Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3026/2021 10.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Tağıyeva Ofelya Telman qızının katibliyi, İddiaçı, Cavabdeh vəkili-nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması” iddia tələbinə dair mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 7900 ABŞ dolları və 500 manat məbləğində əsas borcun, 100000 manat əldə çıxmış faydanın tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh 2006-cı il tarixdə “Mersedec C” markalı avtomobili 2014-cü il tarixdə 9000 ABŞ dollarına satmışdır. Tərəflər 19 noyabr 2015-ci il tarixdə X1 şəhərinə gələrək hərəyə bir avtomobil almış, İddiaçı avtmobil alarkən Cavabdeh 1500 ABŞ dolları pul vermişdir. Bakıya qayıtdıqdan sonra İddiaçı Cavabdeh ilə birlikdə sonuncunun avtomobilini gətirmək üçün Türkiyəyə getmiş və iddiaçı cavabdehə yenidən 3500 ABŞ dolları vermişdir. Bakıya çatdıqda Cavabdeh avtomobili gömrük qeydiyyatından keçirmək üçün İddiaçı qonşusu Seyidəli Əliyevdən 5300 ABŞ dolları almış, Cavabdeh aldığı borc pulu qaytaracağı vədini vermişdir. Daha sonra Cavabdeh İddiaçı 400 ABŞ dolları, 500 Avro və 500 manat borca pul almışdır. Lakin Cavabdeh İddiaçı aldığı borcu qaytarmaqdan boyun qaçırdığına görə sonuncu 20.09.2016-cı il tarixdə şikayət ərizəsi ilə müraciət etmiş, Cavabdeh barəsində cinayət işi qaldırılmış, 07.12.2017-ci il tarixdə Nərimanov Rayon Məhkəməsi tərəfindən Cavabdeh barəsində həbs qətimkan tədbiri seçilsə də, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Nərimanov Rayon Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsi barədə qərarı ləğv edilmiş, bildirilmişdir ki, Cavabdeh ilk dəfə cinayət törətməyə görə təqsirləndirilir, təqsirləndirildiyi cinayət az ağır cinayətdir, iddia edilən dəymiş ziyan ödənilmişdir. Lakin Cavabdeh tərəfindən 10700 ABŞ dolları, 500 manat və 500 Avro borcdan 4100 manat və 400 ABŞ dolları qaytarılmış, qalan 7900 ABŞ dolları və 500 manat məbləğində borc ödənilməmiş qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil1 iddianı qəbul etməyib, əsassız olmasını nəzərə alıb təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını, vəkilin çıxışını, şahid ifadəsini dinləyib toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən dəvət edilmiş şahid X4 ifadəsində o, Cavabdeh 27 ildən çox tanımaqla sonradan dost münasibətlərinin yarandığını bildirdi. İddiaçı ilə Cavabdeh yaxın münasibətdə olduqlarını, S.Vurğun adına parkda yerləşən kafedə görüşdükləri zaman İddiaçıla Cavabdeh arasında pul mübahisəsinin yarandığını qeyd etdi. İddiaçı Cavabdeh ona 5300 manat borclu olduğunu, lakin Cavabdeh həmin borcun 2-3 dəfəyə İddiaçı qaytardığını bildirdi. Mülki işin materiallarında olan Nərimanov rayon prokuroru, baş ədliyyə müşaviri Vüqar Əliyevin cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv olunması və cinayət işinin başlanması haqqında 20.09.2016-cı il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə Nərimanov RPİ 18-ci polis bölməsinin təhqiqatçısı, polis kapitanı Azər Abdullayevin 04.07.2016-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv edilmiş və fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılmış, cinayət işi ibtidai istintaqın aparılması üçün aidiyyatı üzrə Nərimanov RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 02.05.2018-ci il tarixli 4(103)- 192/2018 saylı qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07.12.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi lə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Cavabdeh barəsində 01 ay 14 gün müddətə həbs qətimkan tədbiri seçilmiş və tutulduqda dərhal həbsə alınması, həbsetmənin əvvəllinin Cavabdeh faktiki tutulduğu tarixdən hesablanması nəzərdə tutulmuşdur. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 02.05.2018-ci il tarixli 4(103)- 192/2018 saylı qərarından o da görünür ki, təqsirləndirilən şəxs Cavabdeh ilk dəfə cinayət törətməyə görə təqsirləndirilməsi, təqsirləndirildiyi cinayətin az ağır olması və iddia olunan dəymiş zərərin böyük hissəsinin ödənilməsi səbəbindən 16006612 saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Bakı .şəhəri Nərimanov Rayon Məhkəməsinin 07.12.2017-ci il tarixli qərarı ləğv edilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı Nərmin Məmmədovanın «Cinayət işi üzrə icraata xitam verilməsi barədə» 03 fevral 2020-ci il tarixli qərarının surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin icraatına xitam verilməsi və ərizəçi İddiaçı qərardan halda Nərimanov rayon prokurorluğuna və ya rayon məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmuşdur. Mülki işin materiallarında olan «Cinayət işi üzrə icraata xitam verilməsi barədə» 03 fevral 2020-ci il tarixli qərardan görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, o, İddiaçı bir müddətdir ki, tanıyır, aralarında maşın alqı-satqısına dair münasibətlər yaranmışdır. Lakin o İddiaçı olan borcunu artıqlaması ilə qaytarmışdır. Mülki işin materiallarında olan «Cinayət işi üzrə icraata xitam verilməsi barədə» 03 fevral 2020-ci il tarixli qərardan o da görünür ki, cinayət işi istintaq edilərkən İddiaçı ilə Cavabdeh arasında tanışlıq münasibətlərinin olması və onların bir neçə dəfə birlikdə Almaniya Respublikasına avtomobil gətirmək üçün getmələri və yaxın münasibətdə olduqlarına görə həmin müddətdə birbirlərinə borc pul vermələri, Cavabdeh özü üçün gətirdiyi “Mercedes E” markalı avtomobili gömrükdə rəsmiləşdirmək üçün İddiaçı 6000 manat, 500 Avro, 400 dollar borc pul alması və həmin puldan da 2000 dolları şəxsən özü, qalan hissəni isə nümayəndəsi X3 vasitəsilə hissə-hissə İddiaçı ödəmişdir və hal-hazırda İlhama heç bir borcu qalmamışdır. Cinayət işinin materiallarından görünür ki, İddiaçıla Cavabdeh arasında olan pulla bağlı mübahisə mülki xarakterlidir və Cavabdeh əməlində dələduzluq cinayətinin tərkibi yoxdur. Beləliklə, müəyyən olundu ki, iddiaçının cavabdehə pulu verməsi ilə bağlı mübahisə yoxdur. Mübahisə iddiaçının cavabdehə avtomobil alınması məqsədilə pulun verilməsi və 7900 ABŞ dolları və 500 manat məbləğində pulun qaytarılmaması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə hesab edir ki, hazırki mübahisə ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı təqdim etdiyi cinayət işinin araşdırılması barədə müxtəlif aktlara və izahatına əsaslanaraq cavabdeh tərəfindən pulun ödənilmədiyini bəyan edirsə, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun izahatı və iş materiallarında olan sübut əhəmiyyəti olmayan digər sənədlər mövcuddur. Onun izahatları və sənədlər isə işdə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Belə olan halda isə iddiaçı təqdim etdiyi sənədlərə və təqdim edilmiş izahatlara, habelə digər sənədlərinə istinad edərək, cavabdehin ona borclu olduğunu və bu səbəbdən də ondan pul tələb etdiyini qeyd etsə də, bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir mötəbər sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir. Məhkəmə tərəfindən edilən sorğu vasitəsilə daxil olmuş «Cinayət işi üzrə icraata xitam verilməsi barədə» 03 fevral 2020-ci il tarixli qərardan da göründüyü kimi cavabdehin iddiaçıya borclu qalması halı öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsində göstərilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə dindirilmiş şahid R.Soltanov cavabdehin dostudur. O, tərəflərin arasında pul mübahisəsi olduğunu, həmin pulun iddiaçıya hissə hissə qaytarıldığını bildirmişdir. İş üzrə şahid ifadəsi birbaşa sübut olmasa da, cavabdehin bildirdiyi “borcun ödənilməsi” məsələsi şahid ifadəsi ilə müəyyən edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «pulun qaytarılması» tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki işin materiallarında olan 032328 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 9.1.20-ci maddəsində göstərilmişdir ki, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-3026/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3026/2021
10.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver