Məhkəmə qərarları › İş №2(006)-3047/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3047/2024

28.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3047/2024 28.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8900 manat məbləğində pulun və ödədiyi dövlət rüsumu olaraq 109 manatın, ümumilikdə 9009 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, özü bir neçə müddətdir ki, Moskva univermağında qızıl satışı ilə məşğuldur. Moskva univermağı yaxınlığında yerləşən “Yaqut” Qızıl Aləmində özünü “Leyla” kimi təqdim edən X2 qızıl vermişdir. Dəfələrlə aralarında qızıl alış-verişi olub. Cavabdeh verdiyi qızılları sataraq hissə-hissə pulunu verirdi. Lakin, sonra pulunu verməyi dayandıraraq işlədiyi mağazanı tərk etmişdir. Cavabdeh telefonlarına cavab vermir, verdikdə isə onunla sanki borclu iddiaçı kimi danışır. Cavabdehin halhazırda ona 94,58 qram qızıl borcu vardır. Götürdüyü qızılın bugünki dəyəri isə 8900 manat təşkil edir. Hazırda məcbur qalıb məhkəməyə müraciət etmişdir. Sadalanan xüsusatlara və qanunvericiliyin tələbinə görə, hesab edir ki, cavabdehdən 8900 manat məbləğində pul tutulub ona ödənilməlidir. Həmçinin hesab edir ki, 109 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq ona ödənilməlidir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Həmçinin məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, təmsil etdiyi şəxs fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına baxmayaraq hazırki iddia tələbi onun sahibkarlıq fəaliyyəti ilə bağlı deyildir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: İş materiallarına əlavə edilmiş diskdən məlum olur ki, Cavabdeh video yazıda 1 ildən çox onlarla işlədiyini, ayın 15-dək vaxtının olduğunu qeyd edir. 6 aydır ki bu üsulla çalışdığını və ayın 15-dək vaxt istədiyini qeyd etmişdir. Eyni zamanda video yazıda onda olan məhsulların satılıb, pulunu isə vermədiyi digər şəxslər tərəfindən qeyd edilsə də, o bunu inkar edib, malların satıldığından xəbəri olmadığını, güman ki, işçisinin başqalarına nisyə satdığını qeyd edir. Təqdim edilən diskdə mövcud olan tərəflər arasındakı “Whatsapp” sosial şəbəkəsində aparılmış mesaj yazışmaların ekran görüntülərindən görünür ki, tərəflər ilk dəfə xx.xx.2023-cü il tarixdə yazışma aparmışdır. Cavabdeh iddiaçıya xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 800 manat pul vəsaiti köçürmüşdür. xx.xx.2023-cü il tarixdə aparılmış yazışmadan görünür ki, cavabdeh iddiaçıya 2700 manat ödəmiş, iddiaçı isə 2493 manat borcunun qaldığını bildirmişdir. Cavabdeh iddiaçıya xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 720 manat və xx.xx.2024-cü il tarixdə isə 800 manat məbləğində pul köçürmüşdür. Tərəflər arasındakı xx.xx.2024-cü il tarixli yazışmadan görünür ki, köhnə borcdan 2032 manat borcu qalmış və 56,14 qram qızılı iddiaçı cavabdehə vermişdir. xx.xx.2024-cü il tarixli yazışmadan görünür ki, cavabdeh iddiaçıya 707 manat köçürmüş və bununla da iddiaçıya cəmi 1000 manat köçürdüyünü bildirmişdir. Həmin tarixdə cavabdeh iddiaçıya fotoşəkil göndərmiş və həmin fotoşəkildən görünür ki, aldığı yeni qızılın çəkisi 87,2 qram təşkil edir. xx.xx.2024-cü il tarixdə aparılmış yazışmadan görünür ki, cavabdeh iddiaçıya 50 manat pul köçürmüşdür. Tərəflər arasındakı son danışıqlar xx.xx.2024-cü il tarixdə aparılmışdır. xx.xx.2024-cü il tarixli yazışmadan məlum olur ki, cavabdeh məhkəmə icraatından xəbərdardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 10.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. 10.2-ci maddəsinə əsasən qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir. 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.7-ci maddəsinə əsasən əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3-c maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Göründüyü kimi, cavabdeh Cəfərova X1 Tural Abdulla oğlundan nisyə qızıl almış, verilmiş qızılın dəyərini qarşılıqlı razılaşma ilə qaytarılmasını təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Tərəflər arasında formalaşan işgüzar münasibətlərdən müəyyən edilir ki, tərəflər davamlı olaraq qızıl məmulatlarının nisyə alğısatqısını həyata keçirmişlər və cavabdeh tərəfindən yazılan mesaj mətnlərindən və danışıqlardan həmin qızıl məmulatlarının nisyə satış şərtləri ilə əldə edilməsi və hissəhissə olmaqla ödənişləri həyata keçirilməsi inkar edilməmişdir. Lakin müəyyən müddət cavabdeh tərəfindən bu ödənişlər həyata keçirilsə də, hazırda əşyaların dəyəri tam ödənilmədiyindən iddiaçı bu tələbi irəli sürməkdə haqlıdır. Məhkəmə vurğulayır ki, tərəflər arasında yazılı qaydada müqavilə bağlanmasa da, onları arasında davam edən münasibətlərin xarakterindən həmin münasibətlərin analoji olaraq nisyə alqı-satqı münasibətləri olmasını deməyə kifayət qədər əsaslar vardır.Məhkəmə məhz tərəflər arasında aparılan yazışmalara əsasən cavabdeh tərəfindən ödənilməli məbləğin hazırki iddia tələbində göstərilən məbləğlə eynilik təşkil etməsini müəyyən edir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 8900 manat məbləğində pul və 109 manat ödənilmiş dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh borca görə 8900 (səkkiz min doqquz yüz) manat məbləğində pul və 109 (yüz doqquz) manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar