Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-308/2021 03.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "İddiaçı” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "subroqasiya qaydasında pul" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış “Kia Rio” markalı **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 8513 manat sığorta ödənişi məbləğinin və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat, cəmi 8543,40 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh1 xx.xx.2012-ci il tarixdə idarə etdiyi “VAZ 21074” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Azadlıq prospekti ilə hərəkət edərkən ara məsafə saxlanılması qaydasını pozaraq qarşısında hərəkət edən X2 məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış “Kia Rio” markalı **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə həmin avtomobilə maddi ziyan dəymişdir. Hadisədən sonra məlum olmuşdur ki, “VAZ 21074” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə tarixində icbari sığorta şəhadətnaməsi olmamışdır. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh2 mülkiyyətində olan “VAZ 21074” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Belə ki, həmin qanunun 53.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması Binəqədi rayonu DYPŞ-nin DYP 900362 saylı X6 Protokolunda öz əksini tapmışdır. Toqquşma nəticəsində avtomobilə dəymiş ziyanla bağlı “Anar-99” firmasının təqdim etdiyi xx.xx.2012-ci il tarixli Qüsur aktına uyğun olaraq həmin avtomobilə 8813 manat ziyan dəymişdir. MİP№120242-B23 saylı sığorta müqaviləsinə və №1966/2012 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti azadolma məbləği 300 manat çıxmaqla 8513 manat sığorta ödənişi həyata keçirmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkətinə 8513 manat dəymiş zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş xx xxxxxxxx 2012-ci il tarixli 1966/2012 saylı sığorta aktından görünür ki, X2 məxsus “Kia Rio” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobil könüllü avtonəqliyyat vasitələrinin ilə sığortalanmış, sığortanın başlama və bitmə müddəti xx.xx.2012-xx.xx.2015-ci il, sığorta məbləği 14600 manat, azadolma məbləği (franşiza) 300 manat təşkil edir. xx.xx.2012-ci il tarixdə Bakı şəhəri, Azadlıq prospektində “Vaz 21074” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmış avtomobillə toqquşmuşdur. “Anar-99” firmasının təqdim etdiyi xx.xx.2012-ci il tarixli aktına uyğun olaraq zərərlə bağlı maddi ziyanın ümumi məbləği 8813 manat məbləğində olduğu, zərər məbləğindən sığorta müqaviləsində nəzərdə tutulmuş 300 manat franşiza (azadolma məbləği) çıxılmaqla sığorta ödənişinin 8513 manata bərabər olduğu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli 2998 saylı kassa məxaric orderinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X2 xx.xx.2012-ci il tarixdə 8513 manat sığorta ödənişi verilmişdir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC-nin xx.xx.2012-ci il tarixli, MİP- 120242-B23 nömrəli avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinin surətindən görünür ki, sığortalı X2 məxsus avtomobil 14600 manat məbləğində sığortalanmış (xx.xx.2012-xx.xx.2015), azadolma məbləği 300 manat, sığorta haqqı isə 818 manat təşkil edir. İş materiallarında olan “Anar-99” firması tərəfindən tərtib edilmiş xx.xx.2012-ci il tarixli aktın surətindən görünür ki, “Kia Rio” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 8813 manat müəyyən edilir. İş materiallarında olan AB seriyalı 380076 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, prospektində “Vaz 21074” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 məxsusdur. İş materiallarında olan ƏN-İİ seriyalı 447604 nömrəli, xx.xx.2011-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 özünə məxsus “Vaz 21074” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi xx.xx.2019-cu il tarixədək Cavabdeh1 etibar etmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 3(001)- 552/2012 saylı qərarından görünür ki, Cavabdeh1 xx xxxx 2012-ci il tarixdə idarə etdiyi “VAZ-21074” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomaşınla Azadlıq prospektində qarşısında eyni istiqamətlə hərəkət edən “Kia Rio” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomaşınla düzgün ara məsafəsi saxlamamış nəticədə onunla toqquşmuş və yolnəqliyyat hadisəsi törətmişdir. Bununla da, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin maddə ilə ilə təqsirli bilinib 140 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il pretenziya məktubundan görünür ki, Cavabdeh1 sığorta ödənişini 10 gün ərzində İddiaçı Sığorta Şirkəti ASC-yə ödəməsi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4334 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Anar-99” firması tərəfindən təqdim edilmiş xx.xx.2012-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Kia Rio” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 8613,00 manat müəyyən edilir. (Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir). İş materiallarında olan ödəniş qəbzindən görünür ki, hazırkı iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 30,40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 21.1-ci zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər; 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İş materiallarından göründüyü kimi, hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh1 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Bununla da sığortalıya dəymiş zərər iddiaçı tərəfindən ödənildiyi üçün iddiaçının həmin məbləği (sığorta ödənişi məbləğində) subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4334 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən “Kia Rio” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 8613,00 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğdən sığorta şəhadətnaməsində nəzərdə tutulan 300 manat azadolma məbləği çıxılmalı və sığorta ödənişi 8313,00 manat həcmində müəyyənləşdirilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, hadisə baş verən zaman yüksək təhlükə mənbəyi sayılan avtomobil etibarnaməyə əsasən, yəni qanuni əsaslarla, Cavabdeh1 tərəfindən idarə edildiyindən və o, hadisənin baş verməsində təqsirli olduğundan, nəqliyyat vasitəsini icbari sığorta etdirmək vəzifəsini isə avtonəqliyyat vasitəsinin sahibi, yəni yolnəqliyyat hadisəsi zamanı qanuni əsaslarla avtomobilə sahiblik edən şəxs daşıdığından, həyata keçirilmiş sığorta ödənişi Cavabdeh1 tutularaq iddiaçı “İddiaçı" Sığorta Şirkətinə ödənilməli, iddia digər Cavabdeh2 aid hissədə rədd edilməlidir. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Həmin Qanunun 53.1 və 53.2-ci maddələrinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən “İddiaçı" Sığorta Şirkətinin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu və bank xidmət haqqı kimi ödədiyi 30,40 manat məbləğində pul vəsaitinin 29,60 manat məbləğində hissəsi Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 97 manatı Cavabdeh1, 03 manatı isə iddiaçı “İddiaçı" Sığorta Şirkətindən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 sığorta ödənişi kimi ödənilmiş 8313,00 (səkkiz min üç yüz on üç) manat məbləğində pul vəsaiti, həmçinin dövlət rüsumu və bank xidmət xərci kimi ödənilmiş 29,60 (iyirmi doqquz manat, altmış qəpik) manat pul vəsaiti tutularaq iddiaçı “İddiaçı" Sığorta Şirkəti ASC-yə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 97 (doxsan yeddi) manatı Cavabdeh1, 03 (üç) manatı isə iddiaçı “İddiaçı" Sığorta Şirkəti ASC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-308/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-308/2021
03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver