Məhkəmə qərarları › İş №2(006)-3025/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3025/2023

28.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3025/2023 28.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 13 nömrəli mənzildən çıxarılması, 01 sentyabr 2022-ci il tarixindən mənzildən çıxan günə qədər hər ay 700 manat məbləğində kirayə haqqının Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 13 nömrəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı onun xüsusi mülkiyyətində olan mənzili 2021ci ilin iyul ayından Cavabdeh və ailəsinə aylıq kommunal xərclər daxil 700 (yeddi yüz) manat məbləğində kirayəyə vermişdir. Cavabdeh 2022-ci ilin sentyabr ayından hazırki vaxta qədər nə kirayə haqqı ödəyir, nə də iddiaçının xüsusi mülkiyyətində olan mənzilindən çıxır. İddiaçı tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, nə cavabdeh nə kirayə haqqı ödəyir, nə də mənzildən çıxır. 01 sentyabr 2022-ci il tarixindən hazırki vaxta qədər cavabdehin iddiaçıya 6300 manat borcu yaranmış və bu vəziyyət indiyə kimi davam etdiyindən cavabdehin kirayə haqqı borcu iddiaçıya məxsus mənzildən çıxan günə qədər hesablanmalıdır. İddiaçı iddianın həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 13 nömrəli mənzildən çıxarılması, 01 iyun 2023-cü il tarixdən mənzildən çıxan günə qədər hər ay 700 manat məbləğində kirayə haqqının Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən ona 2-3 gün bundan əvvəl müvafiq ödənişlər edildiyindən iddia tələbinin həcmini azaltdığını bildirərək, cavabdehin ona məxsus olan mənzildən çıxarılması barədə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli hazırlıq iclasında iştirak edən zaman Cavabdeh bildirmişdir ki, işi ilə əlaqədar müntəzəm gəlirə malik deyil. Hərdən pulu olur, hərdən isə olmur. Buna görə də iddiaçıya olan kirayə haqqı borcunu gecikdirmişdir. Lakin iddia ərizəsi ilə məhkəməyə müraciət ediləndən sonra cavabdeh iddiaçıya olan borcundan 4500 manat ödəmiş, həmin hazırlıq iclasında qalıq kirayə haqqı borcundan 1800 manat təqdim etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin həcminin azaldılması barədə xx.xx.2023-cü il tarixli ərizəni nəzərdən keçirib, tərəflərin izahatlarını iş materialları ilə birgə yoxlayaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan (Seriya: MA, № 0227613) görünür ki, ünvan 1 ünvanında yerləşən 13 nömrəli mənzil (reyestr nömrəsi: **********29-05301- 093030) tam mülkiyyət hüququ üzrə (qeydiyyat nömrəsi: **********) daşınmaz əmlakın dövlət reyestrində 1414 nömrəli reyestr kitabının 129400 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, müraciəti mülki xarakterli olduğundan İddiaçı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 100 (bir yüz) manat məbləğində rüsum ödənilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı tərəflərin izahatları və təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 13 nömrəli mənzili şifahi razılaşma əsasında Cavabdeh kirayəyə vermişdir. Hazırda cavabdeh ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamaqdadır. Tərəflər aylıq ödənişin 700 manat olması və aylıq vaxtaşırı ödənişlər edilməsi barədə razılığa gəlmiş, lakin cavabdeh öhdəliyini vaxtlı-vaxtında icra etmədiyindən iddiaçıya borcu yaranmışdır. İddiaçı məsələ ilə əlaqədar polisə müraciət etsə də, ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Buna görə də iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci ildən yaranmış kirayə borcunun ondan tutulması və ailə üzvləri ilə birlikdə iddiaçıya məxsus mənzildən çıxarılmasını tələb etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilmiş hazırlıq iclasında iştirak edən zaman izahatında işi ilə əlaqədar müntəzəm gəlirə malik olmadığını, buna görə də iddiaçıya olan kirayə haqqı borcunu gecikdirdiyini, lakin ona qarşı tələblə məhkəməyə müraciət ediləndən sonra iddiaçıya olan borcundan 4500 manat ödədiyini bildirmiş, həmin hazırlıq iclasında qalıq kirayə haqqı borcundan 1800 manatı iddiaçının vəkili-nümayəndəsinə təqdim etmiş və bu pulun xx.xx.2022-ci ildən başlayaraq növbəti 9 ayın borcu olduğunu qeyd etmişdir (9 ay x 700 manat = 6300 manat). Buna görə də növbəti iclaslarda iddiaçı tərəfindən iddianın həcmi azaldılaraq, cavabdehin ailə üzvləri ilə birlikdə iddiaçının xüsusi mülkiyyətində olan mənzildən çıxarılması, 01 iyun 2023-cü il tarixdən mənzildən çıxan günə qədər hər ay 700 manat məbləğində kirayə haqqının Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Hazırki iclasda iddiaçı bir daha iddia tələbinin həcmini azaldaraq cavabdeh tərəfindən ona 2-3 gün bundan əvvəl müvafiq ödənişlər edildiyini qeyd etmiş və cavabdehin ona məxsus olan mənzildən çıxarılması barədə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında şifahi əmlak kirayəsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, cavabdeh isə öz öhdəliyini pozmuşdur. Cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edildikdən sonra onun iddiaçı ilə aralarında olan şifahi razılaşmaya müvafiq olaraq iddiaçıya olan borcunu 3 dəfə olmaqla toplam şəkildə ödəyib borcunu bağlaması, məhkəmə iclasında işi ilə əlaqədar müntəzəm gəlirləri olmadığından iddiaçıya kirayə haqqının ödənilməsini gecikdirdiyini etiraf etməsi onu deməyə əsas verir ki, cavabdeh iddiaçı ilə aralarında şifahi kirayə müqaviləsinin olmasını, müqaviləyə görə aylıq ödənişin 700 manat müəyyən edilməsini mübahisələndirmir. İddiaçınının “mənzildən çıxarılma” tələbinə münasibətdə məhkəmə qeyd edir ki, aralarında olan şifahi müqavilə ilə kirayənin müddətinin müəyyən edilməməsi səbəbindən tərəflər arasında olan münasibətə mülki qanunvericilikdə əmlak kirayəsi müqaviləsi ilə əlaqədar təsbit edilmiş müvafiq müddəaların məhkəmə tərəfindən tətbiq edilməsi zərurətini meydana gətirmişdir. Məhkəmə müvafiq normalara əsaslanaraq qeyd edir ki, cavabdehin müqavilə üzrə öhdəliyini 2 dəfə pozduğu, 2 aydan çox müddətdə kirayə haqqını ödəmədiyi halında iddiaçının cavabdehlə aralarında olan şifahi kirayə müqaviləsinə xəbərdarlıq müddətini gözləmədən xitam verərək əmlakını geri tələb etmək hüququ olmuşdur. Yuxarıda da qeyd edildiyi kimi, cavabdeh müqavilə üzrə aylıq ödənişləri xx.xx.2022-ci ildən ödəmədiyini etiraf etmiş, işi ilə əlaqədar müqavilə üzrə öhdəliyini uzun müddətdir ki, icra etmədiyini bildirmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 684.1-ci maddəsinə əsasən, əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 685.2, 685.2.1 və 685.2.2-ci maddələrinə əsasən, kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər. 686-cı maddəsinə əsasən, əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur. 697.1-ci maddəsinə görə, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3-106.4-cü maddələrinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə xərclərinin bölünməsinin qətnamədə göstərilməli olması əsası ilə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə xərclərinin bölüşdürülməsi prosessual qanunvericiliklə tənzimləndiyindən bu barədə qərar qəbul edərkən məhkəmə iddia ərizəsində belə tələbin olub-olmamasından asılı deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 13 nömrəli mənzildən çıxarılmalıdır. İddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən 13 nömrəli mənzildən çıxarılsın. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar