Məhkəmə qərarları › İş №2(006)-3016/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3016/2022

29.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3016/2022 29.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı şəhər Mənzil-İstismar Hissəsinin 5 saylı evlər idarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “məişət otağının geri qaytarılması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “məişət otağının geri qaytarılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hal-hazırda blokun 15 ailəsinin ümumi mülkiyyəti olan məişət otağını geri qaytarması, satışdan əvvəl olan vəziyyəti bərpa etməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, bu ərizə akademik Həsən Əliyev küçəsi, ev 1d ünvanında yaşayan 15 ailəni 4-cü blokda, 70 saylı mənzildə yaşayan Cavabdeh tərəfindən onlara qarşı törədilmiş qanunsuzluqdan qorumaq məqsədini daşıyır. Onlar - 4-cü blokun sakinləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 50.5-ci, 57.1-ci, 59.1-ci, 59.2-ci maddələrinə əsasən hüquqlarının müdafiəsini qanunun bərpa olunması, yəni məişət otağının blok sakinlərinin mülkiyyətinə qaytarılması üçün bu məhkəmə işi üzrə baş verən hadisələrin iştirakçısı və şahidi, tank qoşunlarının istefada olan mühəndis polkovniki, sakini olduqları binanın 25 saylı mənzilində yaşayan A.S. İşanova həvalə etmişlər. İşin mahiyyəti bundan ibarətdir ki, yaşadıqları bina hər blokunda 18 mənzil və bir məişət otağı olan 8 bloklu 9 mərtəbəli binadır. Azərbaycan Respublikası Məznil Məcəlləsinin 35.1 maddəsinə əsasən, qeyd olunan otaq blok sakinlərinin ümumi mülkiyyətidir. Blok sakinlərinin ümumi mülkiyyəti olan həmin otağı Məmmədhüseynov onlardan gizli olaraq bu blokda bir müddət əvvəl 56 saylı mənzili almış Əliyev Xəqaniyə satmışdır. 4 saylı evlər İdarəsinin yuxarıda qeyd olunan məişət otağını satmaq istəyən, satılması mümkün olan bütün obyektləri satan bəzi şəxslərinin özbaşınalığından müdafiə etdiyinə görə onu 4-cü blokun məişət otağının sahibi hesab edən Cavabdeh 20-ci illərin əvvəlində mənzilində yer olmadığına görə bu otağa öz iri mebelini (cehiz) yığmaq xahişilə ona müraciət etmişdi. Əlbəttə ki, o darazılıq verdi. Məmmədhüseynov bir neçə il həmin otağı təsərrüfat otağı kimi istifadə etməyə başladı. Binada yaşayan bütün qonşular bilirdi ki, o bu otağı 4000 manata salıb. O bundan gec xəbər tutdu, o utanmadan bina sakinlərinin gözü qarşısında bildirdi ki, həmin otağın sahibi odur və onu onların Evlər İdarəsindən satın-alıb. O ona təklif edəndə ki, bu otağı alıb-almadığını aydınlaşdırmaq məqsədilə 4 saylı evlər idarəsinin keçmiş rəisi ilə söhbət etmək üçün telefon nömrəsini versin, elə bil onun üstünə qaynar su tökdülər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci, 164.2-ci, 165.1-ci, 165.2-ci, 213.1-ci, 213.6-cı maddələrinə əsasən, qeyd olunan qanuna əhəmiyyət verməyib bütün blok sakinlərinin ümumi mülkiyyəti üzərində özbaşına davranmaya görə blok sakinləri Məmmədhüseynovdan oğurlayıb qeyriqanuni olaraq satdığı məişət otağını geri tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 213.6 maddəsinə əsasən, ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakın mülkiyyətçilərə qaytarılmasını tələb edə bilər. Yuxarıda qeyd olunanlara və adı çəkilən qanun müddəalarına əsasən Cavabdeh hal-hazırda blokun 15 ailəsinin ümumi mülkiyyəti olan məişət otağını geri qaytarmalıdır, satışdan əvvəl olan vəziyyətə bərpa etməlidir. Məhkəmə iclasında İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyətinin məhkəmə sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən 1D nömrəli bina Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı şəhər Mənzil-İstismar Hissəsinin 5 saylı evlər idarəsinin balansındadır. ƏMDX “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 1D saylı blokun ümumi mülkiyyətində məişət otağının hüquqi vəziyyəti barəsində məlumatın verilməsi ilə bağlı müraciətə baxılmış, binanın ümumi istifadəsində olan sahələrinin qeydiyyatı Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmadığı bildirilmişdir. ƏMDX “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, telefon nömrəsi ilə əlaqə saxlamaq mümkün olmadığından tədqiqat obyektinə baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 1D saylı blokda yerləşən və orada yaşayanların ümumi mülkiyyətində olan məişət otağının cavabdeh tərəfindən satıldığını, hazırda bu otağın başqa şəxsin sahibliyində olduğunu bildirmiş, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin geri qaytarılması və əvvəlki vəziyyətinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş edtmişdir. Cavabdeh isə məhkəməyə göndərdiyi etiraz ərizəsi ilə iddiaya etiraz edərək iddiaçının bu iddia ilə məhkəməyə müraciət etmək üzrə subyektiv hüquqa malik olmadığını bildirərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edtmişdir. Qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının istinad etdiyi hallara əsasən iddia tələblərinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Mülki Məcəllənin həmin maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda olmalıdır. - iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; - mülkiyyətçi öz əmlakı üzərində faktiki sahiblikdən məhrum olmalıdır; - mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; - vindikasiya iddiası qaydasında yalnız fərdi-müəyyən əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; - cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır; - vindikasiya iddiası müqavilədənkənar xarakter daşıyır və mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi qoruyur. Əgər mülkiyyətçi və faktiki sahib mübahisəli əşya üzrə bir-biri ilə müqavilə və ya digər öhdəlik hüquq münasibətləri ilə bağlıdırlarsa, əşya yalnız müvafiq müqavilə iddiası üzrə tələb oluna bilər. İddiaçı bina sakinlərinin ümumi mülkiyyətində olması iddia edilən qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən təhvil verilməsini, yəni özgəsinin qanunsuz sahibliyindən öz əmlakının geri qaytarılmasını tələb edərək, məhkəmədə vindikasiya iddiası irəli sürmüşdür. Baxılan mülki işdə geri qaytarılması tələb edilən sahənin bina sakinlərinin ümumi mülkiyyətində olması, bu sahənin bina sakinlərinin razılığı olmadan cavabdeh tərəfindən özgəninkiləşdirilməsi, yəni otağın üzərində iddiaçının faktiki sahiblikdən məhrum olmasının məhz cavabdehin qanunsuz hərəkətlərinin nəticəsi olması işin mübahisələndirilən hallarıdır. İşin mübahisələndirilməyən halı isə mülkiyyətçinin məhrum olduğu əmlakın cavabdehin faktiki sahibliyində olmaması halıdır. Məhkəmə vindikasiya iddiasının irəli sürülməsi üçün nəzərdə tutulan bu şərtin (əmlakın cavabdehin faktiki sahibliyində olmalı) mövcud olmadığını və bununla da digər şərtlərin mövcud olubolmamasının yoxlanmasına keçməli olmadığını nəzərə alır, lakin aşağıdakıların qeyd edilməsinə zərurət olduğunu vurğulayır. Belə ki, iş üzrə mübahisələndirilən hallar üzrə sübut etmə yükünü iddiaçı daşıyır. İddiaçı sübut etməlidir ki, geri qaytarılması tələb edilən sahə mühəndis qurğuları olan zirzəmi olduğundan bina sakinlərinin ümumi mülkiyyətində olmuş, iddiaçının otağın üzərində faktiki sahiblikdən məhrum olması məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş vermiş, bu sahə bina sakinlərinin razılığı olmadan cavabdeh tərəfindən özgəninkiləşdirilmiş, hazırki sahib əmlaka qanunsuz olaraq (əmlakın əvvəlki və hazırki hüquqi vəziyyəti - dövlət proqramına uyğun olaraq özəlləşdirilməsi, əqd əsasında özgəninkiləşdirilməsi və s.) sahiblənmişdir. Bu hallar sübut edildiyi təqdirdə sübut etmə vəzifəsi (əmlakn iddiaçıya qaytarılması üzrə) mülkiyyətçinin xeyrinə cavabdehə keçəcəkdir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Göründüyü kimi hazırkı işdə iddiaçının ümumi mülkiyyətçi kimi otağa olan hüquqlarının cavabdeh tərəfindən pozulması halı müəyyən edilmir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə iddianın əsassız olduğu üçün rədd edilməsi qənaətinə gəlir. Məhkəmə, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmış, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq tətbiq edilməli hüquq normalarına müvafiq qaydada qiymət vermişdir. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “məişət otağının geri qaytarılması və s.” tələbinə dair iddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar