Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3080/2023 23.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 71400 (yetmiş bir min dörd yüz) manat əsas borcun, 39270 (otuz doqquz min iki yüz yetmiş) manat faiz borcun, cəmi 110670 (yüz on min altı yüz yetmiş) manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, qeyd edilən ərizə və ona əlavə edilən sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarına riayət edilmədən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli hökmdən görünür ki, Cavabdeh Məhərəm oğlu tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı İddiaçı fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildikdən sonra İddiaçı etibarından sui-istifadə edib guya Rusiya Federasiyasında birgə kommersiya fəaliyyəti ilə məşğul olaraq sonuncunu orada qurduğu gəlirli işlərə qoşacağı və nəticədə külli miqdarda gəlir əldə edəcəyinə dair yalan vəd edib aldadaraq bu məqsədlə 2011-ci ilin avqust-sentyabr aylarında Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov 24 ünvanında yerləşən Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon təşkilatının qarşısında iki dəfə ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə hər dəfə 5.000 manat olmaqla, ümumilikdə 10.000 manat pulunu alıb aldığı pulların müqabilində heç bir iş görməyərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən o da görünür ki, İddiaçı ifadəsində göstərmişdir ki, əvvəllər sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Aslanla əlaqələri yarandıqdan sonra Aslan ona Azərbaycanla yanaşı, Rusiyanın Moskva şəhərində də biznesmen tanışlarının olduğunu, bir sıra gəlirli ticarət işləri görə biləcəyini, lakin maddi imkanının zəif olduğunu bildirmişdir. O, Aslana maddi cəhətdən köməklik edəcəyini və bir yerdə yaxşı pul qazanacaqlarını bildirmişdir. Hökmdə qeyd edilmişdir ki, Cavabdeh Məhərəm oğlu törətdiyi dələduzluq cinayət əməli nəticəsində zərərçəkmiş şəxs İddiaçı 76000 manat maddi ziyan vurmuş, həmin maddi ziyandan 4600 manat ödəmiş, qalan 71400 manatı isə mənimsəmişdir. Beləliklə, o, zərərçəkmiş şəxsə külli miqdarda zərər vurmuşdur. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, İddiaçı (VÖEN: **********; verilmə tarixi: xx.xx.2005; VÖEN statusu: fəaliyyətini müvəqqəti dayandırmış) Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi qismində qeydiyyata alınmış və əsas fəaliyyət növünü “ixtisaslaşdırılmış topdansatış” təşkil edir. Məhkəmə burada qeyd etməyi zəruri hesab edir ki, vergi ödəyicisinin fəaliyyətini müvəqqəti dayandırması onun artıq fəaliyyət göstərmədiyi mənasına gəlmir, sadəcə fəaliyyətin müəyyən müddətə müvəqqəti olaraq dayandırılması və bir sıra dövlət orqanlarına bəyannamələrin (vergi, sosial və s. ilə əlaqədar hesabatlar) verilməməsi mənasına gəlir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh (VÖEN: **********; verilmə tarixi: xx.xx.2009; VÖEN statusu: aktiv) Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata alınmış və əsas fəaliyyət növünü “santexnika mallarının topdansatışı” təşkil edir. Beləliklə, ilkin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırki iş üzrə tərəflər – İddiaçı (VÖEN: **********) və Cavabdeh (VÖEN: **********) vergi ödəyicilərinin eyniləşdirmə nömrəsinə malik olan, müvafiq qaydada dövlət qeydiyyatından keçmiş vergi ödəyiciləridir. Deməli, mübahisənin subyekt tərkibi fərdi sahibkarlardır. İddia ərizəsinə əlavə edilmiş qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli hökmdən müəyyən edilir ki, İddiaçı birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə Cavabdeh pul vəsaiti vermişdir. Belə ki, iddiaçı cavabdehin fərdi sahibkar və iş adamı olması səbəbindən ona inanaraq, həmin pulları investisiya qismində cavabdehə vermiş və birlikdə gəlir əldə edəcəklərini ehtimal etmişdir. Hazırki iddia tələbi qeyd edilən pul məbləğinin (və faizinin) qaytarılması ilə əlaqədar olduğundan, həmçinin, tərəflərin vergi ödəyiciləri olmaları və aralarındakı münasibətlərin xarakteri nəzərə alındıqda məhkəmə hesab edir ki, onlar arasında yaranmış münasibətlər üzrə əmələ gəlmiş mübahisə kommersiya xarakterlidir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki mülki iş sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan kommersiya mübahisəsidir və işə Nəsimi Rayon Məhkəməsində baxılmalı deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-cı maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarının: 10-cu bəndində göstərilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. 11-ci bəndində göstərilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 14-cü bəndində göstərilmişdir ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Göründüyü kimi, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm predmetinin, həm də tərəflər arasında olan hüquq münasibətlərinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması müəyyən edildiyindən, həmin məsələyə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin: 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Hesab edirəm ki, işə məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra aidiyyəti üzrə kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-3080/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3080/2023
23.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver