Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3042/2021 08.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh AR Cavabdeh1 MMC Avrasiya Hospitalın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər AR Cavabdeh1 MMC Avrasiya Hospitalına və Cavabdeh2 qarşı “tibb müəssisəsinin vurduğu zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər AR Cavabdeh1 MMC Avrasiya Hospitalına və Cavabdeh2 qarşı “tibb müəssisəsinin vurduğu zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR Cavabdeh1 MMC Avrasiya Hospitalında müalicəcərrahiyyə əməliyyatı nəticəsində sağlamlığına vurulmuş zərərin əvəzi olaraq 20.000 manat, mənəvi zərərin əvəzi olaraq 10.000 manat, vəkil bürosuna ödənilmiş 200 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, cəmi 30.230 manat pul vəsaitinin cavabdehlər AR Cavabdeh1 MMC Avrasiya Hospitalından və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 17 yanvar 2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Cavabdeh1 MMC Avrasiya Hospitalına estetik əməliyyat aparılması üçün müraciət etmişdir. Diaqnostik müayinələrdən keçmişdir. Müalicə həkimi, estetik cərrah Cavabdeh2 həmin günü eyni zamanda 3 əməliyyat həyata keçirdi. Üzə piyyağ inyeksiyası, alt göz qapağı blefaroplastika və qaş qaldırılması. Əməliyyatların hər üçü onun üçün uğursuz oldu, qaş qaldırma əməliyyatı isə daha çox uğursuz, daha doğrusu fəsadlarla bağlı oldu. Belə ki, əməliyyatın 2-ci günü evə yazılmış və evdə sarğını dəyişmək istəyəndə (həkim təkidlə demişdir ki, sarğını mütləq dəyişmək lazımdır) alnının hər iki tərəfində təxminən 3-4 sm en və uzununda böyük yaraların olduğunu görmüşdür. O, dərhal müalicə həkimi, cərrah Cavabdeh2 bu barədə bildirmiş, o, biganəliklə “keçib gedəcək" demişdir. Lakin günlər ötdükcə yaralar getdikcə dərinləşmiş və çox gec sağalmış, lakin yaraların yerləri və izləri bu günə kimi, təxminən 1 ildən artıqdır ki, alnında silinməz dərəcədə qalmaqda davam edir. O, hər sarğıya gedəndə etirazını bildirirdi ki, əməliyyatın məqsədi sifətini estetik cəhətdən gözəlləşdimək olduğu halda, əksinə sifəti və alnı silinməz dərəcədə eybəcərləşdirilmişdir. O, həkimin belə uğursuz və onu eybəcər hala salan əməliyyatına görə Avrasiya Hospitalına ödədiyi 2.500 manat pulu geri istəmişdir. Onlar əvvəl 1.000 manatı, sonra isə 1.500 manatı, cəmi 2.500 manatı ona qaytardılar. Onu da bildirir ki, Avrasiya Hospitalına ödədiyi pula dair və eyni zamanda geri aldığı pula dair Hospital tərəfindən ona hər hansı qəbz və ya çek verilmədi. Bundan sonra o, alnında qalmış yaraların müalicəsi və sağalması üçün bir neçə estetik cərrahın qəbulunda olmuşdur. Onlardan “İstanbul NS” klinikasında ona bu əməliyyatı icra edəcək həkimin olmadığını dedilər və Türkiyədən Kamal doktoru gözləməyi məsləhət bildilər. Nəhayət, Kamal doktor gəldi və çox tərəddüdlə əməliyytı boynuna götürdü. O, əvvəlcədən nəticənin 100 faiz olmayacağını və başqa ağırlaşmaların olacağını, fasilələrlə 2 dəfə əməliyyat olunacağını və 2 əməliyyat xərcinin təxminən 20.000 manat olacağını bildirdi. O, Avrasiya Hospitalının baş həkiminə bu barədə məlumat vermişdir. Çünki baş həkim söz vermişdir ki, “hansı həkimə istəyirsən əməliyyat etdir, xərcini Adil doktor ödəyəcək”. Lakin Adil doktor bu pulu ödəməkdən imtina etdi və sonra bu əməliyyatı da özü etməsini təklif etdi, o, isə artıq bu həkimə güvənə, etimad göstərə bilməzdi, ona görə razı olmadı. Bundan əlavə cərrah Cavabdeh2 özü cəhd etdi ki, vəziyyəti yüngülləşdirsin, yəni həmin yara nahiyyəsinə iynə vurdu, lakin nəticədə, yara daha da dərinləşdi. Bundan sonra o, “X5” klinikasında başqa estetik cərrah Mircəfər Seyidova müraciət etmiş, o da tərəddüdlə başqa bir metodla həm də illər tələb edən üsulla əməliyyat edilməli olduğunu bildirmişdir. Nəhayətdə, heç bir həkim bu əməliyyatların uğurlu nəticələr verməyəcəyini, ziyanının xeyrindən çox olacağını bildirdilər. Sonda o, qərara gəlmişdir ki, əməliyyat olunmaq üçün Türkiyəyə getsin, çünki, Bakıdakı cərrahlar uğurlu əməliyyatın olmayacağını bildirdilər. Ona görə də əməliyyat pulunu da Adil doktordan istəmişdir. Lakin o, yenə də imtina etdi və son sözü bu oldu ki, “get ver, məni məhkəməyə”. 17-18 yanvar 2020-ci il tarixlərində cavabdeh Azərbaycan Respublikası Cavabdeh1 MMC Avrasiya Hospitalında, bu Hospitalın həkimi Cavabdeh2 peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirməməsi səbəbindən, etdiyi estetik cərrahi əməliyyatın nəticəsi olaraq alnında silinməz yara izləri qalmış, bu izlər sifətini eybəcərləşdirmiş, artıq bir il vaxt ötməsinə baxmayaraq, onlar bərpa olunmamış və onları aradan qaldırmaq üçün isə yeni cərrahi əməliyyata ehtiyac yaranmışdır. Sağlamlığına vurulmuş ziyanın aradan qaldırılması üçün, yəni yeni cərrahi əməliyyatın xərclərinin ödənilməsi öhdəliyini də, cavabdehlər birgə daşımalı və bu əməliyyatların xərci olan 20.000 manat pul vəsaitini də ona ödəməlidirlər. Bndan əlavə qeyd edir ki, artıq bir ildən çoxdur ki, alnında olan hər iki yara izlərini gizlətmək üçün o, alnını şərf bağlamaqla örtür ki, insanlar onu belə eybəcər formada görməsinlər. Artıq bir ildən çoxdur ki, o, istər yay və ya qış olsun, həmişə alnında şərf gəzdirir, alnı açıq ictimaiyyət, insanlar arasına çıxmağa utanır, xəcalət çəkir. Bundan əlavə ətrafındakı insanların qeyri-adi, təəccüblü baxışları ilə rastlaşır ki, bu da ona mənəvi əzab verir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddiaçının izahatına uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh AR Cavabdeh1 MMC Avrasiya Hospitalın nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdeh AR Cavabdeh1 MMC Avrasiya Hospitalın nümayəndəsi X1 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AR Cavabdeh1 MMC Avrasiya Hospitalın “ambulator, stasionar xəstənin tibbi kartasından” çıxarışdan görünür ki, İddiaçı “Fasial asimmetriya, hər iki alt göz qapağı torbalanması, yan qaş pitotik görüntüsü” diaqnozu təyin edilmiş və 17.01.2020-ci il tarixdə “ETN üzrə piy-yağ inyeksiyası, alt göz qapağı blefaroplastika, qaş qaldırma” əməliyyatı icra edilmiş, xəstəyə 3 gün sonra kontrol müayinədən keçməsi məsləhət görülmüşdür. Müalicə həkiminin Cavabdeh2 olduğu qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 07.07.2021-ci il tarixli, 541/KEŞ saylı ekspert rəyindən görünür ki, 1975-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinələrə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: “Avrasiya Hospital”ında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, 17.01.2020-ci il tarixdə hospitala daxil olduqdan sonra aparılmış müvafiq müayinələrdən sonra ona “Fasial asimmetriya, hər iki alt göz qapağı torbalanması, yan qaş pitotik görüntüsü” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq həmin tarixdə üzərində “Üzə piy-yağ inyeksiyası, alt göz qapağı blefaroplastika, qaş qaldırma” cərrahi əməliyyatı icra olunmuşdur. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İddiaçı mütəxəssis müayinəsi zamanı onda hal-hazırda aparılmış cərrahi əməliyyatından sonra atrofik çapıq izlərinin olduğu müəyyən edilmişdir. Qeyd olunan atrofik çapıqlar – toxuma xüsusiyyətindən asılı olaraq dərinin qan təchizatı və toxumaların qidalanmasının zəifliyi fonunda sağalma prosessinin ləngiməsinə səbəb olmuşdur. İddiaçı mütəxəssis müayinəsinə əsasən, aparılmış cərrahiyyə əməliyyatından sonra onda qeyd olunan atrofik çapıqların azaldılması üçün korreksiya edici əməliyyat (çapıq revizyonu) aparıla bilər. Vəsaitin miqdarının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 13.10.2021-ci il tarixli, 504 saylı ekspert rəyindən görünür ki, 1975-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə, məhkəmə-tibbi ekspert rəyinə və iş materiallarına əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: “Avrasiya Hospital”da İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, 17.01.2020-ci il tarixdə hospitala daxil olduqdan sonra aparılmış müvafiq müayinələrdən sonra ona “Fasial asimmetriya, hər iki alt göz qapağı torbalanması, yan qaş pitotik görüntüsü” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq həmin tarixdə üzərində “Üzə piy-yağ inyeksiyası, alt göz qapağı blefaroplastika, qaş qaldırma” cərrahi əməliyyatı icra olunmuşdur. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İddiaçı müayinəsi zamanı onda hal-hazırda keçirilmiş “qaş qaldırma” cərrahiyyə əməliyyatından sonrakı vəziyyətin olduğu müəyyən edildi. Obyektiv olaraq hər iki gicgah bölgəsinin saçlı dərinin ön sərhədlərində atrofik çapıq toxumaları qeyd olunur. İddiaçı qeyd olunan çapıq toxumaların atrofik vəziyyətdə olması orqanizmin fərdi xüsusiyyətindən, yəni toxumaların qan təchizatının zəif olması ilə əlaqədardır. Aparılmış cərrahi əməliyyatın texniki icrası zamanı qaşların vəziyyətini nəzərə alarsaq, cərrahi əməliyyatın düzgün olmasına əsas verir. Tibbi təcrübəyə və statistik məlumatlara əsasən əməliyyat bölgəsində yarana biləcək bu cür sağalmalar prosesin ləngiməsindən asılı olaraq gözlənilən hal kimi qiymətləndirilir. İddiaçı hazırki vəziyyətdə atrofik çapıq toxumalarının təkrar müdaxilə yolu ilə, yəni “çapıq reviziyası” cərrahi əməliyyatla azaldılması mümkün ola bilər. Əməliyyatla bağlı məsrəflərin təyini həkim seçimindən və klinikada istifadə olunan sərfiyyat materiallarından asılıdır. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı estetik cərrahi əməliyyatın icra edilməsi (həyata keçirilməsi) məqsədilə AR Cavabdeh1 MMC Avrasiya Hospitalına müraciət etmiş, lakin onun iddia etdiyinə görə, AR Cavabdeh1 MMC Avrasiya Hospitalın həkimi estetik cərrah Cavabdeh2 tərəfindən ona əməliyyat düzgün icra edilməmişdir. Hazırda iddiaçı qeyd olunanlar nəticəsində özünə vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. Məhkəmə ilk növbədə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı). Qeyd olunanlardan bu nəticəyə gəlmək olar ki, mülki məhkəmə icraatı zamanı qanunvericiliklə məhkəmənin üzərinə “obyektiv həqiqət”in deyil, “formal həqiqət”in müəyyən edilməsi, yəni işdə olan sübutlar əsasında nəticəyə gəlmək vəzifəsi qoyulmuşdur. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də, ona zərərin (maddi və mənəvi) vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Beləliklə, iş materiallarından və ekspert rəylərindən də görünür ki, iddiaçıya ilk öncə düzgün olaraq “Fasial asimmetriya, hər iki alt göz qapağı torbalanması, yan qaş pitotik görüntüsü” diaqnozu təyin edilmiş və bunun əsasında ona “üzə piy-yağ inyeksiyası, alt göz qapağı blefaroplastika, qaş qaldırma” cərrahi əməliyyat icra edilmişdir. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Bundan əlavə yuxarıda qeyd olunan ekspert rəylərində İddiaçı hər iki gicgah nahiyyəsində yaraların, yəni “rəyə əsasən atrofik çapıq toxumaların” yaranmasına səbəb iddiaçının orqanizminin fərdi xüsusiyyətindən, yəni qan təchizatının zəif olması ilə əlaqədar yaranması qeyd edilmişdir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Araşdırma zamanı hazırki ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəylərinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, məhkəmə hesab edir ki, həmin ekspert rəyləri mülki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməli və iddiaçının hazırki “maddi ziyanın ödənilməsi” tələbi təmin edilməməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçıya dəymiş “maddi ziyanın ödənilməsi”nə dair tələb qanuni əsasının olmaması səbəbilə təmin edilmədiyindən, bu tələbdən irəli gələn iddianın digər hissəsinə də, hüquqi qiymət verilməsinə prosessual qənaət prinsipi baxımından zərurət qalmayıb. Odur ki, iddia “mənəvi ziyanın ödənilməsi” hissəsində də təmin edilməməlidir. Ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən ona hüquqi yardımın göstərilməsi ilə əlaqədar 200 manat pul vəsaiti, məhkəməyə iddia ərizəsinin təqdim edilməsi ilə əlaqədar isə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanlara qiymət verərək, habelə ekspert rəylərini əsas götürərək, belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər AR Cavabdeh1 MMC Avrasiya Hospitalına və Cavabdeh2 qarşı “tibb müəssisəsinin vurduğu zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər AR Cavabdeh1 MMC Avrasiya Hospitalına və Cavabdeh2 qarşı “tibb müəssisəsinin vurduğu zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-3042/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3042/2021
08.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver