Məhkəmə qərarları › İş №2(006)-3024/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3024/2021

06.05.2021 · Müqavilələrin ləğv edilməsi - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3024/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «girov müqaviləsinə xitam verilməsi və avtomobilin girovdan azad edilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «girov müqaviləsinə xitam veirilməsi və avtomobilin girovdan azad edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə «xxxx» ASC arasında imzalanmış 13.01.2012-ci il tarixli 614F18 saylı kredit müqaviləsinə əsasən «Mitsubishi Pajero» markalı avtomobilin alınması üçün iddiaçıya «xxxx» ASC-nin 18 saylı filialı tərəfindən 36 ay müddətinə illik 21% olmaqla 21600 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı mülkiyyətində olan və kredit vəsaiti hesabına alınan ** CD *** dövlət qeydiyyatı nişanlı, 2008-ci il buraxılışlı, universal tipli «Mitsubishi Pajero» markalı avtomobil ipoteka predmeti kimi banka təqdim edilmiş və bu barədə 13.01.2012-ci il tarixli, 614F18 nömrəli girov müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə bütün öhdəliklər yetirilməsinə baxmayaraq, ləğv prosesində olan «xxxx» ASC tərəfindən məhkəmədə kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia qaldırılmışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 21.11.2018-ci il tarixli, 2(005)-4636/2018 saylı qətnaməsi ilə ləğv prosesində olan «xxxx» ASC-nin İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, kredit müqaviləsi üzrə İddiaçı tərəfindən 168,76 ABŞ dolları məbləğində artıq ödəniş aparılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 06.03.2019-cu il tarixli 2(103)-3048/2019 saylı qətnaməsi ilə ləğv prosesində olan «xxxx» ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 21.11.2018-ci il tarixli 2(005)-4636/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16.07.2019-cu il tarixli 2(102)-5157/2019 saylı qərarı ilə ləğv prosesində olan «xxxx» ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 06.03.2019-cu il tarixli 2(103)-3048/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda iddiaçının bank qarşısında bağlanmış kredit müqaviləsi hər hansı bir öhdəliyi olmadığı halda mülkiyyətində olan ** CD *** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, universal tipli «Mitsubishi Pajero» markalı avtomobil ipoteka predmeti kimi banka 13.01.2012-ci il tarixli, 614F18 nömrəli girov müqaviləsi əsasında girovda qalmaqdadır. Bununla bağlı iddiaçı mülkiyyətində olan və «xxxx» ASC-nin xeyrinə 13.01.2012-ci il tarixli, 614F18 nömrəli girov müqaviləsi əsasında yüklü edilmiş ** CD *** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, universal tipli «Mitsubishi Pajero» markalı avtomobilin girovdan azad edilməsi barədə Azərbaycan Respublikası Baş X4 İdarəsinə ünvanlanmış məktubun verilməsi ilə əlaqədar ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna 09.10.2019-cu il tarixdə ərizə ilə müraciət etmişdir. Ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 07.11.2019-cu il tarixli **********014 nömrəli iddiaçıya ünvanlanmış məktubunda bildirilmişdir ki, məhkəmə qərarları ilə Əmanətlərin Sığortalanması Fondu üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır.Bundan əlavə olaraq iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən 15.10.2020-ci il tarixdə yenidən iddiaçının mülkiyyətində olan və «xxxx» ASC-nin xeyrinə 13.01.2012-ci il tarixli, 614F18 nömrəli girov müqaviləsi əsasında yüklü edilmiş ** CD *** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, universal tipli «Mitsubishi Pajero» markalı avtomobilin girovdan azad edilməsi barədə Azərbaycan Respublikası baş X4 İdarəsinə ünvanlanmış məktubun verilməsi ilə əlaqədar ərizə ilə «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edilməsinə baxmayaraq bu günə kimi qeyd olunan ərizəyə hər hansı bir cavab verilməmişdir. 13.01.2012-ci il tarixli, 614F18 nömrəli girov müqaviləsinin 5.3-cü bəndində girov saxlayanın üzərinə götürdüyü öhdəliklər göstərilmiş, həmin müqavilənin 5.3.1-ci bəndində isə qeyd olunmuşdur ki, girov qoyan tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam şəkildə icra olunduğu təqdirdə girov qoyanın yazılı müraciəti əsasında girov münasibətlərinə xitam verilməsi barədə ona sənəd vermək öhdəliyini girov saxlayan öz üzərinə götürmüşdür. 13.01.2012-ci il tarixli,614F18 saylı kredit müqaviləsi üzrə iddiaçı tərəfindən «xxxx» ASC-nin 18 saylı filialı qarşısında bütün öhdəliklərini artıqlaması ilə tam şəkildə icra etməsinə baxmayaraq, kredit müqaviləsinin təminatı kimi 13.01.2012-ci il tarixli, 614F18 nömrəli girov müqaviləsi əsasında girovla yüklü edilmiş İddiaçı mülkiyyətində olan ** CD *** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, universal tipli «Mitsubishi Pajero» markalı avtomobil əsassız olaraq ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən girovdan azad edilmir. Bu isə mülkiyyətçi kimi iddiaçının qanunla qorunan hüquqlarını məhdudlaşdırır. Göstərilənlərə əsasən İddiaçı ilə «xxxx» ASC-nin 18 saylı filialı arasında imzalanmış 13.01.2012-ci il tarixli, 614F18 nömrəli girov müqaviləsinə xitam verilməsi, 13.01.2012-ci il tarixli, 614F18 nömrəli girov müqaviləsi əsasında yüklü edilmiş İddiaçı mülkiyyətində olan ** CD *** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, qara rəngli, universal tipli «Mitsubishi Pajero» markalı avtomobilin girovdan azad edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən iddianı təmin edərək, 13.01.2012-ci il tarixli, 614F18 nömrəli girov müqaviləsinə xitam verilməsi, 13.01.2012-ci il tarixli, 614F18 nömrəli girov müqaviləsi əsasında yüklü edilmiş ** CD *** dövlət qeydiyyat nişanlı «Mitsubishi Pajero» markalı avtomobilin girovdan azad edilməsi və girovdan azad edilməsi barədə arayışın verilməsi (Baş Dövlət Yol Polis İdarəsinə) vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələblərini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan QSC «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-i tərəfindən verilmiş AB № 727506 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Mitsubishi Pajero» markalı, ** CD *** qeydiyyat nişanlı minik avtomobili İddiaçı məxsusdur. İş materiallarında olan «xxxx» ASC ilə İddiaçı arasında bağlanmış 13.01.2012-ci il tarixli 614F18 nömrəli girov müqaviləsinin kserosurətindən görünür ki, 13.01.2012-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq girovqoyan mülkiyyətində olan 2008-ci il buraxılışlı, «Mitsubishi Pajero» markalı, ** CD *** dövlət qeydiyyat nişlanlı qara rəngli avtomobil girovsaxlayana girov qoymuşdur. İş materiallarında olan Nərimanov rayon Məhkəməsinin 2(005)-4636/2018 saylı, 21.11.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin cavabdeh İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, İddiaçı ləğv prosesində olan «xxxx» ASC qarşısında 13.01.2012ci il tarixli, 614F18 nömrəli kredit müqaviləsi üzrə icra edilməmiş öhdəliyi qalmamışdır, o müddət pozuntusu ilə olsa belə, Bank qarşısında üzərinə götürdüyü öhdəliyi Bankın xeyrinə tam olaraq icra etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3048/2019 saylı qətnaməsinin kserosurətindən görünür ki, iddiaçı ləğv prosesində olan «xxxx» ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 4636/2018 saylı, 21.11.2018-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5157/2019 saylı, 16.07.2019-cu il tarixli qərarın kserosurətindən görünür ki, iddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)- 3048/2019 nömrəli iş üzrə 06.03.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə ləğv prosesində olan QSC «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış 07.11.2019-cu il tarixli məktubun kserosurətindən görünür ki, İddiaçı ilə «xxxx» ASC arasında bağlanmış 13.01.2012-ci il tarixli 614F18 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 21.600 ABŞ dolları məbləğində kredit verilmişdir. Bildirirlər ki, sözügedən kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliyi vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədilə bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Nərimanov rayon məhkəməsinin 21.11.2018-ci il tarixli 2(005)-4636/2018 saylı qətnaməsi ilə iddiaçı «xxxx» ASC-nin cavabdeh İddiaçı qarşı iddia tələbi təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 06.03.2019-cu il tarixli, 2(103)-3048/2019 saylı qətnaməsi ilə Nərimanov rayon Məhkəməsinin 21.11.2018-ci il tarixli, 2(005)-4636/2018 saylı qətnaməsini dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16.07.2019-cu il tarixli, 2(102)-5157/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 06.03.2019-cu il tarixli, 2(103)-3048/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda sözügedən məhkəmə qərarları ilə Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. Məhkəmə hazırki mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Belə ki, Mülki Məcəllənin 294-cü maddəsinə görə girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. Girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. Eyni Məcəllənin 299.1-ci maddəsinə əsasən, borclu və üçüncü şəxs olan girov qoyan girovla təmin edilmiş öhdəliyi və ya öhdəliyin icrası gecikdirilmiş hissəsini icra edərək girov predmetinə tutmanın yönəldilməsinə və onun satışına istənilən vaxt xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddəsinə əsasən, əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. «Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli, 3 saylı Qərarının 7-ci bəndində göstərilmişdir ki, MPM-in 82.3-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında hazırda mübahisələndirilən ipoteka yüklülüyünün əsasını təşkil edən kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə «xxxx» ASC-nin 18 saylı filialı arasında bağlanılmış 13.01.2012-ci il tarixli, 614F18 saylı girov müqaviləsi ləğv edilməli, 13.01.2012-ci il tarixli, 614F18 saylı girov müqaviləsi əsasında yüklü edilmiş İddiaçı mülkiyyətində olan ** CD *** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, qara rəngli, universal tipli «Mitsubishi Pajero» markalı avtomobili girovdan azad edilməli və ** CD *** dövlət qeydiyyat nişanlı, «Mitsubishi Pajero» markalı avtomobilin girovdan azad edilməsi üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə müvafiq arayışın (məktubun) verilməsi vəzifəsi ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə «xxxx» ASC-nin 18 saylı filialı arasında bağlanılmış 13.01.2012-ci il tarixli, 614F18 saylı girov müqaviləsi ləğv edilsin. 13.01.2012-ci il tarixli, 614F18 saylı girov müqaviləsi əsasında yüklü edilmiş İddiaçı mülkiyyətində olan ** CD *** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, qara rəngli, universal tipli «Mitsubishi Pajero» markalı avtomobili girovdan azad edilsin və ** CD *** dövlət qeydiyyat nişanlı, «Mitsubishi Pajero» markalı avtomobilin girovdan azad edilməsi üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə müvafiq arayışın (məktubun) verilməsi vəzifəsi ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar