cavabdeh tərəfindən, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən deyil, 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən işdən azad olunması barədə kifayət qədər sübutlar məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərdən aydın olur ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi xx xxxxxx 2019-cu il tarixdə bir ay müddətinə bağlanmaqla müddətli olmuş, əmək münasibətləri davam etdirilməklə hər dəfə bir ay uzadılmış və xx xxxxxxxx 2019-cu il tarixdə növbəti müddət qurtardıqdan sonra xx xxxxxxxx 2019-cu il tarixdə cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək kitabçasındakı qeydin məhkəmə araşdırması zamanı öz təsdiqini tapmaması, ona dəlalət edir ki, həmin qeydin əmək kitabçasında aparılması texniki səhv olmuşdur. Eyni zamanda bu xüsusat cavabdehin nümayəndəsinin izahatı ilə də təsdiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad olunması müəyyən olunmadığından və əmək müqaviləsinin müddəti qurtardığına görə cavabdeh, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə istinad etməklə ləğv etməkdə haqlı olduğundan iddia tələbi maddi ziyan hissəsində təmin oluna bilməz. İddiaçının mənəvi zərər tələbi eyni fakta, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad olunmasına əsaslandığından və bu fakt məhkəmə qaydasında öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyan hissəsində də əsassız hesab olunmaqla təmin oluna bilməz. Eyni zamanda, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx xxxxxx 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və X2 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddiaya tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını da əsaslandıra bilməmişdir. İş materiallarından göründüyü kimi, hazırda iddiaçı ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, mənəvi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdeh “X3 ve Ticaret Anonim” Şirkətinin Azərbaycan Respulbikasındakı Nümayəndəliyinə qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “X3 ve Ticaret Anonim” Şirkətinin Azərbaycan Respulbikasındakı Nümayəndəliyinə qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-2997/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2997/2020
07.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver