Məhkəmə qərarları › İş №2(006)-3006/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3006/2024

03.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3006/2024 03.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X5 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı1 xeyrinə Azərbaycan Respublikası Mərkəzi Bankının iddia ərizəsi verilən günə olan məzənnəsinə əsasən, ödənilməmiş borca görə 10.153,81 manatın (5.972,83 ABŞ dolları x 1,70), MM-in 445.7-ci maddəsinə uyğun olaraq gecikdirilmiş vaxt üçün illik 5 % olaraq hesablanmış 719,219 manatın (423,07 ABŞ dolları x 1,70), habelə dövlət rüsumu kimi ödənilmiş 123 manat pulun, cəmi 10.996 (on min doqquz yüz doxsan altı) manatın; cavabdehdən İddiaçı2 xeyrinə Azərbaycan Respublikası Mərkəzi Bankının iddia ərizəsi verilən günə olan məzənnəsinə əsasən, ödənilməmiş borca görə 10.153,81 manatın (5.972,83 ABŞ dolları x 1,70), MM-in 445.7-ci maddəsinə uyğun olaraq gecikdirilmiş vaxt üçün illik 5 % olaraq hesablanmış 719,219 manatın (423,07 ABŞ dolları x 1,70), habelə dövlət rüsumu kimi ödənilmiş 123 manat pulun, cəmi 10.996 (on min doqquz yüz doxsan altı) manatın tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların heç biri əvvəllər cavabdehlə tanış olmamışlar. Onların ilk tanışlığı İddiaçı2 birbaşa tanıdığı Ruslan adlı şəxsin vasitəsilə olmuşdur. Cavabdeh ilk görüşlərində “FOREX” əməliyyatları ilə məşğul olduğunu, Böyük Britaniya, Birləşmiş Krallıqda yerləşən “X2 S.A.C” şirkətinin ölkəmizdə rəsmi nümayəndəsi kimi fəaliyyət göstərdiyini və birbaşa oraya bağlı olduqlarını bildirmişdir. O, yatırım etməklə qazanc əldə edə biləcəklərini, bu işin şirkətlə bərabər aparılacağını, yatırım edildikdən sonra şirkətdən də ortaq kimi əlavə 1.100 ABŞ dolları yatırım ediləcəyini bildirmişdir. O, bu işdə ümumiyyətlə qazanc əldə edəcəklərini, buna əmin olmalarını qeyd etmiş, onlara vədlər vermişdir. Onun vədlərinə inanaraq xx.xx.2021-ci il tarixdə iddiaçıların hər biri ayrı-ayrılıqda cavabdehə 6.172,84 ABŞ dolları vermişlər. Cavabdehin tapşırığına əsasən iddiaçılar həmin vəsaitləri banklarda açdıqları hesablara yerləşdirmiş, daha sonra həmin vəsaitlər cavabdeh tərəfindən “Skrill” proqramındakı hesaba göndərilmişdir. Danışığa əsasən, 1 il müddətində müqaviləyə uyğun olaraq broker kimi cavabdeh həmin vəsaiti ortaq kimi işlədəcək və sonda gəlirlərdən əlavə, şirkətin guya yatırım kimi edilmiş 1.100 ABŞ dollarını da iddiaçılara bonus kimi verilməli idi. Danışıq zamanı cavabdeh hər ay mütəmadi ödəmələrin aparılacağını bildirsə də, sonradan buna əməl etməmiş, bütün 1 il ərzində cəmi 2 dəfə iddiaçıların hər birinə ayrı-ayrılıqda bir-birlərindən xəbərsiz olaraq təxminən 200 ABŞ dollara yaxın vəsaiti bank hesablarına köçürmə yolu ilə vermiş və bunun guya qazanc olduğunu bildirmişdir. Bu zaman o, həmin vəsaitdən öz komissiyasını da götürmüşdür. İddiaçıların hesabından onun “Skrill” proqramında olan hesabına komissiya ilə bağlı köçürmələr olmuşdur. Həmin xırda vəsaiti köçürdükdən sonra dişində şirə qalan cavabdeh bunun müqabilində onlardan guya daha çox vəsait qazanmaq üçün yenidən əlavə vəsait cəlb etməklə bağlı təklif etmiş, lakin iddiaçılar normal qazanc olmadan bunu etməyəcəklərini bildirdikdən sonra hər hansı vəsait köçürülməmişdir. İddiaçılar cavabdeh barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etsələr də, oradan daxil olan cavab məktublarında müraciətlərinin mülki xarakter daşıması bildirilmiş və bu səbəbdən məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, cavabdeh ilk əvvəl görüşən zaman Böyük Britaniya, Birləşmiş Krallıqda yerləşən “X2 S.A.C” şirkətinin burada rəsmi nümayəndəsi olduğunu və “FOREX” əməliyyatları edərək, çoxlu gəlir əldə edəcəkləri ilə bağlı onlara vədlər vermişdir. Cavabdeh bu vədlər və yalanları son ana qədər davam etdirmişdir. İddiaçılar gözləmək adı altında 1 il 3 aydan çox gözlədilmiş və sonda cavabdeh “pul batdı” deməklə iddiaçıları növbəti dəfə yalanına inandırmağa çalışmışdır. Əvvəl guya hansısa fors-major halın baş verdiyini və bu səbəbdən də pulları uduzduğunu bildirsə də, sonradan ona inanmadıqlarını görüb guya vəziyyətdən çıxmaq üçün ona vaxt vermələrini və 3 aydan sonra guya hansısa kiçik həcmdə pul qaytarmağa başlayacağını bildirmişdir. O, əvvəllər ölkəmizdə qanuni əsaslarla “FOREX” əməliyyatları ilə məşğul olduğunu bildirsə də, sonradan bunun da yalan olduğu iddiaçılara məlum olmuşdur. Belə ki, həmin əməliyyatları aparmaq üçün onun adına hər hansı bir şirkət qeydiyyatdan keçməmişdir. Həmçinin, vəsaitlər üzrə əməliyyatların cavabdeh tərəfindən “X2 S.A.C” şirkəti üzərindən aparılacağına dair razılaşma olsa da, sonradan cavabdeh onların imzası olmadan özü imzalarını digər müqaviləyə köçürərək, iddiaçıların əvəzinə imza etmiş və onların vəsaitini digər şirkətə köçürmüşdür. Onlara həmin yeni müqavilənin (“Active Trade” ilə müqavilə) cəmi bir vərəqdən ibarət olduğunu bildirsə də, sonradan çoxsəhifəli müqavilənin olduğu və həmin müqaviləni də daha əvvəl imzalanmış “X2 S.A.C” şirkəti ilə bağlanmış müqavilədə atılan imzadan istifadə etməklə etdiyi iddiaçılara məlum olmuşdur. Bütün bu qeyd edilənlər göstərir ki, cavabdeh guya hansısa şirkət vasitəsilə həmin vəsaitlərin “FOREX” əməliyyatlarına qoyulacağını bildirsə də, əslində həmin pulları elə özü şəxsi məqsədləri üçün istifadə etmişdir. Daha sonra isə vaxtın çatdığını gördükdə müxtəlif bəhanələrlə vaxtı uzatmağa çalışmış və vəsaitləri hissə-hissə qaytarmağı təklif etmişdir. Eyni zamanda, işin faktiki hallarından görünür ki, cavabdeh borclu olduğu pulu 1 il müddətinə qaytarmalı olduğu halda qaytarmamışdır. Həmin vəsaitlərdən iddiaçıların hər birinə təqribən 200 ABŞ dollarına yaxın vəsaiti geri qaytarmış, qalanını isə hələ də qaytarmamışdır. Beləliklə də, cavabdehdən ümumilikdə 12.345,66 ABŞ dolları borc tələbindən başqa, MM-in 445.7-ci maddəsinin tələbinə uyğun olaraq ödənilməmiş məbləğin illik 5 %-i məbləğində pul tutularaq borca uyğun olaraq iddiaçılara ödənilməlidir. Nəzərə alınsa ki, vəsaitlər xx.xx.2021-ci il tarixdə verilib və 1 il müddətində istifadə edilməsi razılaşdırılıb, o halda cavabdeh artıq 2022-ci ilin iyul ayının 29-dan artıq həmin vəsaitləri özündə 1 il 5 aydır ki, qeyri-qanuni saxlamaqdadır. Odur ki, İddiaçı1 borclu olduğu 5.972,83 ABŞ dollarının 5 %-i 298,64 ABŞ dolları, İddiaçı2 borclu olduğu 5.972,83 ABŞ dollarının 5 %-i isə 298,64 ABŞ dolları təşkil edir. Müddət olaraq borcun 1 il 5 ay qanunsuz saxlanmasını nəzərə alaraq, 1 ilə görə iddiaçıların hər birinə 298,64 ABŞ dolları, 5 aya görə 124,43 ABŞ dolları (298,64 / 12 x 5 ay) olmaqla, cəmi 423,07 ABŞ dolları ödəməlidir. Ödənişlər Azərbaycan Respublikası Mərkəzi Bankının iddia ərizəsi verilən günə olan məzənnəsinə əsasən manat ekvivalentində hesablanmalı və tutulmalıdır. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddianın əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıların bəhs etdiyi Ruslan adlı şəxs İddiaçı2 dostudur və Ruslanın iddiaçı ilə birlikdə cavabdehin ofisinə gəlmədən öncə cavabdehin təmsilçi brokeri olduğu “X2 SAC” adlı xarici broker şirkətində özünə aid “FOREX” hesabı var idi. Deməli, Ruslanın həmin broker şirkətinin veb-saytı və müştəri sözləşməsi haqqında məlumatı var idi. Çünki həmin şirkət hesabı açmadan öncə müştəri sözləşməsini öz veb-saytında qeyd edir. Hesabı açdıqdan sonra da fərdi və müştəri sözləşməsini müştərinin e-poçt ünvanına göndərir. Bu baxımdan İddiaçı2 Ruslan ilə birlikdə onun ofisinə gəlmədən öncə qeyd olunanlar haqqında məlumatı olmuşdur. Cavabdehin ofisinin çöl tərəfində təmsilçi brokeri olduğu həmin şirkətin şəffaf plastik lövhədə adı var və bu ad 2017-ci ildən, yəni cavabdehin ofisi icarəyə götürdüyü vaxtdan oradadır. X6 Mərkəzində yerləşir. İddiaçı2 əvvəlcə Ruslan ilə birlikdə, sonra isə digər İddiaçı1 ilə birlikdə öz istəkləri ilə cavabdehin ofisinə getmişlər. İddiaçıları cavabdehin ofisinə getməyə məcbur edən olmamışdır. İddiaçıların həmin xarici şirkətin Böyük Britaniya, Birləşmiş Krallıqda yerləşməsini iddia etmələri əsassızdır. Çünki həmin şirkətin veb-saytında ofisin harada olması və hansı qanunvericiliklə tənzimlənməsi isə müştəri sözləşməsində qeyd edilmişdir. Yəni həmin şirkət xarici broker şirkətidir, hansı ki yerli qanunvericiliklə tənzimlənmir. Bu barədə iddiaçıların məlumatı var idi. İddiaçılar öz istəkləri ilə cavabdehin ofisinə gələn zaman cavabdeh onlara bu barədə məlumat vermiş, həmçinin, bu məlumat şirkət tərəfindən sənəd kimi (fərdi və müştəri sözləşməsi) iddiaçıların e-poçt ünvanına da göndərilmişdir. “FOREX” hesabları iddiaçıların öz adlarına açılmışdır. Cavabdeh isə təmsilçi broker olaraq sadəcə yuxarıda göstərilən xarici şirkətdə “FOREX” hesabı açmaq istəyənlərə öz istəkləri əsasında köməklik göstərir. İstəyən şəxs cavabdehə müraciət etmədən belə həmin şirkətdə qeyd olunan hesabı aça bilər. Şirkətin təmsilçi brokeri olaraq cavabdehin adı, İB nömrəsi və ya ona məxsus link iddiaçılara göndərilən fərdi sözləşmədə qeyd edilmişdir. Bu da iddiaçıların həmin hesablarının öz istəkləri əsasında cavabdeh tərəfindən açılmasına razılıq verilməsinin isbatıdır. Əgər iddiaçılar həmin hesabları özləri açsaydılar, iddiaçıların fərdi sözləşmələrində həmin məlumatlar qeyd olunmayacaqdı. Müştəri sözləşməsini qəbul edərək “FOREX” bazarında qazanc əldə etmək istəyən biri öz hesabına depozit etməlidir. Müştəri sözləşməsində “FOREX” hesabına yatırılan pulun tam itirilə biləcəyi qeyd edilmişdir. Bu baxımdan, broker şirkətləri müştəri sözləşməsində, öz veb-saytlarında, müştərilərin e-poçt ünvanlarına mesaj göndərərkən bunu qeyd edirlər. İddiaçı2 hesabının giriş məlumatları, eləcə də sözləşmə xx.xx.2021-ci ildə saat 18:59-da, digər İddiaçı1 hesabının giriş məlumatları, eləcə də sözləşmə xx.xx.2021-ci ildə saat 02:11-də xarici broker şirkəti tərəfindən iddiaçıların öz e-poçtlarına göndərilmişdi. İddiaçılar öz hesablarını açdırdıqdan sonra istəsəydilər, depozit etməyə bilərdilər. Çünki sözləşmədə belə bir məcburiyyət yoxdur. Hər hansı bir broker şirkətində “FOREX” hesabı olan biri maliyyə bazarlarında ticarət etmək üçün 2 addımdan birini seçə bilər. Birincisi, öz müstəqil “FOREX” hesabında özü ticarət edə bilər, ikincisi isə ticarət nəticəsinə/analizinə, ya da bilik və təcrübəsinə güvəndiyi biri ilə hesabın giriş məlumatlarını paylaşaraq, şifahi danışıq əsasında kontrolu özündə saxlamaq şərtilə idarəçiliyi ona verə bilər. Hesab öz adına olduğu üçün istər özü ticarət etsin, istərsə də idarəçiliyi kiməsə versin, sözləşmə sözləşmə hesab sahibinin adı ilə bağlıdır. Yəni hesabda məsuliyyət hesab sahibinin özünə aiddir. Heç kəs “FOREX”də zəmanət verə bilməz. Çünki sözləşmə var. Dünyada “FOREX” ilə məşğul olan hər bir şəxs kimi cavabdeh də karyerasında əldə etdiyi ticarət nəticələrini/analizlərini, bilik və təcrübələrini sosial şəbəkələrdə paylaşmışdır, hal-hazırda da paylaşır. Bu məlumatları görən insanlar da öz istəkləri əsasında ona müraciət edirlər. Cavabdeh 2020-ci ilin mart ayında nəticələrini sosial şəbəkədə xüsusi link vasitəsilə paylaşmağa başlamış, həmin linkdə alt hissədə belə bir xəbərdarlıq var: “Keçmiş nəticələr mütləq gələcək nəticələrin göstəricisi deyil”. 2020-ci ilin mart ayından 2021-ci ilin iyul ayına qədər performans hesabında statistik olaraq 90 %-ə yaxın, 2022-ci ilin aprel ayına qədər isə 140 %-ə yaxın qazanc göstərirdi. Lakin bu qazancın gələcəkdə də olacağının bir zəmanəti yox idi. İddiaçıların “bizə vədlər verməsi, qazancın mütləq olacağına dair əmin olmağımızı” iddia etmələri açıq-aşkar cavabdehə atılan şər-böhtandır. Əgər elə olsaydı, insanlar, eləcə də iddiaçılar əllərində olan bütün pullarını, aktivlərini də pula çevirməklə bura yatırardılar. Lakin burada risk olduğunu iddiaçıların özləri də gözəl bilirdilər. Onlar cavabdehin ofisinə gedəndə “əgər qazanc olduğunu görsək, hesablarımıza yenə pul əlavə edəcəyik” deyirdilər, bunu deyən şəxslər necə zəmanət gözləyə bilərdilər?! Hesaba pul depozit etmək üçün bankda cari hesab, bank kartı və elektron pul kisəsi lazımdır. Bu lazım olan bütün hesablar da müştərinin öz adına olur. Başqa bir şəxs qəbul olunmur. Onlar öz adlarına bank hesabı açıb, tələb olunan məbləğdə vəsaiti hesaba qoyub, daha az komissiya tutulduğu üçün öz adlarına olan “Skrill” hesabından istifadə edərək, “FOREX” hesablarına yatırım etməyi cavabdehə həvalə ediblər. Bu zaman cavabdehin xahişinə əsasən, xarici broker şirkəti tərəfindən iddiaçıların hər birinin hesabına 15 % bonus depozit əlavə edilmişdir. Bu da iddiaçıların hər birinə 900 ABŞ dolları əlavə pul deməkdir. Bu pul isə həm iddiaçıların lehinə nağdlaşdırıla bilən, həm də itirilə bilən puldur. İddiaçıların 1.100 ABŞ dolları barədə dedikləri yalandır, çünki bu məbləğ 900 ABŞ dolları olmuş və onların hesabına əlavə edilmişdir. İddiaçıların cavabdehə verdiklərini iddia etdiyi məbləğ əslində özləri tərəfindən özlərinə məxsus hesaba köçürülmüş puldur, buna görə də bu barədə deyilənlər şər-böhtandır. Bununla yanaşı, iddia ərizəsində göstərilmiş aralarında olan 1 illik müqavilə, hər ay mütəmadi ödənişlər ediləcəyi, 1 il ərzində 2 dəfə 200 ABŞ dollarının onların bank hesablarına köçürülməsi və digər məlumatlar da yalandır. İddiaçılar yuxarıda qeyd edilən 900 ABŞ dolları ilə yanaşı, 400 ABŞ dollarını da, cəmi 1.300 ABŞ dollarını öz “Skrill” hesablarından öz bank kartlarına köçürmüşlər. Şifahi danışıq əsasında qazanc olduğu təqdirdə, qazanc olan məbləğin 50 %-ni cavabdehə verəcəklərini iddiaçılar özləri bildirmiş və buna razı olmuşlar. İddiaçıların pul batacağı təqdirdə cavabdehin pulu qaytaracağı barədə dəlili ilə bağlı da sübut yoxdur. Çünki bu mümkün deyil. İddiaçıların iddia ərizəsində göstərdikləri bütün dəlillər şər-böhtandan ibarətdir, iddiaçılar cavabdehin adına olan şirkətin bu işlərlə məşğul olmaq üçün yaradılmadığını, cavabdehin özünün şəxsən brokerlik etdiyini onun ofisinə ilk dəfə gələndə bilmişdilər, əks halda müqavilədə cavabdehin yox, şirkətinin adı qeyd edilərdi. Şirkətlərlə bağlı isə cavabdeh qeyd etmişdir ki, iddiaçıların ikinci şirkətdən xəbərlərinin olmaması barədə dəlilin yalan olması onlar arasında olan yazışmalarla öz təsdiqini tapır. İddiaçılar istədikləri vaxt pulu çəkə bilərdilər, lakin bunu cavabdehin onlara borclu olduğu pul kimi adlandırmaqla səhv edirlər, çünki tərəflər arasında heç bir borc və ya digər bir müqavilə bağlanmamışdır. İddiaçı1 bütün bu olanlardan sonra xx.xx.2023-cü ildə cavabdehə təhqir və söyüşlə dolu mesaj göndərmişdir, cavabdeh də ondan şikayətçidir. İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən etiraza münasibət, Cavabdeh tərəfindən etiraza münasibətə münasibət yazılı qaydada məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçılar məhkəmə iclasına gəlməmiş, İddiaçı1 ərizə göndərərək, üzrlü səbəbdən məhkəmə prosesində iştirak edə bilməyəcəyini, məhkəmə çıxışını yazılı formada elektron sistemə yüklədiyini bildirmiş, prosesin onun iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, digər İddiaçı2 isə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçıların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı1 yazılı formada təqdim etdiyi məhkəmə çıxışında qeyd edilmişdir ki, iddia tam əsaslıdır və təmin olunmalıdır. Bunu məhkəmə prosesi zamanı təqdim edilmiş sübutlar, o cümlədən məhkəmədə şahid qismində iştirak edən X1 da ifadəsi təsdiq edir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında iddiaçılara aid “FOREX” və bank hesablarının açılmasında, eləcə də akauntların qeydiyyatının aparılmasında açıq şəkildə şəxsən iştirak etdiyini və birbaşa özünün etdiyini etiraf etmişdir. Bütün izahatlarında o, bunu aralarında olan şifahi razılığa əsasən etdiyini qeyd etmiş və bununla da aralarında şifahi müqavilənin olduğunu təsdiq etmiş, eyni zamanda, bu işlərin şərikli olaraq edildiyini qəbul etmişdir. Məsələ burasındadır ki, etirazında cavabdeh bütün onun xeyrinə olan hərəkətlərin şifahi razılıq əsasında edildiyini hər fürsətdə dilə gətirir, ancaq nədənsə iddiaçıların xeyrinə olan danışıqları yazılı razılığın, yəni müqavilənin olmaması ilə əlaqələndirərək ona şər-böhtan aldığını iddia edir. Bu hal qəbuledilməzdir. Necə ola bilər ki, bütün razılaşmalar, o cümlədən gəlirin bölünməsi, hesabın idarə edilməsi, pulun digər hesaba köçürülüməsi şifahi razılıq əsasında edilmiş olsun, risklərin 50 faiz olması, qalan hissədə şirkətin və cavabdehin məsuliyyət daşıması və hər bir halda həmin vəsaitin yalnız iddiaçıların razılığı əsasında mümkün olacağı barədə şifahi razılaşmalarda yazılı müqavilə tələb olunsun. O halda ya qarşı tərəf də qeyd etdiyi halların yazılı surətdə təsdiq olunmuş surətini təqdim etməli və ya tərəflər arasında müqavilənin şifahi qaydada bağlanmasını qəbul etməlidir ki, bu halı o, öz etirazında da qəbul etmişdir. Reallıq da odur ki, bu görülən iş qarşılıqlı razılıq əsasında və şəriklik münasibətləri zəminində olmuşdur. Beləliklə, Cavabdeh bütün bu proseslərdə birgə iştirakçı olmuş və gəlirlərin bölünməsində də iştirak etmişdir. Bu hal özünü cavabdehin də etiraf etdiyi kimi iddiaçının hesabına xırda olsa da köçürülən vəsaitdən onun şəxsi “Skrill” hesabına köçürülən vəsaitin də olması təsdiq edir. Cavabdeh heç də bu şərikli işin tam riskli olduğunu qeyd etməmiş, yalnız iddiaçıların 50 faiz həcmində risk daşıdıqlarını bildirmişdir. Yerdə qalan 50 faiz pulun yalnız ümumi razılıq əsasında, daha dəqiqi, iddiaçıların razılığı olmadan heç bir şəkildə istifadə edilməyəcəyini, bu risk həddinə düşüldüyü halda, bunun müzakirə ediləcəyi və əldə olunan razılığa əsasən tamam ya davam seçiminin ediləcəyini qeyd etmişdi. Lakin, bu heç də belə olmadı. Cavabdeh yerdə qalan 50 faiz qarantiyada olan vəsaiti öz mülahizəsinə uyğun olaraq etibardan və şərikli iş görməkdən istifadə edərək istifadə etmiş və iddiaçılara da məlum olmayan şəkildə xərcləmişdir. Bundan əlavə, iddiaçının hesabında olan vəsaitin “Active Trades” adlı digər bir şirkətə keçməsinə razılıq və bununla bağlı müqavilə imza etməyi isə tamamilə yalan və saxtakarlıqla edilən bir işdir. Orada e-mailə bir sənəd göndərilib ki, o da birtərəfli əqd hesab oluna bilər ki, orada olan imza da iddiaçı tərəfindən atılmamışdır. Həmin imzanın ilkin olaraq heç adi gözlə baxmaqla da “X2” şirkəti ilə imzalanan müqavilədə olan imza ilə eyni olduğunu müəyyən etmək olar. Məsələ burasındadır ki, cavabdeh özbaşına şəkildə ilkin olaraq “X2” şirkəti ilə bağlanılan müqavilədə olan imzanı kompüter vasitəsilə yeni müqaviləyə köçürmüş və kompüter vasitəsilə onun əvəzinə imza atmışdır. İş üzrə sadalanan vacib əhəmiyyətli halların nəzərə alınmaqla iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddiaya mahiyyəti üzrə baxılmasına etiraz etməyərək izahatında bildirdi ki, əsassız olduğundan iddianı qəbul etmir. Buna görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, şahid ifadəsini nəzərə alıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfin vəsatətinə əsasən xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, əvəllər Fərhadla iş yoldaşı olmuş, Elvinlə də bu problemlərdən sonra Fərhad vasitəsilə tanış olmuşlar. Nemanı 4-5 il, Fərhadı isə 7 ildir ki, tanıyır. Tərəflər arasında hesab idarəsi ilə bağlı müqavilə olduğunu bilir, çünki özü də müqavilə bağlanan vaxt orada olmuşdur. Müqavilələr yazılı yox, elektron qaydada bağlanmışdır, onlar cavabdehə güvənmişlər. Müqavilənin şərtləri belə olub ki, xeyirə də, zərərə də 50 % ortaq olublar. Balans 50 %-dən aşağı düşə bilməzdi, çünki həmin hissəyə Neman cavabdeh idi. Belə bir işdə normal aylıq gəlir 5-10 % olmuşdur. Onun öz hesabını da cavabdeh idarə edən zaman 1-2 ay artım olmuş, sonradan isə məbləğ azalmışdır. Pulun batdığını biləndə cavabdehə vaxtında məlumat verməli olduğunu xatırlatmışdır. Pul batandan sonra cavabdeh demişdir ki, yenidən pul qoyun, batmış pulu geri qaytarın. Neman müqavilənin 1 illik olduğunu bildirdiyindən, iddiaçılar pulların qalanını hesabdan çıxara bilməmişlər. “FOREX”in 100 % riskli olduğunu bilsələr də, 50 % riskə cavabdehin ortaq olduğunu da bilirdilər. Mülki işin materiallarında olan: İddiaçı1 “Accesbank”da olan hesabından çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə 6.172,84 ABŞ dolları məbləğində pul nağd şəkildə hesaba mədaxil edilmişdir. Azərbaycan Respublikasının DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2023-cü, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, müraciətində göstərilən xüsusatların mülki xarakterli olmaqla, araşdırılmasının polisin səlahiyyətlərinə aid olmamasının nəzərə alınıb, mülki qaydada müvafiq məhkəmə orqanlarına müraciət edilməsi İddiaçı1 bildirilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə iddiaçıların hər biri tərəfindən ayrı-ayrılıqda 123 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçılar investisiya edərək gəlir əldə etmək məqsədilə cavabdehin nümayəndəsi (brokeri) olduğunu iddia etdiyi xarici şirkətlə elektron qaydada müqavilə bağlayıb, müvafiq bankda bank hesabları açmış və həmin hesablara pul mədaxil etmişlər. Hesablara mədaxil edilən pul iddiaçıların elektron pul kisəsi proqramında olan hesabları vasitəsilə onların xarici şirkətdə olan hesablarına köçürülmüş, yəni investisiya üçün pul qoyulmuş və iddiaçılar xarici şirkətdə açılan hesabın idarə edilməsini cavabdehə həvalə etmişlər. Hazırda iddiaçılar cavabdehlə şərik münasibətlərində olduqlarını, cavabdehin gəlirə də, zərərə də 50 % ortaq olduğunu, müqavilənin 1 il müddətinə bağlandığını, yəni 1 ilin tamamında gəlir əldə edilməsə belə, qoyulmuş pulun 50 %-nə cavabdehin ortaq olduğunu, ümumiyyətlə, qoyulan pulun 50 %-i qalanda onların razılığının alınmalı olduğunu iddia edərək, hər biri hesaba qoyduqları pulu və həmin pulun 1 ilin tamamında ödənilmədiyinə görə gecikdirilmiş vaxt üçün hesablanan faizin cavabdehdən tutularaq onlara ödənilməsini; cavabdeh isə şəriklik münasibətinin olmadığını, yalnız gəlirə 50 % ortaq olmağa razılaşdıqlarını, riskin gözlənilən olması səbəbindən zərərə ortaq olmaq barədə razılıq olmadığını bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq, hər bir tərəf öz iddiasını və etirazını əsaslandırdığı halları sübut etmək vəzifəsini daşıyır. Bu baxımdan iddia üzrə iddiaçıların tələblərinin və cavabdehin etirazının əsasları onların özü tərəfindən məhkəmədə müvafiq qaydada sübuta yetirilməlidir. Tələb və etirazların əsaslarının onları iddia edən şəxs tərəfindən sübuta yetirilməməsi isə istinad edilən dəlilin məhkəmə tərəfindən mövcud olmayan kimi rədd edilməsi üçün əsas hesab olunur. Bu baxımdan qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçılar iddia etdikləri məbləğdə pulu cavabdehə vermələrini sübuta yetirməmiş, əksinə İddiaçı1 öz adına olan bank hesabından çıxarışdan iddia edilən məbləğdə pulun nağd qaydada onun öz hesabına mədaxil edilməsi müəyyən edilmiş, məhkəmə araşdırmaları zamanı həm iddiaçılar, həm də cavabdeh iddiaçıların iddia edilən məbləğdə pulu sonradan investisiya üçün istifadə etmək məqsədilə öz bank hesablarına mədaxil etdiklərini bildirmişlər. Beləliklə, iddia edilən məbləğdə pulun iddiaçılar tərəfindən cavabdehə verilməsi faktı məhkəmədə sübuta yetirilməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, qanunvericiliyin müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallarının başqa sübutlarla təsdiq oluna bilməməsi barədə tələbinə əsasən, iddiaçıların iddia ərizəsində göstərdiyi digər dəlillərin həqiqiliyi yalnız müvafiq mötəbər sübutlarla öz təsdiqini tapa bilərdi. Lakin göründüyü kimi, iddiaçılar həmin dəlillərini təsdiq edən heç bir yazılı sübutu məhkəməyə təqdim etməmiş, onların iddia etdiyi dəlillərdən yalnız gəlirin 50 %-nə ortaq olmaq barədə olanı cavabdeh təsdiqləmiş, bununla da iddiaçılar mülki prosessual qanunvericiliyin tələbinə əsasən həmin dəlili sübuta yetirmək vəzifəsindən azad olmuş, digər bütün dəlillər isə cavabdeh tərəfindən qəbul edilməmiş və cavabdeh iddiaçıların iddia etdiklərinin əksini bildirmişdir. İddiaçılar iddia ərizəsində göstərdiklərini təsdiq etmək məqsədilə şahidin dindirilməsi barədə vəsatət vermiş və məhkəmə tərəfindən onların vəsatəti təmin edilərək, şahid dindirilmişdir. Şahid öz ifadəsində iddiaçıların iddia etdiyinə uyğun məlumatları qeyd etsə də, məhkəmə hesab edir ki, təkcə şahid ifadəsi özlüyündə belə bir iddia tələbinin və onun dəlillərinin təsdiqi üçün yetərli deyildir. Məhkəmə bir daha qanunvericiliyin müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallarının başqa sübutlarla təsdiq oluna bilməməsi barədə tələbini vurğulayır. Məhkəmənin qənaətinə görə, iddiaçılarla cavabdeh arasında şifahi tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaranmış, belə ki, cavabdeh konkret nəticə əldə olunmasına təminat vermədən iddiaçıların ona tapşırdığı xidmətləri (əqdləri, işləri və s.) icra etməyi öhdəsinə götürmüş, əvəzində əldə edilən gəlirdən 50 % muzd almışdır. Bu fakt tərəflərin izahatına əsasən məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz haldır. Tərəflər arasında bağlanmış şifahi tapşırıq müqaviləsinin digər şərtlərinin mövcudluğu isə mübahisəli olmuş, belə ki, iddiaçılar cavabdehlə aralarında olan razılığa əsasən, cavabdehin zərərə də 50 % ortaq olduğunu, müqavilənin 1 il müddətinə bağlandığını, yəni 1 ilin tamamında gəlir əldə edilməsə belə, qoyulmuş pulun 50 %-nə cavabdehin ortaq olduğunu, ümumiyyətlə, qoyulan pulun 50 %-i qalanda onların razılığının alınmalı olduğunu bildirsələr də, bu dəlilləri təsdiq edən heç bir mötəbər yazılı sübutu məhkəməyə təqdim etməmiş, bu dəlillər formal şifahi və yazılı mülahizələrdən ibarət olmuş və iddiaçılar bu halları yalnız şahid ifadəsi ilə təsdiq etməyə çalışmışlar, cavabdeh isə etiraz edərək, belə bir razılaşmanın olmadığını bildirmişdir. Məhkəmə burada tərəflərin sübut etmə yükünün bölüşdürülməsi prinsipinə istinadən qeyd edir ki, iddiaçılar cavabdehlə aralarında belə razılaşmanın olduğunu və baş vermiş hala görə cavabdehin məsuliyyət daşıdığını sübut etmək barədə olan vəzifələrini yerinə yetirməmişlər. Hər iki tərəf ingilis dilində olan sənədləri sübut kimi məhkəməyə təqdim etmiş, həmin sənədlərin müvafiq qaydada təsdiq edilmiş tərcüməsi isə məhkəməyə verilməmişdir. İddiaçılar tərəfindən iddia edilən yuxarıda qeyd olunan məsələlər xüsusi xarakterə malik şərtlər olduğundan, onların mövcudluğunun bu və ya digər formada (yazılı təsbit edilməməsi, hərəkətlərdə ifadə edilməməsi, tərəflərin praktikasında da özünü göstərməməsi və s.) sübuta yetirilməməsi hazırkı iş üzrə mülki qanunvericiliyin tapşırıq müqaviləsi haqqında müddəalarının tətbiqini zəruri edir. Həmin normalara istinadən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tapşırıq müqaviləsinin mahiyyəti tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxsin (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürməsindən ibarətdir. Belə olan halda, cavabdehin iddiaçıların tələb etdiyi məbləğdə pulun onlara ödənilməsinə dair öhdəliyinin yaranması üçün əsas olmuş heç bir hal məhkəmə tərəfindən müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə öz qənaətini aşağıdakılarla əsaslandırmağı zəruri sayır: Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalı və iddia rədd edilməlidir. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 777.1-777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə görə, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.3-cü maddəsinə əsasən, əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 779.2-ci maddəsinə görə, vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: - peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; - vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. 781-ci maddəsinə görə, vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. 783.2-783.3-cü maddələrinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. 786.1-ci maddəsinə görə, tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 104.1-ci maddəsinə müvafiq olaraq, şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməli, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar